Bakının Nərimanov rayonunda yeni orta ümumtəhsil məktəbinin açılışı mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 2 sentyabr 1996-cı il

Əziz balalar, hörmətli müəllimlər, Böyükşor qəsəbəsinin hörmətli sakinləri, hörmətli xanımlar və cənablar!

Bu gün respublikamızın həyatında, Bakı şəhərinin həyatında əlamətdar hadisə baş verir. Respublikamızda keçid dövrünü, ağır və çətin iqtisadi problemlər dövrünü yaşadığımız və bir çox iqtisadi çətinliklərlə rastlaşdığımız zaman Bakı şəhərində, Böyükşor qəsəbəsində yeni məktəb binası açılır, istifadəyə verilir və bu gün buraya toplaşmış əziz balalarımız bu məktəbdə təhsil almağa başlayırlar. Bu münasibətlə sizi ürəkdən təbrik edir və məktəbin açılışının təmin olunmasında xidmətlər göstərmiş Bakı şəhər icra hakimiyyətinə, tikinti təşkilatlarına, "Etsun" şirkətinə və bütün bu işlərlə məşğul olanların hamısına təşəkkürümü və minnətdarlığımı bildirirəm.

İndi məktəb açılması əlamətdar hadisə olubdur. Bu da zəmanənin, dövrün xarakterik cəbətidir. Keçən dövrlərdə, 70-ci illərdə - 80-cı illərin əvvəllərində Azərbaycanda ildə 100 məktəb binası tikilib istifadəyə verilirdi. Bu da tamamilə adi hal idi. Biz balalarımızı, uşaqları təhsilə cəlb etmək üçün hər il yeni məktəb binaları tikirdik, yaradırdıq, istifadəyə verirdik. Bu, bizim fəaliyyətimizin mərkəzi, əsas məqsədlərindən biri idi və buna nail olurduq. Məhz buna görə də indi Azərbaycanda ölkəmizin gənclərini, yeniyetmələrini, uşaqlarını təhsilə cəlb etmək üçün nə qədər məktəb binaları var. Buna baxmayaraq, biz müasir tələblərə cavab verən yeni-yeni məktəb binalarının tikilib yaranması ilə də məşğul olmalıyıq və əmin ola bilərsiniz ki, gələcək illərdə də biz bununla məşğul olacağıq.

Ancaq bu gün, həyatımızın keçid dövründə, ağır bir dövründə bu məktəb binasının hazırlanıb istifadəyə verilməsi çox dəyərli haldır və ona görə də mən bunu əlamətdar hadisə kimi qiymətləndirirəm. Bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edir, məktəbin müəllimlərinə uğurlu fəaliyyət arzulayıram və Böyükşor qəsəbəsi sakinlərinın bu məktəbdə təhsil alacaq uşaqlarının hamısına yaxşı oxumağı arzu edirəm.

Bu gün respublikamızın hər yerində təhsil ocaqları fəaliyyətə başlayır. Bu gün Təhsil günüdür, Bilik günüdür. Bu gün respublikamızın bütün təhsil ocaqlarında - orta məktəblərdə, ali məktəblərdə 1 milyon 600 min tələbə və şagird siniflərdə oturacaq, təhsil almağa başlayacaqdır. 1 rnilyon 600 min! Bu, böyük bir ordudur, bizim gələcəyimizdir. Gənc nəslə olan qayğı fəaliyyətimizin əsas hissəsidir. Mən bu gün sizi, respublikanın bütün vətəndaşlarını, bütün müəllimləri, təhsil işçilərini, tələbələri, şagirdləri Təhsil günü, Bilik günü münasibətilə ürəkdən təbrik edir, xalqımıza, millətimizə günü-gündən təhsillənmə, inkişaf arzulayıram!

Bu gün məmnuniyyət hissi ilə qeyd etmək olar ki, keçmiş onilliklərdə Azərbaycanda güclü təhsil sistemi, məktəblər, çox güclü ali təhsil oçaqları yaranıbdır. Məhz onların fəaliyyəti, böyük müəllim ordusunun fəaliyyəti nəticəsində, ali məktəblərin böyük professor-müəllim heyətinin fəaliyyəti nəticəsində indi Azərbaycanın çox böyük elmi-texniki potensialı, yüksək səviyyəli təhsil almış vətəndaşları var. Azərbaycan xalqı yüksək elmə, yüksək biliyə, savada malik olan xalqdır. Bunlar hamısı uzun illər - keçmişdən indiyə qədər Azərbaycanda yaranmış təhsil sisteminin fəaliyyətinin əməli nəticələri, Azərbaycan müəllimlərinin, alimlərinin gərgin fəaliyyətinin nəticəsidir. Ona görə də mən bu gün bütün Azərbaycan müəllimlərinə hörmət və ehtiramımı bildirirəm. Azərbaycanın müəllimlər ordusuna gələcək fəaliyyətində uğurlar arzulayıram. Azərbaycan müəlliminə cəmiyyətimizin ən şərəfli adını - müəllim adını bundan sonra da şərəflə daşımağı arzu edirəm.

Məlumdur ki, son illər təkcə respublikamızda yox, keçmiş Sovetlər İttifaqı məkanında gedən iqtisadi, ictimai-siyasi proseslər nəticəsində, xüsusən Ermənistanın təcavüzü ilə əlaqədar baş vermis faciələr nəticəsində Azərbaycanda iqtisadi vəziyyət gərgindir. Bu gərginliyi hər kəs hiss edir. Demək olar ki, cəmiyyətimizin əksəriyyəti bu iqtisadi, maddi çətinliklər içərisində yaşayır. O cümlədən müəllimlərimiz də. Ancaq müəllim, həqiqi müəllim adını daşıyan insan həmişə, tarixin ən çətin dövrlərində dəyanətli, dözümlü olubdur və öz mənəviyyatını hər şeydən yüksək tutubdur.

Mənim xatirimdədir, 1941-1945-ci illərdə, İkinci dünya müharibəsi, Böyük Vətən müharibəsi zamanı məktəblərin, müəllimlərin vəziyyəti indi də gözümün qabağındadır. Xalqımız da, respublikamız da, o cümlədən məktəblər də, müəllimlərimiz də bundan qat-qat ağır vəziyyətdə yaşayırdı. O illərdə insanlar adi çörək tapa bilmirdilər. Siz gənclər bunu bilmirsiniz, bəlkə kitablardan az-çox oxuya bilirsiniz, amma mən o illəri yaşamış adamam. Talonla gündə insanlara, hər bir müəllimə, hər bir insana 400 qram qara çörəkdən savayı başqa şey verilmirdi. Ancaq xatirimdədir, o illər, o çətin illər xalqımız yaşadı, xalqımızın cəsarətli oğulları faşizmə qarşı döyüşlərdə qəhrəmanlıq göstərdilər, respublikamızın müəllimləri fəaliyyətlərini heç vaxt dayandırmadılar. Aclıq içində, çətinlik içində, böyük iqtisadi problemlər içində məktəblər öz işini davam etdirirdi, müəllimlər də müəllimliyini edirdi. O illər xalqımız böyük sınaqla qarşılaşdı, amma müəllimlər ən böyük sınaqla qarşılaşdılar. Mən bunu ona görə xatırlayıram ki, müəllim peşəsinin nə qədər şərəfli olduğunu və həqiqi müəllimin nə qədər mənəviyyatlı olduğunu bir daha nümayiş etdirim. Şəxsən mənim müəllimə həmişə böyük hörmətim olubdur. İndiyə qədər həyatımda keçdiyim yol, mənim biliyim, elmim -hamısı məhz orta məktəbdə aldığım təhsillə bağlıdır, müəllimlərin mənə verdiyi biliklərlə bağlıdır, müəllimlərin mənə və o illərdə oxuyan mənim kimi gənclərə göstərdikləri qayğıkeşliklə bağlıdır, eyni zamanda mənim kimi bizim də, xüsusən mənim də müəllimə böyuk hörmətimlə, ehtiramımla bağlıdır. Mən indi də - on illər keçib üstündən - müəllimlərimi heç vaxt unutmamışam və ömrümün son dəqiqəsinə qədər unutmayacağam. Mənim üçün müəllim adı həmişə ən ülvi, ən şərəfli bir məfhum olubdur. Mən bu gün müəllim qarşısında baş əyirəm, müəllimə hörmət və ehtiramımı bildirir, Azərbaycan müəllimlərinə bundan sonra da öz işlərində uğurlar arzulayır, cansağlığı, səadət diləyirəm.

Bu gün 1 milyon 600 min gənc təhsilə başlayır. Bizim, təhsil işi ilə məşğul olan nazirliklərin, idarələrin, icra hakimiyyəti orqanlarının, dövlətin, hamımızın borcu ondan ibarətdir ki, bütün çətinliklərə baxmayaraq, məktəblərin müvəffəqiyyətlə fəaliyyət göstərməsini təmin edək, tələbələrin, şagirdlərin təh­sil almasına kömək edək, məktəblərə, müəllimlərə kömək edək. Mən sizi əmin edirəm ki, öz tərəfimdən və dövlət orqanları tərəfindən bütün imkanlardan istifadə olunmasını təmin etməyə çalışacağam və məktəbə, təhsilə qayğımızı, köməyimizi bundan sonra da artıracağıq. Buna əmin ola bilərsiniz.

İndi respublikamız keçid dövrünü yaşayır. Bu dövrün çox mürəkkəbliyi var. Biz bunların hamısının öhdəsindən gəlirik və bundan sonra da gələcəyik. Əldə etdiyimiz ən böyük nailiyyət bundan ibarətdir ki, 1988-ci ildən ruspublikamıza qarşı Ermənistan tərəfindən başlanmış hərbi təcavüzü dayandırmışıq. İki ildən artıqdır ki, respublikamız atəşkəs şəraitində yaşayır, döyüşlər yoxdur, müharibə getmir. Bu şəraitdə, bu dövrdə Ermənistan - Azərbaycan münaqişəsini sülh yolu ilə həll etməyə çalışırıq. Əmin ola bilərsiniz, xüsusən gənclərimiz bilməlidirlər ki, biz bu sahədə ardıcıl olaraq çalışırıq, hər bir məsələ ilə məşğul oluruq və bütün imkanlardan istifadə edirik ki, müharibəyə sülh yolu ilə, danışıqlar yolu ilə son qoyulsun. Apardığımız işlər öz nəticəsini verir. Hər halda iki ildən artıq müddətdə atəşin olmaması onu göstərir ki, biz böyük sülhə nail ola bilərik. Məlumdur, bunu dəfələrlə demişəm ki, böyük sülhə nail olmaq üçün Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqları azad edilməli, həmin torpaqlardan Ermənistan silahlı qüvvələri tamamilə çıxarılmalı, yerindən-yurdundan didərgin düşmüş Azərbaycan vətəndaşları öz elinə-obasına, evlərinə qayıtmalıdır, Azərbaycan Respublikasının ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı bərpa olunmalıdır və bu proseslər içərisində Dağlıq Qarabağa Azərbaycan dövləti, Azərbaycan Respublikası tərkibində yüksək muxtariyyət statusu verilməsi mümkündür. Bu şərtlərlə böyük sülh bağlana bilər və nəhayət, bölgəmizdə sülh bərqərar olar və biz qonşu dövlətlərin hamısı ilə sülh şəraitində yaşaya bilərik.

Bu məsələlərin həll olunması daim mənim diqqət mərkəzimdədir və iş günümün, fəaliyyətimin çox hissəsi buna sərf olunur. Əminəm ki, biz bu yolla məqsədimizə nail olacağıq.

Amma eyni zamanda, qeyd etdiyim kimi, bunlar hamısı çətinliklər yaradır. Bildiyiniz kimi, son illərdə biz təkcə müharibənin ağrı-acısı ilə yox, Azərbaycanın daxilində gedən, Azərbaycan xalqının, millətinin, dövlətinin əleyhinə aparılan cürbəcür proseslərlə də rastlaşdıq, onların da qarşısını aldıq. İndi Azərbaycanda ictimai-siyasi sabitlik bərqərar olubdur. Məhz ictimai-siyasi sabitlik nəticəsində siz hamınız sərbəst, rahat yaşayırsınız, Azərbaycan vətəndaşları sərbəst, rahat yaşayırlar. Hər bir vətəndaşı, hər bir insanı qorumaq, onun hüquqlarını qorumaq bizim vəzifəmizdir və gördüyünüz kimi, bu vəzifəni biz layiqincə həyata keçiririk. Bir də deyirəm, respublikamızda sabit ictimai-siyasi vəziyyət yaranıbdır. Bunun özü böyük nəticədir. Bildiyiniz kimi, 1988-ci ildən Azərbaycana xaricdən olan təcavüzlə bərabər, daxildə də cəmiyyət daim çalxalanırdı. Qarışıqlıq, qarşıdurma, ayrı-ayrı qüvvələrin silahlı dəstələrinin xalqa zorakılığı və cürbəcur belə hallar xalqımızı, millətimizi, hər bir vətəndaşı narahat edirdi və rahat yaşamasına maneçilik törədirdi.

İctimai-siyasi sabitlik cəmiyyətimiz üçün lazımdır, amma eyni zamanda bizim gənclərimiz üçün lazımdır. İndi dünyaya gələn körpələr, birinci sinfə qədəm qoyan uşaqlar, bu gün yuxarı siniflərə girən şagirdlər, ali məktəblərə daxil olan gənclər təhsil, bilik almalıdırlar, müstəqil Azərbaycan Respublikasının bu gününü, gələcəyini təmin etmək üçün, gələcəkdə respublikamızı inkişaf etmiş bir ölkəyə çevirmək üçün təhsil almalıdırlar, bilik toplamalıdırlar, özlərini cəmiyyətdə fəaliyyətə hazırlamalıdırlar. Bunların hamısı üçün də ictimai-siyasi sabitlik, rahatlıq lazımdır. Biz bunu da bəyan edirik və gənclərimizin təhsil alması üçün bütün imkanlardan da istifadə edirik.

Gənclərimizin əhval-ruhiyyəsi bu gün çox gözəldir. Avqustun 31-də Bakıda Respublika stadionunda Azərbaycanda ilk dəfə dünya çempionatının futbol matçı keçirildi. Bilirsiniz ki, bu stadion 1988-ci ildən bağlanmışdı, işləmirdi. Azərbaycan gənclərinin idmana, o cümlədən futbola olan həvəsinin qarşısı tamamilə alınmışdı. O böyük stadion ayrı-ayn adamların əlində oyuncağa çevrilmişdi, ondan şəxsi məqsədlər üçün istifadə olunurdu. Xatirimdədir ki, iki il bundan öncə burada beynəlxalq yarış keçirmək istəyərkən bildirdilər ki, o stadion yararsızdır, ondan istifadə etmək mümkün deyildir, o yarışı Sumqayıtda keçirdilər. Ancaq gənclər üçün bütün şəraiti yaratmaq üçün bizim apardığımız tədbirlər o stadionun da bərpa olunmasını və onun yararlı vəziyyətə salınmasını təmin etdi.

Ola bilər, on beş ildən çox idi ki, mən o stadionda olmamışdım. Ancaq avqustun 31-də beynəlxalq yarış keçirildiyinə görə və Azərbaycanın seçmə futbol komandası ilk dəfə belə bir şərəfə nail olduğuna görə mən stadiona getdim. Stadion, demək olar, tamamilə dolu idi. Gənclərimiz böyük həvəslə oraya toplaşmışdılar, istirahət edirdilər, əylənirdilər. Eyni za­manda idmana olan həvəslərini nümayiş etdirirdilər və Azərbaycanın seçmə komandasının oyununu müşahidə edirdilər. Şübhəsiz ki, oraya gəlmiş hər bir gənc, hər bir Azərbaycan vətəndaşı ölkəmizin futbol komandasına uğurlar arzulayırdı. Bu uğura da nail oldular. Azərbaycanın seçmə futbol komandası tarixdə ilk dəfə dünya çempionatının oyununda Avropanın güclü komandalarından biri olan İsveçrənin seçmə komandasına qalib gəldi, o matçı, yarışı uddu.

Bu, çox böyük hadisədir, əlamətdar hadisədir. Mən həddindən artıq sevindim. Sevindim ona görə ki, on minlərlə tamaşaçı yerləşən stadion dolu idi. Sevindim ona görə ki, Azərbaycan gəncləri bu stadiona çox gözəl əhval-ruhiyyə ilə gəlmişdilər. Sevindim ona görə ki, Azərbaycan futbolu müstəqil Azərbaycan Respublikasının indiki günündə yüksək səviyyəyə gəlib çatıbdır.

Mən keçmiş illərdə, 70-ci illərdə bizim komandaların futbol yarışlarında iştirakını xatırlayıram. Deyə bilərəm ki, mən heç vaxt Azərbaycanın futbol komandasının bu qədər gozəl oynamasını görməmişdim. Bu da bizim müstəqilliyimizin nəticəsidir, dövlət müstəqilliyimizin nəticəsidir. Futbol meydançasında oynayan Azərbaycan övladları da ölkəmizin müstəqil dövlət olmasından qürur duyaraq canla-başla mübarizə aparırdılar və qalib gəldilər. Yenə də deyirəm, Avropanın güclü komandalarından birinə qalib gəldilər. Mən bu gün fürsətdən istifadə edərək Azərbaycanın seçmə futbol komandasını bu qələbə münasibətilə təbrik edirəm, ona gələcək yarışlarda da uğurlar arzulayıram. Eyni zamanda mən bütün Azərbaycan gənclərini, Azərbaycan vətəndaşlarını, xalqımızı təbrik edirəm ki, biz nəhayət, bu gözəl günlərə gəlib çatmışıq. Müstəqil respublikamız, müstəqil ölkəmiz dünya çempionatında müstəqil dövlət kimi iştirak edir və biz öz idman nailiyyətlərimizi dünyaya nümayiş etdirə bilirik.

Bilirəm ki, burada, Böyükşor qəsəbəsində yaşayanların vəziyyəti bir çox çətinliklərlə bağlıdır. Qəsəbə Bakının kənarında yerləşir, burada müəyyən kommunal çətinliklər, bəlkə də, Bakının mərkəzi hissələrinə nisbətən daha çoxdur, insanların yaşayışında çətinliklər var. Bunların hamısını biz, şəxsən mən bilirəm. Ancaq bilirsiniz ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində əhalimizin bir hissəsi qaçqın kimi çadırlarda, ağır vəziyyətdə yaşayır. Xalqımızın bir hissəsinin belə çətin vəziyyətdə yaşaması şübhəsiz ki, hamımızı narahat edir, incidir. Biz çalışırıq ki, şəraiti, insanların həyat tərzini, rifah halını yaxşılaşdıraq. Əmin ola bilərsiniz ki, apardığımız tədbirlər, həyata keçirdiyimiz iqtisadi islahatlar, bu sahədə atdığımız addımlar gətirib bütün bunlara çıxaracaq, biz bu çətinliklərin öhdəsindən gələcəyik, xalqımızın rifah halı günü-gündən yaxşılaşacaqdır.

Bu gün mən sizinlə görüşərkən, biz məktəblərdə yeni dərs ilinin başlanması gününü bir yerdə qeyd edərkən düşünürəm ki, o çadır şəhərciklərimizdə qurulan məktəblərdə də insanlar, balalarımız sinfə girirlər, dərslərə başlayırlar. Xalqımız dözümlü xalqdır. Xalqımız dəyanətli, qəhrəman xalqdır. Mən bilirəm ki, çadır şəhərciklərində, çadırlarda olan məktəblərdə də müəllimlərimiz əvvəlki həvəslə çalışır və balalarımız, övladlarımız o çadırların altında oturub təhsil, bilik alırlar, məktəb fəaliyyət göstərir.

Azərbaycanın qaçqın, köçkün vəziyyətində yaşayan vətəndaşlarına mən bu gün buradan, Bakıdan, Böyükşor qəsəbəsindən xüsusi salamımı göndərirəm. Bu çətin vəziyyətdə öz övladlarını bu gün məktəblərə aparan valideynlərə hörmət və ehtiramımı bildirirəm. Çadır şəhərciklərindəki, qaçqınların düşərgələrindəki, onların məskunlaşdığı yerlərdəki məktəblərdə şagirdlərə dərs verən müəllimlərə xüsusi hörmətimi bildirirəm. Onları əmin edirəm ki, bu ağır günlər keçib gedəcək, hamı yenidən gözəl evlərə, məktəb binalarına qayıdacaq, həmin gözəl məktəb binalarında öz təhsillərini davam etdirəcəklər.

Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin bu günlərdə üç ili tamam olmuşdur. Mən bu gün bu rayonların sakinlərinə salamımı, hörmət və ehtiramımı bildirirəm. Bildirirəm ki, biz bu yaxınlarda həmin rayonların nümayəndələri ilə görüşəcəyik, danışacağıq, vəziyyəti, onların problemlərini və qayğılarını müzakirə edəcəyik.

Ümumiyyətlə, yerindən-yurdundan didərgin düşmüş, qaçqın və köçkün vəziyyətində yaşayan vətəndaşlarımızın hamısına bir daha hörmət və ehtiramımı bildirirəm. Onlara indiyədək olduğu kimi, bu gün də, bundan sonra da dözümlülük arzulayıram. Hamı əmin ola bilər ki, Azərbaycanda bu ağır günlər müvəqqətidir. Azərbaycanın işğal olunmuş torpaqları azad olunacaq, ölkəmizin ərazi bütövlüyü təmin ediləcək, yerindən-yurdundan qaçqın düşmüş vətəndaşlanmız öz elinə-obasına qayıdacaqdır. Müstəqil Azərbaycan Respublikası yaşayacaq, günü-gündən möhkəmlənəcəkdir.

Bizim apardığımız xarici və daxili siyasət, gördüyümüz tədbirlər dünya birliyində Azərbaycanı daha da çox tanıdır, dünya birliyində Azərbaycana olan münasibəti günü-gündən artırır və ölkəmizi dünya birliyinə daha da six birləşdirir. Bunların hamısı Azərbaycanı bir müstəqil dövlət kimi, xalqımızı azad bir xalq kimi gözəl gələcəyə hazırlayır. Mən buna inanıram və siz də buna əmin ola bilərsiniz.

Mən sizinlə bugünkü görüşümdən çox məmnunam. Burada çıxış edən müəllimlər çox xoş sözlər dedilər. Təşəkkür edirəm. Uşaqların, şagirdlərin bu qədər gözəl çıxışları və onların incəsənət nümunələrini nümayiş etdirmələri xalqımızın nə qədər istedadlı olduğunu bir daha göstərir. Bunların hamısı məndə böyük iftixar hissi oyadır. Mən fəxr edirəm ki, belə istedadlı xalqımız var. Fəxr edirəm ki, belə böyük xalq ona rəhbərlik etmək üçün mənə etimad göstərib.

Sizin hamınıza təşəkkür edirəm. Hamınıza cansağlığı arzulayıram. Böyükşor qəsəbəsindəki 73 nömrəli məktəbin açılışı münasibətilə sizi təbrik edirəm. Təhsil, Bilik günü münasibətilə Azərbaycanın bütün vətəndaşlarını təbrik edirəm.