Bakıda \"İSR PLAZA\" ofis-otelinin açılışı mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - 07 sentyabr 1998-ci il

Əziz dostumuz, qardaşımız, hörmətli qonağımız, Türkiyə Cümhuriyyətinin prezidenti Süleyman Dəmirəl!

Hörmətli qonaqlar, dostlar!

Hörmətli Bakı şəhərinin sakinləri!

Bu gün Azərbaycanda əlamətdar hadisə baş verir. Azərbaycan, Bakı Böyük İpək yolunun bərpa olunması ilə əlaqədar keçiriləcək beynəlxalq konfrans ərəfəsindədir və Azərbaycana Avropa, Asiya dövlətlərinin, hökumətlərinin rəhbərləri, nümayəndə heyətləri gəlir və gəlməkdədir. Bir çox beynəlxalq təşkilatların nümayəndələri artıq Bakıya gəliblər.

Sabah Azərbaycanda böyük bir konfrans keçirilir. Böyük iftixar hissi ilə qeyd edirəm ki, bu konfrans Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra respublikamızda keçirilən ilk böyük beynəlxalq konfransdır. Bu konfransın Azərbaycanda keçirilməsi beynəlxalq aləmin, təşkilatların, Avropa, Asiya, Qafqaz ölkələrinin Azərbaycana olan münasibətini parlaq surətdə nümayiş etdirir.

Bizim hamımızı sevindirən bir də odur ki, biz bu gün əziz dostumuz, qardaşımız, Türkiyənin prezidenti cənab Süleyman Dəmirəli qarşılayırıq. Buraya gəlməklə hörmətli cənab Süleyman Dəmirəl bu konfransın işinə çox böyük əhəmiyyət verib və hesab edirəm ki, onun, Türkiyə Cümhuriyyəti nümayəndə heyətinin bu konfransda iştirak etməsi bu tədbirin daha da uğurlu olmasını təmin edəcəkdir.

Əziz dostumuz, qardaşımız, yenidən Azərbaycana xoş gəlmisiniz, səfa gətirmisiniz! Mən sizi bütün Azərbaycan xalqı adından, Bakı şəhərinin vətəndaşları adından ürəkdən salamlayıram.

Türkiyə ilə Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq əlaqələri sarsılmaz tellərlə bağlıdır. Bunlar son illər daha da möhkəmlənib, yüksəlib və əbədi olubdur. Biz Azərbaycanda Türkiyə ilə dostluğumuzu xüsusi qiymətləndiririk, ona xüsusi əhəmiyyət veririk və bu dostluğumuzun əbədi olaraq davam etməsinə inanırıq.

Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Türkiyə Azərbaycana hər cür yardım edib və bu gün də edir, sabah da edəcəkdir.

Dünən Azərbaycanın Azadlıq meydanına Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə əlaqədar yerindən-yurdundan didərgin düşmüş Azərbaycan vətəndaşları üçün Türkiyənin \"Qızıl Ay\" Cəmiyyəti tərəfindən yardım karvanı gətirilibdir. 15 böyük yük maşını gəlibdir. Dünən Azərbaycanın vətəndaşları televiziya vasitəsilə gördülər. Bunlar Türkiyədən gəlibdir. Bunlar qardaş yardımıdır. Bunlar humanitar yardımdır, Azərbaycanın işğal olunmuş torpaqlarından didərgin düşmüş insanlara gətirilmiş yardımdır. Bu yardımlar keçmişdə də olubdur. Bu gün \"Qızıl Ay\" Cəmiyyəti yenidən bu yardımı edibdir. Ümidvarıq ki, bu, gələcəkdə də davam edəcəkdir. Bu yardımlara, Azərbaycanı bütün işlərdə dəstəklədiklərinə görə Türkiyə xalqına, cümhuriyyətinə, hökumətinə və bizim əziz dostumuz, qardaşımız Süleyman Dəmirələ minnətdarlığımızı, təşəkkürümüzü bildirirəm.

Biz son illər Türkiyə-Azərbaycan əməkdaşlığının çox nümunələrinin şahidi olmuşuq. Onlardan biri də bu gün təntənəli açılışı olan ofis-otel binasıdır. Bu binanın inşa edilməsi və bu gün istifadəyə verilməsi Azərbaycanın həyatında əlamətdar hadisədir. Birinci ona görə ki, Bakı şəhərini yeni bir gözəl memarlıq abidəsi və Azərbaycanın bu günü, gələcəyi üçün çox lazım olan bina bəzəyibdir. İkinci də ona görə ki, Azərbaycanda gedən iqtisadi islahatlar, sərbəst iqtisadiyyatın inkişafı, iş adamlarının sərbəst iş görmək imkanı əldə etməsi nəticəsində bu binanı özəl şirkət tikib, sərmayə qoyub, inşa edibdir və özü də bundan istifadə edəcəkdir. Bu, gözəl hadisədir.

Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra iqtisadi islahatlar aparır, iqtisadiyyatı bazar münasibətləri yolu ilə inkişaf etdirməyə çalışır. Bizim bu sahədə nailiyyətlərimiz çoxdur. Ancaq gələcəkdə görüləcək işlərimiz də çoxdur. Özəlləşdirmə proqramı, torpaq islahatı, torpağın şəxsi mülkiyyətə verilməsi tədbirləri həyata keçirilir. Eyni zamanda biz respublikamızda sahibkarlar təbəqəsi yaradırıq. Sahibkarların, iş adamlarının sərbəst fəaliyyəti, öz vəsaitindən istədiyi kimi istifadə etməsi, sərmayə qoyması, mənfəət götürməsi üçün imkanlar yaratmışıq. Bunu qanunlar təmin edir və biz tədbirlərimizlə onları belə işlər görməyə həvəsləndiririk. Belə sahibkarlardan biri də bu ofis-oteli tikib yaradan şirkətlər qrupudur. Bu otelin məhz burada, Bakının mərkəzi nöqtələrindən birində tikilməsi də Azərbaycanda sahibkarlığa, sərbəst iqtisadiyyata olan diqqətin, qayğının təzahürüdür.

Bir daha qeyd edirəm, bu ofis-otelin tikilməsi Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığının nümunəsidir. Bu binanın Türkiyə şirkəti tərəfindən tikilməsi və yüksək səviyyədə inkişaf etdirilməsi onu göstərir ki, bizim əməkdaşlığımız öz əməli nəticəsini verir.

Mən əminəm ki, bu ofis-otel Azərbaycana, iş adamlarına, respublikamıza gələn qonaqlara dəyərli xidmətlər göstərəcəkdir və öz fəaliyyəti, nümunəsi ilə Azərbaycanda sərbəst iqtisadiyyatın, bazar münasibətlərinin, sərbəst sahibkarlığın inkişafına kömək edəcəkdir.

Mən bu ofis-oteli tikib yaradan Türkiyənin İnşaat Şirkətinə gördüyü işə görə gələcək işlərində uğurlar arzulayıram.

Əziz dostumuz, qardaşımız hörmətli Süleyman Dəmirəl!

Azərbaycan vətəndaşlarının sizinlə hər bir görüşü bayrama çevrilir. Görürsünüz, buraya nə qədər insan toplaşıbdır. Bunların hamısı sizi görmək, salamlamaq üçün gəlib. Çünki siz həm Türkiyə Cümhuriyyəti, həm Azərbaycan Respublikası üçün, həm də türk dünyası üçün çox böyük işlər görmüş, xidmətlər göstərmiş adamsınız. Biz sizi hər dəfə görəndə sevinirik, sizi daim bağrımıza basırıq, qardaş kimi qəbul edirik. Bu gün bir daha Azərbaycan xalqının, respublikasının bütün vətəndaşlarının hörmət və ehtiramını sizə izhar edirəm. Sizə cansağlığı, uzun ömür, gələcək işlərinizdə yeni-yeni uğurlar arzulayıram.

\"Azərbaycan\" qəzeti, 8 sentyabr 1998-ci il.