Respublika sarayında uşaqlar üçün yeni il şənliyində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 31 dekabr 2002-ci il

Əziz balalar!

Əziz uşaqlar!

Sizi qarşıdan gələn Yeni il - 2003-cü il münasibətilə ürəkdən təbrik edirəm, sizə, Azərbaycanın bütün uşaqlarına, bütün gənclərinə sağlam həyat və xoşbəxt gələcək arzulayıram.

Mən çox şadam və məmnunam ki, ötən illərdə olduğu kimi, bu il də, 2002-ci ilin son günündə də bu saatları, bu dəqiqələri sizinlə bir yerdəyəm, sizin aranızdayam. Mən bu salonda sizinlə birlikdə şənlikdə iştirak edərkən təsəvvür edirəm ki, sanki bütün Azərbaycan uşaqları, bütün Azərbaycan gəncləri bizim ətrafımızdadırlar. Mən təsəvvür edirəm ki, sizi, bütün gəncləri qucaqlayıram, bağrıma basıram, öpürəm. Mən sizin hamınıza səadət arzulayıram.

Əziz balalar, bu gün burada nümayiş etdirdiyiniz gözəl bədii səhnəciklər, rəqslər, mahnılar, cürbəcür oyunlar bir daha göstərir ki, Azərbaycan uşaqları, Azərbaycanın yeniyetmə nəsli nə qədər istedadlıdır və əziz balalar, sizin nə qədər xoşbəxt gələcəyiniz var.

Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, bizim xalqımız, Azərbaycan xalqı, millətimiz, yəni hər bir Azərbaycan övladı bütün xarici və daxili aləmi ilə çox gözəldir. Mən bu gözəlliyi bu gün sizdə görürəm. Sizin hər biriniz özünəməxsus Azərbaycan gözəlliyinin nümunəsisiniz. Qızlar gözəl Azərbaycan qadını, gözəl Azərbaycan anası, gözəl Azərbaycan qızının nümunəsidir. Oğlanlar mərd, qoçaq, güclü, qüdrətli, cəsur Azərbaycan oğlanlarının nümunəsidir. Bunları görəndə vətənini sevən, xalqını sevən hər bir azərbaycanlı biganə qala bilməz. Onun yalnız və yalnız bir hissiyyatı, sevinc hissiyyatı, xalqına, millətinə, ölkəsinə məhəbbət hissiyyatı ola bilər. Bax, bu hissiyyatları mən indi burada sizinlə keçirirəm.

Siz 2002-ci ildə mənim həyatımda baş verən bütün çətinliklərin, problemlərin ağrı-acısını və il boyu bu gərgin işdən olan yorğunluğumu bugünkü şən, gözəl tamaşanızla tamamilə çıxartdınız. Mən bu saatlarda sizinlə daha da gümrahlaşdım, özümdə daha çox qüvvə hiss edirəm və 2003-cü ili elə bu qüvvə ilə, bu hissiyyatlarla sizinlə bərabər, xalqımızla bərabər bir yerdə qarşılayıram.

Əziz balalar!

Siz müstəqil Azərbaycanın övladlarısınız. Siz müstəqil Azərbaycan vətənində doğulmusunuz, dünyaya gəlmisiniz və indi ilk addımlarınızı atırsınız. Bu, böyük bir xoşbəxtlikdir. Bizim nəsillər, bizdən əvvəlki nəsillər Azərbaycanın milli azadlığı, dövlət müstəqilliyi uğrunda çalışıblar, mübarizə aparıblar və nəhayət, 11 il bundan öncə Azərbaycan dövlət müstəqilliyini əldə edibdir. Biz bu dövlət müstəqilliyini əldə etdiyimizə görə və ən əsası, onu 11 il ərzində qoruyub saxlaya bildiyimizə görə, günü-gündən möhkəmləndirdiyimizə, inkişaf etdirdiyimizə görə fəxr edirik.

Əziz balalar, sizə isə daha böyük xoşbəxtlik nəsib olubdur. Çünki siz bu dövlət müstəqilliyi şəraitində dünyaya gəlmiş övladlarımızsınız, Azərbaycanın gələcək vətəndaşlarısınız. Azərbaycanın gələcəyi, bu müstəqilliyin əsrlər boyu yaşaması sizin, gənclərin üzərinə düşür. Sizi görərək, sizin bu ağıl, zəka potensialınızı hiss edərək, sizdə bu enerjini, xalqa, vətənə məhəbbəti görərək, Azərbaycanın prezidenti kimi mən bu gün tam arxayınam. Biz Azərbaycanın sükanını sizin əllərinizə verəcəyik. Siz Azərbaycanı irəliyə aparacaqsınız. Amma bilin, biz Azərbaycanın dövlət müstəqilliyinin elə bir təməlini qoymuşuq ki, ötən illərdə də, qarşıdan gələn illərdə də elə bir Azərbaycan yaratmışıq və yaradacağıq ki, sizin üçün yaşamaq da, işləmək də qat-qat asan olacaqdır.

Bizim məqsədimiz xalqımıza firavan həyat yaratmaqdır. Bunu edirik, ancaq istədiyimizə nail ola bilmirik, çünki problemlər də var. Həlli çətin olan problemlər də var, siz gənclər, uşaqlar bilməlisiniz ki, bizim torpaqlarımızın bir qismi Ermənistanın işğalı altındadır. O torpaqlardan zorla çıxarılmış soydaşlarımız çadırlarda yaşayırlar. Həmin çadırlarda 8-10 il bundan öncə doğulmuş, indi sizin yaşınıza gəlib çatmış övladlarımız var. Onların yaşayışı ağırdır. Biz çalışırıq ki, onların yaşayışını yüngülləşdirək. Biz ilbəil buna nail oluruq. Amma tam nail olmaq o vaxt mümkün olacaqdır ki, biz işğal altındakı torpaqları azad edək. Bunu mütləq edəcəyik və soydaşlarımız öz yerlərinə qayıdacaqlar. Azərbaycanın ərazi bütövlüyü təmin olunacaqdır. Biz bu çətinlikləri aradan qaldıracağıq və demək olar ki, böyük problemləri olmayan Azərbaycan yaradıb sizə təhvil verəcəyik. Siz isə gərək onu daha da məharətlə idarə edəsiniz, irəliyə aparasınız.

Son illər mənim sizinlə belə görüşlərim ənənəyə çevrilibdir. bu görüşlərdə, sizin hazırladığınız bayram şənliklərində, mərasimlərində Bakıda yerləşən uşaq evlərindəki uşaqların əksəriyyəti iştirak edir. Təkcə burada əyləşənləri demirəm, onlar mənim kimi tamaşaçıdırlar. Bu gün bu səhnədə uşaq evlərində yaşayan, təhsil alan uşaqlar da öz istedadlarını nümayiş etdirdilər. Bu, çox sevindirici haldır.

Azərbaycanda kimsəsiz uşaq yoxdur. Uşaq onda kimsəsiz olur ki, valideynini itirib, yaxud hansısa səbəbdən valideyni ilə bir yerdə deyil, eyni zamanda dövlətin himayəsinə götürülməyibdir. Uşaq dövlətin himayəsinə götürüləndən sonra o, kimsəsiz deyil, o bizim uşaqdır, dövlətin uşağıdır, Azərbaycanın uşağıdır. Biz uşaq evlərinə məhz belə qayğı göstəririk və çalışırıq ki, uşaq evlərində olanlar heç vaxt hiss etməsinlər ki, kimsəsizdirlər. Artıq bu da görünür. Ona görə mən bu gün fürsətdən istifadə edib, uşaq evlərində tərbiyə alan uşaqları xüsusi təbrik edirəm və xüsusən, onların tərbiyəçilərinə, uşaq evlərinin başçılarının hamısına təşəkkür edirəm.

Sizinlə birlikdə biz hamımız buradan, bu salondan erməni işğalı nəticəsində yerində-yurdundan didərgin düşmüş, çadırlarda ağır şəraitdə yaşayan vətəndaşlarımıza və xüsusən, onların uşaqlarına bayram salamımızı göndəririk. Onlara cansağlığı arzu edirik. Mən onları bir daha əmin edirəm, o gün gələcək ki, onlar bu ağır vəziyyətdən xilas olacaq, öz torpaqlarına dönəcəklər.

Əziz uşaqlar, vallah, mən sizin aranızda olanda o qədər rahat oluram ki, heç ayrılmaq istəmirəm. Siz bilirsiniz ki, mənim nəvələrim də var. Nəvələrimi çox sevirəm. Təəssüf ki, onların bəzisi bir az xəstədir, bu gün mənimlə bura gələ bilmədilər. Amma bilirsiniz ki, keçən illər gəlirdilər. Güman edirəm, indi televiziya ilə baxırlar, bizi görürlər və heyfslənirlər ki, burada deyilər. Ancaq mənim üçün fərqi yoxdur, mən nəvələrimi, öz uşaqlarımı, öz övladlarımı sevdiyim kimi, sizi də sevirəm, bütün Azərbaycan uşaqlarını sevirəm.

Bu sevgi ilə, bu məhəbbətlə mən sizi bir daha təbrik edirəm. Hamınıza, bütün Azərbaycan uşaqlarına, Azərbaycan gənclərinə 2003-cü ildə daha da xoşbəxt həyat arzulayıram. Sağ olun.

\"Azərbaycan\" qəzeti, 3 yanvar 2003-cü il.