Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin dini işlər naziri Mehmet Nuri Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən - 26 aprel 2000-ci il

Heydər Əliyev: Hörmətli nazir!

Hörmətli qonaqlar!

Azərbaycana xoş gəlmisiniz! Güman edirəm ki, hörmətli şeyx ilə çox işlər görmüsünüz və bizim ölkələrimiz arasında, xalqlarımız arasında, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin inkişaf etməsinə öz xidmətlərinizi bir daha göstərmisiniz. Ona görə təşəkkür edirəm və çox məmnunam ki, Sizi qəbul edirəm.

Biz son dəfə Naxçıvanda görüşmüşdük. Orada sizinlə bərabər tikilmiş məscidi, cameni açdıq, böyük bir iş gördük. İndi də buradasınız, Bakıdasınız. Təşəkkür edirəm.

Mehmet Nuri Yılmaz: Hörmətli cumhur başkanım, bizi qəbul etdiyinizə görə öz adımdan çox təşəkkür edirəm, Sizə hörmətimi bildirirəm.

Üç gündür burdayıq. Cənab şeyxülislam çox yaxşı münasibət göstərdi. Biz ona da təşəkkür edirik. Bir neçə camemiz var idi, onların açılışlarında iştirak etdik. Bu gün isə Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsini ziyarət etdik. Sizin də qeyd etdiyiniz kimi, bu, ölkələrimiz arasında sevgi tellərinin daha da qüvvətlənməsinə səbəb olacaqdır.

Mənəviyyatsız həyat olmaz. Biz də dini öyrətmək, insanlara ibadətləri doğru öyrətmək üçün yardım göstəririk. Zati-alilərinizin böyük dəstəyini gördük. Buna görə də Sizə minnətdarlığımızı bildirir, hörmət və ehtiramımızı ərz edirəm. Təkrar təşəkkür edirəm.

Heydər Əliyev: Çox sağ olun. Burada camelər açmısınız?

Hacı Allahşükür Paşazadə: Bəli. Möhtərəm prezident, icazə verin, qısa şəkildə deyim. Bu camelər çoxdan tikilmişdir. Cənab Nuri Yılmazın müəyyən işləri olduğuna görə bura gəlişi bir az çətinləşmişdi, bunların açılışı olmamışdı. Bir növ bunları qanuniləşdirmək üçün biz ikimiz də həmin camelərə getdik və bu camelərdə camaatla bir yerdə olduq, namaz qıldıq və onların açılışını elan etdik ki, ora bu gündən fəaliyyət göstərir. İnşallah, camaat burada namaz qılacaq, ibadət edəcəkdir.

Həmin camelərin yaxşı cəhəti odur ki, biz onlara iki nəfər - həm imam, həm də axund təyin etdik. Yəni siz bilirsiniz ki, Azərbaycanda iki məzhəb olduğuna görə, hər ikisinin eyni olmasını nəzərə alaraq qardaşlığı daha da yüksəltmək üçün biz həmin camelərdə belə addımları atdıq. Camaat orada sizin üçün, xalqımız üçün, həm də Türkiyə xalqı üçün, Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının daha da möhkəmlənməsi üçün dualar oxuyurlar. Bu, Qubada, Qusarda, Ağdaş rayonunun Ləki qəsəbəsində, Yevlaxda, Mehdiabadda olmuşdur.

Heydər Əliyev: Yəni Abşeron rayonunda.

Hacı Allahşükür Paşazadə: Bəli, Abşeronda. Yəni olmayan yerlərdə. Başqa yerlərdə də var idi, amma hələ qanuniləşməmişdi. Biz açılış keçirərək onları qanuniləşdirdik. Ona görə də Sizə bir daha təşəkkürümü bildirirəm. Bu məscidlərin hər biri qardaşlıq, dostluq ocağı olacaqdır. Bu, həm də Azərbaycanda vicdan azadlığının rəmzidir. Azərbaycanda kilsələr də tikilir, başqa dini məbədlər də tikilir. Onlardan da xəbərimiz vardır.

O cümlədən də məscidlər bərpa olunur, tikilir və biz Sizin dövrünüzdə bizə verdiyiniz imkanlardan istifadə edirik. Bu, Sizin mənəviyyata verdiyiniz böyük qiymətdir. Onu da deyim ki, bu məscidlər ancaq və ancaq qardaşlıq, dostluq üçündür. Bu, ayırmaq üçün deyil, inşallah, birləşdirici rol oynayacaqdır.

Heydər Əliyev: Təbiidir. Azərbaycanda vicdan azadlığı bizim əldə etdiyimiz istiqlaliyyətin nəticəsidir. Bilirsiniz ki, biz 70 il öz dinimizdən məhrum olmuşuq. Təbiidir ki, bizim keçmiş ölkəmizdə vicdan azadlığı da olmayıbdır. Ancaq istiqlaliyyət, müstəqillik əldə edilən kimi bizim bütün insanların azadlıqları təmin olundu, o cümlədən vicdan azadlığı. Bunların da hamısı ölkəmizi daha da yüksəldir. Çünki insan azad olmalıdır, insan istədiyini etməlidir. Təbiidir ki, qanunsuz iş görməyərək istədiyini etməlidir.

Dünyada olan hər bir insan hansısa bir dinə mənsubdur. Din insan yaranandan yaranıbdır. Ona görə də insanı dindən məhrum etmək olmaz. Əksinə, öz dininə inanırsa, buna xidmət edirsə, daha da pak olur, təmiz olur, cəmiyyətdə daha da faydalı iş görür və dövlət üçün da faydalı iş görür. Ona görə də, təbiidir, - bu məscidlər, camelər məhz insanların mənəviyyatca yüksəlməsinə xidmət etməlidir. elə Qurani-Kərim də bunu tələb edir, dinimiz də bunu tələb edir və Sizin apardığınız işlər də məhz bu tələblər əsasında qurulur. Buna görə də gördüyünüz işlərə görə çox məmnunam.

Mən bir daha deyirəm, şeyx həzrətləri də doğru buyurdu ki, bu camelər Türkiyə ilə Azərbaycan arasında olan dostluq, qardaşlıq əlaqələrini daha da möhkəmləndirəcək, daha da inkişaf etdirəcəkdir.

Mehmet Nuri Yılmaz: Möhtərəm prezident, bizim bir xahişimiz vardır. İllahiyyat məktəblərində tələbələr təhsillərini başa vurduqdan sonra məzunların bir qismini Türkiyədə oxutdururuq, bir qismi də magistraturada oxuyur. Bizim məktəblərdə dördüncü, beşinci siniflərdən başlayaraq din dərsi tədris olunur. Yəni həm müsəlmanlıq, həm də yəhudiliklə bağlı təhsil verilir. Arzumuz odur ki, bu məktəblərin məzunu olan gənclər buradakı məktəblərdə din dərsi tədris etsinlər, müəllimlik etsinlər. Bu sahədə cənab şeyxülislam da böyük səylər göstərir. Tələbələr təhsili bitirdikdən sonra onlara bir iş yeri lazımdır. Onlar ya camelərdə imamlıq edəcək, ya da məktəblərdə dərs keçəcəklər. Yəni müsəlmanlıq, xristianlıq və yəhudilik üzrə. Eynən bizdə olduğu kimi, burada da bu dərslər keçilsə çox faydalı olar.

Hacı Allahşükür Paşazadə: Cənab prezident, Sizin gənclərlə görüşünüzdəki çıxışınız bizim üçün, demək olar ki, bir yol açdı. Baxmayaraq ki, çətinliklərimiz vardır. Biz bu sahədə kitablar hazırlayırıq. Bugünkü gündə o kitabları yüksək səviyyədə hazırlayırıq. Yəni dində olan əsaslara - Vətən sevgisinə, bayrağa, Vətənə, torpağa, millətə, şəhidliyə aid. Həm də insanlar dinin nə olduğunu bilsin deyə, ikinci sinifdən başlayaraq keçilmək üçün belə kitablar hazırlayırıq. İstəyirik ki, bizim müsəlmanlarımız adi şəraitdə özünün kim olduğunu uşaqlıqdan bilsin. Ona görə də həzrətin xahişi ondan ibarətdir ki, yaxşı olardı bizim dövlət məktəblərində, əgər imkan olarsa, ya dərs vaxtı, ya da dərsdən sonrakı dövrdə, artıq saatlarda dini öyrətmək üçün dərs keçilsin. Fərqi yoxdur, xristianlar xristian dinini öyrənsinlər, yəhudilər yəhudi dinini öyrənsinlər, müsəlmanlar islam dinini öyrənsinlər. Yəni hansı dinə mənsub adamlar burada yaşayırlarsa, qoy öz dinindən xəbərdar olsunlar. Bəzi Avropa missionerləri və başqa təriqətlər bunları istəyirlər xristian etsinlər, ya da öz dinindən qaytarsınlar. Elə edək ki, insanlar öz haqqını başa düşsünlər. Sizdən bunları rica edərdik və gələcəkdə biz buna hazırlaşırıq. Sizdən bunu xüsusi xahiş edirik. Hələ kitab hazır deyil, amma onun üzərində işləyirik.

Heydər Əliyev: Hazırlaşın, hazırlaşın. Verərsiniz, baxaram. Bir şey çox vacibdir ki, tələbələr məktəbdə dərsdə olarkən dinin tarixini bilsinlər. Həm islam dininin, həm də xristian dininin. Çünki sovetlər birliyində din tamamilə qadağan olduğuna görə insanların din haqqında məlumatı da yoxdur. O hakimiyyət dini nəinki yasaq etmişdi, hətta belə bir fikir var idi ki, din insanlar üçün tiryəkdir. Bilirsiniz də, tiryək nədir?

Mehmet Nuri Yılmaz: Bəli.

Heydər Əliyev: Leninin bir şüarı var idi ki, din xalqın tiryəkidir. Elə bu sözdən əsas götürülmüşdü. Ona görə də dinlə əlaqədar olan hər bir tarix bizim təhsildən tamamilə kənarda idi. Amma bu da bir tarixdir. Xristian dininin də yaranması, inkişaf etməsi və yayılmasının tarixi, müsəlman dininin də həmçinin, yaxud da buddizmin, yaxud da ki, yəhudinin də, başqalarının da. Cəmiyyəti bilmək istəyən adam, insan cəmiyyətini, insan tarixini bilmək istəyən adam gərək, əlbəttə ki, tarixin bu hissəsini də bilsin. Bunu bilməyən adam tarixi tamamilə bilə bilməz. Keçmişdə dinə qarşı o qədər mənfi münasibət yaradılmışdı ki, insanlar dinə də, dini dualara da, yaxud o dini müəyyən qədər, ola bilər, gizli olaraq icra edənlərə də mənfi münasibət göstərirdilər. Yaxud da onları keçmişin qalığı hesab edirdilər ki, artıq bizim cəmiyyət bunsuz yaşaya bilər.

Ancaq mən bilirəm ki, bütün ölkələrdə, eləcə də Qərb ölkələrində məktəblərdə din tarixini öyrənirlər. Ona görə biz də buna baxmalıyıq. Siz də fikirlərinizi deyin. Baxarıq, mütləq baxarıq.

Çox gözəl. Sizə bir də təşəkkür edirəm. Çox məmnunam. Sağ olun.

Mehmet Nuri Yılmaz: Çox təşəkkür edirik, sağ olun.

"Azərbaycan" qəzeti, 27 aprel 2000-ci il