Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏT-in sədri, Norveçin xarici işlər naziri Knut Vollebeki və onu müşayiət edən şəxsləri - ATƏT-in və Norveç Xarici İşlər Nazirliyinin nümayəndələrini qəbul edərkən söhbətindən - Prezident sarayı, 18 sentyabr 1999-cu il

Heydər Əliyev: Hörmətli cənab nazir, hörmətli cənab sədr!

Mən sizi və sizinlə bərabər Azərbaycana gəlmiş nümayəndə heyətinizi səmimi qəlbdən salamlayıram və deyirəm ki, Azərbaycana xoş gəlmisiniz!

Biz sizi qəbul edərkən bir neçə hisslər keçiririk. Birincisi, biz ATƏT ilə artıq çox illərdir ki, əməkdaşlıq edirik və ATƏT-in nümayəndələri, xüsusən bu beynəlxalq təşkilatın sədri ilə görüşməyimiz həmişə bizim üçün əlamətdar hadisə olubdur.

Məlumdur ki, Azərbaycan üçün ən ağır, böyük, çətin problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi ATƏT-in və ATƏT tərəfindən yaradılmış Minsk qrupunun üzərinə qoyulmuşdur. Ona görə də biz ATƏT-in indi fəaliyyətdə olan sədri kimi sizi bölgədə və xüsusən Azərbaycanda səbirsizliklə gözləyirdik. Təşəkkür edirəm ki, gəlmisiniz.

Siz eyni zamanda Norveçin xarici işlər nazirisiniz. Bilirəm ki, nümayəndə heyətinizdə Norveç ölkəsinin iş adamları və başqa rəsmi nümayəndələri də vardır. Norveç ilə Azərbaycan arasında çox geniş əməkdaşlıq mövcuddur. Biz sentyabrın 20-də 5 il bundan əvvəl imzalanmış böyük neft müqaviləsinin - \"Əsrin müqaviləsi\"nin 5 illiyini qeyd edəcəyik. Bu müqavilənin əsasını qoyanlardan biri də Norveçin \"Statoyl\" şirkətidir. Məmnuniyyətlə deyə bilərəm ki, müqavilənin həyata keçirilməsində Norveçin başqa şirkətləri də çox fəal iştirak ediblər. Buna görə biz sizi Norveçin xarici işlər naziri kimi də qəbul edirik və hesab edirəm ki, bu sahədə də bizim danışılası sözlərimiz vardır.

Beləliklə, indi biz çox geniş danışıqlar apara bilərik. Hansı məsələlərin müzakirəsinə başlamaq imkanını mən sizə verirəm. Buyurun.

Knut Vollebek: Cənab prezident, çox sağ olun ki, məni və məni müşayiət edən böyük nümayəndə heyətini belə nəvazişlə qarşılayırsınız.

Mən çox şadam ki, bu, ATƏT sədrinin bu bölgəyə birinci səfəridir. Üzr istəyirəm ki, bu səfəri bir qədər əvvəl həyata keçirməyə imkanım olmadı, buna vaxt imkan vermədi. İndi isə imkan olduğuna görə buradayam.

Lakin bir halda ki, Siz məni həm də Norveçin xarici işlər naziri kimi qarşılayırsınız, ölkələrimizin ikitərəfli münasibətləri haqqında da bir neçə kəlmə demək istəyirəm. Hər şeydən əvvəl, Norveç kralının Sizə böyük salamları vardır. O, Sizin Norveçə 1996-cı ildəki rəsmi səfərinizi yaxşı xatırlayr. Ümumiyyətlə, Norveçin son illər əlaqələrini bu cür inkişaf etdirdiyi ölkələrin sayı azdır.

Cənab prezident, Siz doğru dediniz ki, bu əməkdaşlığın əsasını Norveçin dövlət neft şirkəti olan \"Statoyl\" qoymuşdur. Bu əməkdaşlığı Norveçin digər şirkətləri davam etdirmişlər. Lakin xoşbəxtlikdən, neft sahəsində başlanmış bu əməkdaşlıq digər sahələri də əhatə edir.

Cənab prezident, yəqin Siz Norveçin baş nazirinin məktubunu almısınız. O, \"Əsrin müqaviləsi\"nin 5-ci ildönümü münasibətilə sentyabrın 20-də keçirəcəyiniz təntənəli mərasimlə əlaqədar Sizə məktub göndərmişdir.

Bu gün mən qaçqınların məskunlaşdığı düşərgədə oldum. Gördüm ki, Norveçin Qaçqınlar Şurası orada çox fəal işləyir və sizin ölkənin rəsmi şəxsləri ilə sıx əməkdaşlıq edir. Bu da Nörveçin qeyri-dövlət təşkilatları ilə sizin ölkənin rəsmi dairələri arasındakı yaxşı münasibətlərin nümunəsidir.

Cənab prezident, mən Azərbaycanın xarici işlər naziri ilə də görüşmüşəm. Biz onunla birlikdə nahar da etmişik. Biz günorta vaxtı kukla teatrına da getdik, bir tamaşaya da baxdıq. Orada Azərbaycan və Norveç musiqisinə qulaq asdıq. Qaçqın uşaqları xorla mahnılar oxuyurdular. Bu, teatrlaşdırılmış çox möhtəşəm bir tamaşa idi. Tamaşanın ortasında \"Vikinq\" gəmisi səhnəyə çıxarıldı. Gəminin üzərində həm Norveç, həm də Azərbaycan bayraqları var idi.

Mənə elə gəlir ki, biz yaranmış bu cür ikitərəfli münasibətləri gələcəkdə də davam etdirməliyik. Azərbaycanın baş naziri bizim dəvətimizi qəbul etmişdir. Elə bilirəm ki, o, lap yaxın vaxtlarda Norveçə səfər edəcəkdir. Biz sizin ölkənin xarici işlər nazirini gələn il Norveçdə gözləyəcəyik.

Məlumdur ki, mən buraya ilk növbədə ATƏT-in hazırkı sədri kimi gəlmişəm. Əlbəttə ki, bir sədr kimi məni Qafqazda olan vəziyyət çox narahat edir. Ermənistan ilə Azərbaycan arasında hazırda müharibə getməməsinə baxmayaraq, müharibənin qalıqları kimi hər iki tərəfdən qaçqınlar vardır. Bu, eyni zamanda qaçqınların çətin şəraitdə yaşaması və münaqişənin törətdiyi problemlər bizi narahat edir. Müharibədən sonra yaranmış vəziyyət adi adamların da həyatını çətinləşdirmişdir. Ona görə də elə bilirəm ki, ümumiyyətlə, bu bölgədə sülh prosesinə təhlükə vardır.

Cənab prezident, Sizinlə Vaşinqtondakı görüşümüzü çox böyük məmnuniyyətlə xatırlayıram. Həmin görüş çox gözəl şəraitdə keçdi. Bu görüşdə xarici işlər nazirləri ilə yanaşı, Gürcüstanın və Ermənistanın prezidentləri də iştirak edirdilər. Həmin görüşdə ümumiyyətlə münaqişənin həlli istiqamətində irəliyə getmək arzusu ifadə olunmuşdu. Məhz bu görüşdən sonra hadisələr müsbət istiqamətdə inkişaf etmişdir. Siz ermənistanlı həmkarınızla görüşmüsünüz. Sizin xarici işlər naziri də Ermənistanın xarici işlər naziri ilə görüşmüşdür.

Mən iki həftə bundan əvvəl Osloda Minsk qrupunun üç həmsədri ilə görüşmüşəm. Biz həmin görüşdə bir sıra məsələləri müzakirə etmişik. Həmsədrlər mənə məlumat verdilər ki, Siz belə bir arzu ifadə etmisiniz ki, Minsk qrupu və ümumiyyətlə ATƏT öz işini daha da fəallaşdırsın, münaqişənin həllində daha fəal iştirak etsin. Əlbəttə ki, biz üzərimizə düşən vəzifəni tam anlayırıq. Lakin eyni zamanda, hesab edirik ki, münaqişənin sülh yolu ilə həllində ikitərəfli danışıqlar, görüşlər də çox vacibdir. Həm mən, həm də üç həmsədr Sizin qərara gəldiyiniz bu məsələyə öz dəstəyimizi verməyə hazırıq.

Sentyabrın 29-da Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Nyu-Yorkda görüş keçirəcəklər. Biz Sizin ölkənin xarici işlər naziri ilə razılaşmışıq ki, bu görüşdən sonra dərhal telefon əlaqəsi saxlayaq və görüşün gedişi, əldə olunan razılıq haqqında fikir mübadiləsi aparaq, görək ATƏT öz tərəfindən hansı yardımı edə bilər.

Cənab prezident, mən Ermənistandakı görüşlərdən çox məmnun qalmışam. Yerevanda ümumiyyətlə bu ikitərəfli görüşlərə çox müsbət yanaşırlar. Onlar razıdırlar ki, kompromislər olmasa bu münaqişə həll edilə bilməz. Elə bunun nümunəsidir ki, mən dünən buraya gələndə özümlə üç əsir gətirmişəm. Onların şərtsiz və birtərəfli qaydada azad olunması göstərir ki, Ermənistan tərəfi ATƏT-in sammiti başlayana qədər bütün əsirləri azad etməyə hazırdır.

Cənab prezident, mən elə bilirəm ki, söhbəti davam etdirmək üçün sözü Sizə verməliyəm. Lakin bir məsələni də qaldırmaq istəyirəm. Bu da Bakıda ATƏT-in ofisinin açılması məsələsidir. Biz sizin xarici işlər naziri ilə bu məsələni müzakirə etmişik. Azərbaycan ATƏT-in çox fəal üzvlərindən biridir. Biz Azərbaycanın ATƏT-də fəal iştirakına çox böyük hörmətlə yanaşırıq. Elə bilirik ki, ATƏT-in Bakıda ofisinin açılması ümumiyyətlə bizim əlaqələrimizin daha da inkişaf etməsinə və ATƏT-in planlaşdırdığı layihələrin burada həyata keçirilməsinə yardım etmiş olar.

Bizim səfir ATƏT-in adından Azərbaycanda çox fəal işləyir. Bu sahədə artıq memorandum imzalanmışdır. Bizim işimiz bununla məhdudlaşmır. Elə bilirəm ki, işimizin daha geniş vüsət alması üçün Bakıda ATƏT-in ofisinin açılması çox lazımlı olardı. Cənab prezident, sağ olun.

Heydər Əliyev: Birincisi, Norveç kralının mənə göndərdiyi salama görə təşəkkürümü bildirirəm və xahiş edirəm ki, mənim də salamlarımı, ən xoş arzularımı əlahəzrət krala çatdırasınız.

Mən 1996-cı ildə sizin ölkənizə rəsmi səfərimi daim çox böyük məmnuniyyətlə xatırlayıram. Gözəl bir səfər idi. Mən hesab edirəm ki, bizim o vaxt keçirdiyimiz görüşlər, apardığımız danışıqlar, imzaladığımız sənədlər nəticədə Azərbaycan ilə Norveç arasındakı əlaqələrin hüquqi-normativ bazasını yaratdı, onların daha da inkişaf etməsi üçün çox yaxşı imkanlar açdı.

Norveçdə mənə göstərilən çox gözəl münasibətə, qonaqpərvərliyə, səmimiyyətə görə bir daha təşəkkür edirəm. Xatırlayıram ki, Osloda bizim çox gözəl görüşlərimiz və gəzintilərimiz oldu. Mənim və Azərbaycanın köhnə dostumuz Tur Heyerdalın muzeyinə məmnuniyyətlə getdik və onunla görüşdük, səyahətləri haqqında daha da geniş məlumatlar aldıq.

Tur Heyerdal bir neçə dəfə Azərbaycana gəlibdir və bizimlə yaxın dostdur. Biz onu çox sevirik. Xahiş edirəm ki, mənim salamlarımı və ən xoş arzularımı cənab Tur Heyerdala çatdırasınız. Onun ideyalarından biri də ondan ibarətdir ki, norveçlilərin kökü Azərbaycandadır, onlar vaxtilə burada yaşayıblar, ondan sonra indi yaşadıqları məkana gəliblər. Cənab Tur Heyerdal çox ağıllı və çox dərin bilikli bir alim olduğuna görə onun bu fikirlərinə, şübhəsiz ki, diqqətlə yanaşmaq lazımdır.

Mən Norveçdə neft sənayesinin qısa müddətdə güclü inkişafını müşahidə etdim. Azərbaycan qədim neft diyarıdır. Burada on illərlə, yüz illərlə neft hasil edilir. Ancaq Norveçdə cəmi 25-35 il içərisində dənizdə neft hasil etmək məsələsi çox gözəl həll olunubdur. Stavanger şəhərində, sonra isə dənizdəki platformada mən bunları yaxından müşahidə etmişəm. Bunlar hamısı məndə çox gözəl təəssüratlar yaradıbdır. Ona görə də mən onları məmnuniyyətlə xatırlayıram. Bir daha bəyan edirəm ki, Norveçlə bizim iqtisadi sahədə və digər sahələrdə əməkdaşlığımız bundan sonra da sürətlə inkişaf edə bilər. Biz bunun tərəfdarıyıq.

Şübhəsiz ki, ATƏT ilə Azərbaycanın əlaqəsi də çoxşaxəlidir. Amma bizim ATƏT-dən son illər, xüsusən 1992-ci ildən indiyə qədər ən çox gözlədiyimiz məsələ Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasına yardım göstərilməsidir. ATƏT-in Minsk qrupu ilə biz daim əməkdaşlıq edirik.

ATƏT-in 1994-cü ilin dekabr ayında Budapeşt və 1996-cı ilin dekabr ayında Lissabon zirvə görüşlərində biz müəyyən qədər irəliləyə bildik. Mən bunu xüsusi qeyd etmək istəyirəm ki, Lissabon zirvə görüşündən sonra 1997-ci ildə ATƏT-in Minsk qrupu çox fəal oldu. ATƏT-in Minsk qrupuna o vaxtdan rəhbərlik həm Rusiyanın, həm Amerika Birləşmiş Ştatlarının, həm də Fransanın üzərinə düşür. 1997-ci ilin iyun və sentyabr aylarında ATƏT-in Minsk qrupu münaqişənin sülh yolu ilə həll olunması üçün təkliflər irəli sürdü. Biz iyun ayında irəli sürülən təklifləri əsasən qəbul etdik. Amma Ermənistan onu qəbul etmədi. Sonra, sentyabr ayında da irəli sürülən təklifi biz qəbul etdik, Ermənistan qəbul etmədi.

Demək olar ki, biz o vaxt - 1997-ci ilin sonunda münaqişənin ATƏT-in Lissabon zirvə görüşündə qəbul olunmuş prinsiplər əsasında sülh yolu ilə həll edilməsinə çox yaxınlaşmışdıq. Amma Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə bu proses dayandı. Bilirsiniz ki, ondan sonra Ermənistanda hakimiyyət dəyişikliyi oldu, Levon Ter-Petrosyan istefa verdi, yeni prezident seçkiləri keçirildi. Beləliklə, demək olar ki, 1998-ci il ATƏT-in, yəni Minsk qrupunun bu sahədəki fəaliyyətində tamamilə boşluq kimi qiymətləndirilə bilər.

Sonra isə 1998-ci ilin noyabr ayında ATƏT-in Minsk qrupu qəflətən, gözlənilmədən yeni bir təklif irəli sürdü və bu, bütün danışıqlar prosesini tamamilə gərginləşdirdi. Yəni bizə təklif etdilər ki, Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll etmək üçün biz Azərbaycanda \"ümumi dövlət\" prinsipini qəbul etməliyik ki, Azərbaycanın ərazisində Dağlıq Qarabağ kimi bir dövlət yaransın, beləliklə də guya Azərbaycanın ərazi bütövlüyü saxlanılacaqdır.

Biz bu təklifi qəbul edə bilməzdik. Təbii ki, ondan imtina etdik. Ancaq təəssüf ki, bundan sonra Minsk qrupu demək olar ki, öz fəaliyyətini dayandırdı. Bizdə belə bir təəssürat yarandı ki, məsələn, 1997-ci ildə Minsk qrupu bir təklif verdi, Azərbaycan bununla razılaşdı, Ermənistan razılaşmadı. Ermənistan razılaşmadığına görə ondan sonra ikinci təklif verdi, Azərbaycan razılaşdı, Ermənistan razılaşmadı. Minsk qrupu üçüncü dəfə elə təklif verdi ki, onunla Azərbaycan razılaşa bilməzdi. Digər tərəfdən, həmin təklifi təxminən bir il fasilədən sonra verdi. Belə çıxdı ki, Azərbaycan bu təkliflə razılaşmadığına görə Minsk qrupu öz fəaliyyətini dayandırdı.

Belə nəticə çıxarmaq olar ki, Minsk qrupu bu məsələyə birtərəfli baxır, Azərbaycana qeyri-obyektiv münasibət göstərir. O, bizim razılaşdığımız təklifi Ermənistan qəbul etməyəndə bunu normal hesab edir, amma bizim razı olmadığımız təklifi Ermənistan qəbul edəndə bunu bizim üçün qeyri-normal hesab edir. Bizim razılaşmadığımız təklifi Ermənistan qəbul edəndə isə bunu normal hesab edir.

İndi bir ildir bizi qınayırlar ki, nə üçün biz bu \"ümumi dövlət\" formulunu qəbul etmirik və Minsk qrupu yeni bir təklif vermir. Amma Ermənistan Minsk qrupunun verdiyi təkliflərdən imtina edəndə Ermənistana heç bir söz demirdilər, sadəcə, hesab edirdilər ki, yeni təklif vermək lazımdır. Ona görə də mən hesab edirəm ki, Minsk qrupunun fəaliyyəti 1997-ci ildən sonra çox zəifdir. 1998-ci ilin noyabr ayında \"ümumi dövlət\" formulunu bizə təklif edəndən sonra isə Minsk qrupu Azərbaycana qarşı qeyri-obyektiv mövqe tutur. Bunlar isə bizi narahat edir.

Amerika Birləşmiş Ştatları prezidentinin Ermənistan-Azərbaycan münaqişəsi üzrə xüsusi səfiri sentyabrın əvvəlində Azərbaycana gəlmişdi. Ondan iki gün sonra isə Rusiyanın xarici işlər naziri Azərbaycana gəlmişdi. Mən həm Amerikanın nümayəndəsi, həm də Rusiyanın nümayəndəsi ilə bu barədə çox açıq, aşkar və prinsipial danışıqlar apardım. Bu, elə onların sizinlə Oslodakı görüşü ərəfəsində olmuşdu. Mən onlara dedim ki, siz Osloda ATƏT-in sədrinə çatdırın, biz bu \"ümumi dövlət\" təklifini qəbul edə bilmərik. Biz Minsk qrupundan gözləyirik ki, onlar hər iki tərəf üçün yeni, münasib təklif versinlər.

Minsk qrupu 1999-cu ildə öz zəif fəaliyyətini, yaxud fəaliyyətsizliyini müəyyən qədər bununla izah etmək istəyir ki, Ermənistan prezidenti ilə Azərbaycan prezidenti arasında birbaşa danışıqlar prosesi başlanıbdır. Ona görə də onlar gözləyirdilər ki, bu danışıqlar prosesi nə verəcək. Ondan sonra isə biz nə razılığa gəlsək onlar onunla razı olacaqlar, yaxud da onu müzakirə edəcəklər.

Aprel ayında biz sizinlə birlikdə Vaşinqtonda olarkən bir neçə başqa ölkənin iştirakı ilə, Amerika Birləşmiş Ştatları Xarici İşlər Nazirliyinin rəhbərliyi altında Cənubi Qafqaz ölkələri - Gürcüstan, Ermənistan, Azərbaycan prezidentlərinin görüşü keçirildi. Sizin kimi mən də o görüşü əhəmiyyətli hesab edirəm.

Həmin o günlər Vaşinqtonda Ermənistan prezidenti Koçaryanla Azərbaycan prezidenti arasında təkbətək görüş də oldu. O görüş də əhəmiyyətli oldu və biz onu davam etdirdik. Ondan sonra iki dəfə Cenevrədə görüşmüşük, bir dəfə də Yaltada. Mənim fikrim belədir ki, bu görüşlər məsələnin sülh yolu ilə həll olunmasına yardım edir. Biz bir-birimizi daha da yaxşı anlaya və problemlərimizi bir-birimizə daha da yaxşı izah edə bilirik. Ancaq razılığa gəlmək məsələsi çox çətindir. Ona görə yox ki, biz bunu istəmirik. Mən hiss edirəm ki, Ermənistan tərəfi də bunu istəyir. Amma Ermənistan tərəfi bunu Dağlıq Qarabağa müstəqillik statusu, yaxud da ona yaxın bir status verilməsi yolu ilə istəyir. Ona görə də biz bu görüşlər nəticəsində irəliyə gedə bilmirik.

Bəli, biz - həm Ermənistam prezidenti, həm də mən bəyan etmişik ki, məsələnin həlli üçün mütləq kompromislərə getmək lazımdır. Baxmayaraq ki, Cenevrədə Ermənistan prezidenti ilə görüşdən sonra kompromislərə getmək haqqında mənim bəyanatlarım Azərbaycanın müxalifəti tərəfindən çox kəskin tənqid edilir və buna etirazlar olur, - mən bir daha sizə deyirəm ki, biz mütləq kompromislərə getməliyik. Kompromislərə getməsək, məsələni həll edə bilmərik.

Kompromislərin də müəyyən bir hüdudu var. Bu elə olmalıdır ki, ölkəmizin mənafeləri, bizim mənafelərimiz, nə təhər deyərlər, tapdalanmasın. Hesab edirəm ki, bizim bu görüşlərimiz gələcəkdə də davam edə bilər və məsələnin sülh yolu ilə həll olunmasına kömək edər.

Amma eyni zamanda bu, ATƏT-in Minsk qrupunun tamamilə geri çəkilməsi demək deyildir. Biz - iki prezident bu görüşlərə, sadəcə, ona görə getmişik ki, bu vasitədən də və bütün başqa vasitələrdən də istifadə edək. Amma təəssüflər olsun ki, ATƏT-in Minsk qrupunda bizim bu görüşlərimizə görə artıq gözləmə vəziyyəti yaranıbdır - guya bu görüşlər hansısa nəticəni verəcəkdir, ondan sonra siz, sadəcə, bunu əsaslandıracaqsınız. Biz bununla razı deyilik. Mən sizə də deyirəm - Minsk qrupu yeni, hər iki tərəf üçün münasib olan təklif verməlidir. Mən bunu çox narahatçılıqla deyirəm. Məsələ o qədər uzanıbdır ki, noyabr ayının 17-si, ya 18-də İstanbulda ATƏT-in zirvə görüşü olacaqdır. Bizi çox narahat edir ki, İstanbulda ATƏT-in zirvə görüşündə hansı qərar qəbul olunacaqdır.

Hesab edirəm, bu, sizi ATƏT-in sədrini də narahat etməlidir. Çünki dünyada olan münaqişələrin içərisində bu, ən uzunmüddətli münaqişədir. Bu münaqişə elə bir şərait yaradıbdır ki, Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, Azərbaycanın ərazi bütövlüyü pozulub, bir milyondan artıq azərbaycanlı öz yerindən-yurdundan zorla çıxarılıb və çadırlarda yaşayır. Siz qeyd etdiniz ki, onları gördünüz. Amma təəssüf edirəm ki, onları Bakıda görmüsünüz. Əgər çadırlarda görsəydiniz, bu, sizə daha da çox təsir bağışlayardı. Yeddi ildən artıq çadırlarda yaşamaq çox çətindir. Buna ancaq azərbaycanlıların dözümlülüyü davam gətirə bilər.

Siz deyirsiniz ki, Ermənistanda da qaçqınlar var. Bunları bərabərləşdirmək tamamilə düz deyildir. Çünki Ermənistandakı qaçqınlar Azərbaycanın müxtəlif yerlərində yaşamış və bu münaqişə nəticəsində buradan getmiş ermənilərin az bir hissəsidir. Bizdə elə qaçqınlar - Ermənistanda yaşamış azərbaycanlılar var ki, onlar 1988-ci ildə zorla oradan çıxarılıblar. Onlar çadırda yaşamırlar, müəyyən yerlərdə yerləşdirmişik. Amma işğal edilmiş 20 faiz torpaqlardan zorla çıxarılmış insanlar çadırda yaşayırlar. Ona görə də bunu bərabərləşdirmək ki, Ermənistanda da, Azərbaycanda da qaçqınlar var, - bu, çox böyük səhv olardı.

Ümumiyyətlə, mən çox təəssüf edirəm ki, beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in özü də çox vaxt Ermənistan-Azərbaycan münaqişəsində vəziyyəti bərabərləşdirirlər. Amma həqiqət belə deyildir. Birincisi, münaqişəni Ermənistan başlayıb, çünki Azərbaycan torpağı olan Dağlıq Qarabağa iddia edib, onu ələ keçirmək istəyibdir. Demək, münaqişənin səbəbkarı Ermənistandır. İkincisi, Dağlıq Qarabağ Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunandan, oradan bütün azərbaycanlılar zorla çıxarılandan sonra həmin qüvvələr Dağlıq Qarabağın ətrafında sırf azərbaycanlılar yaşayan yeddi inzibati rayonu da işğal etdilər və orada olan insanları yerlərindən-yurdlarından çıxardılar.

İşğal olunmuş torpaqlarımızda 700-dən artıq yaşayış məntəqəsi - şəhər, kənd, qəsəbə dağıdılıb, viran edilibdir. Xəstəxanalar, yaşayış evləri, məktəblər, kitabxanalar, mədəniyyət sarayları, elektrik stansiyaları, körpülər və sair - insanların yaşayışı və əmək fəaliyyəti üçün illər boyu, bəlkə də əsrlər boyu yaranmış hər şey dağıdılıbdır. Bu halların heç birisi Ermənistanda yoxdur. Biz Ermənistan torpağının bir metrini də işğal etməmişik. İndi onlar Dağlıq Qarabağı faktiki olaraq ələ keçiriblər, hətta orada da belə dağıntı yoxdur.

Mən bir çox başqa faktlar da gətirə bilərəm. Amma bu dediklərim də əsas verir ki, sizə bildirim: Ermənistanla Azərbaycanı bərabər vəziyyətdə qiymətləndirmək olmaz. Bir də təəssüf edirəm ki, beynəlxalq təşkilatlarda, o cümlədən ATƏT-də belə fikir hökm sürür.

Prezident Koçaryanla danışıqlarımdan başa düşdüm ki, onlar həqiqətən məsələnin sülh yolu ilə həll olunmasını istəyirlər. Amma çox ağır şərtlər qoyurlar. Siz onların xoş məramının nümayişi kimi onların sizə verdikləri üç əsirin Azərbaycana gətirilməsini dediniz. Mən sizə təşəkkür edirəm ki, bizim üç vətəndaşımızı, əsirlikdə olan vətəndaşlarımızı Azərbaycana gətirmisiniz. Amma burada da işə obyektiv yanaşmaq lazımdır. Bizim təklifimiz, ümumiyyətlə beynəlxalq təşkilatların təklifi əsirlərin hamısının hamısına dəyişdirilməsidir.

Ancaq Ermənistan buna riayət etmir. Biz keçmişdə əsir düşmüş və konkret siyahıları, adları olan əsirləri demirik, hansılar ki, 800-dən artıqdır. Sonra bəzi ölkələrin yüksək vəzifəli şəxsləri dedilər ki, onların heç birisi sağ deyil, hamısını öldürüblər. Amma beynəlxalq təşkilatların əlində olan məlumata görə, indi Ermənistanda 15 azərbaycanlı əsir var. Bizdə isə 4 nəfərdir, mən bunu sizə açıq deyirəm və bu gün hamını hamıya dəyişməyə hazırıq. Nə üçün onlar üçünü veriblər? Əgər doğrudan da, nə təhər deyərlər, belə bir addım atmaq istəyiblərsə, beynəlxalq təşkilatların, ATƏT-in prinsiplərinə riayət edəydilər, 15-ni də verəydilər, biz isə 4-nü də verəydik. Burada da bu məsələyə obyektiv qiymət vermək lazımdır.

Mən bu barədə çox danışa bilərəm. Çünki ürəyimiz yanıqlıdır, siz bilin. Əgər ölkəmizdə bir milyon Azərbaycan vətəndaşı çadırda yaşayırsa, bizim heç birimiz rahat yaşaya bilmərik. Amma bundan xilas olmaq üçün də torpaqlarımızın bir hissəsini Ermənistana bağışlaya bilmərik. Ona görə, yenə də deyirəm, məsələnin həll edilməsində gərək ədalət olsun.

Bunları sizə deyərək, eyni zamanda nikbin əhval-ruhiyyədə olduğumu bildirmək istəyirəm. Mənim nikbinliyim də ondan irəli gəlir ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Ermənistan da belə bəyan edir. Beş ildən artıqdır ki, atəşkəs rejimini saxlayırıq. Mən bəyan edirəm ki, biz Azərbaycan tərəfindən yenidən müharibənin başlanmasına yol vermərik. Baxmayaraq ki, daxilimizdəki bəzi qüvvələr bu mövqeyimizə görə bizi günahlandırırdılar. Ancaq mən deyirəm - beş il bundan öncə sülhün yaranmasını çox böyük hadisə hesab edirəm və məsələ sülh yolu ilə həll olunana qədər atəşkəs rejimini saxlayacağıq. Ermənistan prezidenti ilə mənim danışığım əsasında üç gün bundan öncə Azərbaycan və Ermənistanın müdafiə nazirləri sərhəd bölgəsində görüşüb danışıqlar apardılar, atəşkəs rejimini möhkəmləndirmək üçün bir neçə məsələ haqqında razılığa gəldilər.

Mən bir də ona görə nikbinəm ki, ATƏT kimi nüfuzlu təşkilat və onun tərkibində olan Minsk qrupu, Minsk qrupuna rəhbərlik edən böyük dövlətlər - Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa məsələnin bu vəziyyətdə qalmasına bundan sonra dözməməlidirlər. Ona görə də biz hesab edirik ki, qarşıdan gələn vaxtda, yəni sentyabr ayı qurtarana qədər, oktyabr ayında, ATƏT-in zirvə görüşünə qədər müəyyən yeni təklif meydana çıxarmaq, ATƏT-in zirvə görüşündə müəyyən bir təsirli qərar qəbul etmək lazımdır. Biz bunu arzulayırıq və bu arzularla da mən sizə müraciət edirəm.

Siz ATƏT-lə Azərbaycanın əməkdaşlığında səfir Ştudmanın bizimlə əməkdaşlığı haqqında da dediniz. Bu əməkdaşlıq həqiqətən çox səmərəlidir, biz bunu qiymətləndiririk. Burada ATƏT-in ofisinin açılması məsələsinə gəldikdə isə, bizim xarici işlər naziri bunu bir məsələyə görə sizə izah edibdir. Bu, xırda bir şeydir, o da yenə Dağlıq Qarabağla bağlıdır, başqa şeylə yox. Ancaq Azərbaycanın prezidenti kimi mən sizə bəyan edirəm ki, ATƏT-in ofisinin Azərbaycanda açılmasına hazıram.

Güman edirəm ki, dediklərim bizim vəziyyətimizi sizə daha da anlada biləcəkdir.

Knut Vollebek: Cənab prezident, çox sağ olun. Siz mənə çox dərin məlumat verdiniz. Hər şeydən əvvəl, mən Sizin danışığınızın ahəngini çox bəyəndim, çünki Siz nikbin ahəngdə danışdınız. Bu, Yerevanda aldığımız məlumatı, eşitdiyimiz xəbəri bir daha təsdiq edir. Ümumiyyətlə, elə bilirəm ki, bundan sonra ATƏT-in qarşısında işlənməli çoxlu məsələ var.

Cənab prezident, Siz həm indi qarşınızda olan problemləri, həm də gələcəkdə rastlaşa biləcəyiniz problemləri, maneələri çox realistcəsinə vurğuladınız. Lakin ən əsası ondan ibarətdir ki, biz bu problemləri aradan qaldırmağa hazır olduğumuzu ifadə etdik. Cənab prezident, mən birtərəfli mövqedə olmağımız barədə təəssüratın olmasına təəssüf edirəm. Biz çalışırıq ki, heç bir tərəfin mövqeyini saxlamayaq və bu rolumuzu davam etdirək.

Mən bir qədər əvvəl danışarkən bu barədə dedim və bir daha təkrar etmək istəyirəm ki, xarici işlər nazirlərinin 29 sentyabr görüşündən, Nyu-York görüşündən sonra hər iki nazirlə söhbət etməyi planlaşdırıram. Sonra isə Minsk qrupunun həmsədrləri ilə görüşməyi planlaşdırıram ki, məsələyə necə kömək göstərə biləcəyimizi müzakirə edək. Elə bilirəm ki, işə bu cür yanaşmağımız bizə belə dinamizmlə də İstanbul zirvə görüşünə yaxınlaşmağa imkan verəcəkdir.

Cənab prezident, zənnimcə, hadisələrin bu cür gedişi eyni zamanda regionda iqtisadi inkişafa da müsbət təsir göstərər. Elə bilirəm ki, bu baxımdan Qafqaz Əməkdaşlıq Forumu çox yaxşı vasitədir və regionda iqtisadi əməkdaşlığa və dirçəlişə yardım etmiş olar.

Hərbi əsirlər haqqında düşüncələrinizi dinlədim. Məndə belə bir təəssürat var ki, İstanbul zirvə görüşünə qədər Ermənistan hökuməti bütün hərbi əsirləri azad edəcəkdir. Elə bilirəm ki, hər iki tərəfin arzusu belə olacaqdır.

ATƏT-in ofisi haqqında Sizə minnətdarlığımı bildirmək istəyirəm. Əlbəttə, təbii problemləri yaxşı dərk edirəm. Deməliyəm ki, Ermənistan hökuməti də ofisin açılması ilə əlaqədar müəyyən problemlər irəli sürdü. Lakin biz bunları aradan götürə və Yerevanda həmin ofisi aça bildik. Zənnimcə, sizin Xarici İşlər Nazirliyi ilə işləyərək texniki problemləri aradan götürəcək və tezliklə Bakıda ofisi açacağıq.

Cənab prezident, sözümün sonunda bütün nümayəndə heyəti adından Sizə minnətdarlığımı bildirmək istəyirəm. Deməliyəm ki, mən regionu qeyri-realist fikirlərlə tərk etmirəm. Mən kifayət qədər nikbinəm və elə bilirəm ki, birgə işimizin nəticəsində biz münaqişədən əziyyət çəkənlərə yardım etmiş olacağıq və onların vəziyyətinin yaxşılaşdırılması üçün birgə çalışacağıq. Cənab prezident, Sizi əmin etmək istəyirəm ki, ATƏT məsələ ilə yaxından məşğul olacaq və yardım göstərmək üçün əlindən gələni edəcəkdir. Sağ olun.

Heydər Əliyev: Bir neçə məsələ haqqında fikrimi demək istəyirəm. Birincisi, siz Qafqaz forumunun adını çəkdiniz. Bir həftə öncə Amerika Birləşmiş Ştatlarının xüsusi nümayəndəsi bu barədə öz təkliflərini bizə təqdim etdi. İstəyirəm siz biləsiniz ki, bu, bizim üçün məqbul deyildir. Biz indi, Ermənistanla hərbi münaqişədə olduğumuz halda, təklif edilən şəkildə Qafqaz forumunun keçirilməsinə razılıq verə bilmərik. Mən Amerikanın nümayəndəsini qəbul edəndən sonra dərhal bu barədə Gürcüstan prezidenti Eduard Şevardnadzeyə telefon etdim, öz fikrimi bildirdim. O da mənim fikrimlə razılaşdı. Ona görə istəyirəm ki, siz bu barədə bizim fikrimizi doğru-düzgün biləsiniz.

İkinci məsələ hərbi əsirlər məsələsidir. Siz deyirsiniz ki, ermənilər İstanbul sammitinə qədər bütün hərbi əsirləri verəcəklər. Mən isə sizə dedim, bir də təkrar edirəm: Azərbaycanda Ermənistandan 4 hərbi əsir var. İndi mən milli təhlükəsizlik nazirinə əmr verirəm, beş gün içərisində bu əsirləri Ermənistana versin. Azərbaycanda əsirlər olmayacaqdır. Siz isə çalışın ki, oradakı əsirlərin hamısı tezliklə Azərbaycana gəlsin.

Üçüncü məsələ ofisin açılması məsələsidir. Mən xarici işlər nazirinə əmr verirəm ki, mane olan problemləri aradan götürsün və siz Bakını tərk edənə qədər Azərbaycanda ATƏT-in ofisinin açılması barədə qərar qəbul olunsun.

Knut Vollebek: Əsirlərin buraxılmasına o qədər də əmin deyiləm, amma ümid edirəm ki, buraxacaqlar. Çox sağ olun, cənab prezident, əsirlərin buraxılması Sizin tərəfinizdən çox böyük jestdir. Mən bu barədə Ermənistanın xarici işlər nazirinə deyəcəyəm və ondan xahiş edəcəyəm ki, onlar da bu cür etsinlər.

Heydər Əliyev: İstəyirsiniz, bir nümayəndənizi verin, əsirləri verək, aparsın oraya. Görək oradan o biriləri gətirə bilərlərmi.

Knut Vollebek: Cənab prezident, mən təklif edərdim ki, bu işi əsirlərin dəyişdirilməsi üzrə təşkilat vasitəsilə edək.

Heydər Əliyev: Amma siz üçünü buraya gətirdiniz. Əgər əvvəl buraya gəlsəydiniz, biz dördünü də sizə verəcəkdik, burada əsirlər qalmayacaqdı. Bu, daha yaxşı olacaqdı.

Knut Vollebek: Kasprşik burada qalacaqdır.

Heydər Əliyev: Əsirləri Kasprşikə verəcəyik? Əgər tapşırırsınızsa, Kasprşikə verək.

Knut Vollebek: Sağ olun. Kasprşik burada qalacaqdır.

Cənab prezident, mən bilmirəm ki, nikbin olmağımın səviyyəsini necə göstərim, lakin son bir neçə dəqiqədə bu, birdən-birə qat-qat artdı. Çox sağ olun, cənab prezident, bu, Sizin tərəfinizdən çox böyük jestdir və əlbəttə ki, Ermənistanda da yaxşı qarşılanacaqdır. Hər şeydən əvvəl əla qarşılanacaqdır və ilk növbədə Sizin ATƏT-ə münasibətinizin, onunla əməkdaşlığınızın rəmzidir. Biz istəyirik ki, əməkdaşlığımız bu cür davam etsin. Bu, eyni zamanda Sizin həm də konkret problemi - Dağlıq Qarabağ problemini aradan qaldırmaq əzmində olduğunuzu nümayiş etdirir.

Cənab prezident, sizin xarici işlər naziri məni buraya, Azərbaycana gəlməyə dəvət edibdir. Mən həqiqətən, Azərbaycana gəlməyə hazıram. Bunu çox ləngitmərəm və əgər Dağlıq Qarabağ probleminin həllində müəyyən tərəqqi əldə olunarsa, böyük məmnuniyyətlə gələrəm və ATƏT tərəfindən öz yardımımızı əsirgəmərik.

Heydər Əliyev: Buyurun, gəlin, mən çox məmnun olaram. Mən də sizi dəvət edirəm. Başqa bir xahişiniz var? Sağ olun.

\"Azərbaycan\" qəzeti, 19 sentyabr 1999-cu il.