Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Moskvaya işgüzar səfəri başa çatdiqdan sonra Bakıya qayıdarkən Binə hava limanında jurnalistlərin suallariına cavabı - 24 sentyabr 2002-ci il

Heydər Əliyev: Siz mətbuatdan, televiziyadan yəqin bilirsiniz ki, mənim Moskvaya işgüzar səfərim necə keçib, hansı görüşlərim olub, nə məsələlər müzakirə etmişik. Bunların hamısını bilirsiniz. Bəlkə bir şeyi bilmirsiniz ki, bu gün mən saat 12-də Moskva Beynəlxalq Münasibətlər İnstitutuna getdim. Əvvəllər bu təhsil ocağı diplomatlar hazırlayırdı. Həmin institut bu ilin əvvəlində mənə fəxri doktor adı veribdir. Ötən dəfə Moskvaya səfər edərkən oraya getməyə imkan olmadı, onda mən Moskva Universitetinə getdim, bu universitet bir qədər əvvəl mənə fəxri doktor adı vermişdi.Oraya getdim, çıxış etdim. Bunu da televiziya ilə göstərəcəklər. Sizin aranızdakı o jurnalist orada idi. Sən sual da verdin. Mən Moskvaya bu səfərimdən çox razıyam. Əsas mövzu o idi ki, Azərbaycan–Rusiya əlaqələrini bütün sahələrdə – iqtisadiyyat, mədəniyyət, təhsil, elm sahəsində daha da inkişaf etdirək.

Məsələn, biz orada təhsil sahəsində saziş imzaladıq. Azərbaycanın və Rusiya Federasiyasının təhsil nazirlikləri saziş imzaladılar ki, onların diplomları Azərbaycanda, bizim diplomlar da Rusiyada tanınsın. Elmlər doktorudur və yaxud namizədidir, onların diplomları hər iki ölkədə tanınsın. Bu da çox mühüm işdir. Rusiyanın Təhsil naziri bizim ümumi görüşümüzdə mətbuatda məlumat verdi ki, indikindən iki dəfə çox tələbəmiz Rusiyada ali məktəblərə qəbul olunacaq və pulsuz təhsil alacaqdır. Yəni bu sahədə də çox əhəmiyyətli danışıqlarımız oldu.

Təbiidir ki, bizim əsas sazişimiz Xəzər dənizi ilə əlaqədar idi. Biz onu da imzaladıq, bu, son saziş idi. Azərbaycan, Rusiya, Qazaxıstan – üç ölkə eyni mövqedədir, hər üç ölkənin bir-biri ilə sazişləri var. Bu çox əhəmiyyətli məsələdir. Prezident Putin mətbuat qarşısında çıxış edərkən bunun əhəmiyyətini qeyd etdi. Başqa sazişlər də əhəmiyyətlidir. Bu ilin əvvəlində mən ilk dəfə olaraq Moskvaya dövlət səfərinə getmişdim. Bir var işgüzar səfər, bir var rəsmi səfər, bir də var dövlət səfəri. Birinci dəfə idi ki, məni dövlət səfəri səviyyəsində qəbul edirdilər. Onda da biz çox sənədlər imzalamışdıq. Bizim müştərək komissiyamız işləyir. Onlar da öz aralarında sənədlər imzalayırlar.

Beləliklə, Rusiya Federasiyası ilə bütün sahələrdə əlaqələri inkişaf etdirmək çox əhəmiyyətlidir. Bu bizim başqa ölkələrlə əlaqələrimizə nə xələl gətirir, nə də onların maraqlarına toxunur.

Rusiyada bizim danışıqlarımız ancaq bu mövzuda gedirdi. Amma biz başqa ölkələrlə hansı əlaqədəyik, nə üçün – bu barədə orada bir kəlmə də söz deyilmədi. Axşam Prezident Vladimir Putin məni öz iqamətgahına dəvət etdi. Biz iki saat təkbətək bir çox məsələləri müzakirə etmişik. Ancaq yenə də deyirəm, bizim hansısa ölkə ilə münasibətlərimizə bir dəfə də işarə edilmədi. Rusiya bu məsələlərə çox demokratik yanaşır.

Bu bizə onlardan da çox lazımdır. Rusiya böyük dövlətdir. Rusiyanın böyük imkanları var. Bizim ölkələrin ticarət əlaqələri daha da genişlənir, gələcəkdə daha da böyük fayda verəcəkdir.

Rusiyada yaşayan azərbaycanlılar deyirlər ki, Rusiya–Azərbaycan əlaqələri son vaxtlar sürətlə inkişaf etdiyinə görə oradakı azərbaycanlılara Qafqazın, yaxud Orta Asiyanın digər millətlərinə nisbətən münasibət xeyli yaxşıdır. Bu da bizə lazımdır.

Sentyabrın 24-də səhər mən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna getdim. Bu institutu mən yaxşı tanıyıram. O, keçmişdə də SSRİ-də yeganə institut idi və orada çox yüksək təhsil verilirdi. Oraya qəbul olunmaq da çox çətin idi. Məsələn, mən vaxtilə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində işləyərkən respublikamıza bu instituta qəbul olunmaq üçün 4 yer verilirdi. Namizədləri də gərək tapaydın, seçəydin, gərək komsomol seçəydi. Komsomol seçəndən sonra sənədləri Mərkəzi Komitəyə gətirirdilər. Mərkəzi Komitədə beynəlxalq əlaqələr şöbəsi həmin namizədin sənədlərinə baxmalı idi. Mərkəzi Komitədən zəmanət alandan sonra da həmin adam gedib instituta qəbul imtahanı verməli idi. Bəli, o illər bu instituta qəbul olunmaq çox çətin idi.

Bilirsiniz ki, o illərdə mənim oğlum İlham Əliyev də həmin institutda təhsil alıb, həyatının 13 ili onun divarları arasında keçibdir. Beş il institutda təhsil alıb, üç il aspiranturada oxuyub, sonra müdafiə edib, namizədlik dərəcəsi alıbdır. Ondan sonra da beş il orada işləyibdir.

Mən bu gün həmin universitetdəki çıxışımda bu barədə danışdım. İlham Əliyevi vaxtilə çox ədalətsiz olaraq oradan çıxardılar. Ona görə də sonra bizneslə məşğul oldu.Mən bu gün oraya gələndə rektor mənə məlumat verdi ki, indi burada 25 nəfər azərbaycanlı tələbə təhsil alır. Mən onlarla görüşdüm. Xoşuma gəldi, çox şad oldum ki, bizim gənclərimiz belə böyük universitetdə oxuyurlar. Mən əvvəl də belə fikirdə olmuşam, indi də belə fikirdəyəm ki, bizim gənclərimiz təkcə Azərbaycanda oxumamalıdırlar. Əvvəllər bizim tələbələri Qərb ölkələrinə göndərmək imkanımız yox idi.

Biz gənclərimizi ancaq Rusiyaya, onun müxtəlif regionlarına, xüsusən Moskvaya, Leninqrada göndərirdik. Amma indi bizim hər cür imkanımız vardır. Tələbələrimiz Qərb ölkələrində də təhsil alırlar, özü də yaxşı oxuyurlar. Tələbələrimizdən Amerikada da oxuyanlar var. Amerikadakı Yel Universiteti ilə telekörpü təşkil olunmuşdu. Orada böyük bir konfrans keçirilirdi. Mən onlarla bir saat söhbət apardım. Vilayət Quliyev mənə danışdı ki, həmin universitetdə azərbaycanlı tələbələr də təhsil alırlar.

Vilayət, sən dedin ki, həmin konfransda iştirak edəndə Amerikada təhsil alan tələbələr də oraya gəlmişdilər.

Vilayət Quliyev: İki nəfər Yel Universitetində oxuyur, magistrantdırlar, biri menecment və biri də elektronika üzrə. Harvard Universitetindən, Çikaqo Universitetindən də gəlmişdilər. Kletçer Diplomatiya Akademiyasında bizim bir məzun oxuyur, ilk dəfə qəbul olunubdur, o da gəlmişdi. Əvvəlki günlərdə onlar müzakirələrdə də fəal iştirak etmişdilər.

Heydər Əliyev: İndi baxın, görün. Ora Amerika Birləşmiş Ştatlarıdır. Amma Qərbi Avropada təhsil alanlar daha çoxdur. İndi Rusiyada da təhsillərini davam etdirsinlər, orada bizə güzəştlər də verirlər. Bunların hamısı bizim ölkəmiz, onun gələcəyi üçün çox lazımdır.

Beləliklə, mənim səfərim bu cür keçibdir. Daha güman etmirəm ki, sizə nəsə aydın deyildir ki, mənə sual verəsiniz. Dağlıq Qarabağ məsələsi haqqında Prezident Vladimir Putinlə təkbətək danışmışam. Qafqazda vəziyyət haqqında da bizim danışığımız olub və sair.

Sual: Cənab Prezident, rəsmi Tehran Rusiya ilə Azərbaycan arasında Xəzərin statusu ilə bağlı imzalanan ikitərəfli sazişi tanımadığını bəyan edib. Buna münasibətinizi bilmək olarmı?

Cavab: Təəssüf edirəm.

Sual: Rusiya–Gürcüstan münasibətlərinə Azərbaycanın…

Cavab: Bilirsinizmi, mənim hüququm yoxdur ki, Rusiya–Gürcüstan münasibətlərini müzakirə edim. Çünki mən ayrı dövlətin başçısıyam. O münasibət Rusiya ilə Gürcüstan arasındadır. Amma Qafqazdakı vəziyyətlə, bu mövzu ilə bağlı Prezident Putinlə faktiki olaraq fikir mübadiləsi apardıq.

Sual: Cənab Prezident, indi İranla bağlı Azərbaycanın mövqeyi necə olacaq? İranla münasibətləriniz necə yoluna qoyulacaq?

Cavab: Narahat olmayın. Bizim ekspertlərimiz İranla işləyirlər. Mən Moskvaya yola düşməzdən bir-iki gün əvvəl İranın nümayəndəsi Səfəri burada idi. Bizim xarici işlər nazirinin müavini Xələfov oraya gedəcəkdir. Danışıqlar davam edəcəkdir. Narahat olmayın.

Sual: Cənab Prezident, Gəncədən sonra Sizin Bərdəyə və Şəkiyə səfəriniz gözlənilir. Gəncədəki vəziyyət məlum oldu. Bərdədə və Şəkidəki vəziyyəti də eyni cür qiymətləndirmək olarmı? Ola bilərmi ki, Bərdənin və Şəkinin sosial-iqtisadi inkişafı üçün məhz büdcədən vəsait ayrılsın?

Cavab: Onda belə çıxacaqdır ki, mən haraya gedirəmsə, oranın sosial inkişafı üçün vəsait ayıraq? Bəs o birisilər? Biz bu məsələlərə baxırıq, narahat olmayın.

Sual: Bakı–Tbilisi–Ceyhan boru xəttinin təməlinin qoyulmasına Vladimir Putinin münasibəti necə oldu?

Cavab: Bizim aramızda bu barədə heç bir söhbət olmadı.

Sual: Cənab Prezident, Rusiya prezidenti Azərbaycanla Xəzərdə neftə dair saziş imzalamağı təklif etdi, bunun əvəzində ölkəmizə qaz verəcəyini bildirdi. Bunun Azərbaycan üçün nə qədər faydası ola bilər?

Cavab: Bu bizim üçün əhəmiyyətlidir. Biz Bakı–Novorossiysk xətti ilə əlaqədar o vaxt Rusiya ilə saziş imzaladıq. Hətta o vaxt söz verdik ki, ildə 5 milyon ton neft ixrac edəcəyik. Ancaq 5 milyon ton deyil, 2, 2,3, bəzən 2,5 milyon ton olur. Biz bu işi davam etdirəcəyik. Burada heç bir problem yoxdur. Qazı da şərtlə vermirlər ki, biz neft göndərək, onlar da bizə qaz versinlər. Bunlar bir-birindən ayrı şeylərdir. Vladimir Putin, sadəcə, dedi ki, Azərbaycan neft, Rusiya da qaz verir. Qaz da veriləcəkdir.

Sual: Cənab Prezident, Rusiya tərəfi müştərək komissiyanın səlahiyyətlərinin artırılmasını təklif edir. Azərbaycan tərəfi bununla razıdırmı?

Cavab: Mən bunu eşitməmişəm. Komissiyanın sədrləri – Xristenko, Abbasov bizim yanımızda idilər. Onlara da söz verdik ki, görülən işlər haqqında geniş məlumat versinlər.

Sual: Dünən Moskvada imzalanmış sazişdən sonra Azərbaycanın Xəzər dənizindəki sektorunda hansısa əhəmiyyətli dəyişiklik olubmu?

Cavab: Heç bir dəyişiklik yoxdur. Rusiya ilə sektorlarımızın sərhədi lap əvvəldən müəyyənləşdirilmişdir. Hətta «LUKoyl» şirkəti ilə o vaxt haqqında saziş imzaladığımız yataq da həmin xətdən biz tərəfdə – Yalamadan yuxarıda yerləşir. Yəni burada heç bir dəyişiklik yoxdur. Deməli, sektorların sərhədi necə vardısa, elə də qalır. Yeri gəlmişkən, Rusiya və Qazaxıstan sektorlarının sərhədi də əvvəlki kimi qalır. Baxmayaraq ki, Qazaxıstanın payı 29 faizdir.

Sağ olun.