Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xalq artisti Hacıbaba Bağırova təbriki - Bakı şəhəri, 11 iyun 1998-ci il

Hörmətli Hacıbaba Bağırov!

Sizi - Azərbaycanın görkəmli teatr və kino aktyorunu anadan olmağınızın 65 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Siz teatr səhnəmizdə özünəməxsus orijinal üslubda yaddaqalan obrazlar yaratmaqla tamaşaçıların böyük məhəbbətini qazanmış mahir gülüş ustasısınız. Cəmiyyətimizin mənəvi saflaşmasına xidmət edən çoxşaxəli yaradıcılığınız ölkəmizdə komediya janrının ənənələrini davam etdirərək müasir Azərbaycan mədəniyyətini zənginləşdirmişdir. Səhnədə göstərdiyiniz fəaliyyətlə yanaşı, sizin kinematoqrafiya sahəsində də xüsusi xidmətləriniz vardır. Kinofilmlərimizdə oynadığmız müxtəlif xarakterli rollar tamaşaçıların yaddaşında həmişəlik qalmış və kino sənətimizin diqqətəlayiq uğurları kimi qiymətləndirilmişdir. Azərbaycanda aktyorların yeni nəslinin yetişdirilməsində sizin böyük zəhmətiniz olmuşdur. Teatr rəhbəri və teleşou təşkilatçısı kimi göstərdiyiniz fəaliyyət də istedadınızın yeni mühüm çalarlarını aşkar etmişdir. Fitri istedad, milli kolorit və təbii yumorla səciyyələnən sənətiniz sizi xalqımızın sevimlisi etmişdir.

Əminəm ki, yaradıcılığınız, yeni obrazlar bundan sonra da tamaşaçılarda nikbin əhval-ruhiyyə oyadacaq və sənətinizin pərəstişkarlarını sevindirəcəkdir. Sizə xoşbəxtlik, uzun ömür və yaradıcılığınızda yeni-yeni uğurlar diləyirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.