Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Prezident sarayında respublika iqtisadiyyatının vəziyyətinə həsr olunmuş geniş müşavirədə çıxışı - 11 avqust 1994-cü il

Respublikamız, iqtisadiyyatımız keçid dövrünü yaşayır. İqtisadiyyatda dəyişikliklər baş verir, müəyyən proseslər gedir. Bunlar və bir çox digər obyektiv səbəblər iqtisadiyyatın ahəngdar fəaliyyət göstərməsini, istənilən səviyyədə inkişaf etməsini müəyyən qədər ləngidir. Ancaq bunlarla yanaşı, mövcud imkanlardan lazımınca istifadə edilmədiyinə görə iqtisadiyyatda irəliləyiş əvəzinə aybaay geriləmə müşahidə olunur.

Həyatımızda, iqtisadiyyatda davam edən dəyişikliklər prosesi şübhəsiz ki, iqtisadiyyatın yeni formalarının tətbiq olunmasını tələb edir və biz bu yolla gedirik. İqtisadiyyatımızın əksər hissəsində hələ ki, iqtisadi münasibətlər, idarəetmə formaları əvvəlki kimi qalmaqdadır. Hələ ki, keçmiş metodlardan, üsullardan istifadə edirik və yəqin ki, hələ bundan sonra da istifadə edəcəyik.

Biz bu gün iqtisadiyyat sahəsində 1994-cü ilin birinci yarısının göstəricilərini, planların yerinə yetirilməsi yekunlarını müzakirə etmək qərarına gəlmişik. Belə müşavirələr, müzakirələr keçmiş dövrün üsul-idarəsindən qalmış əlamətlərdir. Ancaq biz keçid dövründə bu yollardan hələ ki, istifadə edirik və istifadə etməliyik.

İqtisadiyyatımızın əsas hissəsini təşkil edən aparıcı sahə sənayedir, əsaslı tikintidir və bunlarla sıx bağlı olan sosial sahədir. Ona görə də bugünkü müşavirəni biz həmin sahələrə həsr etməyi nəzərdə tuturuq. Kənd təsərrüfatı da iqtisadiyyatımızın böyük bir sahəsidir. Əhalimizin çox hissəsi bu sahə ilə məşğul olur. Kənd təsərrüfatı istər bu sahədə çalışanlar, istərsə də bütün əhali üçün böyük əhəmiyyətə malik bir sahədir. Ancaq biz istəyirik ki, bu gün sənaye, əsaslı tikinti və sosial sahələrdəki vəziyyətə baxaq. Kənd təsərrüfatının, aqrar sahənin vəziyyətinə də belə bir müşavirə həsr olunacaqdır.

Bugünkü müşavirədə gərək açıq söhbət aparaq, vəziyyət tamamilə təhlil olunsun, mövcud nöqsanlar, onların səbəbləri aşkar deyilsin, eyni zamanda hazırkı şəraitdə nöqsanların aradan qaldırılması, sənaye potensialından səmərəli istifadə edilməsi yolları göstərilsin. Müşavirənin məqsədləri bundan ibarətdir.

Gərək müşavirə iştirakçılarının hamısı bu məsələlərə məsuliyyətlə yanaşsın, çıxış edən şəxslər konkret məlumatlar, təkliflər versinlər. Ümumi söhbətlərə ehtiyac yoxdur. Bugünkü müşavirə keçmiş dövrləri xatırlatsa da, biz iqtisadiyyatımızda böyük dəyişikliklər apararaq, qarşıya çıxan problemlərin həll olunması yollarında da yeniliklərə ciddi fikir verməliyik. Ona görə rica edirəm ki, müşavirədə çıxış etmək istəyənlər bunları nəzərə alsınlar. Biz gərək vaxtdan səmərəli istifadə edək, konkret söhbət aparaq. Məqsədimiz böyük bir müşavirə keçirmək deyil, iqtisadiyyatda ilin sonunadək işlərin yaxşılaşdırılması üçün müəyyən tədbirlər görməkdir.

Biz bu gün obyektiv vəziyyəti düzgün qiymətləndirməliyik - nə nöqsanları, gerilikləri gizlətmək, nə də ki, çətinlikləri şişirtmək, yaxud da onları faciəli hal hesab etmək lazım deyil. O meyl də, bu meyl də bizim xeyrimizə deyil. Belə təklif var ki, baş nazirin müavini, iqtisadiyyat naziri Səməd Sadıqovun məlumatı dinlənilsin. Sonra bir sıra şəxslərə çıxış etmək, öz təkliflərini söyləmək üçün söz veriləcəkdir. Eyni zamanda müşavirə iştirakçılarının hər biri müzakirədə iştirak edə bilər.

Yekun sözü

Bugünkü çox ətraflı müşavirə bir daha göstərdi ki, cari ilin birinci yarısının iqtisadi göstəriciləri, yekunları qənaətbəxş hesab edilə bilməz. Demək olar, bütün sahələrdə istehsal keçən ilin müvafiq dövründəkinə nisbətən aşağı düşmüşdür, hətta bəzi sahələrdə lap aşağı olmuşdur. Lakin indi biz iqtisadi göstəricilərimizi təkcə istehsalın həcmi ilə ölçmürük. Biz bunu istehsal olunmuş məhsulların satılması, respublika xəzinəsinə vəsait gətirməsi ilə, istehsal müəssisələrinin özlərinin maliyyə vəziyyətinin yaxşılaşması ilə ölçürük. Açıq demək lazımdır ki, bu baxımdan vəziyyət yaxşı deyildir. İstehsal da aşağı düşmüşdür, buraxılan məhsulların bir qismi də, burada deyildiyi kimi, satılmamış qalır.

Sənaye, tikinti sahəsində vəziyyət çox ağırdır. Bütün bunlar isə, birlikdə götürüldükdə, iqtisadiyyatın böhran vəziyyətində qaldığını göstərir. Beləliklə, əhalinin rifahının yaxşılaşması üçün müsbət bir nəticə nəzər çarpmır. Odur ki, narahatlığımız tamamilə əsaslıdır, belə bir müşavirənin keçirilməsi, vəziyyətin ətraflı təhlil edilməsi və indiki şəraitdə əlavə tədbirlər görülməsi olduqca zəruridir.

Respublikamızın böhranlı vəziyyəti neçə illərdir davam edir. Bunun əsas səbəbi bir neçə il bundan əvvəl iqtisadiyyatda yaranmış proseslərdir. Bu proseslər çoxdan - Azərbaycan hələ Sovet İttifaqının tərkibində olarkən, 1985-86-cı illərdə başlanmışdır. Yəni iqtisadiyyatda səmərəliliyin artırılması, müəssisələrə sərbəstlik verilməsi, təsərrüfat hesabı ilə iş üsullarının tətbiq edilməsi və beləliklə də, istər iqtisadiyyatın idarəetmə formalarının, istərsə də mülkiyyət formalarının dəyişdirilməsi prosesi hələ o vaxtdan başlanmışdır. Lakin təəssüflər olsun ki, Sovet İttifaqı çərçivəsində də bu işlər çox pərakəndə halda görülür, lazımi səviyyədə aparılmırdı. Buna görə də müsbət nəticələr əldə etmək əvəzinə iqtisadiyyatda mənfi meyllər daha da güclənmişdi. Sonralar Sovet İttifaqı parçalandıqda isə keçmiş İttifaq respublikalarının hamısında, demək olar, eyni vəziyyət yaranmışdır.

Bu gün biz respublikamızın iqtisadiyyatında, xüsusən onun əsas sahəsi olan sənayedə, tikintidə, sosial sahədə vəziyyət müzakirə edərkən deməliyik ki, kənd təsərrüfatında da vəziyyət belədir, bəlkə bundan da pisdir. Ümumiyyətlə, iqtisadiyyatda vəziyyəti təhlil edərkən müqayisələr aparırıq. Bu, keçmişdə də belə idi. Əlbəttə, biz öz vəziyyətimizi iqtisadi cəhətdən yüksək inkişaf etmiş dövlətlərin vəziyyəti ilə müqayisə edə bilmərik. Lakin keçmişdə bərabər şəraitdə olmuş indiki müstəqil dövlətlərin vəziyyəti ilə öz vəziyyətimizi müqayisə edə bilərik. Bu barədə statistika məlumatı da var.

Bu məlumatlar göstərir ki, Azərbaycanın indiki vəziyyəti Rusiyada da, Ukraynada da, Belorusda da, qonşu Zaqafqaziya respublikalarında da, Orta Asiya respublikalarında və Qazaxıstanda da mövcuddur. Rəqəmlərdə müəyyən fərq ola bilər. Məsələn, istehsalın göstəriciləri bəzilərində yüksək, bəzilərində aşağı ola bilər. Mən bu müşavirəyə hazırlaşarkən həmin rəqəmlərə baxmışam. Bu respublikalarda istər iqtisadiyyat, istərsə də maliyyə sahəsində vəziyyət Azərbaycanda olduğu kimidir. Yenə də deyirəm, əlbəttə, fərq var. Amma o fərq o qədər də böyük deyildir. Bu bir daha göstərir ki, Sovet İttifaqının tərkibində olmuş respublikalar 70 il eyni iqtisadi formadan istifadə etmişlər, indi isə başqa iqtisadi formalara keçir, mülkiyyət formalarını dəyişdirirlər və təbii olaraq böyük çətinliklərlə qarşılaşırlar. Məhz bu çətinliklər iqtisadiyyatı böhran vəziyyətində saxlayır.

Amma Azərbaycanın iqtisadiyyatındakı vəziyyətə altı ildən bəri davam edən müharibə, şübhəsiz, təsir göstərir. Xüsusən də son vaxtlarda. Müharibə, ordu və Azərbaycan torpaqlarının müdafiəsi ilə bağlı tədbirlər çox böyük məbləğdə vəsait tələb edir. Bu bir tərəfdən. Digər tərəfdən isə müharibə bizim hamımızın diqqətini respublikanın müdafiəsi ilə əlaqədar olan məsələlərə yönəldir. Buna görə də iqtisadi məsələlərlə məşğul olmağa az vaxt qalır. Lakin bu, elə böyük bir səbəb deyildir. Ən əsas səbəb iqtisadiyyatımızın müharibə şəraitində fəaliyyətdir, bu müharibənin iqtisadiyyatımıza mənfi təsir göstərməsidir. Əgər bunu da nəzərə alsaq, görərik ki, iqtisadiyyatımızdakı böhranlı vəziyyət digər respublikalardakına nisbətən heç də pis deyildir.

Amma bu, bizə heç vaxt təskinlik verə bilməz, heç vaxt bizi arxayın sala bilməz. Həm də biz razı ola bilmərik ki, başqa respublikalardakı kimi, bizdə də böhran adi, yaxud normal bir hal olsun. Xeyr, buna yol vermək olmaz. Biz respublikamızın bütün imkanlarından istifadə etməliyik. Azərbaycanda isə iqtisadiyyatın inkişafı üçün imkanlar böyükdür. Əvvəla, dəfələrlə qeyd edildiyi kimi, respublikamızın həm yeraltı, həm də yerüstü sərvətləri zəngindir, torpaqlarımız münbit və bərəkətlidir. İkincisi, Azərbaycanda həm sənaye sahəsində, həm kənd təsərrüfatı sahəsində, həm də tikinti və sosial sahələrdə çox böyük, çox güclü iqtisadi potensialı vardır.

Cari əsrin son 70 ili ərzində Azərbaycan Respublikasında böyük iqtisadi potensial yaradılmışdır, iri fabrik və zavodlar tikilmiş, geniş istehsal fondları təşkil edilmişdir. Bir sözlə, imkanlarımız böyük və genişdir. Buna görə də həmin imkanlardan istifadə etmək, özü də səmərəli istifadə etmək böhrandan çıxmaq üçün əsas yoldur. Lakin təəssüf ki, sənaye müəssisələrimiz əvvəlki illərdəkinə nisbətən öz imkanlarının 20 faizi, bəziləri 30 faizi, bəziləri də, ola bilsin, 50 faizi səviyyəsində fəaliyyət göstərir. Şübhəsiz ki, bütün bunlar istehsalın azalmasına, maliyyə vəziyyətimizin pisləşməsinə gətirib çıxarır.

Dəfələrlə qeyd etdiyimiz kimi, müstəqil Azərbaycan dövlətinin iqtisadiyyat sahəsində strateji yolu, strateji xətti bundan ibarətdir ki, bizdə mülkiyyət forması tədricən dəyişdirilməli, iqtisadiyyatımız bazar iqtisadiyyatı əsasında qurulmalı, təşəbbüskarlığa geniş meydan verilməlidir. Məhz bu, iqtisadiyyatımızın strateji yoludur. Mən dəfələrlə demişəm ki, bu gün bir daha deməyə məcburam, ona görə ki, bəzən orda-burda danışırlar ki, yox, biz bu yolla getməyəcəyik, guya biz inzibati-amirlik yolu ilə gedəcəyik, dövlət müəssisələrinin dövlətin tabeliyində qalmasını təmin edəcəyik və beləliklə də iqtisadiyyatı inkişaf etdirəcəyik. Odur ki, mən bizim qəbul olunmuş, strateji yolumuzu bir daha açıqlamaq istəyirəm. Biz bu yolla getməliyik ki, bir tərəfdən, səhvlər buraxmayaq, digər tərəfdən isə, bu yolda uduzmayaq və ciddi nəticələr əldə edək.

Təəssüflər olsun ki, bu sahədə hələ lazımi tədbirlər görülməmişdir. Nəticədə söz-söhbət, danışıq çox, əməli tədbir isə yoxdur. Deyilənlərə görə bu yaxınlarda yeni bir partiya yaradılmışdır, - mən onun haqqında bir qədər sonra danışacağam. Həmin partiya qarşısına Azərbaycanda sosializm quruluşunu bərpa etmək, dövlət sosializmi yolu ilə getmək, keçmiş Sovet İttifaqını bərpa etmək məqsədləri qoymuşdur. Görürsünüzmü, belə fikirlərlə yaşayan adamlar da var. Düzdür, mən bizim dövlət orqanlarında belə adamları görməmişəm. Amma nə bilmək olar, bəlkə də bu fikirlərlə yaşayan adamlar var. Buna baxmayaraq, təəssüflər olsun ki, bəzi dairələrdə belə söz-söhbətlər gedir. Bunların hamısı mənasız, perspektivsiz söz-söhbətlərdir.

Əvvəla, bir müstəqil dövlət kimi Azərbaycan heç vaxt öz müstəqilliyini bir daha əldən verib başqa ittifaqa girməyəcəkdir. Bu qətidir, buna şəkk-şübhə olmasın. İkincisi, sosializm quruluşunun ən yüksək bəhrələrini görmüşük. Onun verdiyi bəhrələri heç kəs, heç vaxt inkar edə bilməz. Xüsusən bizim respublikamızda. Lakin o quruluş, o iqtisadi sistem özünün son həddinə gəlib çatmışdı. Buna görə də onun sonrakı inkişafı mümkün olmadı, iqtisadiyyat, ümumiyyətlə, inkişaf dayandı və geriləmə prosesi başlandı. Təsadüfi deyildi ki, 1980-85-ci illərdə yeni yollar axtarmağa başladılar. Bu da yeganə bir yola gətirib çıxardı: iqtisadi islahatlar aparmalı, bazar iqtisadiyyatı yolu ilə getməli, bazar iqtisadiyyatı prinsiplərini tətbiq etməli.

Təbiidir ki, bunu bizim kimi ölkələrdə, yəni keçmiş sovet respublikalarında tətbiq etmək çətindir. Çünki 70 il hökm sürən iqtisadi formalardan, idarəetmə formalarından başqa formalara keçmək çətindir. Əsasən ona görə ki, bu formalar bir-birinə ziddir. Ancaq başqa yol yoxdur və biz bu yolla da gedəcəyik. Odur ki, bu sahədə lazımi tədbirlər görülməli, islahatlar aparılmalı, qanunlar hazırlanıb qəbul edilməlidir. Həm də bu yolla gedərkən müəyyən mərhələdə daha ağır vəziyyətə düşə bilərik. Buna baxmayaraq, mən bunun gələcəyini çox müsbət görürəm, çünki iqtisadiyyatı inkişaf etmiş respublikaların həyatı, onların vətəndaşlarının həyat tərzi, iqtisadiyyatın səviyyəsi göz qabağındadır.

Mən buna bir də ona görə inanıram ki, Azərbaycan Respublikasının iqtisadi potensialı, təbii sərvətləri, sənaye potensialı infrastrukturu və digər imkanları çox zəngin, çox güclü, çox yüksək səviyyədədir. Əgər biz bütün bunlardan səmərəli istifadə etsək, yaxşı nəticələrə nail olarıq. Bu, bizim strateji yolumuzdur. Biz bu yolla getməliyik. Amma biz hər gün, hər ay, hər rüb və hər il yorulmadan çalışaraq respublikamızın iqtisadiyyatını inkişaf etdirməli və eyni zamanda adamları işlə təmin etməliyik, bunun nəticəsində maliyyə vəziyyətimizi yaxşılaşdırmalıyıq, vətəndaşlarımızın tələblərini, heç olmasa minimum tələblərini ödəməliyik və Azərbaycanı tədricən böhran vəziyyətindən çıxarmalıyıq.

Odur ki, bu tədbirlərimiz paralel surətdə keçirilməlidir. Biz bir tərəfdən, strateji yolumuzu müəyyənləşdirməli və bu yolla getməli, qətiyyən ləngitməməliyik. Digər tərəfdən isə mövcud potensialımızdan hər an, hər gün səmərəli istifadə edərək, iqtisadiyyatımızda müsbət dəyişikliklər yaratmalıyıq. Verilən statistika məlumatlarından görünür ki, məsələn, ötən yarım ilin son ayında, yəni iyunda iqtisadiyyatda bir balaca müsbət meyl əmələ gəlmişdir. Ola bilsin ki, bu, müəyyən təbii səbəblərlə bağlıdır. Bəlkə də görülmüş müəyyən işlərin nəticəsidir. Ancaq mən bunu böyük bir hadisə kimi qeyd etmək istəmirəm. Sadəcə olaraq, demək istəyirəm ki, elə bu vəziyyətdə də yaxşı nəticələr əldə etmək mümkündür. Ona görə də bugünkü vəzifəmiz mövcud potensialdan, istehsal müəssisələrimizin gücündən istifadə etməkdən, onları işlətməkdən, məhsul hazırlamaqdan, onu satmaqdan, gəlir götürməkdən və beləliklə də müəssisələrin iqtisadi və maliyyə vəziyyətini, şübhəsiz, yaxşılaşdırmaqdan ibarətdir.

Burada verilən məlumatlara görə, istehsal edilmiş məhsulların təxminən 50 milyard manat məbləğində olan hissəsi satılmışdır. Bu mallar ya anbarlarda qalmışdır, ya da keçmişdəki kimi, istehsal olunmadığı halda, istehsal göstəricilərini yaxşı qələmə vermək məqsədilə saxtakarlıq edilmişdir. Natiqlərdən birinin dediyi kimi, ola bilər, məhsul göndərilib, lakin onun haqqı hələ alınmayıbdır. Bu da ola bilər. Lakin hər halda 50 milyard manatın əldə edilməməsinin nə ilə bağlı olmasının fərqi yoxdur. Fakt bundan ibarətdir ki, istehsal olunmuş mallardan 50 milyard manat məbləğində gəlir götürülməmişdir. Bax bu, çox böyük nöqsandır, ciddi qüsurdur. Bunu mütləq aradan qaldırmaq gərəkdir. Ona görə də hər bir müəssisədə, hər bir birlikdə, konsern və şirkətdə, hər bir nazirlikdə ciddi iş aparılmalıdır ki, bugünkü tələbləri ödəmək üçün mövcud imkanlardan istifadə edilsin.

Güman edirəm ki, istər böyük, istərsə də kiçik müəssisələrimizin zəngin təcrübəli rəhbərləri, - bizim kadrlarımız çoxdur - istehsalın ümumi qayğıları ilə yaşasalar, onun hər bir probleminə diqqətlə yanaşsalar mövcud imkanlardan istifadə edərək daha yaxşı göstəricilərə nail ola bilərlər.

Burada kiçik müəssisələrdən söhbət getdi. Şəxsən mən nə kiçik müəssisələrin, nə kooperativlərin, nə də özəl bölmənin əleyhinəyəm. Bunlar olmalıdır və onların inkişafına yol verilməlidir. Ancaq eyni zamanda belə məlumatlar da gəlir ki, böyük bir müəssisənin rəhbərləri onun tərkibində və ya onunla bağlı sahədə kiçik bir müəssisə yaradaraq, bütün gücünü, imkanlarını həmin kiçik müəssisəyə yönəldərək oradan gəlir götürməklə məşğul olur, əsas müəssisənin qayğıları, problemləri isə diqqətdən kənarda qalır, yaxud da bunlarla ciddi məşğul olmurlar. Mən deyə bilmərəm ki, hər yerdə belədir, amma belə hallar var. Bəzi müəssisə rəhbərləri çətinlikləri görərək, özlərini, sadəcə olaraq, əziyyətə salmaq istəmirlər, çətinlikləri, ümumi vəziyyəti bəhanə gətirərək orta vəziyyətdə yaşamağı daha üstün tuturlar. Yox, bununla da razılaşmaq olmaz.

Bilirsinizmi, əgər biz hamımız respublikanın qayğısı ilə yaşayırıqsa, hər birimiz onu bu ağır vəziyyətdən çıxarmaq istəyiriksə, onda hərə öz sahəsində bütün imkanlardan istifadə edərək, var qüvvə ilə səy göstərərək, bütün bilik və təcrübəsini səfərbərliyə alaraq müəyyən bir iş görməlidir ki, ümumi işimiz irəliləsin. Belə ehtiyat mənbələri var. Buna görə də ümidvaram ki, bugünkü müşavirəmizdən sonra müəssisə, şirkət, birlik rəhbərləri, nazirlər öz işlərindəki nöqsanları aradan qaldıracaq və lazımi tədbirlər görəcəklər. Bunun üçün Nazirlər Kabineti də öz fəaliyyətini gücləndirməli, işini təkmilləşdirməlidir.

Ümumiyyətlə, indiki dövrdə iş üslubumuz əvvəlki dövrün iş üslubundan fərqlənməlidir. Mən, məsələn, bugünkü müşavirənin keçirilib keçirilməməsi barədə çox düşündüm. Məsələ burasındadır ki, əvvəllər dövrün tələblərinə görə çox müşavirələr, çox müzakirələr keçirilirdi. Bəzən də ümumi işin qiyməti görülən tədbirlərlə ölçülürdü: neçə dəfə müzakirə olundu, neçə dəfə qərar qəbul edildi, neçə dəfə müşavirə keçirildi, neçə dəfə fəallar yığıncağı çağırıldı. Bəzən bunları hesablayıb sayırdılar və bu da işin müsbət göstəriciləri kimi qələmə verilirdi. Əslində isə əksər hallarda bu tədbirlər əməli işə o qədər də müsbət təsir göstərmirdi.

İndi biz başqa dövrdə, başqa şəraitdə yaşayırıq. İqtisadiyyatımızda da köklü proseslər gedir. Buna görə də hər bir sahədə əməli işlə məşğul olmaq gərəkdir. Əgər müşavirə keçirmək zəruridirsə, nə deyirəm, keçirmək lazımdır. Müzakirə lazımdırsa, keçirək. Lakin belə tədbirlərə çox aludə olmaq, onlara çox vaxt sərf etmək, onlarla baş qatmaq lazım deyildir. Adamlara sərbəstlik verilməlidir ki, hərə öz sahəsində sərbəst işləsin, azad fəaliyyət göstərsin. Azərbaycanda belə sərbəstlik verilmişdir - həm müəssisə və şirkət rəhbərlərinə, həm də bütün pillələrdə. Odur ki, bu gün mən bir daha deyirəm: sizə belə sərbəstlik verilmişdir, amma siz bu sərbəstlikdən dövlətin mənafeyinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi üçün, istehsalın qaldırılması, iqtisadi vəziyyətimizin yaxşılaşdırılması üçün və bununla da kollektivin vəziyyətinin yaxşılaşdırılması üçün istifadə etməlisiniz.

Müəssisə rəhbərlərinin bu sərbəstliyinə heç kəs müdaxilə etmir, yaxud da bu sərbəstliyi onların əlindən almaq, onlara təzyiq göstərmək istəmir. Amma eyni zamanda indiki bu böhran şəraitində bir çox rəhbər işçilər vaxtlarını boş yerə sərf edir, üzərlərində olan məsuliyyəti başa düşmürlər. Buna görə də onların rəhbərlik etdikləri sahələrin göstəriciləri aybaay, ilbəil pisləşir. Mən bu tövsiyələri, məsləhətləri, göstərişləri verməklə yanaşı, xəbərdarlıq etmək istəyirəm: belələri, yəni işə məsuliyyətsiz yanaşan nazirlər, şirkət, birlik, müəssisə rəhbərləri özləri üçün nəticə çıxarmalıdırlar. Onlar ya işdə dönüş yaratmalı, işə münasibətlərini dəyişdirməli, öz fəaliyyətində dövlətin mənafelərini üstün tutmalı və respublikamızın bu ağır böhran vəziyyətindən çıxmasına çalışmalıdırlar; ya da, elə olmasa, biz onların haqqında lazımi ciddi tədbirlər görəcəyik. Mən hamıya bu barədə xəbərdarlıq edirəm və bildirmək istəyirəm ki, bu şəraitimizdə bizim üçün daha yaxşı olardı ki, hərə öz sahəsində daha əzmlə işləsin və heç kəs də cəza almasın, heç kəsə qarşı ciddi tədbir görülməsin. Lakin bugünkü söhbətlərdən də bir nəticə çıxmasa, onda biz, şübhəsiz, belə ciddi tədbirlər görmək məcburiyyətində qalacağıq.

Rəhbər işçilərdən çox şey asılıdır. Bu gün biz hamımız buraya toplaşaraq vəziyyəti təhlil etdik. İşlərin gedişi sizdən asılıdır. Mən nazirlik, idarə, müəssisə, şirkət rəhbərlərinə müraciət etməklə yanaşı, yerli hakimiyyət orqanlarının məsuliyyəti haqqında da danışmaq istəyirəm.

Yerli hakimiyyət orqanları öz ərazilərində hər şeyə cavabdehdirlər: sənayeyə də, tikintiyə də, sosial sahəyə də, nəqliyyata da, şübhəsiz ki, kənd təsərrüfatına da, eləcə də ərazidə ictimai-sosial vəziyyətə. Ona görə də bütün bu tələblər yerli hakimiyyət orqanlarına, icra hakimiyyətinin başçılarına da aiddir. Mən onlardan tələb edirəm ki, prezidentin yerlərdə nümayəndələri kimi, iqtisadi məsələlərlə ciddi və yaxından məşğul olsunlar. Eyni zamanda tələb edirəm ki, bizim nazirliklər, müəssisə, şirkət, birlik rəhbərləri ərazidə olan müəssisələrin işi, orada kadr dəyişiklikləri ilə əlaqədar əlbir fəaliyyət göstərsinlər. Çünki bəzən mənə elə şikayətlər gəlib çatır ki, yerli icra hakimiyyətinin başçıları ilə hesablaşmırlar, nazirlər, şirkət rəhbərləri kadr dəyişikliklərin özləri aparırlar. Belə hallarla razılaşmaq olmaz.

Şübhəsiz ki, biz keçmiş partiya nomenklaturası sisteminə qayıtmırıq və qayıtmayacağıq. Amma yerli hakimiyyət orqanları, icra hakimiyyətinin başçıları öz ərazilərində bütün işlərə cavabdehdirlərsə, onlar orada çalışan rəhbər kadrların təyin edilməsinə, dəyişdirilməsinə və işdən çıxarılmasına da cavabdehdirlər. Odur ki, müvafiq respublika təşkilatları bu məsələləri yerli təşkilatlarla birlikdə həll etməlidirlər.

Bu barədə aldığım məlumatlara, fürsətdən istifadə edib, toxunmaq istərdim. Bəzən məlumatlar gəlir ki, yerlərdə inzibati orqanlar, polis, milli təhlükəsizlik, prokurorluq orqanları yerli hakimiyyət orqanları ilə hesablaşmırlar. Bəzən deyirlər ki, biz sizə tabe deyilik, bəzən onlara qarşı iddialar irəli sürürlər. Əlbəttə, bunlar da yaramaz, qanun-qaydamıza uyğun olmayan hallardır. Yerli hakimiyyət orqanları, icra hakimiyyətinin başçıları prezidentin yerlərdə nümayəndələridir. Buna görə də inzibati orqanlar tərəfindən aparılan işlər onlarla bərabər görülməlidir və aralarında heç bir anlaşılmazlıq olmamalıdır.

Mən bu barədə danışarkən yerli icra hakimiyyəti başçılarının məsuliyyətindən bir daha söhbət açmaq istərdim. Beləliklə, sizin üzərinizə çox böyük məsuliyyət düşür. Lakin təəssüf ki, bəzən bizim yerli icra hakimiyyəti orqanlarının başçıları haqqında, onların fəaliyyəti barəsində bizə mənfi məlumatlar gəlir. Belə məlumatlarda deyilir ki, onlar bəzən yaxşı işləmir, səy göstərmir, qanunsuz hərəkətlər edir və öz vəzifələrinin öhdəsindən gələ bilmirlər. Mən hamıya xəbərdarlıq edirəm: biz belələrinə dözməyəcəyik, onların haqqında lazımi tədbirlər görəcəyik. Odur ki, hər bir kəs ona göstərilən etimadı doğrultmağa çalışmışdır. Harada işləməsinin fərqi yoxdur, - istər yerli hakimiyyət orqanında, istər iqtisadiyyat sahəsində, istər sənaye və kənd təsərrüfatında, istərsə də nazirliklərdə və inzibati orqanlarda olsun, fərqi yoxdur, bunların hamısı dövlət strukturlarıdır, - hər kəs dövlət tərəfindən, dövlət başçısı tərəfindən göstərilən etimada həm sadiq, layiq olmalıdır, həm də bu etimadı daim doğrultmağa can atmalıdır. Buna görə də indi mən bu sözləri açıq və aydın şəkildə çatdırıram və bildirmək istəyirəm ki, biz belə hallara qarşı bundan sonra ciddi mübarizə aparacağıq.

Güman edirəm ki, bizim bugünkü danışıqlarımız, söhbətlərimiz nəticəsində iqtisadiyyatımızda müəyyən dəyişikliklər olacaq. Mən tam əminəm ki, biz mövcud istehsal fondlarından, istehsal imkanlarından, iqtisadi potensialdan səmərəli istifadə edərək, vəziyyətimizi xeyli yaxşılaşdıracağıq. İqtisadiyyatda vəziyyəti yaxşılaşdırmaq üçün isə son vaxtlar verilmiş fərmanlar ardıcıl surətdə icra edilməlidir. Mən aprelin 5-də böyük bir fərman vermişəm. O, iqtisadiyyat üçün olduqca əhəmiyyətli bir fərmandır. Bildiyiniz kimi, həmin fərman Azərbaycan Respublikasının xarici ticarətinin sərbəstləşdirilməsi haqqındadır. Bu, iqtisadiyyatımızın sərbəstləşdirilməsi üçün, bazar iqtisadiyyatına keçməyimiz üçün, bazar iqtisadiyyatını inkişaf etdirmək üçün çox əhəmiyyətli bir sənəddir. Amma təəssüflər olsun ki, bu fərman lazımi səviyyədə həyata keçirilmir. Buna görədir ki, mən iyunun 28-də yeni bir fərman verməli oldum: \"Xarici ölkələrə məhsul satışının təmin edilməsi sahəsində nəzarətin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında\".

Mən nə üçün belə bir fərman verdim? Çünki 5 aprel tarixli fərman, bir daha deyirəm, lazımi səviyyədə yerinə yetirilməsi. Bu fərman istehsal edilən malların ixrac olunması, xarici ölkələrə satılması üçün müəssisələrə də, nazirliklərə də, hər bir hüquqi şəxsə də sərbəstlik verir. Amma di gəl ki, bu imkanlardan istifadə edilməyibdir. Respublikaya valyuta gətirən mallarımızın bir çoxu təəssüf ki, aprel ayından indiyədək ixrac olunmayıbdır. Buna görə də mən məcbur olub iyun ayında Fuad Quliyev başda olmaqla fövqəladə komissiya yaratdım. Hətta inzibati orqanların rəhbərlərini də bu komissiyaya daxil etdim ki, hansı sahədə, hansı müəssisədə, hansı nazirlikdə hansı malların satılmamış qaldığını araşdırsınlar, onların satılması üçün həmin təşkilatlara ya kömək göstərsinlər, ya da buna nəzarət etsinlər.

Bu. nəyi göstərir? Bir tərəfdən, bəzi adamlar istəyirlər ki, sərbəstliyə malik olsunlar, amma sərbəstlik verildikdə ondan istifadə etmirlər. Yəni bizim adamlarda keçmişin psixologiyası, əhvalı, iş üslubu və metodları o qədər dərin kök atmışdır ki, onlar bundan ayrıla bilmirlər. Bizim ixrac edilməli olan və respublikaya valyuta götürə bilən müəyyən mallarımız var - həm sənaye sahəsində, həm də kənd təsərrüfatında. Lakin bu mallar indiyədək ixrac edilməyib, bəziləri də qaldıqca xarab olub öz dəyərini itirir, qiymətdən düşür. Beləliklə, biz çox şey itiririk. İndi görün iqtisadiyyatda çeviklik, bazar iqtisadiyyatının forma, metod və üsullarını mənimsəmək bizə nə qədər lazımdır ki, öz iqtisadi potensialımızdan lazımınca istifadə edə bilək.

Mən iyunun 15-də də bir fərman vermişəm: \"Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi haqqında\". Təəssüflər olsun ki, bu fərman da lazımi səviyyədə həyata keçirilmir. Halbuki burada da çox ciddi tədbirlər nəzərdə tutulmuşdur. İqtisadiyyatla əlaqədar aprel ayından bəri üç fərman verilmişdir. Onların həyata keçirilməsi ilə məşğul olmaq lazımdır. Əgər biz bu fərmanları nəzərdə tutulduğu kimi həyata keçirsəydik, iqtisadiyyatda, şübhəsiz, çox yeniliklərə nail olardıq, çox müsbət nəticələr əldə edərdik. Təəssüf ki, belə olmamışdır.

Mən bunları yada salaraq, birincisi, bütün vəzifəli şəxslərdən tələb edirəm: bu fərmanlarda irəli sürülən vəzifələrin həyata keçirilməsi üçün lazımi tədbirlər görsünlər. Fərmanlarda onların icrası haqqında kimin nə vaxt məlumat verməli olduğu göstərilmişdir. İndi mən bu məlumatları gözləyirəm. Eyni zamanda tələb edirəm ki, iqtisadiyyat sahəsində çalışan vəzifəli şəxslər, habelə idarələr, nazirliklər, şirkətlər bu fərmanlardan səmərəli istifadə etsinlər ki, iqtisadiyyatımızda müəyyən sərbəstləşdirmə tədbirləri, dəyişikliklər həyata keçirə bilək və bazar iqtisadiyyatına keçidi gücləndirək.

Hesab edirəm ki, bugünkü söhbətlərdən lazımi nəticələr çıxarılacaqdır. Bunu da bildirməyi vacib hesab edirəm ki, həyatımızın bütün sahələrində, o cümlədən də iqtisadiyyatda qanun-qaydanı, nizam-intizamı möhkəmləndirmək zəruridir. Gələcəkdə hansı tərzdə yaşayacağımızdan asılı olmayaraq, - hərçənd yolumuz məlumdur, - nizam-intizama, qanun-qaydaya riayət edilməsi, işə məsuliyyətli münasibət göstərilməsi, qanunlara hörmət bəslənilməsi bizim üçün daim əsas vəzifədir. Təəssüf ki, bəzi yerlərdə qanunlar pozulur, bəzi yerlərdə adamlar özbaşınalıq edirlər, bəzi yerlərdə də vəzifəli şəxslər öz mövqelərindən şəxsi mənafeləri naminə sui-istifadə edirlər. Bütün bunlar bir tərəfdən cəmiyyətdə narazılıq doğurur, sabitliyi pozur, digər tərəfdən isə cinayətlər törədilməsinə səbəb olur.

Bu ağır şəraitdə iqtisadiyyat sahəsində cinayət və oğurluq hallarının, iqtisadiyyatımızı cürbəcür yollarla dağıdan halların qarşısı qəti şəkildə alınmalıdır. Bütün bu halların qarşısını ən əvvəl, iqtisadiyyata rəhbərlik edən vəzifəli şəxslər almalıdırlar. Onların özləri bu sahədə nümunə olmalı və iqtisadiyyatda qanun-qaydanın saxlanmasına çalışmalı, cinayət hallarının meydana çıxmasına yol verməməlidirlər, cinayətkarlığa qarşı mübarizə aparmalıdırlar.

Eyni zamanda inzibati orqanlarımız, hüquq-mühafizə orqanlarımız öz işlərini yaxşılaşdırmalıdır. Gömrük Komitəsinin sədri burada çıxış edərkən rüşvətxorluqdan da danışdı. İqtisadiyyatımızın bu kökə düşməsinin səbəblərindən biri də rüşvətxorluğun geniş yayılmasıdır. Həm dövlət orqanlarında, həm inzibati orqanlarda, həm də iqtisadiyyatla məşğul olan orqanlarda cürbəcür yollarla oğurluq, vəzifədən sui-istifadə və rüşvətxorluq halları bütün həyatımıza çox böyük zərbələr vurur. Bu hallara qarşı ciddi mübarizə aparmaq lazımdır. Bəzən bir para şəxslər elə hesab edirlər ki, bunlar artıq adi bir haldır, həyatımızın müəyyən bir gerçəkliyidir, odur ki, belə hallarla razılaşmaq gərəkdir. Xeyr, heç vaxt razılaşmaq olmaz! Nə xalqımız, nə də cəmiyyətimiz bununla razılaşa bilməz.

Respublikamız ağır şəraitdə yaşayır, biz müharibə aparırıq. Bunun özü böyük bir nailiyyətdir ki, üç aydır atəş dayandırılmışdır. Biz buna böyük çətinliklərlə nail olmuşuq. Ermənistanla Azərbaycan arasında aparılan danışıqlar nəticəsində, Rusiyanın, ATƏM-in Minsk qrupunun vasitəçiliyi sayəsində atəşin dayandırılmasına nail olmuşuq. Lakin atəşin dayandırılması hələ müharibənin qurtarması demək deyildir. Bəziləri belə hesab edirlər, həm də bu fikirdədirlər ki, müharibə daha qurtarmışdır, hər şey həll edilmişdir. Buna görə də cəbhə bölgələrinin bəzi yerlərində müdafiə qüvvələrimiz zəifləyir. Bunlara qətiyyən yol vermək olmaz! Bu sahədə kəsərli tədbirlər görmək lazımdır.

Mən bu gün bir daha bəyan edirəm ki, biz müharibə istəmirik. Biz atəşkəsin davam etməsinin tərəfdarıyıq və indi danışıqlar aparır, çalışırıq ki, bu atəşkəs böyük siyasi saziş bağlanan vaxtadək davam etsin. Biz bu mövqedə dayanmışıq, danışıqları da məhz bu mövqedən aparırıq. Lakin hər şey bizdən asılı deyildir. Buna görə də ola bilər ki, atəşkəs pozulsun. Odur ki, müdafiə qüvvələrimiz möhkəm olmalıdır. Mən bir daha deyirəm: Biz məsələni müharibə aparmaqla deyil, sülh yolu ilə həll etmək istəyirik. Bununla bərabər ərazimiz etibarlı surətdə müdafiə edilməlidir. Onsuz da torpaqlarımızın 20 faizi işğal olunmuşdur. Daha belə hallara yol vermək olmaz.

Bununla əlaqədar respublikamızda böyük gərginlik var. Bu gərginlik də ondan ibarətdir ki, Azərbaycanda bir milyon nəfərdən çox qaçqın yaşayır. İqtisadiyyatda yol verilən qanun pozuntuları, cinayətkarlıq və digər mənfi hallar böyük bir məsələni həll etməyimizə mane olur: bir milyondan çox qaçqını dolandırmaq, yaşatmaq lazımdır. Şübhəsiz ki, əsas məqsədimiz torpaqlarımızı azad edib qaçqınları öz yerlərinə qaytarmaqdır. Amma indi onlar respublikanın ayrı-ayrı rayonlarında ağır vəziyyətdə yaşayırlar. Buna görə də biz çalışmalıyıq ki, onların heç olmasa minimum tələblərini ödəmək üçün iqtisadiyyatımız inkişaf etsin. Heç vaxt dözmək olmaz ki, cinayətkarlıq törədilsin, rüşvətxorluq olsun. Bir tərəfdən, ayrı-ayrı adamlar qanunsuz yollarla varlanır, digər tərəfdən isə qaçqınlar, müharibə əlilləri və başqaları ehtiyac içində yaşayırlar. Ayrı-ayrı vəzifəli şəxslər vəzifəsindən sui-istifadə edib cürbəcür yollarla rüşvətxorluq edir, qanunları pozurlar. Bu hallar mövcuddur, bunu heç kəs gizlətməməlidir. Mən də nəinki gizlədə bilmərəm, əksinə, açıq deyirəm və hamını belə hallara qarşı mübarizəni gücləndirməyə dəvət edirəm. Biz respublikamızda haqq-ədaləti, insanlara ədalətli münasibəti təmin etməliyik. Avqustun 9-da verilən fərman, - yəqin ki, siz onunla tanışsınız, - bu sahədə qarşıya ciddi tələblər qoyur. Həm hüquq-mühafizə orqanları, həm yerli hakimiyyət orqanları, həm də həyatımızın müxtəlif sahələrində çalışan vəzifəli şəxslər cinayətkarlıqla mübarizə aparmalıdırlar. Cinayətkarlığın - banditizmin, reketlərin, cürbəcür digər təhlükəli cinayətlərin qarşısı alınmalıdır. Hüquq-mühafizə orqanları öz işlərini ciddi şəkildə qurtarmalıdırlar.

Hüquq-mühafizə orqanlarının işi bu gün bizi qane edə bilməz. Ona görə də onlardan tələb olunur ki, birinci növbədə cinayətkarlıqla mübarizəni gücləndirsinlər, eyni zamanda bu orqanlarda şəxsi heyətin mənəvi cəhəti ilə çox ciddi məşğul olsunlar. Gömrük Komitəsi haqqında dediyim sözlər, təəssüf ki, hüquq-mühafizə orqanlarımızın hamısına aiddir. Vəzifəsindən sui-istifadə edənlər, ayrı-ayrı hallarda rüşvətxorluq edənlər var, onları aşkara çıxarmaq, ifşa etmək lazımdır.

İndiki şəraitdə cəmiyyətimiz daha da möhkəm olmalıdır. Mən hesab edirəm ki, görülən tədbirlər məhz bu məqsədi daşıyır və hamı bu istiqamətdə fəaliyyət göstərməlidir.

Bəzi qruplar son vaxtlar yenə də şayiələr yayırlar. Moskvanın bəzi qəzetlərində son vaxtlar Azərbaycana qarşı böhtan, təbliğat xarakteri daşıyan məqalələr dərc olunur. Bəzən bunları respublikamızda yaşayan adamlar təşkil edir və bunun üçün ciddi səy göstərirlər (məlumdur nə deyirəm). Ona görə də bu gün mən bu böyük müşavirədə bildirmək istəyirəm ki, belə hərəkətlər, belə cəhdlər heç vaxt, heç kəsə uğur gətirə bilməz. Respublikada ictimai-siyasi sabitliyi pozmağa çalışan adamlara qarşı amansız olacağıq. Hüquq-mühafizə orqanları, yerli hakimiyyət orqanları bu işlərlə ciddi məşğul olmalı və məsuliyyət daşımalıdırlar. Bizim sıralarımızda bəzi adamlar var ki, iki stul üzərində oturmaq istəyir - həm o tərəfdə, həm də bu tərəfdə. Bunlarla da qurtarmaq lazımdır.

Bilirsiniz ki, Azərbaycan Respublikasının artıq həm daxili, həm də xarici siyasəti aydındır. Mən dəfələrlə bunu elan etmişəm. Biz bu yoldan çəkinməyəcəyik, dönməyəcəyik. Çünki respublikanın daxilində aparılan siyasət - demokratiya, sərbəstlik, insan hüquqlarına hörmət, azadlıq, siyasi plüralizm - bunların hamısı Azərbaycanda hüquqi cəmiyyət yaradılmasına yönəldilmiş prinsiplərdir. Biz bunlardan dönməyəcəyik. Xarici siyasətimiz də məlumdur - bütün ölkələrlə bərabər hüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr qurmaq və onları inkişaf etdirmək. Bu sahədə də lazımi işlər görülür və müəyyən nəticələr əldə olunub. Ona görə də mən bir daha deyirəm ki, bu yoldan çəkinməyəcək və dönməyəcəyik. Əgər kimsə bizim bu açıq, aydın yolumuza xələl gətirmək, respublikamızın daxilindəki ictimai-siyasi sabitliyi pozmaq, şayiələr yaymaq istəyirsə, yaxud kimsə bu gün bu siyasətə, sabah - döngəni o tərəfə dönəndə başqa bir siyasətə əla qaldırırsa, bizim sıralarımızda belə adamlar olmamalıdır. Onlar qulaqlarını açıb eşitsinlər: belələrini görürük, şəxsən mən də görürəm. Ancaq mən imkan verirəm ki, bu adamlar özləri özləri haqqında lazımi tədbirlər görsünlər, düz yola gəlsinlər. Əgər kim nəhayət, düz yola gəlməsə, onlar haqqında lazımi ölçülər götürüləcəkdir.

Onlar tutduqları vəzifədə qala bilməzlər, bizimlə bərabər gedə bilməzlər. Bizimlə birlikdə bu yolla o adamlar gedə bilərlər ki, həm daxili, həm də xarici siyasətimizi nəinki qəbul ediblər, eyni zamanda onun fəal iştirakçısıdırlar.

Şübhəsiz ki, bizdə fikir azadlığıdır, siyasi plüralizmdir. Kim nə istəyir, onu da deyə bilər. Ancaq eyni zamanda bunlar hamısı Azərbaycanın milli mənafeyinə zərər gətirməməlidir, Azərbaycanın müstəqilliyinə toxunmamalı, ziyan vurmamalıdır. İndi bəzi adamlar öz şəxsi məqsədlərinə nail olmaq üçün cürbəcür şayiələr yayır, ayrı-ayrı adamları yoldan çıxarmağa çalışaraq aranı qarışdırmaq istəyirlər. Belələri əslində Azərbaycanın müstəqilliyinə qəsd edirlər. Belə hallara yol verilə bilməz. Mən bu gün dedim, yoxdur, - xalq bilir ki, hansı partiya nədən ibarətdir. Ancaq sosializm quruluşunu, Sovetlər İttifaqını bərpa etmək prinsipi əsasında yaranan partiyaya bizim cəmiyyətdə yer ola bilməz. Bizim sıralarımızdakı bəzi adamlar da onlarla oturub-durur, qulaqlarını ora verirlər ki, bu nə təhər, nə cür olacaq?

Azərbaycan Respublikasının xarici siyasəti haqqında danışdım. Rusiya ilə Azərbaycan arasındakı münasibətlər normal xarakter daşıyır və bu istiqamətdə inkişaf edir, dostluq xarakteri daşıyır. Bunlar hamısı Azərbaycanın dövlət müstəqilliyinin qorunması, respublikamızın ərazi bütövlüyünün təmin olunması ilə bağlıdır. Buna görə də həm iqtisadi cəhətdən, həm ticarət, həm də mədəniyyət, elm, texnika sahəsində Rusiya kimi böyük bir dövlətlə əməkdaşlığımız çox zəruridir və biz bu əməkdaşlığı get-gedə daha da gücləndirəcəyik. Ancaq kimsə özünü daha da rusiyapərəst elan edərək haradasa, nəyəsə guya nail olmaq istəyirsə, bunlar yarayan şeylər deyil.

Ona görə də mən birinci növbədə vəzifəli şəxslərə xəbərdarlıq edirəm ki, məsuliyyətlərini bilsinlər. Biz vəzifəli şəxslərdən qanun-qaydaların, respublika daxilində ictimai-siyasi sabitliyin, respublikanın müstəqilliyinin qorunmasını xüsusi tələb edirik. Mən bütün cəmiyyətə də bunu bildirmək istəyirəm ki, respublikamızın belə ağır şəraitində - torpaqlarımızı sülh yolu ilə geri qaytarmaq üçün addımlar atarkən, qaçqınların vəziyyəti ilə məşğul olarkən cürbəcür yollara əl atmaq lazım deyildir. Bəli, qaçqınların vəziyyəti ağırdır, biz bununla məşğul oluruq, dövlət tərəfindən onlara lazımi kömək göstərilir və göstəriləcəkdir. Xarici dövlətlər tərəfindən humanitar yardımlar gəlir. Ancaq lazımdır ki, bu humanitar yardımları alanlar, bölüşdürənlər, bu işə rəhbərlik edənlər çox vicdanlı olsunlar və bu sahədə heç bir əyintiyə yol verməsinlər.

Müharibədir, burada itkilər də olur, şəhidlər də var, şəhidlərin ailələri də var. Onlara daim qayğı göstəririk və göstərəcəyik. Sizdən də tələb edirəm ki, onlara qayğı göstərəsiniz. Müharibə əlilləri də var. Onlara qayğı göstərilib, göstəriləcək və sizdən də tələb edirəm ki, bundan sonra hərə öz sahəsində qayğı göstərsin.

Bu yaxınlarda neftçilər maaşları gec aldıqları üçün bəzi danışıqlar apardılar. Maaşlar da verildi, hər şey də təmin olundu. Bunların hamısını dövlət səviyyəsində, ümummilli nöqteyi-nəzərdən, qanun çərçivəsində, vicdanla təmin etməliyik. Ancaq öz şəxsi mənafeyi üçün təbliğat xarakterli yollarla gedən qruplara alver məqsədi ilə çalışan adamlara yol yoxdur. Qoy onlar bu işdən əl çəksinlər. Respublikanın bütün vətəndaşları Azərbaycan Konstitusiyasının, Azərbaycan prezidentinin təminatı altındadır. Ona görə də kimsə pul oğurlayıb, gəlib burada guya cəmiyyət, təşkilat quraraq xal qazanmaq istəyirsə, bütün bunlar heç vaxt müsbət nəticə verməyəcəkdir. Bu gün mən müşavirədən istifadə edərək bu sözləri sizə çatdırıram və avqustun 9-da verilmiş fərmanın icrasına diqqət yetirmənizi tələb edirəm; hamınızdan, xüsusilə vəzifəli şəxslərdən, ən əvvəl hüquq-mühafizə orqanlarından tələb edirəm.

Bu sözləri sizə deyərək, əmin olduğumu bildirmək istəyirəm ki, biz bütün bu çətinliklərdən keçib gedəcəyik. İqtisadiyyatda vəziyyət ağırdır. Lakin heç kəs deməməlidir ki, biz faciə içərisindəyik və bundan çıxa bilməyəcəyik. Xeyr, çıxacağıq. Bundan da, müharibə vəziyyətindən də çıxacağıq. Torpaqlar da qayıdacağıq. Dünya ictimaiyyətində Azərbaycan haqqında ümumi rəy artıq dəyişir, Qərb ölkələrində Azərbaycanın vəziyyəti haqqında ümumi rəy dəyişir. Ermənistanın Azərbaycana təcavüz etməsi haqqında bir çox ölkələrdən səslər gəlir, onlar bu fikri açıq irəli sürürlər.

Yenə də deyirəm, bizim siyasətimiz ondan ibarətdir ki, məsələləri sülh yolu ilə həll edək. İndi Moskvada sazişin hazırlanması üzərində iş gedir və bu iş davam edəcəkdir. Mən hesab edirəm ki, respublikamızın müstəqilliyinin möhkəmlənməsinə, ərazi bütövlüyünün təmin edilməsinə nail olacağıq. Yəni mən həmişəki kimi, indi də bəzi mənfi halları burada yada salaraq, bununla əlaqədar öz fikrimi, tələblərimi deyərək, əvvəllər olduğu kimi, yenə də tam nikbinəm və hesab edirəm ki, xalqımız dəyanətli, dözümlü xalqdır, əsrlərlə böyük çətinliklərdən keçərək yaşamış, yaşayan xalqdır. Biz bu çətin mərhələni də yaşayacağıq. Bundan da keçib gedəcəyik. Azərbaycanın iqtisadi potensialı, geopolitik - coğrafi vəziyyəti respublikamız, xalqımız üçün böyük, gözəl, xoşbəxt gələcək təmin edir. Güman edirəm ki, biz bu gələcəyi görəcəyik.

\"Azərbaycan\" qəzeti, 12 avqust 1994-cü il.