Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xaricdə yaşayan soydaşlarımızın bir qrupu ilə görüşdə çıxışı - 9 yanvar 1994-cü il

Mən bilirəm, siz də sevinirsiniz ki, Azərbaycan Respublikası müstəqil bir dövlət kimi dünya birliyinə daxil olmuşdur, Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq təşkilatların üzvüdür. İndi Azərbaycan bütün dünyada müstəqil bir dövlət kimi tanınır. Ötən nəsillər, atalarımız, babalarımız uzun illər bu müstəqilliyin həsrətində olmuşlar. İndi bu fürsət, bu böyük şərait bizim nəslimizə, sizə, bizə nəsib olub. Ona görə də hamımız qürur hissi keçirir, bu sözləri iftixarla deyirik. Güman edirəm ki, müstəqil Azərbaycan dövləti günü-gündən möhkəmlənəcək, inkişaf edəcək və müstəqilliyini heç vaxt əldən verməyəcəkdir. Azərbaycanın müstəqilliyi cəmi iki ildir ki, elan olunub. Bu iki ildə Azərbaycan çox ağır bir dövr keçirib, indi də ağır şəraitdədir. Sosial-iqtisadi vəziyyət çox çətindir. Bildiyiniz kimi, Azərbaycan əvvəlcə çar Rusiyasının, sonra isə ötən 70 ildə Sovet İttifaqının təsiri altında olmuşdur. Bütün bunlar tarixdir və Azərbaycan Respublikasının, xalqımızın, Vətənimizin həyatında dərin izlər qoyub.

Azərbaycan bir iqtisadi-siyasi sistemdən başqa bir sistemə keçir. Digər tərəfdən, respublikamız altı ilə yaxındır ki, Ermənistan silahlı qüvvələri tərəfindən təcavüzə məruz qalmışdır. Ancaq buna baxmayaraq, ötən iki ildə əldə olunmuş müstəqillik Azərbaycan üçün böyük xoşbəxtlikdir. Bizim vəzifəmiz isə budur ki, müstəqilliyi əlimizdə möhkəm saxlayaq və inkişaf etdirək. Dünyanın hansı ölkəsində, hansı yerində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı hiss etməlidir ki, onun Azərbaycan kimi vətəni vardır.

Altı ilə yaxındır ki, Ermənistan silahlı qüvvələri Azərbaycana təcavüz edir. Torpaqlarımızın böyük bir hissəsi işğal olunmuşdur. Təəssüf ki, bu altı il ərzində Azərbaycanın dövlət adamları torpaqlarımızı layiqincə müdafiə edə bilməyiblər. İndi Azərbaycan ərazilərinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu da bizim üçün böyük faciədir. Bir milyondan artıq azərbaycanlı evini-eşiyini, elini-obasını itirib, qaçqındır, respublikanın başqa yerlərində yaşayır. Maddi vəziyyət də, mənəvi vəziyyət də ağırdır.

Tale məni belə bir ağır vəziyyətdə gətirib Azərbaycana çıxarmışdır. Üç aydır ki, prezident vəzifəsini aparıram. Ondan əvvəl bir müddət də Ali Sovetin başçısı oldum. Bu, çox ağır və çətin bir dövr idi. Həmin dövrün çətinliyi təkcə ondan ibarət deyildir ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal etmişdir. Azərbaycanın içində də vəziyyət çox ağır idi.

1993-cü ilin ortalarında - iyun ayında Azərbaycanda böyük fəlakət baş verdi, vətəndaş müharibəsi təhlükəsi meydana çıxdı. Bir tərəfdən ermənilər bizi qırırdı, digər tərəfdən azərbaycanlılar özləri bir-birini qırmağa başlamışdılar. Bəzi qruplar Azərbaycanı parçalamaq, separatçı hərəkətlər etmək istədilər. Bəzi adamlar hakimiyyət davasına qoşuldular. Halbuki onların bir çoxu hakimiyyətə layiq deyildir. Belə adamlar o ağır günlərdə respublikanın bütün qüvvələrini bir yerə toplayıb Azərbaycanı Ermənistan təcavüzündən qorumaq əvəzinə, burada, içəridə bir-biri ilə vuruşmağa başladılar. Azərbaycanın başına gələn bəlalar da elə daxildə vəzifə uğrunda, hakimiyyət uğrunda gedən mübarizədən irəli gəlirdi. Heç bir səriştəsi, heç bir təcrübəsi olmayan ayrı-ayrı qruplar və onların başçıları vəzifəyə gəlmək, Azərbaycana başçılıq etmək istəyirdilər. Amma unudurlular ki, vəzifəyə gəlmək üçün bilik, savad, səriştə, dövlətçilik təcrübəsi lazımdır. Bunların heç biri olmadan onlar hakimiyyət istəyirdilər. Bu da Azərbaycanı dağıdırdı. Məhz belə bir vaxtda mən Bakıya gəldim, xalq məni prezident seçdi.

Ölkənin ağır vaxtında prezident seçiləndə, prezident kürsüsünə qalxanda da, and içəndə də mən təkcə Azərbaycanın ərazisində olan azərbaycanlılara yox, bütün dünyada yaşayan azərbaycanlılara müraciət etdim. Bildirdim ki, respublikanın bu ağır dövründə hər bir azərbaycanlı, damarlarından azərbaycanlı qanı axan hər bir insan gərək Vətənin bu gününə yansın, münasibətini bildirsin, kömək etsin. Çünki azərbaycanlının Azərbaycandan başqa Vətəni yoxdur.

Almaniyada yaşaya bilərsiniz, həm də çox firavan yaşaya bilərsiniz, Fransada, Amerikada da yaşaya bilərsiniz, varınız da, dövlətiniz də olar. Amma o ölkələr sizin Vətəniniz ola bilməz. Bunu təkcə azərbaycanlıya aid etmək olmaz. Hər bir millətin, hər bir insanın ana torpağı onun Vətənidir. Azərbaycanlıların da Vətəni Azərbaycandır.

... İndi şükürlər olsun ki, Azərbaycan müstəqil bir dövlətdir. Nə Rusiyanın, nə Sovetlər Birliyinin, nə də başqa bir dövlətin tərkibində deyil. Hər bir azərbaycanlı da buraya ata ocağı kimi baxmalıdır. Mən müraciətlərimdə bütün dünyada Avropada, Asiyada, Amerika və s. yerlərdə yaşayan azərbaycanlıların bax, bu hissiyyatını oyatmağa çalışıram. Çalışıram ki, bu hissiyyatları oyadaraq onları Azərbaycana cəlb edib, Azərbaycana doğma münasibət bəsləmələrinə nail olum. Mən demirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar köçüb buraya gəlsinlər. Buna ehtiyac da yoxdur. Mən demokratiya tərəfdarıyam, bu yolla getmişəm və yenə də gedəcəyəm. Kimin üçün harada rahatdır, hara onun üçün münasibdir, qoy orada da yaşasın. Amma hər kəs bilməlidir ki, onun Vətəni Azərbaycandır. Məsələn, mən sizin sözlərinizi çox dərin hissiyyatla qəbul etdim. Siz istəyirsiniz ki, Almaniyanın və başqa bir dövlətin yox, məhz Azərbaycanın vətəndaşı olasınız. Bu, çox dəyərlidir və mən bu sözləri yüksək qiymətləndirirəm.

... Siz bilirsiniz ki, dekabrın 31-ni Dünya azərbaycanlılarının həmrəylik günü elan etmişik. Həmin gün mən Azərbaycan Respublikasının vətəndaşlarını Yeni il bayramı münasibətilə təbrik edərkən həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlıları həmrəylik günü münasibətilə təbrik etdim. Üzümü bütün dünya azərbaycanlılarına tutub müraciət etdim: bilin ki, sizin Vətəniniz var və hamınız öz Vətəninizlə əlaqədə olun. Xalqa bu müraciətimdən on gün keçir. Sizin bu gəlişinizi o çağırışa cavab kimi qəbul edirəm. Çox sağ olun ki, gəlmisiniz. Arzu edərdim ki, mənim səsim dünyanın hər yerində olan azərbaycanlılara çatsın. Əgər siz bunu çatdıra bilsəniz, mənə elə gəlir ki, bu həm bizim üçün, həm də başqa ölkələrdə yaşayan azərbaycanlılar üçün çox əhəmiyyətli olar.

... Bütün dünyada yaşayan azərbaycanlılar təşkilatlanmalıdır. Biz Ermənistanla müharibə aparırıq. Müharibəni biz başlamamışıq. Ermənistan Azərbaycana hücum edib. Bir halda ki, Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, bu artıq sübut edir ki, Ermənistan təcavüzkardır. Azərbaycan Ermənistan torpağının bir qarışını da işğal etməyib və işğal etmək fikri də yoxdur. Belə bir şəraitdə Azərbaycana hərtərəfli yardım lazımdır. Nəzərə almaq lazımdır ki, Ermənistana kənardan çox yardım gəlir. Bütün ölkələrdə Ermənistan lobbisi vardır. Belə lobbi Rusiyada da, Fransada, Amerikada, Almaniyada və digər ölkələrdə də, hətta ərəb ölkələrində, İranda da var. Bilirsiniz ki, İranda 200 mindən çox erməni yaşayır və şübhəsiz ki, onlar da Ermənistanı dəstəkləyirlər, yardım edirlər. Ermənistanın heç bir ölkəyə çıxışı yoxdur. Amma necə olur ki, belə bir balaca ölkə və Azərbaycanın içində olan Dağlıq Qarabağ (keçmişdə ona vilayət deyirdik, burada yüz min erməni yaşayırdı və indi o da yoxdur) gəlib Azərbaycan torpaqlarını işğal edirlər?

Bayaq da dedim ki, Azərbaycanı son illərdə idarə edən şəxslər səriştəsizlik edib Vətən haqqında düşünməyiblər. Azərbaycanı belə bərbad hala qoyublar. Digər tərəfdən isə erməni lobbisi Ermənistan silahlı qüvvələrinə kömək edib. Ermənistan üçün hər yer qapalıdır. Azərbaycandan gedən dəmir yolu bağlıdır. Gürcüstandan gedən dəmir yolunda vəziyyət çox ağırdır. Ermənistana hava yolu ilə ərzaq, silah, sursat gəlir. Bu ölkənin nə elə bir iqqisadiyyatı, nə də elə bir sənayesi yoxdur ki, Ermənistanın böyük varı olsun. Varı yoxdur, amma yaşayır, müharibə edir, müharibəyə çox böyük xərclər çəkir. Bunların isə hamısı xaricdən gəlir, hamısını xaricdəki lobbilər təmin edir.

Siz ozünüz də eşidibsiniz ki, mən bu yaxınlarda Fransaya səfərə getmişdim. Məni oraya Fransanın prezidenti Fransua Mitteran dəvət etmişdi. Çox yaxşı səfərimiz oldu. Fransa prezidenti ilə və ölkənin digər rəhbərləri ilə səmərəli danışıqlarımız oldu. Tarixdə ilk dəfə olaraq Fransa ilə Azərbaycan arasında dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqtında müqavilə imzalandı.

Orada öyrəndik ki, Fransada 400 min erməni yaşayır. Onlar ölkənin həyatına təsir edirlər. Fransa dövlətinin rəhbərləri də etiraf edirlər ki, onlar bizim xalqın bir hissəsidir. Ermənilərin ölkədə böyük vəzifələrdə, biznesdə, informasiya orqanlarında adamları var.

Mən Fransaya gedəndə xahiş etdim ki, orada yaşayan azərbaycanlılar toplaşsın və onlarla görüşüm. Hava limanından birbaşa öz iqamətgahıma gəldim və Fransada ilk görüşüm orada yaşayan azərbaycanlılarla oldu. Az adam toplaşmışdı. Bu o demək deyil ki, Fransada azərbaycanlılar az yaşayır. Xeyr, çox yaşayır. Amma, sizin dediyiniz kimi, pərakəndə, dağınıqdırlar, bir-biri ilə əlaqələri azdır. Siz dediniz ki, Almaniyada ticarətin çoxu azərbaycanlıların əlindədir. Elə Fransada da ticarətin bir hissəsi azərbaycanlıların əlindədir. Amma onlar birləşməyiblər, bəziləri hələ də öz vətənlərini tanımır, öz vətənləri olduğunu dərk etmirlər.

Ona görə də mən belə hesab edirəm ki, siz buraya bir carçı, qaranquş kimi gəlmisiniz. Ölkəmiz yeni əlaqələr qurur. Bu əlaqələr əslində yeni deyil, amma indiyədək qurulmayıb. Biz isə istəyirik ki, onu quraq. Bir halda ki, deyirsiniz Almaniyada çoxlu azərbaycanlı iş adamları var, qoy gəlsinlər; iş adamı da, tacir də, alim də kim istəyir gəlsin. Gəlsinlər, görsünlər ki, Vətənləri var. Onlar Vətənə nə qədər çox gəlsələr, azərbaycanlıların birliyi, həmrəyliyi də möhkəmlənər.

... Mən Azərbaycanın rəhbəri seçiləndən bəri dəfələrlə bəyan etmişəm ki, biz bu müharibəni sona çatdırmaq istəyirik. Biz qan tökülməsini istəmirik. Ermənistanla Azərbaycan qonşu dövlətlərdir. Ermənilərlə azərbaycanlılar yanaşı yaşayıblar və yenə də yaşayacaqlar. Nə erməni xalqı qırılacaq, nə də Azərbaycan xalqı. Ancaq müharibəyə son qoyulmalıdır. Təcavüzkarlar cəzalanmalıdır. Biz bu məsələni sülh yolu ilə həll etməyə çalışırıq. Mən bu barədə bir neçə təklif vermişəm. Ermənistan prezidenti ilə görüşmüşəm, Rusiya prezidenti ilə, başqaları ilə də görüşmüşəm. danışmışam ki, bu savaşı dayandırmaq lazımdır. Ancaq ermənilər gücə güvənərək, Azərbaycan torpaqlarının 20 faizini işğal etdiklərinə güvənərək qarşımıza elə tələblər qoyurlar ki, biz onları qəbul edə bilmərik. Mən dəfələrlə demişəm ki, Ermənistan məsələnin sülh yolu ilə həllinə tərəfdar olmasa, gücümüzü toplayıb, nəyin bahasına olursa-olsun torpaqlarımızı işğaldan azad etməkdən başqa əlacımız qalmır.

Son illərdəki məğlubiyyətlərimizin əsas səbəblərindən biri də odur ki, Azərbaycanı müdafiə etməyə qadir olan ordu yaranmamışdı. Azərbaycan xalqı qəhrəman xalqdır. Çoxlu qəhrəman oğullarımız vardır. İndi də var, tarixən də olub. Amma ordunu qurmaq, yaratmaq, ona təlim vermək, öyrətmək lazımdır. Bunlar olmamışdır. Bir halda ki, Ermənistan tərəfi danışıqlara geqmir, mən noyabrın 2-də xalqa müraciət etdim. Xalq mənim müraciətimi çox yaxşı qəbul etdi. Orduya saf adamlar gəldi. Milli Ordumuz quruldu. Qısa müddətdə təlim keçmiş, hazırlaşmış adamlar indi torpaqlarımızın müdafiəsində möhkəm dayanmışlar.

Əvvəllər ermənilərin 6-7 tankı gələn kimi əsgərlər qoyub qaçır, kəndi də, şəhəri də, evləri də əldən verirdilərsə, indi belə deyildir. İki aydır ki, ermənilər nə qədər çalışırlarsa, bizim müdafiəmizi yara bilmirlər. Əksinə, son vaxtlar, 15-20 gündür ki, ermənilərə güclü zərbələr vurulub, onlar çox böyük itkilər veriblər. işğal olunmuş torpaqlarımızın bir qismi geri qaytarılıb. Ordu hissələrimiz artıq Füzuli rayonunda döyüşlər aparırlar. Bu rayonun ərazisinin çox hissəsi ordumuzun nəzarəti altındadır. İranla sərhədimizin 170 kilometri ermənilərin əlinə keçmişdi. Indi onun 40 kilometri artıq öz əlimizdədir. Ola bilsin ki, bu gün sabah biz daha yeni nailiyyətlər əldə edəcəyik. Qoşunlarımız Ağdam istiqamətində də çox cəsarətlə vuruşur, xeyli irəliləyiblər. Ordumuz Ağdərə tərəfdə də cəsarətlə vuruşur. Kəlbəcərdə də cəsarət göstərir, irəliyə gedir. Qoşunlarımız artıq bu rayonun ərazisindədirlər. Bu güc göydən gəlməyib. Azərbaycan xalqı həmişə güclü olub. Amma bu xalqı qaldırmaq, səfərbər etmək lazım idi. Mən cəbhə bölgəsi ilə daim əlaqə saxlayıram, hər bir komandirlə danışıram. Özüm cəbhə bölgələrində olmuşam. Bu gecə saat 3-dək zabitlərlə danışmışam. Cəsarətli oğlanlar var. Düzdür, döyüşlərdə şəhid olanlar da var. Axı, müharibə şəhidsiz ola bilməz. Bir halda ki, Vətənimizi qoruyuruq, müdafiə edirik, torpaqlarımızı geri qaytarırıq, sözsüz ki, qurbanlar da olacaq. Burada təəccüblü heç nə yoxdur.

Sizə deyə bilərəm ki, indi ermənilər çox böyük itkilər verib, qoyub qaçırlar. Hazırda əlimizə xeyli əşyayi-dəlillər keçib ki, ermənilər tək özləri vuruşmurlar. Başqa ölkələrdən tutub gətirdikləri muzdlu adamlar da vuruşurlar. Onların sənədləri əlimizə keçib. Əlimizdə başqa millətlərdən olan, başqa yerlərdən gələn əsirlər var. Yaxın günlərdə bütün bunları dünyaya çatdıracağam.

... Mən Ermənistan prezidenti Ter-Petrosyanla Aşqabatda görüşərkən o dedi ki, Ermənistan bu müharibədə iştirak etmir, döyüşləri ancaq Dağlıq Qarabağ erməniləri aparır. Lakin indi bizim əlimizə keçən sənədlər sübut edir ki, orada vuruşanların 90 faizi Ermənistandan, eləcə də başqa ölkələrdən gələn ermənilərdir. Bunların hamısını artıq sübut etmək imkanımız var. Əvvəllər əlimizdə dəyərli sübutlar yox idi. Amma indi öz torpaqlarımızı azad edəndə, əsirlər götürəndə, əlimizə əşyayi-dəlillər, sənədlər keçirəndə biz artıq tam cəsarətlə deyirik ki, Ermənistan təcavüzkardır. Bu, əvvəl də belə idi. Amma indi buna etiraz etməyə, bunu təkzib etməyə Ermənistan tərəfinin əsası yoxdur. İndi Azərbayçan xalqı yüksək vətənpərvərlik hissi ilə yaşayır, torpaqlarımızı müdafiə edir. Düzdür, bizim içimizdə mənfi adamlar da var. Burada cürbəcür təşkilatlar, partiyalar, qurumlar var. Mən demokratiya tərəfdarıyam. Nə qədər partiya olursa-olsun, onların hamısı bir məqsədə - Azərbaycanın müstəqilliyini qorumaq, torpaqlarımızı düşməndən azad etmək işinə xidmət etməlidir. Amma qulağıma müəyyən səslər gəlir ki, dünənə qədər hakimiyyətdə olan, hakimiyyəti saxlaya bilməyib qaçıb gedənlər orda-burda gizlənib, Azərbaycanın son günlərdəki uğurlarından yasa batıblar, cürbəcür təxribatlar hazırlayırlar. Bunlar mənə məlumdur. Deyirəm ki, qoy hamı eşitsin. Mənə faktlar məlumdur ki, onlar ayrı-ayrı bölgələrdə cürbəcür təxribatlar azırlayırlar. Ancaq biz bunlara yol verməyəcəyik. Onlar bilsinlər və eşitsinlər. Düşmənlərimiz təkcə torpaqlarımıza təcavüz edənlər deyil, bizim içərimizdə də xalqın düşmənləri var. Əsrlər boyu Azərbaycanın ağır günlərindən biri də bu olub ki, bu xalqın içərisində bir-birinə düşmən olan adamlar olub. Indi cəbhədə qəhrəmanlıq göstərənlərlə yanaşı, orada sadəcə, passivlik edənlər yox, təxribat aparan adamlar da var. Mən bunları bilirəm. Hər şeyə özüm nəzarət edirəm. Hər bir cəbhə komandiri ilə özüm şəxsən danışıram. Mənə hər şey məlumdur.

Yenə də deyirəm, biz bütün qüvvələrimizi səfərbər etmişik və bundan sonra da səfərbər edəcək, işğal olunmuş torpaqlarımızı geri qaytaracağıq. Sizin də kənardan olan yardımınız bizim qələbəmizi yaxınlaşdıracaq və gücləndirəcəkdir.