Azərbaycan Prezidenti Heydər Əliyevin Küveyt-Azərbaycan Parlamentlərarası ‎Dostluq Qrupunun rəhbəri Camal Hüseyn Fahat əl-Ömərin rəhbərlik etdiyi ‎nümayəndə heyəti ilə görüşdə söhbətindən ‎(27 sentyabr 2001-ci il) sənədinə tarixi arayış

Azərbaycan Respublikası və Küveyt dövləti arasında münasibətlər ayrı-ayrı sahələr üzrə inkişaf edir. 1990-cı illərdə Küveyt Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə yardımlar göstərib. Buna baxmayaraq iki ölkə arasında əlaqələr son dövrə qədər yüksək inkişaf səviyyəsinə çatmayıb. Azərbaycan öz səfirliyini Küveytdə 2005-ci ildə açıb. Küveytin Bakıdakı səfirliyi isə 2006-cı ildə fəaliyyətə başlayıb.

Azərbaycan-Küveyt münasibətlərinin inkişafı Azərbaycan Prezidenti Heydər Əliyevin dövründə başlayıb. 2001-ci ilin sentyabrında Küveyt-Azərbaycan Parlamentlərarası ‎Dostluq Qrupunun rəhbəri Camal Hüseyn Fahat əl-Ömərin rəhbərlik etdiyi ‎nümayəndə heyətinin Azərbaycana səfəri zamanı ölkə rəhbərliyi ilə keçirilən görüşlərdə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinin vacibliyi göstərilib. Nümayəndə heyətinin 27 sentyabr 2001-ci ildə Heydər Əliyevlə görüşündə bir daha tərəflər arasında müxtəlif məsələlər üzrə - Küveyt-Azərbaycan əməkdaşlığı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq terrorizmə qarşı mübarizə haqqında söhbət aparılıb.

Heydər Əliyev hələ 2001-ci il 11 sentyabr hücumlarından az sonra islam və terror anlayışlarının tam fərqli olduğunu, bu dinin zorakılığa qarşı çıxdığı fikrlərini Küveyt nümayəndə heyətilə görüşdə səsləndirib. Azərbaycanın dövlət başçısı İraqın Küveytə qarşı təcavüzü və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi halları arasında oxşarlıq olduğunu və dost ölkələr kimi Küveyt və Azərbaycanın bir-birlərinə kömək göstərmələrinin zəruriliyini bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev İslam Konfransı Təşkilatının 2005-ci il fövqəladə Məkkə zirvə görüşü, 2006-cı il xarici işlər nazirlərinin Bakı konfransındakı çıxışlarında islam dininin terrorla əlaqələndirilməsinə qarşı etirazını bildirib.

2005-ci ilin dekabrında Azərbaycanın Küveytdəki səfiri bu ölkənin \"Küveyt Tayms\" qəzetinə müsahibəsində Azərbaycan və Küveyt arasında iqtisadi əməkdaşlığın lazımi səviyyədə olmadığını bildirsə də, yaxın vaxtlarda bu sahədə lazımi addımlar atılacağını deyib.

11 may 2006-cı ildə Küveyt informasiya naziri müavininin Bakıya səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xarici işlər naziri ilə danışıqlarında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

2007-ci ilin iyununda isə Küveytin xarici işlər naziri Azərbaycana səfər edib. Səfər zamanı o azərbaycanlı həmkarı ilə keçirdiyi mətbuat konfransında Küveytə İraqın müdaxiləsi zamanı Azərbaycan ictimaiyyətinin Küveyti müdafiə etməsini xatırladıb və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsinə çağıran BMT qətnamələrinə riayət edilməsinin vacibliyini söyləyib. (http://www.kuwaittimes.net/)

Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə küveytli nazir Küveyt əmirinin salamlarını və Küveytə səfər üçün dəvətini ona çatdırıb.

Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu il fevralın 10-da Küveytə rəsmi səfər edib. Onun Küveyt Dövlətinin əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahla görüşündə iki ölkə arasında münasibətlərin inkişaf etdiyi, siyasi əlaqələrin yüksək səviyyədə olduğu bildirilib. Azərbaycanla Küveyt arasında iqtisadiyyat, ticarət, turizm, investisiya sahələrində əlaqələrin inkişaf etdirilməsindən söhbət açılıb. Dövlət başçıları həmçinin, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Küveyt əmiri Prezident İlham Əliyevə ölkəsinin ən ali mükafatı olan \"Mübarək əl - Kəbir\" ordenini, Azərbaycan Prezidenti isə əmirə Azərbaycanın ali mükafatı olan \"Heydər Əliyev\" ordenini təqdim edib.

Səfər çərçivəsində prezident İlham Əliyev Küveytin Baş naziri şeyx Nasir əl-Əhməd əs - Sabahla da görüşüb. Görüşdə iki ölkə arasında əlaqələrin uğurlu inkişafı vurğulanıb, iqtisadi əlaqələrin genişlənməsi üçün yaxşı potensialın olduğu bildirilib.

Sonra dövlət başçılarının iştirakı ilə bir sıra sənədlərin imzalanması Birgə komissiyanın yaradılması haqqında, sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqında, ticarət və turizm sahəsində əməkdaşlığa dair Sazişlər imzalanıb.

Tarixi arayış 13 fevral 2009-cu ildə yeniləşdirlib.