Birləşmiş Millətlər Təşkilatının Baş katibi cənab Kofi Annana - Bakı şəhəri, 5 aprel 2003-cü il

Hörmətli cənab Baş katib!

65 illik yubileyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm.

Siz dünyanın ən mötəbər təşkilatlarından biri olan Birləşmiş Millətlər Təşkilatına rəhbərlik edərək Yer üzərində sülhün, sabitliyin və əmin-amanlığın bərqərar olması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi sahəsində ardıcıl fəaliyyət göstərirsiniz.

Dünya birliyinin tamhüquqlu üzvü olan Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığa böyük əhəmiyyət verərək onun işində yaxından iştirak edir, başçılıq etdiyiniz təşkilatın yeritdiyi xətti tam dəstəkləyir.

Əmin ola bilərsiniz ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının məram və məqsədlərinə daim sadiq qalacaq, dünya birliyi tərəfindən qəbul olunmuş qərarların həyata keçirilməsi üçün bundan sonra da öz töhfəsini verəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

\"Azərbaycan\" qəzeti, 8 aprel 2003 -cü il.