Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyəli jurnalistlərlə müsahibəsi - Paris, Azərbaycan Prezidentinin iqamətgahı, 24 yanvar 2001-ci il

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev türkiyəli jurnalistlərin – TRT, TQRT televiziyalarının və \"Sabah\" qəzeti müxbirlərinin suallarına cavab vermişdir.

Sual: Cənab Prezident, prezident Jak Şirak ilə görüşünüz-də Fransa parlamentinin \"erməni soyqırımı\" barədə qəbul etdiyi sənədlərə öz mənfi münasibətinizi bildirmisiniz. Bu barədə nə deyə bilərsiniz?

Cavab: Bəli, mən dedim ki, Azərbaycan dövləti belə bir qərarın qəbul olunmasına etiraz edir. Azərbaycanda xalq bundan çox narahatdır. Biz çox təəccüb edirik ki, siz nə üçün belə bir qərar çıxarmısınız? Jak Şirak cavab verdi ki, bu məndən də, Baş nazirdən də asılı deyildir. O daha sonra əlavə etdi ki, Fransada yaxın vaxtlarda seçkilər keçiriləcək, ona görə də siyasətçilər səs toplamaq üçün bunu ediblər, lakin mən Senatda və Milli Məclisdə qəbul olunmuş bu sənədləri dəstəkləmirəm. Cənab Jak Şirak dedi ki, mən Türkiyənin ən yaxın dostuyam. Hələ 20 il bundan əvvəl Fransa ilə Türkiyə arasında dostluq münasibətlərinin yaradılmasında çox işlər görmüşəm və bu gün də Türkiyənin dostuyam.

Sual: Cənab Prezident, Fransa prezidenti həmin sənədlərə imza atıbatmayacağı barədə bir söz söylədimi?

Cavab:
Xeyr, bu barədə bir söz demədi. Mən bilmirəm ki, o həmin sənədləri imzalayacaq, yoxsa yox.

Sual: Cənab Prezident, Türkiyənin bəzi qəzetlərində Sizin bu rəsmi səfəriniz zamanı Fransa Senatının və Milli Məclisinin \"erməni soyqırımı\" barədə qəbul etdiyi sənədlərə öz mənfi münasibətinizi bildirməməyiniz haqqında tənqidi xəbərlər verilibdir. Bu haqda nə deyərdiniz?

Cavab: Bunlar yanlış xəbərlərdir. \"Erməni soyqırımı\"na dair sənədlərin qəbul edilməsindən xəbər tutan kimi, mən bəyanatlar verdim, öz etirazımı və mənfi münasibətimi bildirdim. Mən bunu bir neçə dəfə etmişəm. Bu gün də prezident Jak Şirak ilə görüşüm zamanı mən bu məsələyə öz mənfi münasibətimi bildirdim.

Jurnalist: Cənab Prezident, çox sağ olun.