Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Gürcüstana rəsmi səfəri (22-23 mart 2000-ci il)

Gürcüstan Respublikası ilə qarşılıqlı faydalı əlaqələrin bütün strateji əhəmiyyətli sahələrdə inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən biridir. Dövlətlərarası münasibətlərin hüquqi-normativ bazasının təkmilləşməsi və inkişafında dövlət və hökumət başçılarının intenisiv xarakter alan qarşılıqlı səfərləri mühüm əhəmiyyət daşıyır.

Bu səfərlər sırasında Azərbaycan Prezidenti Heydər Əliyevin 22-23 mart 2000-ci il tarixində Gürcüstana rəsmi səfərini xüsusi qeyd etmək lazımdır.

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev Gürcüstana səfəri ərəfəsində jurnalistlərə müsahibəsində səfərin məqsədi barədə danışarkən deyib: «İndi bu, rəsmi səfərdir. Biz orada ətraflı danışıqlar aparacağıq, sənədlər də imzalayacağıq. Əsas sənəd – siyasi sənəd, siyasi bəyanatdır, Gürcüstan prezidenti ilə Azərbaycan prezidentinin birgə bəyanatıdır. Orada bizim bütün əlaqələrimizə aid, ümumiyyətlə, ölkələrimizin indiki vəziyyətinə aid, Qafqazdakı vəziyyətə aid və beynəlxalq aləmdə gedən proseslərə aid məsələlərdə bizim eyni fikirdə olduğumuz əks ediləcəkdir. Bir neçə başqa sənəd də vardır, onlar iqtisadi xarakter daşıyır.»

Martın 22-də Tbilisidə «Krsanisi» dövlət iqamətgahında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə təktəbək görüşü olub. Görüşdə Cənubi Qafqazda və ümumən Qafqazda təhlükəsizlik məsələsi haqqında ətraflı fikir mübadiləsi aparılıb, ölkələr arasındakı ənənəvi, tarixi dostluq münasibətlərinin müstəqillik dövründə daha da dərinləşdirilməsinin və genişləndirilməsinin əhəmiyyətinin vacibliyi qeyd edilib. Görüş başa çatdiqdan sonra hər iki ölkənin nümayəndə heyəti arasında Azərbaycan – Gürcüstan danışıqları olub.

Həmin gün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə Azərbaycan–Gürcüstan sənədlərinin imzalanması mərasimindən sonra birgə bəyanatı verilib və mətbuat konfransı keçirilib. Tərəflər Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında bütün sahələrdə əməkdaşlıqlarını inkişaf etdirəcəklərini bəyan ediblər. Həmçinin hər iki tərəf həyata keçirilən səfərin nəticələrini müsbət qiymətləndirərək və danışıqların səmərəli xarakterini qeyd edərək, əməkdaşlığın davam etdirilməsinə səy göstərəcəklərini bəyan ediblər.

Martın 22-də daha bir görüş Z.Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrında Azərbaycan Prezidenti Heydər Əliyevin Gürcüstan ictimaiyyətinin nümayəndələrilə keçirilib. Mərasimdə Azərbaycan və gürcü xalqları arasında dostluğun yaranmasına və möhkəmlənməsinə bir çox onilliklər ərzində sanballı töhfə verdiyini nəzərə alaraq, müstəqillik illərində dövlətlərimiz arasında münasibətlərin strateji tərəfdaşlıq münasibətlərinə çevrilməsində son dərəcə çox işlər gördüyünü nəzərə alaraq, Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə Eduard Amvrosiyeviç Şevardnadze müstəqil Azərbaycan Respublikasının ali mükafatı – «İstiqlal» ordeni ilə təltif edilib.

Elə həmin gün Azərbaycan Prezidenti Heydər Əliyevin şərəfinə Gürcüstan Prezidenti Eduard Şevardnadzenin adindan təşkil edilmiş rəsmi qəbul iştirak edib.

Martın 23-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Gürcüstan parlamentinin deputatları ilə görüşdə çıxışında deyib: «Dövlət müstəqilliyimizi əldə edəndən sonra Gürcüstan-Azərbaycan əlaqələrinin bu qədər sürətlə inkişaf etməsində, təbiidir ki, Gürcüstanın və Azərbaycanın parlamentlərinin də fəaliyyəti yüksək qiymətə malikdir. Gürcüstan parlamenti ilə Azərbaycan parlamenti arasında olan əlaqələr bizim xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrini və iki ölkənin prezidentləri arasında olan dostluq, qardaşlıq əlaqələrini tamamilə əks etdirir.»

Həmin gün Azərbaycan Prezidenti Heydər Əliyev Gürcüstan Milli televiziyasına müsahibə verib. Müsahibə zamanı prezident Gürcüstan - Azərbaycan əlaqələrindən razı qaldığını və gələcəkdə hər sahədə əməkdaşlığın genişlənəcəyinə ümid etdiyini bildirib.