Əziz uşaqlar, əziz balalar!
Uşaqlar dünyada hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və uşaqların qorunması xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Uşaqları Beynəlxalq müdafiə günü on illərdir bütün dünyada keçirilir və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, uşaqları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir.
Azərbaycanda uşaqlara xüsusi məhəbbət, xüsusi münasibət vardır. Bizim xalqımızın ən nəcib, ən gözəl xüsusiyyətlərindən və ulu babalarımızdan bizə qalmış ənənələrdən biri də odur ki, Azərbaycan xalqı həmişə uşaqsevər olmuşdur. Təsadüfi deyil ki, azərbaycanlıların ailələri çoxuşaqlı olurlar. Bu, sadəcə onunla əlaqədardır ki, azərbaycanlılar - qadınlar da, kişilər də uşağı çox sevirlər, onlara çox məhəbbətləri vardır. Hətta bəzən valideynlərin maddi vəziyyəti də istənilən səviyyədə olmur, amma uşaqsız yaşaya bilmir, uşaq istəyir. Bir uşaq yox, iki uşaq yox, bir çox uşağı olmasını istəyir və əlindən gələni edir ki, uşağına qayğı göstərsin. Xalqımızın xüsusiyyəti, ən gözəl ənənələrindən biri də ondan ibarətdir ki, bizim insanlarımız, təkcə valideynlər yox, ümumiyyətlə hamı uşaqlara xüsusi qayğı, xüsusi münasibət göstərir, uşağı böyütməyi, ərsəyə gətirməyi, uşağa tərbiyə verməyi insanların əksəriyyəti həyatının mənası və məqsədi hesab edir. Bu gün mən bu sözləri ona görə deyirəm ki, bizim, ümumiyyətlə xalqımızın uşağa münasibətini, eyni zamanda ölkəmizdə, vətənimizdə uşağa nə qədər yüksək qayğı göstərildiyini bir daha dünyaya bəyan edim. Uşağa qayğı göstərmək, uşaqları qorumaq, uşaqları müdafiə etmək bizim müqəddəs borcumuzdur, dövlətin, hökumətin, cəmiyyətin, hər bir vətəndaşın müqəddəs borcudur.
Biz müstəqil Azərbaycanda çox problemləri həll edirik. Bunların içərisində ən vacib problemlərdən biri uşaqlara münasibət, uşaqlara qayğı, uşaqların təhsilinin, tərbiyəsinin təmin olunması və uşaqların qorunması, müdafiə edilməsidir. İndiyə qədər ölkəmizdə olan nailiyyətlərlə biz fəxr edə bilərik. Ancaq eyni zamanda bu gün etiraf etməliyik ki, bizim qüsurlarımız da, çatışmazlıqlarımız da, nöqsanlarımız da vardır. Yəni mən demək istəyirəm ki, Azərbaycan respublikasının dövləti, cəmiyyətimiz və vətəndaşlar hələ uşaqlara istənilən qədər qayğı, istənilən qədər diqqət göstərə bilməyiblər. Demək, biz bu sahədə bütün işlərimizi daha da yaxşılaşdırmalıyıq, daha da çox iş görməliyik.
Bilirsiniz, gərək hər bir valideyn uşağına və təkcə öz uşağına yox, ümumiyyətlə, uşaqlara qayğını, diqqəti özünün həm borcu, həm də müqəddəs vəzifəsi kimi qəbul etsin və ona riayət etsin, yerinə yetirsin.
Ölkəmizdə on il bundan öncə Ermənistan - Azərbaycan münaqişəsinin başlanması, Ermənistanın Azərbaycana təcavüz etməsi ilə əlaqədar döyüşlər gedibdir, insanlarımız həlak olubdur, şəhid olubdur, qurbanlar vermişik. Təəssüf ki, hələ böyüməmiş, dünyanı görə bilməmiş uşaqlar da həlak olublar, bu faciənin qurbanları olublar. Uşaqlar 1990-cı il 20 yanvar faciəsinin də qurbanları olublar. Ermənilər tərəfindən Azərbaycan xalqına qarşı edilmiş Xocalı soyqırımında da uşaqlar həlak olublar, uşaqlar qurban gediblər. Bunlar hamısı bizi kədərləndirir, cəmiyyətimizin, həyatımızın yaralı yerləridir və bütün bu döyüşlər, münaqişə, Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində əhalimizin böyük bir qismi yerindən-yurdundan didərgin düşmüşdür, onların əksəriyyəti çadırlarda yaşayır və bizim körpələr, uşaqlar, balalarımız artıq bir neçə ildir ki, çadırlarda yaşamaq məcburiyyətindədirlər. Onlar çadırda yaşayırlar, çadırda böyüyürlər, çadırda təhsil alırlar. Bizim həyatımızın bu cür narahatedici, sıxıntılı cəhətləri də vardır.
Ölkəmizdə valideynsiz uşaqlar da vardır. Onlar uşaq evlərində saxlanılır, orada tərbiyə, təhsil alırlar, böyüyürlər. Bunlar hamısı bizim daim diqqətimizin mərkəzində olmalıdır. Biz uşaqlara qayğı, diqqət göstərərək, birinci növbədə, şəhid olmuş insanların uşaqlarına, valideynsiz uşaqlara, çadırlarda yaşayan, yerindən-yurdundan didərgin düşmüş, xəstələnmiş uşaqlara və xəstəlik nəticəsində fiziki cəhətdən zəif olmuş uşaqlara xüsusi qayğı göstərməliyik. Bunlar hamısı həm dövlətin borcudur, həm cəmiyyətin borcudur, həm də hər bir vətəndaşın borcudur.
Bu gün bunlarla yanaşı, məmnuniyyət hissi ilə demək olar ki, Azərbaycanda bu problemlərin, çətinliklərin içində gözəl uşaqlar yetişir, yaşayır, təhsil alır, günü-gündən gözəl uşaqların sayı artır. İndi teatrımızın bu gözəl səhnəsində öz istedadlarını nümayiş etdirən uşaqlar - əziz balalar, əziz uşaqlar, siz bizim uşaqlarımızın nə qədər gözəl, istedadlı olduqlarını bir daha nümayiş etdirdiniz. Əziz uşaqlar, mən sizi təbrik edirəm. Bugünkü nailiyyətlərinizlə, xüsusən musiqidə, mahnıda, incəsənətdə nailiyyətlərinizlə siz həm öz istedadınızı göstərdiniz, həm də Azərbaycanın indiki dövr uşaqlarının nə qədər istedadlı olduqlarını bir daha nümayiş etdirdiniz. Əziz balalar, sizi təbrik edirəm, bu nailiyyətlərinizlə sizi təbrik edirəm və sizə həm təhsilinizdə, həm də incəsənət sahəsində öz istedadlarınızın inkişaf etdirilməsində yeni-yeni uğurlar arzulayıram. Azərbaycanın məktəblərində, uşaq evlərində, uşaq bağçalarında, xüsusi məktəblərdə - musiqi məktəblərində uşaqlara qayğı göstərən, uşaqların tərbiyəsi, təhsili ilə məşğul olan müəllimlərə, tərbiyəçilərə və uşaqların problemi ilə məşğul olan Azərbaycan vətəndaşlarının hamısına bu gün öz təşəkkürümü bildirirəm.
Əziz uşaqlar, əziz balalar, siz həyatda ilk addımlarınızı atırsınız. Hələ uşaqsınız, körpəsiniz, ancaq çox istedadlısınız, siz bacarıqlısınız. Sizin çox gözəl gələcəyiniz vardır. Şübhəsiz ki, bu gələcək həm sizdən asılıdır, həm sizin valideynlərinizdən asılıdır, həm də sizə təhsil verən, tərbiyə verən insanlardan asılıdır. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz də və sizinlə məşğul olan hər bir Azərbaycan vətəndaşı da bugünkü uşaqların böyüyüb boya-başa çatmasında, onların gələcəkdə Azərbaycanın dəyərli vətəndaşları olmasında öz səylərini bundan sonra daha da çoxaldacaqlar, əsirgəməyəcəklər.
Əziz uşaqlar, siz XX əsrin sonunda dünyaya gəlmisiniz. Siz XXI əsrdə müstəqil Azərbaycanın qurucuları, yaradıcıları və Azərbaycanı yüksəklərə qaldıranlar olacaqsınız. Biz sizə Azərbaycanı tapşırırıq. Mən əminəm ki, bugünkü uşaqlar, bugünkü Azərbaycan gəncləri Azərbaycanın xoşbəxt gələcəyini təmin etməyə qadirdirlər. Əminəm ki, bugünkü uşaqlar, gənclər öz üzərlərinə düşən vəzifələri dərk edə bilirlər. Uşaqlar, gənclər təhsil ilə, həyatın müxtəlif sahələrində öz istedadlarından istifadə etməklə, öz iradəsi, bacarığı ilə müstəqil Azərbaycanın xoşbəxt gələcəyini təmin edə biləcəklər. Mən buna əminəm və bu gün istedadlı, gözəl uşaqları görərkən, ümumiyyətlə, Azərbaycanda hər yerdə uşaqların istedadını, biliyini və həvəsini görərkən çox sevinirəm. Çox sevinirəm ona görə ki, bəlkə mənim üçün Azərbaycanın gələcəyi Azərbaycanın başqa vətəndaşlarından daha çox əzizdir. Buna görə də sevinirəm və inanıram ki, uşaqlar, bizim balalarımız, Azərbaycanın bugünkü gəncləri Azərbaycanın gələcəkdə dəyərli, layiqli vətəndaşları olacaqlar, müstəqil Azərbaycanı qoruyacaqlar, inkişaf etdirəcəklər, irəliyə aparacaqlar və yüksəklərə qaldıracaqlar.
Əziz uşaqlar, əziz balalar, mən sizi öpürəm, bağrıma basıram. Hər birinizə öz sevgimi, məhəbbətimi bildirmək istəyirəm və sizin bu gün mənə ünvanlandırdığınız sözlərə görə də təşəkkür edirəm. Siz, mənim əziz balalarım, Azərbaycanın övladları, uşaqları, bilin - mən çalışacağam ki, sizin, ən balaca uşaqların bu gün mənim haqqımda dediyiniz sözlərə daim layiq olum və sizin arzunuzu, istəklərinizi yerinə yetirim.
Əziz uşaqlar, əziz balalar, gənclər!
Mən sizin hamınıza - bütün Azərbaycan uşaqlarına bir daha cansağlığı, səadət və xoşbəxt gələcək arzulayıram. Sağ olun.
Mən sizi - Azərbaycanın bütün uşaqlarını Uşaqları Beynəlxalq müdafiə günü münasibətilə ürəkdən təbrik edirəm, sizin hamınıza səadət, şən həyat, uzun ömür, xoşbəxt gələcək və gələcək həyatınızda daim uğurlar arzulayıram.