Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin MDB üzvü olan ölkələrin dövlət başçılarının zirvə toplantısında iştirak etmək üçün Moskvaya yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərin suallarına cavabı - 16 may 1996-cı il

Suаl: Cənab prezident, MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının qarşıdakı Zirvə toplantısında hansı məsələlər müzakirə olunacaqdır?

Сavab: İnteqrasiya proseslərinin inkişaf etdirilməsi ilə əlaqədar məsələ orada müzakirə ediləcək ən böyük məsələlərdən biridir. Zirvə toplantısında bundan əlavə, daxili işlər nazirliklərinin təşkilatını yaratmaq, cinayətkarlığa qarşı mübarizəni gücləndirmək və digər məsələlər müzakirə ediləcəkdir. Belə məsələlərdən biri də Rusiyada demokratik islahatların müdafiə edilməsi barədə MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının qəbul edəcəyi bəyanatdır. Başqa məsələlər də var. Hesab edirəm ki, bu görüş çox əhəmiyyətli olacaqdır.

Suаl: Cənab prezident, respublikamız təklif edilən inteqrasiya prosesinə qoşulacaqdırmı?

Сavab: Biz ümumiyyətlə inteqrasiyanın tərəfdarıyıq. Ancaq bu inteqrasiyanın hansı hissəsini qəbul etməyimiz, hansı hissəsini qəbul etməməyimiz başqa məsələdir. Əlbəttə, inteqrasiya olmalıdır və bunsuz yaşamaq mümkün deyil. MDB üzvü olan ölkələr arasında inteqrasiya bizim üçün çox əhəmiyyətlidir. Amma inteqrasiyanın iqtisadi tərəfi və bunun da bəzi sahələri - hansına biz qoşula bilərik, hansına qoşula bilmərik - var. Biz bu məsələlərə fərdi baxırıq.

Suаl: Cənab prezident, sizin göstərişinizə əsasən \"Mayak\"radiostansiyasının verilişləri Azərbaycan ərazisində yenidən yayılır. Buna görə radiostansiyanın dinləyiciləri adından sizə təşəkkürümü bildirirəm. Siz Azərbaycanın digər dövlətlərlə inteqrasiyası yolunda atılmış son addımları necə qiymətləndirirsiniz? Məlumdur ki, artıq bir neçə hökumətlərarası saziş imzalanmışdır.

Сavab: Ümumiyyətlə ikitərəfli sazişlər çox əhəmiyyətlidir. Biz belə sənədləri imzalamışıq və imzalayırıq. Bir daha deyirəm ki, biz MDB çərçivəsində həm də inteqrasiya prosesləri ilə bağlı olan bir çox proqramlarda fəal iştirak edirik.