Azərbaycan Prezidenti Heydər Əliyevin \"İzvestiya\" qəzetinin müxbirinə müsahibəsi - 3 aprel 1998-ci il

 Müxbir:  Heydər Əliyevə baxarkən heç vaxt deməzsən ki, onun tezliklə 75 yaşı tamam olacaqdır.

O qıvraqdır, qədd-qamətli və boy-buxunludur, qıyılmış göz qapaqları altından iti baxışları var. Yerişi asta, amma qətiyyətlidir. Haqqında danışdığı hadisələrin bütün tarixlərini xatırlayır. Dalbadal bir neçə saat ayaq üstə dayanaraq, auditoriya ilə kağızsız ünsiyyətdə olmağa və onu öz nəzarəti altında saxlamağa qadirdir. Bir sözlə, Əliyev bütün görkəmi ilə qüdrət və özünə inam nümayiş etdirir.

- Heydər Əliyeviç, noyabrda, ilkin neftin nəqlinə başlanması münasibətilə şənliklər zamanı ingilislərin Sizə təqdim etdikləri o rəsm əsərindəki nədir?

- O rəsm əsərində gül təsvir olunub. Qızılgül.

- Başa düşmürəm, burada nə kimi əlaqə var...

- \"Britiş Petroleum\" şirkətinin nümayəndəsi Terri Adams (o vaxt Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin - ABƏŞ-in prezidenti idi - müəllif) haradansa öyrənib ki, mən qızılgülü çox sevirəm. Əslinə qalsa, bunu öyrənmək yəqin ki, çətin də deyildi, - çoxları hələ də xatırlayır ki, mən respublika partiya təşkilatının birinci katibi olan dövrlərdə biz Bakının mərkəzində qızılgül kolları əkməyə başlamışdıq. Bu, bütöv bir epopeya idi. Aradan bir müddət keçdikdən sonra şəhər partiya komitəsinin birinci katibi yanıma gəlib deyirdi: Heydər Əliyeviç, biz bir şeyə nail ola bilməyəcəyik. Gündüzlər qızılgül kolları əkirik, gecələr insanlar onları çıxarıb evlərinə aparır. Mən deyirdim: yenidən əkin. Aylarla beləcə davam etdi - adamları öyrədənədək iki il əziyyət çəkdik.

- Bəs bu hədiyyə Sizi niyə belə sevindirdi?

- Şəkildə təsvir edilmiş yeni qızılgül sortunu ingilis seleksiyaçıları yetişdiriblər. Yeri gəlmişkən, kraliça Yelizavetaya gül-çiçəyi onlar göndərirlər. Bu yeni sorta mənim adımı veriblər - Siz yəqin bilirsiniz ki, insanların adlarını təkcə ulduzlara deyil, güllərə də verirlər. Bu nadir sortdan 200 kol tezliklə Bakıya gətiriləcək və mənim seçdiyim yerlərdə əkiləcəkdir. İngilislər ABƏŞ-in iştirakçısı olan səhmdar şirkətlərinə də qızılgül kolları verəcəklər ki, onları öz ölkələrinin milli parklarında əksinlər.

- Ömrünüzün başqa cür deyil, məhz belə yaşanmasına heyfslənmirsiniz ki? Axı Siz səviyyəli siyasətçi çətin ki, özü üçün yaşasın...

- Yüksək səviyyəli siyasətçilər doğrudan da özü üçün yaşamırlar. Heyfslənirəmmi? Çətin sualdır. Axı insan bir dəfə yaşayır. Bəzən belə bir fikirlə razılaşmaq çətindir ki, bu dünyada adi insana həyatda müyəssər olan çox şeydən özünü məhrum edirsən. Digər tərəfdən isə... Özünü işə ürəkdən və sədaqətlə həsr edəndə bu cür təəssüf hissləri heç də tez-tez yaranmır.

- Sizi sərt, bəziləri isə avtoritar siyasətçi adlandırırlar. Əgər belə qiymətlə razısınızsa, onda öz üslubunuzu nə ilə izah edərsiniz - siyasi vəziyyətlə, milli mentalitetlə, Şərq xüsusiyyətləri ilə?..

- Məni nahaq yerə sərt lider hesab edirlər. Mən belə qiymətlə razı deyiləm. Sərtlik, yumşaqlıq- bunlar subyektiv anlayışlardır. Siyasətçi ya liberal, ya da prinsipial ola bilər. Bir var ki, siyasətçi prinsipial mövqe tutur və onu ardıcıl surətdə həyata keçirir, - bu, sərt deyil, qəti mövqedir. Liberal insanın belə hesab etməsi isə tamam başqa məsələdir ki, hər şey rəvandır - belə də etmək olar, elə də, - bu halda mövqe səbatsız, yayğın, cəmiyyət üçün anlaşılmaz olar. Əminəm ki, hakimiyyətdə olan insan liberal ola bilməz. O ki qaldı mənə, təkrar edirəm, mən \"sərt lider\" anlayışı ilə razı deyiləm, əksinə, özümü öz mövqelərini dürüst müəyyənləşdirmiş, onları qorumağı və öz qərarlarını qətiyyətlə həyata keçirməyi bacaran adam sayıram. Xarakterimin və iş üslubumun xüsusiyyətləri Sizin dediyiniz kimi, Şərq mentaliteti ilə əsla bağlı deyildir. Əlbəttə, mən öz millətimə mənsubam və xarakterimdə milli xüsusiyyətlər çoxdur və bununla fəxr edirəm. Lakin böyük siyasət onunla ciddi məşğul olmağı qərara almış hər bir kəsdən müvafiq mentalitet tələb edir.

- Azərbaycan Prezidenti seçilməyinizin dörd ili tamam olmuşdur. Siz nəyi özünüzün ən böyük uğurunuz hesab edirsiniz?

- Mən müharibəni dayandırmağa müvəffəq oldum. Yadınızdadırsa, Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ilin fevralında başlanmışdır. Tezliklə bu münaqişə güclənərək əsl müharibəyə çevrilmişdi - qan tökülürdü, insanlar həlak olurdu, faciənin sonu görünmürdü. Artıq təxminən dörd ildir müharibə yoxdur və mən fəxr edirəm ki, onu dayandıra bildim. Amma müharibəni dayandırmaq azdır -

biz atəşkəs rejiminin dönməz olması üçün hər şeyi etdik. \"Biz\" dedikdə, mən erməni tərəfinin səylərini də nəzərdə tuturam. İndi Ermənistan və Azərbaycan qəti şəkildə bəyan edirlər ki, münaqişə ancaq sülh yolu ilə həll oluna bilər.

Azərbaycanda vəziyyəti sabitləşdirə bildiyimizi də nailiyyət sayıram. Münaqişənin bütün illəri ərzində ölkədə vəziyyət partlayış təhlükəsi həddində idi, əslində, vətəndaş müharibəsi gedirdi. Bizdə müxtəlif qruplara, siyasi qüvvələrə mənsub olan çoxsaylı qanunsuz silahlı dəstələr fəaliyyət göstərirdi. İnsanlar küçəyə çıxmağa qorxurdu - onları soyub - talayır, öldürür, var-yoxunu əllərindən alırdılar.

Bütün bunlar onunla nəticələndi ki, hakimiyyətin özü də əslində silahlı yolla devrildi, Elçibəy Bakını tərk etdi və dörd il yarım dağlarda yaşadı.

- Elçibəy bir neçə ay bundan əvvəl qayıtdı. Bu, onun öz şəxsi qərarıdır, yoxsa hansısa bir siyasi çəkişmənin nəticəsidir?

- Bu, olsa-olsa, onun tərcümeyi-halının bir faktıdır, vəssalam. Özü qaçıb getdi, özü də qayıtdı. O zaman mən Türkiyə prezidentindən soruşdum: o niyə qaçdı? Prezidentin dediyinə görə, Elçibəy öz hərəkətini ona belə izah edib ki, həyatından qorxurmuş. Belə çıxır ki, ona səs verənlərin və taleyin hökmünə buraxıb getdiyi adamların hərəsinin iki ömrü var imiş. Elçibəy dörd ildən sonra Bakıya qayıdaraq qaçmagının səbəbini artıq başqa cür izah edir: guya o, 1997-ci ilin iyun ayınadək prezident olaraq qalmış, dağlarda isə öz statusunu saxlamaq üçün yaşamışdır.

- O, qayıtmazdan əvvəl bir zəmin hazırlamışdımı?

- Xalq Cəbhəsinin üzvləri parlamentin sədrinə və mənim köməkçimə deyirdilər ki, o qayıtmaq istəyir.

Bildirdik ki, qayıtmaq istəyirsə, qoy qayıtsın. Bu, hər bir Azərbaycan vətəndaşının malik olduğu

hüquqdur. Doğrudur, onun parlamentdəki tərəfdarları sabiq prezident kimi Elçibəyin xüsusi maddi təminatı və təhlükəsizliyi haqqında ayrıca qərar qəbul etdirmək istəyirdilər. Parlament buna razı olmadı.

Prezidentin istefaya getməsi bir, qaçıb aradan çıxması isə başqa şeydir.

Bilirsiniz onu necə adlandırırlar? Fərari. Elçibəyin Bakıya qayıdışı mənim amnistiya elan etməyimlə bir vaxta təsadüf etdi - təxminən yeddi min adam amnistiyaya düşdü. Öz postunu tərk edən əsgərə üç ildən beş ilədək həbs cəzası kəsirdilər, amma dar ayaqda öz xalqını atıb qaçan prezident hansı haqla xüsusi imtiyazlara ümid edir?

- Necə bilirsiniz, o, Sizin fəal və ciddi rəqibiniz olacaq, yoxsa kölgəyə çəkiləcək?

- Elçibəy gələndən sonra bəyan etdi ki, o, müxalifəti birləşdirmək və onun fikrincə, guya bizdə olmayan demokratiya uğrunda mübarizə aparmaq üçün qayıtmışdır. İnanmıram ki, o, ciddi təhlükə yarada bilsin.

Bu gün Elçibəyi dəstəkləyən partiyaların hamısı bir yerdə səslərin ust-ustə 2-3 faizinə ümid bəsləyə bilər.

Onların qanuni yolla hakimiyyətə gəlməyə heç bir şansı yoxdur, hüquqa zidd əməllərə isə biz yol verməyəcəyik.

- İndi ölkədəki vəziyyət xeyli dərəcədə insanların necə yaşaması ilə qiymətləndirilir. Təəssüf ki, bizim ölkələrimizdə adamlar kasıb yaşayırlar. \"Əsrin müqaviləsi\" adlandırılmış neft layihəsinin həyata keçirilməsinin Azərbaycanda ilk növbədə həyat səviyyəsini tezliklə və kəskin surətdə yüksəltməyə kömək edəcəyinə nə dərəcədə ümid bəsləmək olar?

- Təkcə Rusiyada və Azərbaycanda deyil, əslində keçmiş Sovet İttifaqına daxil olan bütün ölkələrdə insanlar kasıb yaşayırlar. Sosialist rejimi 70 il mövcud olmuş, insanlar ona alışmışdılar - birdən hər şey dağıldı. Əlbəttə, ağırdır. Amma mən gələcəyə nikbin baxıram. Azərbaycan nəinki təbii ehtiyatlarla zəngindir, bizim həm də güclü sənaye kompleksimiz var. Rusiyada olduğu kimi, bizdə də müəssisələrin bir çoxu müasir tələblərə cavab vermir, onların məhsulları üçün bazar yoxdur. Hər şeyi təzələmək, modern- ləşdirmək lazımdır. Başqa sözlə, güclü investisiyalar gərəkdir. Mən hesab edirəm ki, neft müqavilələrinin həyata keçirilməsindən götürəcəyimiz gəlir iqtisadiyyatın başqa sahələrinə xeyli sərmayə yönəltməyə imkan verəcək və həmin sahələrin müəssisələri dünya bazarında rəqabət apara bilən məhsullar istehsal edəcəkdir.

- Bəziləri Azərbaycanın gələcəyini Küveytlə müqayisə edirlər...

- Mən belə müqayisələri xoşlamıram. Bir də ki, Küveyt yeganə layiqli nümunə deyildir. Neft layihəsi mərhələ-mərhələ həyata keçiriləcək və 30 il müddətinə nəzərdə tutulmuşdur. Bu müddətdə Azərbaycanın neft hasilatından götürəcəyi pay 185 milyard dollar olmalıdır. Yəni bizim indi başladığımız, işlərin hamısı tezliklə Azərbaycanın iqtisadiyyatına, sosial sahəyə ciddi surətdə öz təsirini göstərəcək və şübhəsiz ki, insanların həyat səviyyəsinin kəskin şəkildə yaxşılaşmasına gətirib çıxaracaqdır.

- Bir çox ölkələrin və iri maliyyə-sənaye qruplarının mənafelərinin toqquşduğu Xəzər dənizi ətrafında yaranmaqda olan vəziyyəti Siz necə qiymətləndirirsiniz?

- Xəzər dənizi ətrafında həddindən artıq hay-küy qalxıb ki, bu da real vəziyyəti təhrif edir. Xəzər hövzəsinin təkcə Azərbaycan sektorunda deyil, digər sektorlarında da çox böyük enerji ehtiyatları var. Bu başqa məsələdir ki, neft və qaz hasilatına dair planların həyata keçirilməsinə birinci olaraq məhz biz başladıq və bu, dünyanın bir çox şirkətlərinin diqqətini cəlb etdi, iş sürətləndi, güclü investisiyalar gəldi.

Bizə baxıb başqa ölkələr də ciddi şəkildə düşünməyə başladılar ki, Xəzərin sərvətlərindən necə istifadə etsinlər. Bax elə onda hər cür əngəllər törətməyə başlayan qüvvələr tapıldı. Xəzər dənizinin statusu haqqında məsələ ortaya çıxdı. Bilirsiniz ki, Xəzər dənizi sektorlara bölünmüşdür və bunların hərəsi Xəzəryanı ölkələrin bu və ya digərinə məxsusdur. İndi bəziləri deyir ki, bölgü ədalətsiz olub, guya kimdəsə neft çoxdur, kimdəsə azdır, ona görə də gəlin bölgünü yenidən aparaq. Bu məsələ barədə fikirlər və mövqelər müxtəlifdir. Lakin xülyaya qapılıb ümid etmək lazım deyil ki, kimsə öz mövqeyini qalanların hamısına qəbul etdirə biləcəkdir. Bizim mövqeyimiz qətidir: Hər şey olduğu kimi qalmalıdır və belə deməyə də ciddi əsasımız var. Mən görürəm ki, tədricən Xəzəryanı ölkələrin əksəriyyəti məhz bu mövqeyə meyl edir - bu daha realist mövqedir və Xəzəryanı ölkələrin hamısının mənafeyini əks etdirir.

- Bu sualım Azərbaycanda yaşayan ruslar haqqındadır. Mən fikir vermişəm ki, Bakıda hər yerdə rus dili, rus musiqisi eşidilir, rus dilində kitablar və qəzetlər satılır, Rusiya televiziyasının üç kanalı işləyir - yəni hiss edirsən ki, burada rus mədəniyyəti üçün əlverişli şərait var. Halbuki, bəzi digər keçmiş sovet respublikaları haqqında bunu demək olmaz. Sizin fikrinizcə, bəs rus siyasətçiləri bu regionda nə qədər fəaldırlar?

- Mən çox şadam ki, nə uydurulması, nə də gizlədilməsi mümkün olmayan bu faktlara siz özünüz diqqət yetirmisiniz. Həqiqətən də, rus mədəniyyəti və ümumiyyətlə, ruslar burada tam hüquqa malikdirlər, - heç kimə qarşı heç bir məhdudiyyət yoxdur. Bu, təsadüfi hal yox, düşünülmüş siyasətin nəticəsidir. Biz rus mədəniyyətinə ona görə belə hörmətlə yanaşmırıq ki, Rusiya böyük ölkədir və onunla hesablaşmaq lazımdır. Yox. Ona görə ki, əgər biz elan etmişiksə ki, milliyyətindən, dərisinin rəngindən, dini etiqadından asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları bərabər hüquqa malikdirlər, deməli, bu hüquq bərabərliyinə işdə nail olmalıyıq. Mən hesab edirəm ki, ölkəmizin bu xüsusiyyəti Rusiyada lazımınca qiymətləndirilmir. Əgər orada bütün bunları dərk etsəydilər, onda Azərbaycana qarşı münasibət daha səmimi, daha xeyirxah, daha mehriban olardı.

- Bəs Moskvanın qeyri-səmimi münasibəti özünü nədə göstərir?

- Bir çox vəziyyətlərdə. Bütün bu illər ərzində o qədər hallar olub ki... Elə təkcə bir faktı - Mütəllibovu hakimiyyətə gətirməyə ümid bəsləyən Rusiya xüsusi xidmət idarələrinin törətdikləri dövlət çevrilişi cəhdini qeyd etmək kifayətdir.

- Siz Rusiyanın xüsusi xidmət idarələrinin Mütəllibovun arxasında dayandığını bilirsiniz, yaxud güman edirsiniz?

- Tamamilə dəqiq bilirəm. Bu barədə Boris Nikolayeviç Yeltsinlə də danışmışam və yeri gəlmişkən deyim ki, o da bunu inkar etmir. Mütəllibov isə əvvəlki kimi yenə də Moskvada Rusiya xüsusi xidmət idarələrinin qanadı altında yaşayır, baxmayaraq ki, biz bu dövləti cinayətkarın verilməsini dəfələrlə tələb etmişik. Onu nə üçün saxlayırlar?

- Mən düzmü başa düşdüm ki, Siz Moskvanın əvvəlki kimi yenə də Mütəllibova ümid bəsləyə biləcəyini istisna etmirsiniz?

- Mən güman etmək istəmirəm, faktlar var, hər kəs bunları özü qiymətləndirə bilər. Başqa bir məsələni, Ermənistan ilə Azərbaycan arasındakı münaqişəni götürək. Hətta münaqişəni kimin başladığını bir kənara qoysaq belə, düşünmək olardı ki, uzun illər İttifaqın tərkibində birgə yaşadığımız Rusiya kimi böyük bir ölkənin münaqişə iştirakçılarına münasibəti eyni olmalıdır. Ancaq təəssüf ki, Moskva bizə həmişə qərəzli münasibət bəsləmişdir. Elə Rusiya mətbuatının elan etdiyi faktı götürün: Sən demə, son üç il ərzində, yəni atəşkəs rejimi şəraitində yaşadığımız vaxtda Rusiyanın Müdafiə Nazirliyi Ermənistana gizli və qeyri- qanuni şəkildə bir milyard dollarlıqdan çox silah, sursat, hərbi texnika vermişdir. Bu, Azərbaycan xalqında hiddət və anlaşılmazlıq doğurmaya bilməz. Nə üçün vermişdir, Rusiya bununla nəyə nail olmaq istəyir?

Moskva əvvəlki dövrlərdə də milli siyasət məsələlərində, digər dövlətlərlə qarşılıqlı münasibətlərdə ciddi səhvlərə yol verirdi. İndi də bu səhvləri buraxmaqda davam edir.

- Bəs Rusiya prezidenti ilə Sizin münasibətləriniz necədir?

- Normal iş münasibətləridir. Daha ümumi şəkildə desək, dövlətlər arasındakı münasibətlər subyektiv hisslər əsasında qurulmamalıdır və bir liderin digərinə şəxsi münasibətindən tam asılı ola bilməz.

- Moskva siyasətçilərinin bir çoxu Sizi Qafqazın lideri hesab edərək özlərinə belə bir sual verirlər: Əliyevin yolu hayanadır? Yolu hayanadır və başqalarını öz arxasınca haraya aparmağa çalışır? MDB ilə daha çox inteqrasiyaya doğru, yoxsa Şərqə, Qərbə doğru?

- Əliyev heç yerə getməyəcəkdir. Əliyev Azərbaycanın milli mənafelərini əsas tutaraq öz dövlətinin - vurğulayıram ki, müstəqil dövlətinin, - siyasətini həyata keçirir. Milli mənafelərimizə uyğun gələn hər şey bizim üçün məqbuldur. Bunlara zidd olanları isə qətiyyətlə rədd edirik. Biz Müstəqil Dövlətlər Birliyinin mövcud olmasına və inkişaf etməsinə tərəfdarıq. Lakin MDB-ni hansısa fövqəlmilli struktura çevirmək cəhdləri ilə heç vaxt razılaşmayacağıq. Əgər belə meyllərdən imtina edilərsə, hesab edirəm ki, MDB səmərəli olacaq və o zaman kimin haraya gedəcəyi barədə suallar ortaya çıxmayacaqdır. İndi hər bir lider öz dövlətinin müstəqil yaşamasını təmin etmək və onun milli mənafelərini qorumaq istəyir. Öz xalqı üçün bu məqsədləri güdən hər bir sağlam düşüncəli siyasətçi bu başlıca amillə hesablaşmaya bilməz.

\"İzvestiya\", 3 aprel 1998-ci il.

Müsahibəni qəzetin müxbiri Nikolay Bodnaruk aparmışdır.