Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Tehranda Suriyanın TV-2 kanalının direktoru doktor Yəhya Əl-Əriziyə verdiyi müsahibəsi - 11 dekabr 1997-ci il

Sual: Azərbaycan Respublikasının prezidenti cənab Heydər Əliyev, zirvə toplantısı haqqında Sizin fikirlərinizi bilmək istərdim.

Cavab: Hesab edirəm ki, zirvə toplantısı çox əlamətdar hadisədir. Bu, İslam ölkələrinin birliyini, həmrəyliyini bir daha nümayiş etdirir.

Sual: Zirvə toplantısında qəbul olunmuş qərar və qətnamələr necə həyata keçə bilər?

Cavab: Şübhəsiz ki, bu, bütün ölkələrdən asılıdır. Ancaq mən hesab edirəm ki, qəbul olunmuş qərarlar həyata keçəcəkdir.

Sual: Siz Suriya ilə Azərbaycan arasında əlaqələri necə qiymətləndirirsiniz?

Cavab: Təəssüf olsun ki, indiyədək bu əlaqələr yaxşı inkişaf etməyibdir. Suriya ilə Azərbaycan qədimdən bir-birinə çox yaxın, dost ölkələr, xalqlar olublar. Azərbaycan Sovetlər İttifaqının tərkibində olanda da Suriya ilə Azərbaycan arasında əlaqələr olubdur. Ancaq Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Azərbaycanla Suriya arasında əlaqələr mənim arzu etdiyim səviyyəyə qalxa bilməyibdir. Biz bundan narahatıq. Ona görə mən bir ay bundan öncə Azərbaycanın xarici işlər nazirini Suriyaya rəsmi səfərə göndərmişdim. Prezident Hafiz Əsədə də xüsusi məktub göndərmişdim. Nəhayət, prezident Hafiz Əsəd ilə burada görüşdük.

Sual: Bu görüşü necə qiymətləndirirsiniz?

Cavab: Çox yaxşı qiymətləndirirəm. Çünki, bu, mənim çox qədim dostumla görüş idi. Təxminən otuz il öncə bizim dostluq əlaqələrimiz yaranıb və prezident Hafiz Əsəd ilə mən bir neçə dəfə həm Suriyada, həm Azərbaycanda, həm də Moskvada görüşmüşəm. Amma on iki il idi onu görməmişəm. Odur ki, bu görüş mənim üçün şəxsi nöqteyi-nəzərdən çox əhəmiyyətlidir, çox sevindirici haldır. Eyni zamanda görüş zamanı biz Suriya-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi məsələlərini müzakirə etdik və bu barədə eyni fikirdə olduq. Bu görüş zamanı mən Azərbaycanın Suriyaya fövqəladə və səlahiyyətli səfirini təyin etdim. Bu onu göstərir ki, görüşümüz çox məhsuldar olubdur.

Jurnalist: Mən bu görüşlərin və əlaqələrin daha da genişlənməsini arzu edirəm.

Heydər Əliyev: Mən də arzu edirəm.

Jurnalist: Azərbaycan Respublikasının prezidenti cənab Heydər Əliyev, çox sağ olun, təşəkkür edirəm.

\"Azərbaycan\" qəzeti, 13 dekabr 1997-ci il.