Azərbaycan Gəncləri Günü münasibətilə Respublika Prezidenti Heydər Əliyevin çıxışı - 2 fevral 2001-ci il

Əziz gənclər!

Əziz dostlar!

Mən bu gün bu salonda sizinlə yenidən görüşməyimdən həddən ziyadə məmnunam və deyə bilərəm ki, burada çıxış edib söz deyən hər bir gənc öz hazırlığı, öz fikirləri ilə, fikirlərini sərbəst ifadə etmək qabiliyyəti ilə məni heyran edir. Təkcə burada çıxış edənlər deyil, bu salonda oturanların demək olar ki, hər biri bu qabiliyyətə malikdir.

Azərbaycan gəncliyi son illərdə xeyli inkişaf edibdir. Tarixin hər dövründə gənclər aparıcı qüvvə olublar, böyük qəhrəmanlıqlar, şücaətlər göstəriblər. Gənclər cəmiyyətin irəliyə getməsində, xalqın inkişaf etməsində öz xidmətlərini göstərmişlər. Amma hər dövrün bir xüsusiyyəti vardır. Hər dövrün öz hökmü, özünəməxsus şəraiti vardır.

Biz XX əsri sona verdik və artıq XXI əsrdə yaşayırıq. Çoxəsrlik tariximizin parlaq səhifələri hamıya məlumdur. Məmnunam ki, yeni əsr, yeni minillik, yeni il ərəfəsində xalqa göndərdiyim müraciət və tarixlə əlaqədar bəzi fikirlərimin millətimizə çatdırılması müsbət qarşılanıbdır və görürəm ki, siz artıq onları dərk etmisiniz.

XX əsrdə də hər mərhələdə gənclər öz üzərinə böyük yüklər götürmüşlər. Xalqımızla ağır, çətin yollardan keçmişlər, irəlidə getmişlər. İtkilər də, faciələr də, məhrumiyyətlər də, nailiyyətlər də olubdur. Bütün bu mürəkkəb əsr ərzində Azərbaycan xalqı şərəfli bir yol keçibdir. Nəsillər nəsilləri əvəz edibdir. Nəsillərdən nəsillərə varislik qırılmayıbdır. Bunların hamısının nəticəsində demək olar ki, bəşər tarixində ən mürəkkəb, ziddiyyətli olan XX əsrdə Azərbaycan xalqı yaşayıb, inkişaf edib və bugünkü zirvələrə gəlib çatıbdır.

Əsrin son onilliyi bizim tariximizin ən mötəbər, ən sevincli dövrüdür. Doğrudur, bu illər çox çətin illər olubdur. Tarixən qısa bir zamanda Azərbaycan xalqı böyük əzab-əziyyətlərdən keçibdir, itkilər veribdir və Azərbaycanın torpaqları işğal olunubdur. İşğal edilmiş torpaqlardan dinc əhali, insanlar, bizim vətəndaşlarımız zorla çıxarılıb və çadırlarda yaşayırlar. Ancaq bütün bunlara baxmayaraq, bu son dövr, - biz bu il dövlət müstəqilliyinin əldə olunmasının onuncu ilini yaşayırıq, - Azərbaycan xalqının çoxəsrlik tarixində ən xoşbəxt dövrdür.

Bizim ən böyük tarixi nailiyyətimiz dövlət müstəqilliyini əldə etməyimizdir. Bu barədə gənclər öz çıxışlarında çox gözəl dedilər. Məni sevindirən odur ki, burada çıxış edən gənclərin bəziləri Azərbaycan dövlət müstəqilliyi əldə edəndə bəlkə də uşaqlıq dövrü keçirirdilər. Yaxud da ki, on il bundan öncə yeniyetmə idilər. Ancaq hər birisi, güman edirəm, təkcə onlar yox, siz hamınız, bütün Azərbaycan gəncləri Azərbaycanın, nəhayət, milli azadlığa çıxmasının, dövlət müstəqilliyini əldə etməsinin nə qədər dəyərli, qiymətli olduğunu dərk edib və bütün çətinliklərə, əzab-əziyyətlərə baxmayaraq, o dövrün bizim xalqımıza bəxş etdiyi xoşbəxtliyi görür və bundan istifadə edir.

Müstəqillik əldə edəndən sonra bizim ölkəmiz ağır yol keçibdir. Keçmiş Sovet İttifaqına daxil olmuş respublikalar içərisində dövlət müstəqilliyini əldə edəndən sonra bu qədər ağır, çətin, əzab-əziyyətli yol keçmiş ikinci respublika yoxdur. Ancaq biz bu yolu da şərəflə keçmişik və bütün çətinliklərə baxmayaraq, müstəqilliyimizi ilbəil möhkəmləndirmişik, inkişaf etdirmişik, müstəqil dövlət kimi özümüzü dünyaya tanıtmışıq və bu gün dəfələrlə deyildiyi kimi, müstəqilliyimiz artıq əbədi olubdur, dönməz olubdur. Bunun xüsusi əlamətlərindən biri də odur ki, bir neçə gün bundan öncə Azərbaycan dünyanın ən mötəbər və nüfuzlu təşkilatlarından biri olan Avropa Şurasına tamhüquqlu üzv qəbul edilibdir. Artıq burada deyildiyi kimi, orada Azərbaycanın bayrağı qaldırılıb, Azərbaycanın himni səslənibdir. Avropanın mərkəzində Azərbaycanın bayrağı dalğalanır.

Bu yol da bizim üçün asan deyildi. Biz dörd il Avropa Şurasında qonaq sifətində iştirak edirdik, müxtəlif problemlərin həlli ilə məşğul olurduq. Tamhüquqlu üzv olmaq üçün qarşımıza qoyulan şərtlərin həyata keçirilməsi ilə məşğul olurduq. Bizim bütün işlərimiz çətinliklə başa gəlir və elə bu da çox çətinliklə başa gəldi. Bizim aqibətimiz belədir, taleyimiz belədir: bir tərəfdən qarşımızda maneələr, çətinliklər, ikinci tərəfdən isə bizim iradəmiz, özümüzü sübut etmək qabiliyyətimiz, özümüzü tanıtmaq qabiliyyətimiz.

Bilirsiniz ki, Azərbaycanın Avropa Şurasına qəbul edilməsinə maneçilik törədən bəzi ölkələrin Avropa Şurasında təmsil olunan nümayəndələri var idi. Onların bəziləri son günlərə qədər də bu mövqedə idilər. İkinci tərəfdən də Azərbaycanın daxilində ümummilli mənafeləri dərk edə bilməyən, anlaya bilməyən, öz şəxsi mənafelərini ümummilli mənafedən üstün tutanlar Avropa Şurasında bizə mane olan həmin o qüvvələrlə səs-səsə verirdilər. Beləliklə də, biz bu çətinliyi görürdük. Ancaq nə qədər çətin olsa da, biz həqiqəti sübut etdik. Həqiqət də ondan ibarətdir ki, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra ardıcıl olaraq demokratiya yolu ilə gedir. Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi həyata keçirilir. Azərbaycanda bütün sahələrdə islahatlar aparılır. Azərbaycanda insan hüquqları, onların qorunması təmin edilir. Azərbaycanda şəxsiyyət azadlığı, söz azadlığı, vicdan azadlığı, mətbuat azadlığı - hamısı bərqərar olubdur. Amma bütün bunlara baxmayaraq, yenə də bizə mane olurdular. Ancaq nə qədər çalışsalar da, mane ola bilmədilər. Çünki, nəhayət, ədalət zəfər çaldı, Azərbaycan Avropa Şurasına qəbul olundu.

Azərbaycanın Avropa Şurasına qəbul olunması Avropa Şurası üçün də xüsusi əhəmiyyət kəsb edir. Çünki Azərbaycan öz coğrafi mövqeyinə görə Şərqlə Qərbin, Avropa ilə Asiyanın qovuşduğu yerdə yerləşən bir ölkədir. Azərbaycan xalqı öz tarixi köklərini, öz milli dəyərlərini, mənəvi dəyərlərini qoruyub saxlayıb və bundan sonra da saxlayacaqdır. Amma eyni zamanda təkcə bu dəyərlər içərisində yaşamaq yox, ümumbəşəri dəyərlərə də qovuşmaq, onlardan da bəhrələnmək və beləliklə, xalqımızın səviyyəsini daha da yüksəltmək bizim qarşımızda duran vəzifə olmuşdur. Biz bunu edirdik və etdik. Bu baxımdan Avropa Şurasına Azərbaycan kimi bir dövlətin, Azərbaycan xalqının daxil olması Avropa Şurasının özündə müəyyən müsbət meyllər yarada bilər və hesab edirəm, yaradacaqdır. Siz hamınız sevinirsiniz. Xalqımız sevinir. Bizim dostlarımız sevinir. Dost ölkələr sevinir.

Mən dedim ki, qəbul olma prosesi çox ağır idi. Ancaq Parlament Assambleyasının iclasında, o mərasimdə iştirak edənlərin hamısı Azərbaycanın Avropa Şurasına qəbul olunmasını alqışlayırdılar və Azərbaycanı təbrik edirdilər, öz müsbət münasibətlərini bildirirdilər.

Bu tarixi hadisədən sonra mən ilk dəfədir ki, ictimaiyyət qarşısında çıxış edirəm. Bu da sizsiniz, gənclərsiniz. Bunun da rəmzi mənası vardır. Bu, bütün bizim xalqımız üçün böyük əhəmiyyətə malik olan bir hadisədir. Ancaq gənclər üçün, gələcək üçün bunun daha çox əhəmiyyəti və daha çox mənası vardır. Ona görə də Strasburqdan qayıdandan sonra, Avropa Şurasına qəbul olunub böyük iftixar hissi ilə vətənə dönəndən sonra birinci dəfə məhz sizinlə, gənclərlə görüşürəm və öz təəssüratlarımı sizə, gənclərə çatdırıram.

Eyni zamanda bütün xalqımız, o cümlədən gənclər bilməlidir ki, Avropa Şurasına daxil olmaq böyük məsuliyyət götürmək, Avropa Şurasının tələblərini həyata keçirmək deməkdir. Biz buna qadirik. Bizim xalqımız, dövlətimiz, cəmiyyətimiz buna qadirdir. Ona görə də biz şüurlu olaraq Avropa Şurasına qəbul edilməyə çalışırdıq, can atırdıq və buna da nail olduq. Bu, Azərbaycanda demokratiyanın inkişaf etməsində, bazar iqtisadiyyatının həyata keçirilməsində, insan haqlarının qorunmasında və bütün demokratik prinsiplərin bərqərar olunmasında bizə kömək edəcəkdir. Bu da, bu məsuliyyət də həm bizim üzərimizə düşür, həm də sizin, gənclərin üzərinə düşür. Çünki biz Avropa Şurasının qapısını açıb oraya girmişik, amma Avropa Şurasında bizim fəaliyyət göstərməyimiz, Avropa Şurasına layiqli üzv olmağımız üçün illər lazım gələcəkdir. O illər məsuliyyəti də və o illərdə lazım olan fəaliyyət də yenə gənclərə, sizə məxsusdur.

Mən bu gün sizinlə görüşərkən düşünürəm, son illər Azərbaycan gəncliyi nə qədər yüksəlibdir, inkişaf edibdir. Bir neçə il ərzində Azərbaycan gəncliyinin siması da, məzmunu da, mənəviyyatı da xeyli dəyişilib və bu müsbət dəyişikliklər təbiidir ki, bütün xalqımızı sevindirir. Məni də sevindirir.

Azərbaycan gənclər ölkəsidir. Azərbaycan əhalisinin 66 faizi gənclərdir. Təsəvvür edin, ölkə birinci növbədə gənclərindir. Çox sevindirici haldır ki, son bir neçə ildə Azərbaycanda gənclərin təhsilə cəlb olunması sürətlə inkişaf edibdir. Məsələn, əgər 1994-cü ili götürsək, Azərbaycan gənclərinin təhsil alanları 1 milyon 500 minə - mən təxmini deyirəm - qədər idisə, 2000-ci ildə 1 milyon 700 mindir. Görürsünüz, cəmi 5-6 il müddətində 200 mindən artıq Azərbaycan gənci təhsilə cəlb olunub, təhsil alır. 1994-cü ildə ümumtəhsil müəssisələrində 1 milyon 400 min nəfər oxuyurdusa, 2000-ci ildə 1 milyon 600 mindir. Nə qədər böyük dəyişikliklər olubdur. Əgər beş il ərzində Azərbaycanda təhsil sahəsində gənclərin sayı 200 min artıbsa, onda təsəvvür edin ki, Azərbaycanda gəncliyə, təhsilə nə qədər böyük qayğı var və Azərbaycan gəncləri də, uşaqlar da təhsilə, məktəbə nə qədər böyük həvəslə gedirlər. Bu rəqəmlər çox sevindiricidir. Əgər nəzərə alsaq ki, bu illər sosial-iqtisadi nöqteyi-nəzərdən çətin və ağır illərdir, onda bu rəqəmlərin nə qədər böyük mənaya malik olduğunu biz deyə bilərik.

Beləliklə, Azərbaycan cəmiyyəti dəyişdiyi kimi, gənclik də dəyişir. Hətta deyə bilərəm ki, tez, daha da sürətlə dəyişir. Nə mənada dəyişir? Təhsil almaq, müasirləşmək, müasir həyata uyğunlaşmaq və təbiidir ki, lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etmək mənasında. Bax, bu gün salonda səslənən çıxışlar da bunu göstərdi. Yenə də deyirəm, ola bilər, onlardan beş dəfə də artıq çıxış etsinlər, hamısı bu cür mənalı, məzmunlu və dövlətçiliyə sədaqət hissi ilə çıxış edəcəkdir.

Gənclərimiz çox şeyə nail olublar. Ancaq hələ gənclərin qarşısında çox böyük vəzifələr vardır. Birincisi, mən təhsil haqqında deyəndə bu rəqəmləri gətirirəm. Amma bu rəqəmlərin arxasında keyfiyyət durmalıdır. Həm orta məktəblərdə, həm ali məktəblərdə təhsilin keyfiyyəti yüksəldilməlidir. Təhsil ocaqlarında gənclərin təhsil almasına qayğı artmalıdır. Gənclərin daha da yaxşı oxuması, təhsil alması üçün tələbkarlıq artırılmalıdır. Əgər bu olmasa, bu rəqəmlər, təbiidir ki, istənilən mənanı verə bilməz.

Gənclər çox şeyi bilməlidirlər. Birinci növbədə hər bir gənc vətənpərvər olmalıdır. İndi, Azərbaycan müstəqil dövlət kimi yaşadığı zamanda vətənpərvərlik hər bir insanın, xüsusən hər bir gəncin ən ümdə borcu, vəzifəsidir. Ancaq vətənpərvərlik, gərək, insanın qəlbində olsun. Borc o demək deyildir ki, vətənpərvərlik tələb edirsən, o da vətənpərvər olur. Yox. Mən bunu deyərkən bildirmək istəyirəm ki, bütün təhsil ocaqlarında, gənclərlə məşğul olan bütün təşkilatlarda vətənpərvərlik hissinin aşılanması, vətənpərvərlik hissinin hər bir gəncin qəlbində olması üçün lazımi tədbirlər görmək lazımdır.

Bu baxımdan hesab edirəm, vaxtilə biz çox doğru tədbir gördük ki, Gənclər və İdman Nazirliyi yaratdıq. Nazirlik bu illərdə çox işlər görübdür. Ondan sonra gənclərin forumu yarandı. Bunun da çox böyük əhəmiyyəti vardır. Yəni indi müstəqil Azərbaycanda gənclər mütəşəkkilləşiblər. Gənclərin işləri ilə məşğul olan xüsusi nazirlik vardır. Baxmayaraq ki, bütün başqa nazirliklər də gənclərin işləri ilə məşğul olmalıdırlar və məşğul olurlar. Xüsusən Təhsil Nazirliyi və başqa nazirliklər. Eyni zamanda, gənclərin təşkilatlanması, gənclər forumunun iki ildən bir keçirilməsi, müxtəlif tədbirlərin təşkili gənclərdə mütəşəkkilliyi təmin edir və vətənpərvərlik hissini erkən yaşlarda yaradır. Bu da göz qabağındadır ki, bizim gənclərimiz nə qədər vətənpərvərdirlər.

Məsələn, burada məlumatlar verildi. Dünyanın müxtəlif ölkələrində, müxtəlif yarışlarda, görüşlərdə Azərbaycan gənclərinin nümayəndələri nə qədər böyük uğurlar qazanırlar. Azərbaycan gəncləri indi təkcə respublikamızda yox, bir çox ölkələrdə təhsil alırlar və çoxları da böyük həvəslə oxuyurlar.

Parisdə olarkən bir qrup gənc gəlib mənə orada buraxdıqları kitabları göstərdilər. Mənim onlarla danışmağa vaxtım çox olmadı. Amma bir az söhbət etdim. Ondan sonra Strasburqda Parlament Assambleyasının sessiyası qurtarandan sonra, - bilirsiniz, bunu televiziya göstəribdir, - Ermənistan və Azərbaycan prezidentlərinin böyük bir mətbuat konfransı keçirildi. Müxtəlif dillərdə suallar verilirdi və orada bütün dillərə tərcümə olunurdu. Eşitdim ki, bir şəxs fransız dilində hər iki prezidentə sual verir. Təbiidir ki, mən hər bir sualı dinləyirdim. Çünki ona cavab vermək lazımdır. O, sualı fransız dilində verdi. Mən də sualın rusca tərcüməsini dinləyirdim. Çox məzmunlu sual verdi. Ermənistan - Azərbaycan münaqişəsinə aid, Lissabon zirvə görüşü haqqında və Lissabon zirvə görüşünün qəbul etdiyi qərar haqqında, qərarın yerinə yetirilməməsi haqqında o qədər məzmunlu sual verdi ki, deyə bilərəm, orada bu cür məzmunlu sual verilməmişdir. Dedim, görəsən, bu kimdir ki, bizim problemləri yaxşı bilir? Mənə sonra dedilər ki, o, Parisdə sizinlə görüşən gənclərdən biri idi.

Doğrudur, mən orada onu görə bilmədim. Ancaq burada televiziyada göstərəndə onun sifətini gördüm. Yadıma düşdü ki, həmin oğlandır. Fransada təhsil alır. Cavan oğlandır. Amma təkcə təhsil almır, Azərbaycanı təmsil edir və orada 300 qəzetçinin, müxbirin içərisində o qədər çeviklik göstərdi ki, ona söz verdilər. Onun verdiyi sual da bu məsələnin açılması üçün çox böyük imkanlar yaratdı. Güman edirəm ki, siz televiziya vasitəsilə, mətbuatda mənim o suala cavabımı eşitmisiniz, oxumusunuz. Ancaq mənim cavabım eyni zamanda bu məsələyə çox böyük açıqlıq gətirdi: Lissabon zirvə görüşünün qəbul etdiyi qərarlar nə üçün yerinə yetirilmir?

Ermənistan prezidenti iddia edirdi ki, Minsk qrupunun həmsədrləri yeni təklif - ümumi dövlət formulu təklif ediblər, Azərbaycan bunu qəbul etmir. Əgər həmin sual olmasaydı, bəlkə də mən ona cavab verməyəcəkdim. Ancaq bu sual mənə imkan verdi ki, Lissabon zirvə görüşündən sonra gedən prosesləri deyim. Siz oxumusunuz. Mən bildirdim ki, 1997-ci ildə Minsk qrupunun həmsədrləri bir təklif - məsələnin paket həlli təklifini verdilər. Ermənistan imtina etdi. İkinci təklif - məsələnin mərhələ-mərhələ həll olunması təklifini verdilər. Ermənistan imtina etdi. Amma biz bu təkliflərin ikisini də qəbul etdik. Ondan sonra isə 1998-ci ilin əvvəlində Ermənistanda hakimiyyət dəyişikliyi oldu. Həmin hakimiyyət dəyişikliyindən sonra, demək olar ki, Minsk qrupu elə bir fəaliyyət göstərə bilmədi. Nəhayət, 1998-ci ilin sonunda ümumi dövlət formulunu irəli sürdülər. Hamı üçün məlum oldu ki, Minsk qrupu həmsədrlərinin təklifini kim qəbul edir, kim qəbul etmir. Hətta mən sonra dedim ki, beləliklə, hesab iki bir Azərbaycanın xeyrinədir.

Mən bunu niyə deyirəm? Ona görə ki, bizim həmin o gənc, o oğlan bu cür ağıllı, düşünülmüş sualı verməsəydi, orada bu məsələnin açılması bəlkə də mümkün olmayacaqdı. Çünki biz suallara cavab verirdik, tarixi danışmırdıq. Ona görə də tarixi açmaq üçün, ayrı-ayrı fikirləri demək üçün sual lazım idi.

Beləliklə, indi bizim gənclərimiz təkcə Azərbaycanda yox, müxtəlif dilləri mənimsəyərək bir çox ölkələrdə, xüsusən Avropa ölkələrində təhsil alırlar və öz yüksək səviyyələrini göstərirlər. Ona görə də baxın, qısa bir zamanda Azərbaycan gəncliyi nə qədər inkişaf edibdir. Bunları deyərkən siz düşünəcəksiniz ki, mən Azərbaycan gəncliyini ancaq tərif edirəm. Gənclik tərifə layiqdir. Amma eyni zamanda bu tərif hər bir gəncin qarşısında böyük vəzifələr qoyur. O da ondan ibarətdir ki, hər bir gənc bax bu səviyyəyə çatmalıdır. Hər bir gənc əsaslı təhsil almalıdır. Hər bir gənc müasir həyatın tələblərini mənimsəməlidir. Hər bir gənc müasir həyatda iqtisadiyyat, siyasət sahələrində, sosial sahədə bütün yenilikləri, dünyada gedən prosesləri bilməlidir. Onda Azərbaycan xalqı daha da yüksələcək və on ildən, on beş ildən sonra siz, Azərbaycan gəncləri ölkəni idarə edəndə bu, sizin üçün daha da asan olacaqdır.

Mən bu mövzuya bir də qayıdıram. Ölkəmizdə son on il çox ağır, çətin illər olubdur. Birincisi, Ermənistan-Azərbaycan münaqişəsi, müharibə. Əfsuslar olsun ki, müəyyən səbəblərdən Azərbaycanın torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilibdir. Bu müharibə Azərbaycan xalqına böyük itkilər gətiribdir, qanlar tökülübdür, xalqımız şəhidlər veribdir, müharibə əlilləri vardır. Bunlar hamısı xalqımıza vurulan zərbədir. Ancaq belə bir müharibənin davam etməsinin həm Azərbaycan üçün, həm də Ermənistan üçün daha böyük faciələr gətirəcəyini düşünərək, 1994-cü ildə biz atəşin dayandırılması haqqında saziş imzaladıq. Altı ildir ki, müharibə yoxdur. İndi bəziləri bizim bu hərəkətimizi düzgün başa düşmürlər, yaxud da tənqid etməyə cəhd göstərirlər. Amma bu, əhəmiyyətsiz şeydir.

Altı ildir bizim xalqımız rahat şəraitdə yaşayır. Baxmayaraq ki, torpaqlarımız işğal altındadır, amma müharibə yoxdur, qan tökülmür, şəhidlər yoxdur. Əgər müharibə davam etsəydi, indi gənclərin bir qismi burada yox idi. Əgər müharibə davam etsəydi, gənclərimiz bu cür inkişaf edə bilməyəcəkdi. Əgər müharibə davam etsəydi, gənclərimiz, xalqımız bu son illərdə əldə etdiyi nailiyyətləri qazana bilməyəcəkdi.

Atəşkəs ona görə deyil ki, biz müharibəni apara bilmirdik. Bəli, bəzi səbəblərdən Ermənistan silahlı qüvvələri üstünlük əldə etmişdi. Ancaq müharibə nə qədər çox getsəydi, o qədər də itkilər olacaqdı və məsələnin həlli də çox mürəkkəbləşmişdi. Ona görə də biz atəşkəs haqqında saziş imzaladıq. Azərbaycanın son 5-6 ildə bütün sahələrdə əldə etdiyi nailiyyətlər yalnız atəşkəs rejimi şəraitində ola bilərdi. Əgər bu olmasaydı, biz bütün bu gördüyümüz işləri görə bilməyəcəkdik.

Biz o zaman atəşi dayandıranda Azərbaycanda ağır sosial-iqtisadi vəziyyət var idi. Bilirsiniz ki, ondan əvvəlki illərdə Azərbaycanda sabitlik yox idi, müxtəlif dəstələr, qüvvələr, qanunsuz silahlı dəstələr hakimiyyət uğrunda mübarizə aparırdılar. 1993-cü ildə vətəndaş müharibəsi başlandı. Biz bunların qarşısını aldıq.

1994-cü ildə yenidən dövlət çevrilişi cəhdi oldu. Xalqımız bunun qarşısını aldı. 1995-ci ildə silahlı dövlət çevrilişi cəhdi oldu. Bunun da qarşısını aldıq. Ondan sonra ölkənin daxilində hakimiyyət uğrunda mübarizə aparan insanlar bir neçə terror aktlarına əl atdılar. Onların da qarşısını aldıq. Nəhayət, ictimai-siyasi sabitliyi təmin etdik. Siz bunu bilməlisiniz və nəinki bilməlisiniz, bu, təbliğ olunmalıdır. Gənclər bilməlidir ki, Azərbaycan üçün dövlət müstəqilliyi ən böyük tarixi hadisədir. Ancaq dövlət müstəqilliyini qorumaq, saxlamaq, müstəqil dövləti inkişaf etdirmək ondan da çətin məsələdir və onsuz dövlət müstəqilliyinin əhəmiyyəti ola bilməzdi. Çünki həmin o illərdə - daxili çəkişmələr dövründə Azərbaycanın dövlət müstəqilliyi dəfələrlə təhlükə altında olmuşdu. Xalq çox ağır vəziyyətdə yaşayırdı. Sosial-iqtisadi vəziyyət həddindən artıq pis idi.

Məsələn, mən burada nə üçün rəqəmlər gətirdim? Ali məktəblərdə 1994-cü ilə nisbətən 2000-ci ildə 200 mindən artıq tələbə oxuyur. Çünki ictimai-siyasi sabitlik təmin olunub, iqtisadiyyatın inkişafı təmin edilibdir. Çünki insanlar rahat yaşayırlar. Təbiidir, problemlər də çoxdur, sosial-iqtisadi problemlər çoxdur. Bazar iqtisadiyyatına keçid hər bir ölkədə asan olmayıbdır.

Dünən və ondan bir gün əvvəl Moskva televiziyası ilə Rusiyanın birinci prezidenti Boris Yeltsinin 70 illiyi münasibətilə hazırlanmış filmlərə baxırdım. SSRİ dağılandan sonra müstəqillik əldə etmiş ölkələr içərisində Rusiya kimi qüdrətli dövlət olmadı. Rusiyanın iqtisadi potensialı və imkanları məlumdur, demək olar ki, SSRİ-nin bütün varidatının, hərbi qüvvələrinin 90 faizi Rusiyanın əlində qaldı. Ancaq Rusiya demokratiya yolu ilə, bazar iqtisadiyyatı yolu ilə getdi. Bu yol öz-özlüyündə çətin idi. Amma bununla bərabər, buraxılan səhvlər də nə qədər böyük çətinliklərə gətirdi? Bəzi televiziya kadrlarına baxırdım. Boris Yeltsin özü istefa vermək haqqında çıxış edərkən üzr istədi ki, istənilənlərə nail ola bilmədik.

Bazar iqtisadiyyatına keçid heç yerdə asan olmayıbdır. Bizdə də asan getmir, çətinliklər var. Bundan sonra da olacaqdır. Ancaq bu çətinliklərin içərisində biz 1995-ci ildən etibarən ardıcıl olaraq iqtisadiyyatın inkişafını təmin edə bilmişik.

Sizə deyə bilərəm ki, son illərdə müstəqil dövlətlər içərisində Azərbaycanın sosial-iqtisadi inkişafının sürəti hamısından yüksəkdir. Təsəvvür edin, əgər 1990-93-cü illərdə, hətta 1994-cü ildə iqtisadiyyat tənəzzülə doğru gedirdisə, 1995-ci ildə biz bunun qarşısını almağa nail olduq və tədricən inkişafı təmin etdik.

Bunun nəticəsində, ötən ilin göstəriciləri, məsələn, ümumi daxili məhsulun həcmi 11,4 faiz artıbdır. Bu, çox yüksək artımdır. Sənaye məhsulunun həcmi 6,9 faiz, demək olar ki, 7 faiz artıbdır. Kənd təsərrüfatı məhsullarının həcmi 12 faiz, nəqliyyatda yük dövriyyəsi təxminən 10 faiz çoxalıbdır. Xarici ticarətin dövriyyəsi 75,4 faiz artıbdır. Burada ən önəmli cəhət ondan ibarətdir ki, ixrac olunan malların həcmi 2,7 dəfə, idxal isə cəmisi 13 faiz çoxalıbdır. Deməli, Azərbaycan öz məhsullarının istehsalını təmin etmiş və onu ixrac edərək, idxal-ixracda böyük fərqlə müsbət saldo əldə etmişdir.

Adambaşına düşən gəlir 10,2 faiz, orta aylıq əməkhaqqı 15 faiz artmışdır. İstehlak qiymətlərinin indeksləşdirilməsi nəzərə alınmaqla, inflyasiya yox dərəcəsindədir - 1,8 faizdir. Bu, çoxdur, yoxsa azdır? Əgər bu artımları başqa respublikaların göstəriciləri ilə müqayisə etsək, çoxdur. Ötən illərlə müqayisə etsək, həddindən artıq çoxdur. Amma bu, bizim bugünkü tələblərimizi təmin etmir. Lakin buna nail olmaq asan bir məsələ deyildir.

Bilirsinizmi, indi bəzi qüvvələr Azərbaycanda gedən bütün bu islahatları, əldə olunan bütün nailiyyətləri inkar etməyə, xalqa yalan məlumatlar verməyə çalışırlar, yalan sözlər deyirlər. Ölkəmizdə mətbuat azaddır. Biz azadlıq vermişik ki, kim nə demək istəyirsə, qoy desin. Ancaq yalan danışmaqdan, xalqı aldatmaqdan böyük cinayət, böyük günah yoxdur.

Dünyanın ən mötəbər maliyyə mərkəzləri olan Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun nümayəndələri son günlərdə Azərbaycana gəlmişdilər. Onlar burada bir neçə gün oldular, bizim müvafiq təşkilatlarla işlədilər. Mən hər iki nümayəndə heyətini qəbul etdim. Bunu televiziya ilə də veriblər, bu barədə mətbuat da yazmışdır. Dünya Bankının da, Beynəlxalq Valyuta Fondunun da nümayəndələri etiraf etdilər ki, Azərbaycanda makroiqtisadi artım çox böyükdür və Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələr içərisində, demək olar ki, ön cərgədədir. Amma yenə də deyirəm, mən hesab edirəm ki, məsələn, işsiz adamlar işlə təmin olunmalıdır. Hesab edirəm ki, ölkəmizdə yoxsul adam olmamalıdır. Mən bunları çox vacib hesab edirəm və bunun üçün çalışıram.

Biz lazımi tədbirlər görürük. Ancaq bunu imkanlarımız çərçivəsində edirik. Amma əgər bizdə ictimai-siyasi sabitlik olmasaydı, qanun-qayda yaranmasaydı, bütün islahatları - iqtisadi islahatları həyata keçirməsəydik, nəinki belə göstəricilər əldə elə bilməzdik, hətta göstəricilərimiz yenə də ilbəil aşağı düşəcəkdi.

İndi biz böyük proqramlar üzərində işləyirik. Yoxsulluğun ləğv olunması strategiyası haqqında proqram hazırlanır. Təbiidir ki, qısa müddətdə buna nail olmaq mümkün deyildir. Ancaq biz strategiyamızı, strateji xəttimizi hazırlayırıq və bunun ardıcıl surətdə həyata keçirilməsini təmin edəcəyik.

Özəlləşdirmə prosesi davam edir. Bu proses yeni-yeni müəssisələrin, özəl sektorun inkişafını təmin edəcəkdir ki, bu da işsizliyi qismən aradan qaldıracaq, Azərbaycanın iqtisadiyyatının inkişafını təmin edəcəkdir. Bunların hamısı Azərbaycanın bugünkü həyatının göstəricilərini əks etdirən faktlardır, rəqəmlərdir. Siz bütün bunları - Azərbaycan dövlətinin həm xarici siyasətini, həm daxili siyasətini, dövlət quruculuğu prosesini, həm də ki, bizim nöqsanlarımızı, çatışmazlıqları və onların səbəblərini bilməlisiniz.

Siz bunu bilməlisiniz. Bunu təkcə siz yox, Azərbaycanın bütün vətəndaşları, amma ilk növbədə gənclər bilməlidirlər. Çünki siz də tədricən böyüdükcə, əmək fəaliyyətinə başlayarkən bu vəzifələrin yerinə yetirilməsində fəal iştirak edəcəksiniz və etməlisiniz.

Bizim hamımızı narahat edən, ölkəmizin iqtisadiyyatının daha sürətlə inkişafına mane olan ən böyük amil Ermənistan - Azərbaycan münaqişəsinin mövcudluğudur və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması, bir milyondan artıq vətəndaşımızın didərgin düşməsi, onların əksəriyyətinin çadırlarda yaşamasıdır. Biz bu məsələnin sülh yolu ilə həll edilməsinə çalışırıq. Doğrudur, bəziləri deyirlər ki, çox vaxt - bir, iki, üç, dörd, beş, altı il keçdi, ancaq mən hesab edirəm ki, biz bu məsələnin sülh yolu ilə həll olunmasına bu gün də, sabah da çalışmalıyıq. Biz bunu bu yolla da həll edə bilərik və həll edəcəyik. Bizim güclü ordumuz - Azərbaycanı qorumağa, ölkəmizin torpaqlarını müdafiə etməyə qadir olan güclü ordumuz vardır.

Burada nitq söyləyən ordu nümayəndəsi açıq dedi ki, biz Azərbaycan torpaqlarını istənilən zaman azad etmək üçün döyüşə qalxmağa hazırıq. Məni çox sevindirdi ki, sizin hamınız onun bu sözlərini alqışladınız. Ancaq bunun üçün zaman, vaxt lazımdır. Bu, indi lazımdır, yoxsa başqa vaxtda? Həyatdan xəbəri olmayan, populist fikirlərlə yaşayan kimlərsə deyirlər ki, gedək vuruşaq, döyüşək, nəyin bahasına olursa-olsun torpaqlarımızı azad edək. Bəli, bu yol mümkündür. Ancaq bunun Azərbaycan üçün nə qədər böyük itkiləri olacaqdır. Ölkəmizin iqtisadiyyatına, sosial iqtisadi vəziyyətinə bunun nə qədər böyük zərbələr vuracağını dərk etmək lazımdır. Biz bunu dərk edir, bilirik. Ona görə də biz məsələni sülh yolu ilə həll etmək istəyirik.

Dünyada gedən proseslərə fikir vermək lazımdır. İndi heç bir ölkə müharibəni başlayan dövləti dəstəkləməyəcək, onu bəyənməyəcək, müdafiə etməyəcəkdir. Ona görə də düşünmək lazımdır. Biz müharibəni başlayıb beynəlxalq aləmdə hansı imicə nail olacağıq? Onu da nəzərə alaq ki, dünyada, beynəlxalq təşkilatlarda hələ də ikili standartlar mövcuddur. Mən Avropa Şurasının Parlament Assambleyasının tribunasından bunu cəsarətlə bəyan etdim və bu, bir çox ölkələrə, beynəlxalq təşkilatlara ittihamdır. Çünki mən Azərbaycan dövlətinin fikrini bildirirəm ki, beynəlxalq təşkilatlarda ikili standartlar vardır. Hansısa ölkəyə bir, digərinə isə başqa münasibət göstərilir. Bu, ədalətlidirmi? Mən bunu dəfələrlə demişəm, əgər ədalət olsaydı, nə üçün Avropa Şurasına qəbul vaxtı Ermənistana o qədər maneələr törədilmirdi, Azərbaycana törədilirdi?

Buraya gələn nümayəndələrə də mən bunu dəfələrlə demişəm ki, siz insan hüquqlarının qorunması ilə məşğulsunuz. Haradasa bir insanın hüququ pozulubdursa, ondan ötrü hay-küy qaldırırsınız, qaldırın. Ancaq bir milyon insanın hüquqları pozulubdur, onlar yerlərindən-yurdlarından didərgin düşüblər, Ermənistan işğalçıdır, Azərbaycanın torpaqlarını işğal edibdir, amma siz onları ittiham etmirsiniz. Nəinki ittiham etmirsiniz, hətta onlara beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Şurasında Azərbaycana nisbətən üstünlük verməyə çalışırsınız və üstünlük də verirsiniz. Budur, ikili standart. Mən bunu bütün dünyaya bəyan etmişəm, heç kəsdən də çəkinmirəm, qorxmuram. Çünki mən həqiqəti deyirəm.

Onu bilin, əgər Azərbaycan Ermənistanın kiçik bir torpağını, azacıq ərazisini işğal etmiş olsaydı, indi Azərbaycanın başına nə işlər gələrdi? Mən orada, Avropa Şurasının Parlament Assambleyasında çıxış edəndən sonra bəzi deputatlar gəlib bizim nümayəndələrlə danışaraq demişdilər ki, Heydər Əliyev çox sərt çıxış etdi. Hətta mətbuat konfransında müxbirlərdən biri - gərək ki, o, erməni idi - Ermənistan prezidentinə sual verdi ki, əgər siz sülh danışıqları aparırsınızsa, əgər siz bir-birinizlə görüşürsünüzsə, Azərbaycan prezidenti Heydər Əliyevin belə sərt çıxışını necə qiymətləndirmək olar? O, bu suala belə cavab verdi ki, mən istəmədim bunları deyim, mən istəyirəm ki, ziddiyyətlər artmasın.

Amma heç kəs məni ittiham edə bilməz. Əgər mən o sözləri Avropa Şurasının tribunasından deməsəydim, xalqımın qarşısına çıxa bilməzdim.

Baxmayaraq ki, biz sülh danışıqları aparırıq, baxmayaraq ki, Avropa Şurasının üzvüyük, mən bütün həqiqəti dedim. Yenə də təkrar edirəm, orada mən dedim ki, Ermənistanın ərazisinin bir metri də işğal olunmayıbdır, ancaq Azərbaycan ərazisinin 20 faizi işğal altındadır, siz də buna fikir vermirsiniz, belə bir vəziyyətdir, belə bir şəraitdir.

Bütün bunlara baxmayaraq, Azərbaycan özünün düşünülmüş, ardıcıl siyasəti ilə və apardığı işlərlə birincisi, dünya miqyasında öz yerini tutubdur, hörmət qazanıbdır. İkincisi də, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasına şərait yaranıbdır və buna mənim inamım vardır.

Son günlər bizim cəmiyyətimizi, Azərbaycanı, bizim dost, qardaş Türkiyəni çox narahat edən hadisələr baş verir. Fransanın parlamentində Türkiyənin guya 1915-ci ildə ermənilərə qarşı \"soyqırımı\" etməsi haqqında qərar qəbul olunubdur. Bir neçə ay bundan öncə Amerika Birləşmiş Ştatlarının Konqresində belə bir qərar müzakirə olunurdu. Müzakirə onu göstərirdi ki, ermənipərəst konqresmenlər bu qərarın qəbul edilməsinə nail ola biləcəklər. Ancaq seçkilər ortaya düşdü və ABŞ-ın rəhbərliyi bu məsələni təxirə sala bildi. İndi bilmirəm, bunun qarşısını tamamilə alıblar, yoxsa yox. Ancaq təxirə salıblar.

İtaliyanın parlamenti də \"erməni soyqırımı\" haqqında belə bir qərar qəbul edibdir. Bu proseslər başlayarkən biz Azərbaycan dövlətinin mövqeyini açıq-aydın bildirmişik. Hələ iki il bundan öncə Fransa parlamentinin aşağı palatası belə bir qərar qəbul etmişdi. Ancaq Senat onu qəbul etməmişdi. Ona görə də həmin qərar qüvvəsiz qaldı. Lakin bu dəfə Senat bu qərarı qəbul edibdir. Deməli, bu, son qərardır. Hələ Senatda müzakirə gedən zaman Azərbaycan buna öz kəskin etirazını bildirmişdir. Azərbaycan prezidenti kimi mən dəfələrlə etiraz edərək bildirmişdim ki, birincisi, bu, tarixi həqiqətdən uzaqdır, ikincisi də belə qərarın çıxarılmasına Fransa parlamentinin haqqı yoxdur. Təbiidir ki, qardaş, dost Türkiyəni biz həmişə dəstəkləmişik, bu dövrdə də dəstəklədik. Mən bəyanatlar verdim, Türkiyənin prezidenti ilə, baş naziri ilə telefon danışıqları apardım.

Nəhayət, mən Fransaya rəsmi səfərə getmişdim. Bilirsiniz ki, Fransanın prezidenti Jak Şirak bir neçə ay bundan öncə məni öz ölkəsinə səfərə dəvət etmişdi. Ancaq sonra Azərbaycanın Avropa Şurasına qəbul olunması ilə əlaqədar vaxt müəyyən edildikdən sonra biz belə razılığa gəldik ki, mən Fransaya iki dəfə getməyim, Avropa Şurasının iclasından əvvəl Parisə rəsmi səfər edim, ondan sonra isə Avropa Şurasında olum.

Prezident Jak Şirak da belə təklif irəli sürdü ki, orada - Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərini təşkil etsin və Minsk qrupunun həmsədri kimi, məsələnin sülh yolu ilə həll olunması sahəsində öz səylərini göstərsin. Mən yanvar ayının 24-də Fransada rəsmi səfərdə idim. Orada səhərdən görüşlərim başlandı. Prezident Jak Şirakla çox ətraflı danışıqlar apardım. Danışıqlarımızın əksər hissəsi Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması ilə əlaqədar idi. Mən ona bu barədə çoxlu yeni məlumatlar verdim. Ancaq mən onunla söhbət edərkən açıq bildirdim ki, biz - ölkəmizin ictimaiyyəti, Azərbaycan dövləti Fransa Senatının elə bir qərar çıxarmasından çox narahatdır, biz buna etiraz edirik və mən anlamıram ki, siz bunu nə üçün etmisiniz? Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz prezident kimi bunun qarşısını almalısınız və təsdiq etməməlisiniz.

Mən bunların hamısını açıq şəkildə dedim. Bir var ki, qəzetdə bəyanat verəsən, ya da gedib Milli Məclisində danışasan, bir də var ki, Senatı qərar qəbul edən, ölkənin başçısı ilə üzbəüz duraraq ona öz etirazını, öz iradlarını bildirəsən. Budur mənim mövqeyim. O, mənə izahat verdi. Doğrudur, bu, bizim təkbətək danışığımızda olan şeydir, bəlkə də mən bunu açmamalıyam. Ancaq sonra özü mətbuat konfransında müəyyən məqamlara toxundu. O dedi ki, prezident kimi mən və Fransanın baş naziri Lionel Jospen bunun əleyhinəyik. Biz bu qərarın qəbul olunmaması üçün çalışmışıq. Lakin bir şey edə bilməmişik. Dedi ki, bu, bizim daxili siyasi vəziyyətimizlə əlaqədardır. Fransada təxminən 500-600 min erməni yaşayır. Onlar da orada, çox yerlərdə təsir gücünə malikdirlər. Onlar seçicidirlər. Demokratiyaya görə, demək olar ki, hər il Fransada ya bələdiyyə seçkisi, ya kanton seçkisi, ya parlament, ya da prezident seçkisi keçirilir. Ona görə də seçilmək istəyən hər bir adam özünə səs toplamaq istəyir. Ermənilərin, erməni diasporunun da Fransada xeyli səsi vardır. Onlar bundan istifadə edərək senatorlara təsir edirlər.

Hətta mənə dedi ki, üç ay bundan öncə erməni diasporunun nümayəndələri Senatın qarşısında böyük bir çadır qurub gecə-gündüz orada otururdular. Senata gələn senatorları oraya dəvət edir, onlarla danışıqlar aparır, sözləşirdilər ki, onlara səs verəcəklər, nə bilim, nə edəcəklər. Yəni onlar həmin qərarın qəbul olunmasına səs versinlər.

Amma eyni zamanda, mənə onu da dedi ki, Fransada türklər də az deyildir. Ancaq onların tərəfindən belə hərəkətlər, təəssüf ki, biz görmürük. O, bəyan etdi ki, mən Türkiyənin yaxın dostuyam, 20 il bundan öncə özümü Türkiyənin yaxın dostu kimi elan etmişəm və bu hisslərlə də yaşayıram. Ancaq həmin qərar Senatın işidir, mən özüm isə bunun əleyhinəyəm.

Sonra biz - həmin rəsmi ziyarətim zamanı - mətbuat nümayəndələrinin qarşısına çıxanda, mən ona demişdim ki, siz jurnalistlərə bir şey deyin. Əvvəlcə o bildirdi ki, demək istəmir, ancaq sonra özü orada mətbuat nümayəndələrinə dedi. Yəqin ki, bu da bizim qəzetlərdə yazılıb, televiziyada verilibdir. Ona bu barədə sual verdilər. O dedi ki, prezident Heydər Əliyevin narahatçılığını və Azərbaycanda olan narazılığı və narahatçılığı mən bilirəm.

Onların buna haqqı var. Mən prezident Heydər Əliyevin hisslərini anlayıram. Ancaq bu, Senatın işidir və sair. Bunlar qəzetlərdə yazılıbdır.

Sonra mən Strasburqa getdim. Strasburqdan qayıdandan sonra biz - Ermənistan və Azərbaycan prezidentləri Parisdə təkbətək iki saat görüşdük. Daha sonra iki saatdan çox prezident Jak Şirak, mən və Ermənistan prezidenti danışıqlar apardıq. Bundan sonra isə o, bizə ziyafət verdi və iki saat da ziyafət zamanı danışıqlar apardıq.

Mən buraya qayıdandan sonra eşitdim ki, artıq o qərar dövlət tərəfindən təsdiq edilibdir. Görünürdü ki, həmin qərar təsdiq olunacaqdır. Çünki onların qanununa görə, prezident bunun qarşısını almaq imkanına malik deyildir. Bu barədə mən dünən Türkiyənin prezidenti cənab Əhməd Necdət Sezərlə də geniş danışdım, fikir mübadiləsi apardıq. Ondan əvvəl də bu məsələ ilə əlaqədar mən bir neçə dəfə Türkiyənin rəhbərləri ilə danışmışdım. Yəni bizim mövqeyimiz burada tam açıq-aydındır. Yenə də deyirəm, bu, Türkiyəyə qarşı ədalətsiz bir addımdır.

Mən hesab edirəm ki, 1915-ci ildə türklər ermənilərə qarşı soyqırımı etməyiblər. Hesab edirəm ki, əksinə, ermənilər türklərə qarşı bəzi günahlar ediblər. Mən bunu dəfələrlə demişəm. Bizim Milli Məclisimiz də hələ iki il bundan əvvəl bu məsələ qalxanda bəyanat vermişdi. İndi Milli Məclis yenə də müzakirə edibdir, bu gün qərar qəbul edəcək, bəyanat verəcəklər. Biz yenə də bu mövqedəyik.

Dünyada ədalətsiz qərarlar vardır. Onlardan biri də Fransa Senatının soyqırımı haqqında Türkiyəyə qarşı qəbul etdiyi bu qərardır. Mən Azərbaycan dövləti adından bir daha buna öz etirazımı bildirirəm, bu qərarı pisləyirəm və hesab edirəm ki, bu, Türkiyəyə qarşı, təkcə Türkiyəyə yox, Azərbaycana qarşı da olan ədalətsiz hərəkətdir.

Türkiyə hökuməti bu barədə müəyyən tədbirlər görür. İqtisadi əlaqələrin dayandırılması üçün müəyyən tədbirlər görür, sanksiyalar tətbiq edib və edəcəkdir. Biz bu məsələdə Türkiyə ilə daim bir yerdəyik.

Bizim ictimaiyyətdə, mətbuatda bu məsələyə göstərilən münasibət, yəni Fransanın ədalətsizliyi haqqında yazılar, çıxışlar, danışıqlar tamamilə əsaslıdır. Yenə deyirəm, buna Azərbaycan prezidenti kimi ilk dəfə mən münasibətimi bildirmişəm. Amma eyni zamanda, reallığı da nəzərə almaq lazımdır.

Orada - Strasburqda mətbuat konfransında Ermənistan prezidentinə bu barədə sual verildi. O, təbiidir ki, özünün bildiyi kimi izahat verdi. Mənə sual verilməmişdi. Mən orada Fransa Senatının bu qərarına qəti etirazımı bildirdim. Mən etirazımı bildirəndən sonra Ermənistan prezidenti yenə söz aldı. Etirazım da ondan ibarət idi ki, 85 il bundan öncə soyqırımının olub-olmadığı məlum deyil, indi Fransa Senatının belə bir qərar qəbul etməsi ədalətsizlikdir. Türkiyə müstəqil dövlətdir. Başqa dövlət haqqında Fransanın belə qərar qəbul etməsi beynəlxalq hüquq normalarına uyğun deyil və Türkiyənin daxili işlərinə qarışmaqdır. Mənim bu sözlərimdən sonra Ermənistan prezidenti dedi ki, Avropa birdir, Avropa Şurası var, demokratiya var, buna görə də Fransa Senatının belə bir qərar qəbul etməsinin əsası vardır.

Mən yenə onun cavabını verdim. Dedim ki, birincisi, 85 il bundan öncə əgər belə bir şey olubsa, onda nə Avropa Şurası, nə də demokratiya vardı. Buna görə də 85 il bundan öncə olan hadisəni indiki dövrün şəraitinə uyğunlaşdırmaq olmaz. Yəni mən hər yerdə öz münasibətimi bildirdim. Biz bundan sonra da buna etiraz edəcəyik. Mən hesab edirəm ki, Türkiyə qüdrətli dövlətdir, həmişə öz milli mənafelərini qoruyubdur və qoruyacaqdır.

Bu məsələ qalxanda Türkiyəyə belə tövsiyələr verilmişdi ki, Türkiyə Ermənistanla diplomatik əlaqələri qurmaq, sərhədləri açmaq üçün danışıqlar aparsın. Türkiyə hökuməti bu barədə mənim fikrimi soruşmuşdu. Onların nümayəndələri buraya gəlmişdi. Bunu siz mətbuatdan bilirsiniz. Mən onlara bildirdim ki, buna heç vaxt getmək olmaz.

Mən dünən prezident cənab Sezərə də bu barədə öz fikrimi bildirdim. Dedim ki, indi bu qanunsuz qərarın təsiri altında əgər Türkiyə Ermənistana qarşı öz münasibətini yumşaldarsa, bu, Türkiyəyə də xeyir gətirməyəcək və Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmasına da kömək etməyəcəkdir. Mən hələ Fransaya getməmişdən əvvəl Türkiyənin Azərbaycana gəlmiş nümayəndəsinə bunu demişdim və dünən də prezident cənab Sezərlə danışanda bunu bildirdim.

Amma dünya siyasəti mürəkkəb bir şeydir. Dünya siyasətində siyasəti bilmək və bacarmaq lazımdır. Təəssüf olsun ki, Azərbaycanda, yenə də deyirəm, xalqımızın, millətimizin haqlı etirazı ilə bərabər, bəziləri də istəyirdilər ki, bu hadisədən istifadə edib özləri üçün bir xeyir götürsünlər, yaxud hörmət qazansınlar. Məsələn, müxalifətdən olan deputatlar dünən Milli Məclisdə təklif ediblər ki, Azərbaycan Fransa ilə bütün əlaqələrini qırmalıdır, Fransa səfirliyini ölkəmizdən, Fransanı Minsk qrupunun həmsədrliyindən çıxarmalıdır və s.

Təbiidir, hər adam öz fikrini deyə bilər. Mən kiminsə hansısa fikri deməsinə etiraz etmirəm və edə də bilmərəm. Ancaq düşünmək lazımdır. Tutaq ki, biz bu gün Fransa ilə iqtisadi əlaqələri kəsdik, bununla Fransaya nə edəcəyik? Yəni bizim bu kiçik hərəkətimiz Fransanın Senatına təsir edəcək və ya orada dəyişiklik əmələ gətirəcəkdirmi? Bu barədə fikirləşmək, ağıllı hərəkət etmək lazımdır.

Yaxud bu gün mətbuatda görürəm ki, bəziləri, elə vaxtilə bu işlərlə məşğul olan adamlardan biri deyir ki, gərək Heydər Əliyev Parisə getməyəydi. O birisi deyir ki, Fransanı Minsk qrupunun həmsədrliyindən çıxarmaq lazımdır. Bunlar ağılsız fikirlərdir.

Birincisi, mən istəyirəm ki, ictimaiyyət bilsin, 1996-cı ildə ATƏT-in Lissabon sammiti keçəndən sonra Minsk qrupunun həmsədrliyində dəyişikliklər oldu. O vaxta qədər Minsk qrupunun iki həmsədri vardı - Rusiya və Finlandiya. Lissabon zirvə görüşündə Finlandiya həmsədrlikdən çıxdı. Biz təklif etdik ki, onun yerini Amerika Birləşmiş Ştatları tutsun. İnanırdıq ki, ABŞ bu sahədə təsirli tədbirlər görəcəkdir. Ermənistan və Rusiya buna etiraz etdi. Onlar Fransanı təklif etdilər. Biz isə Amerika Birləşmiş Ştatlarını təklif etdik.

Həmin vaxt - 1997-ci ilin yanvar ayında prezident Jak Şirak məni Fransaya rəsmi səfərə dəvət etmişdi. Bu məsələ həll olunurdu. O, məni əvvəlcədən dəvət etmişdi və mən getməli idim. Oraya getdim, bir çox danışıqlar apardıq ki, siz nə üçün Minsk qrupuna bizim həmsədr olmağımızın əleyhinəsiniz? Ona dedim ki, mənim sizə böyük hörmətim var, Fransa dövlətinə hörmətimiz var. Amma burada erməni diasporu çox güclüdür, onların bəziləri dövlət strukturlarında çalışırlar. Ona görə də Fransanın həmsədrliyi bizim məsələmizin həll edilməsinə mane ola bilər. Mən bunu kənar yerdə yox, böyük bir ölkənin prezidenti, dünyada böyük ictimai-siyasi xadim olan Jak Şiraka dedim. O isə mənə dedi ki, siz səhv edirsiniz, Ermənistanla bizim həqiqətən əlaqələrimiz yaxşıdır, ona görə də Ermənistana təsir etmək imkanımız başqa ölkələrdən daha da artıqdır. Amma buna baxmayaraq, mən Fransanın Minsk qrupuna həmsədrlik etməsinə etiraz etdim.

Amerika Birləşmiş Ştatları da söz vermişdi ki, onlar həmsədr olacaqlar. On gün ondan sonra bizə Amerika Birləşmiş Ştatlarından məlumat gəldi ki, Fransa ilə toqquşmaq istəmirik, ona görə də həmsədrlər iki yox, üç olsun - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa. Həqiqət bundan ibarətdir.

Ancaq bunu da deməliyəm ki, ondan sonra ötən üç ildə Minsk qrupunun həmsədri kimi Fransa, xüsusən də bu ölkənin prezidenti Jak Şirak Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün çox səylər göstərmişdir. Başqalarına nisbətən bəlkə də daha çox səylər göstərmişdir. Bunu mən bilirəm. Bəzən də sonralar mən utanırdım, onun üzünə demişdim ki, biz Fransanın həmsədr olmasını istəmirik.

Amma buna baxmayaraq, bizim aramızda çox yaxın dostluq əlaqələri yarandı. Fransa prezidenti çox təcrübəli adamdır. Dünyada böyük hörmətə malik insandır. 1997-ci ildə Minsk qrupunun həmsədrləri məsələnin paket həlli təklifi vermişdilər. Onu biz qəbul etdik, Ermənistan qəbul etmədi. İkinci təklif münaqişənin mərhələ-mərhələ həll olunması barədə idi. Ermənistan onu əvvəlcə qəbul etmədi. Bilirsiniz ki, sonra Ermənistanın o vaxtkı prezidenti Ter-Petrosyan buna razılıq verdi və prezident Jak Şirak 1998-ci il yanvar ayının əvvəlində mənə telefon etdi, dedi ki, Ter-Petrosyan burada idi. Biz onunla danışdıq, o, bunu qəbul edir, bir həftəyə, on günə qəbul edəcəkdir və ondan sonra proses başlayacaqdır.

Amma bir həftədən sonra o, mənə dedi ki, sənə telefon edəcəyəm. Bir həftədən sonra Ter-Petrosyanı elə buna görə istefa verməyə məcbur etdilər. Ondan sonra prezident Jak Şirakla yenə telefon əlaqəm oldu. Çox təəssüf edirdi ki, məsələ artıq düzəlirdi və heç kəsdən asılı olmayaraq pozuldu. Baş verən proseslər belədir. İndi bizim üç həmsədrimiz vardır. Üçü də eyni şeyi deyir: \"İki prezident danışsın, hansı qənaətə gəlsələr, biz onunla razıyıq. Biz sizin heç birinizə təsir etmək istəmirik\". Amerika da bunu deyir, Rusiya da, Fransa da bunu deyir. Həqiqət bundan ibarətdir.

İndi mən sizə bu daxili proseslərin qısa bir parçasını, necə deyərlər, açıram ki, özlərini \"qəhrəman\" kimi göstərib bu gün Fransanı həmsədrlikdən çıxarmaq təklifini irəli sürən adamlar, heç olmasa anlasınlar. Bəzi müxalifət qəzetlərində bu fikri deyən 5-6 nəfər \"ştatlı\" adam var. Azərbaycanda 8 milyon əhali yaşayır, ziyalılar, alimlər, professorlar var. Onlar qalıb kənarda, 3-4 nəfər belə danışan adam ona sual verir, buna sual verir. Hamısı eyni şeyi deyir. Bu cür ağılsız hərəkətlər Azərbaycana heç vaxt xeyir gətirə bilməz. Fransa Senatının bu ölkənin həmsədrlik işinə qarışmaq imkanı yoxdur. Fransanın həmsədrliyini prezident Jak Şirak və onun nümayəndələri həyata keçirir. Yanvarın 24-də və yanvarın 26-da Parisdə üçümüzün bir yerdə görüşündən sonra mən hiss etdim ki, prezident Jak Şirak bu məsələnin ədalətli həll olunmasını həqiqətən səmimi olaraq istəyir.

Mən bunları sizə çatdırıram və güman edirəm ki, televiziya vasitəsilə ictimaiyyət də biləcəkdir. Bir də, güman edirəm, siz mənim dediyim bu sözlərdən başa düşəcəksiniz ki, xüsusən respublikamızın belə ağır vəziyyətdə olduğu zaman siyasət nə qədər çətindir, nə qədər ağırdır. Kimsə hesab edir ki, hansısa böyük dövlət Ermənistanı bizim torpaqlardan qeyd-şərtsiz çıxmağa məcbur etməlidir o, düzgün fikirləşmir. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının bu barədə dörd qətnaməsi vardır. Ermənistan bunu yerinə yetirmir. Mən Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatında - 2000-ci il sentyabrın 7-də mənim orada çıxışım olubdur, götürüb oxuyun - bunları demişəm.

Strasburqda da demişəm - Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsi var. Ermənistan bunları yerinə yetirmir. Biz Birləşmiş Millətlər Təşkilatında bu barədə danışanda deyirlər ki, bunu icra etmək mexanizmimiz yoxdur. O birilərini də deyirsən, çiyinlərini çəkirlər. Həmsədrlər açıqca deyirlər, Ermənistana təsir etsinlər ki, silahlı qüvvələrini işğal olunmuş Azərbaycan torpaqlarından, heç olmasa, Dağlıq Qarabağın ətrafında olan torpaqlardan çıxarsın. Onların heç biri bunu etmək istəmir. Belə olan şəraitdə, yenə də deyirəm, siyasətdə ayrı-ayrı diletant adamlar, Milli Məclisdə müxalifət nümayəndələri camaat arasında guya xal qazanmaq üçün deyirlər ki, gəlin, Fransanı həmsədrlikdən çıxaraq, Fransa ilə əlaqələri qıraq. Hamısını etmək olar, amma nə udacaqsan? Heç bir şey, amma çox şeyi uduzacaqsan!

Bütün bunları sizə və Azərbaycan ictimaiyyətinə çatdıraraq, mən istəmirəm ki, kimsə ümidsizliyə qapılsın. Yox. Bizim apardığımız işlər, danışıqlar çox az sürətlə də olsa, məsələni irəliyə aparır. Yəni məsələnin sülh yolu ilə həll olunmasını irəliyə aparır. Mən də gecə-gündüz bu işlə məşğulam, məşğul olacağam və inanıram ki, biz buna nail olacağıq.

Əziz dostlar!

Mən bu gün sizin başınızı bir çox mürəkkəb siyasi fikirlərlə doldurdum. Ancaq bu, sizə lazımdır. Lazımdır ki, indi siz gənc vaxtlarınızdan düzgün düşünməyi, məsələləri düzgün təhlil etməyi bacarırsınız, bu qabiliyyətləri özünüzdə yarada biləsiniz. Çünki bu olmasa, indiki dövrdə, Azərbaycanın müstəqilliyi dövründə böyük işlər görmək mümkün deyildir. Hələ ki, bizim nəslin təcrübələri vardır. Çalışın, bu təcrübələrdən istifadə edin. Çünki insan üçün göydən heç bir şey düşmür. İnsan üçün, birincisi, onun anadangəlmə istedadıdır, ikincisi, aldığı mükəmməl təhsil və cəmiyyətdə qazandığı təcrübədir, üçüncüsü, təcrübəli insanların, həyatı görmüş insanların təcrübəsindən istifadə etməkdir. Mən arzu edərdim ki, siz bunları biləsiniz və bu yol ilə gedəsiniz.

Mən sizinlə bugünkü görüşümdən çox sevinc hissi keçirdiyimi bir daha bildirirəm. Bu sevinc hissi ilə də mən sizdən ayrılıram. Sağ olun.