Azərbaycan Prezidenti Heydər Əliyevin Azərbaycan-Türkiyə müştərək müəssisəsinin - çaypaketləmə fabrikinin açılışı mərasimində çıxışı - Bakı, Bakıxanov qəsəbəsi, 28 dekabr 1996-cı il

Hörmətli bacılar, qardaşlar!

Hörmətli dostlar, xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Bu gün bu toplantı xüsusi bir əhəmiyyət kəsb edir. Bunun mənası, məzmunu Azərbaycanda son illərdə iqtisadiyyatın təkmilləşdirilməsi, bazar iqtisadiyyatının yaranması və inkişaf etməsi yolunda atılan bir addım kimi qiymətləndirilməlidir.

Respublikamızın istehsal imkanları, təbii sərvətləri və o cümlədən Azərbaycanın təbiətindən alınan məhsullar çox zəngindir, genişdir. Bunlardan səmərəli istifadə etmək lazımdır. Bunun üçün sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata geniş yol verilməsi, bazar iqtisadiyyatının yaranması bizim strateji yolumuzdur. Biz bu yolla əzmlə, addım-addım irəliləyirik.

Bildiyiniz kimi, Azərbaycanda geniş imkanlar yaranıbdır, lazımi qanunlar qəbul olunubdur. Respublikamızda iqtisadi islahatlar həyata keçirilir və insanların təşəbbüskarlıq, sahibkarlıq addımları dövlət və hökumət tərəfindən bəyənilir, onların həyata keçirilməsi üçün lazımi imkanlar yaradılır. Aparılan bu iqtisadi siyasətin nəticəsində Azərbaycanda son illər özəl müəssisələr yaranır, xarici sərmayədarlar, iş adamları Azərbaycanın müxtəlif təşkilatları, istehsal müəssisələri, ayrı-ayrı iş adamları ilə işgüzar əlaqələr qurmağa daha da çox həvəs göstərirlər və bunlar da öz müsbət nəticəsini verir. Bunların parlaq təzahürlərindən biri də bu gün burada Azərbaycanın və Türkiyənin \"İntersun\" şirkəti ilə müştərək yaratdığı birgə müəssisənin - yeni çay fabrikinin işə başlaması və bu münasibətlə keçirilən bu mərasimdir.

Azərbaycanda çay bitkisi geniş yayılmış bir bitkidir. Azərbaycan torpaqları çay yetişdirmək, istehsal etmək üçün yararlı imkanlara malikdir. Azərbaycan qədimdən çay istehsal edən bir ölkədir. Keçmiş illərdə Azərbaycanda çay istehsal etmək üçün imkanlar da çox idi. Cənub bölgəsində - Lənkəran, Astara, Masallı rayonlarında geniş çay plantasiyaları var idi. Vaxtilə Azərbaycanda ildə 25-26 min ton yaşıl çay yarpağı toplamaq mümkün olmuşdur.

Qeyd etmək istəyirəm ki, o vaxtlar respublikamızın Cənub bölgəsində çayçılıqla məşğul olan təsərrüfatlarımız çay bitkisinin becərilməsindən alınan məhsuldan çox xeyir götürdükləri halda, Azərbaycanda bu məhsulun, istifadə edilən çayın keyfiyyətini qaldırmaq o qədər də mümkün olmamışdır. Amma buna baxmayaraq, bizdə böyük çay plantasiyaları olmuş, çayçılarımız bundan mənfəətlər götürmüş, çay bitkisini becərmək, məhsul əldə etməklə öz həyatlarını qurmuşlar.

Təəssüflər olsun ki, sonrakı dövrdə bu çay plantasiyaları baxımsızlıq, ayrı-ayrı qrupların dağıdıcı, pozucu işləri nəticəsində dağılmışdır. Kənd təsərrüfatı naziri bu gün mənə məlumat verdi ki, respublikada bu il cəmisi min ton yaşıl çay yarpağı əldə edilibdir. Amma mənim xatirimdədir, 1980-ci ildə respublikada 26 min ton çay yarpağı yığılmışdı. Demək, bu rəqəm 26 dəfə azalıbdır. Mən soruşuram ki, nə üçün bu belə olubdur? Deyir ki, siz gördüyünüz çay plantasiyalarından indi çox az bir hissə qalıbdır. Bilirsiniz, dağıtmaq asandır, amma yaratmaq, qurmaq çətindir.

Xalqımız həmişə yaradıcı, qurucu xalq olubdur. Xalqımızın bu istedadından, fədakarlığından istifadə edərək biz 1970-1980-ci illərdə Azərbaycanın kənd təsərrüfatında böyük imkanlar yaratmışdıq, o cümlədən Lənkəran, Astara, Masallı rayonlarında gözəl çay plantasiyaları, bağları salmışdıq. İnsanlar ona baxanda heyran olurdular. Hətta bəzən televiziyada, filmlərimizdə həmin çay plantasiyalarını, o plantasiyalarda Azərbaycanın cavan qızlarının - çayçıların işlərini görəndə adam həddindən artıq sevinirdi. Təəssüflər olsun ki, həmin o dağıdıcı, pozucu qüvvələr xalqın illər, on illər boyu yaranmış sərvətini dağıdıblar, viran ediblər. İndi bunları yenidən qurmaq, yaratmaq lazımdır. Biz bununla məşğuluq. Bu gün mən sizə tam qətiyyətlə deyirəm ki, Azərbaycanın çay plantasiyaları, bağları qısa bir müddətdə bərpa olunacaq, yenidən yaradılacaq, qurulacaqdır. Bunlar hamısı xalqımıza, zəhmət adamlarımıza, azərbaycanlılara yenidən böyük gəlirlər, faydalar gətirəcək və xalqımızın rifah halının yaxşılaşmasına kömək edəcəkdir.

Respublikamızda yeni addımlar atılır və bunun üçün də indi xarici sərmayədən geniş istifadə olunur. Azərbaycanın müvafiq təşkilatları xarici sərmayədarlarla müştərək işlər görürlər. Mən belə işlərin görülməsini dəstəkləyirəm, bəyənirəm. Onların iş görməsi üçün respublikamızda lazımi şərait yaranıb, müvafiq qərarlar qəbul olunub və bundan sonra da qəbul olunacaqdır. Buna görə də mən həm çayçılarımıza, çayçılıqla məşğul olan rayonların zəhmətkeşlərinə, həm də xarici sərmayəçilərə deyirəm ki, bu sahədə səmərəli müştərək iş görmək, gəlir, yaxşı mənfəət götürmək olar. Gəlin, birləşin, işləyin, müştərək iş görün, həm özünüz üçün mənfəət götürün, həm xalqın rifah halı yaxşılaşsın, həm də Azərbaycanın iqtisadiyyatı yüksəlsin. Mən bunun üçün sizin hamınıza lazımi zəmanət verirəm.

Bu gün burada açılışına toplaşdığımız modern, müasir avadanlıqla təchiz olunmuş, böyük istehsal imkanlarına, müasir texnologiyaya malik yeni çay fabriki məni çox sevindirir. Hesab edirəm ki, bu, respublikamızın iqtisadi həyatında əlamətdar bir hadisədir. Mən əminəm ki, bu başlanğıc davam edəcəkdir, çay fabriki nəzərdə tutulan istehsal həcminə çatacaqdır, yüksək keyfiyyətli məhsul istehsal edəcəkdir və Azərbaycan Respublikası əhalisinin çaya olan ehtiyacını ödəyəcəkdir.

Bu gün mən fabrikin bütün sexlərinə, texnoloji proseslərə, avadanlığa və istehsal olunan çay məhsuluna baxdım. Bunu siz də görmüsünüz. \"İntersun\" şirkəti son vaxtlar çox maraqlı iş görür, bu çayları Azərbaycan televiziyasında mütəmadi olaraq təbliğ, reklam edir, xalqımıza tanıdır. Ona görə də mən bura gəlməmişdən əvvəl bu çaylarla televiziya vasitəsilə tanış olmuşam. Amma indi bu çayları əyani olaraq gördüm, yəni bu çayın özünü də, onun qabını, qutularını da gördüm. Bunlar hamısı həqiqətən dünya standartlarına uyğun olan bir səviyyədədir. Mən inanıram, \"İntersun\" şirkətinin rəhbərləri də mənə dedilər ki, onların bu çayları nəinki Azərbaycanda, başqa ölkələrdə də satılacaqdır, yayılacaqdır.

Burada məlumat verildi ki, bu çaylar İraqa, Türkiyəyə artıq ixrac olunubdur. Sözsüz ki, bundan sonra da geniş yayılacaqdır. Beləliklə, Azərbaycanda istehsal edilən çaydan başqa ölkələrdə də istifadə olunacaqdır. Bu isə mənfəət gətirəcəkdir və çay istehsal edən bir ölkə kimi Azərbaycana da yeni şöhrət qazandıracaqdır. Mən bunu çox qiymətləndirirəm və əmin olduğumu bildirmək istəyirəm ki, fabrik layiqli səviyyədə işləyəcək, öz istehsal gücünü təmin edəcək və respublikanın iqtisadiyyatına da lazımi mənfəət verəcəkdir, burada çalışan işçilər də öz maddi tələblərini ödəyə biləcəklər və beləliklə də ümumi, səmərəli iş görüləcəkdir.

Bu çay müəssisəsinin təşkil olunmasının və bu gün istifadəyə verilməsinin bir xüsusiyyəti də ondan ibarətdir ki, çay çox gözəl bir məhsuldur. İnsana lazım olan məhsullar arasında azərbaycanlılar, xalqımız üçün çaydan gözəl və çox geniş istifadə olunan məhsul yoxdur. Bunu bəlkə bir çörəklə müqayisə etmək olar. Hər bir azərbaycanlı çörək yeyəndən sonra mütləq çay içir. Bu, bizim əsrlərdən-əsrlərə keçmiş ənənəmizdir. Elə bir azərbaycanlı tapa bilməzsən ki, o, çaysız yaşasın. Ona görə də belə bir müəssisənin yaranması Azərbaycanın milli ənənələrinə, xalqımızın milli tələbatına uyğun olan bir haldır. \"İntersun\" şirkətinin də respublikamızda məhz bu məhsulun hazırlanmasına başlaması onu göstərir ki, onlar bizim Azərbaycanın həyatını yaxşı öyrəniblər, xalqımızın birinci növbədə ən əsas tələb olunan məhsulunu müəyyən ediblər və bu məhsulun istehsalına başlayıblar. Mən buna xüsusi qiymət verirəm.

Aydındır ki, çay çox mənfəətli bir içkidir, məhsuldur. İnsanların istifadə etdiyi bütün içkilərdən - təkcə sudan savayı, çay da su ilə bərabər içilir. Ona görə də mən alkoqollu içkilər istehsal edən müəssisələrə, yaxud o içkilərə meyl edən insanlara deyirəm: bizim ulu babalarımız daim çay içiblər. Onlar çayı ən mötəbər içkimiz hesab ediblər və bu da ulu babalarımızdan bizə gəlib çatan ənənədir, öyrəndiyimiz bir vərdişdir. Ona görə də çaydan səmərəli istifadə etmək lazımdır. Yəni bunu təbliğ etməyə ehtiyac yoxdur. Desəm də, deməsəm də hər bir ailədə, evdə hər hansı insan mütləq çay içməlidir. Şübhəsiz, hamı istəyir ki, bu çay keyfiyyətli olsun. Hətta bizdə çay haqqında mahnılar var, çayı tərənnüm edən nə qədər sözlər var.

Azərbaycanda gözəl bir ənənə mövcuddur ki, hər yerdə çayxana vardır. Bu, Azərbaycanın milli xüsusiyyətini əks etdirən bir ənənədir. Xarici ölkələrdə spirtli içkilər içilən yerlər, başqa müəssisələr də var. Mən buna etiraz etmirəm, bəli, bunlar da olmalıdır. Ancaq Azərbaycanda çayxanalar insanlar üçün lazım olan, ən geniş yayılan müəssisələrdir. İnsanlar gedib çayxanada istirahət edirlər, söhbət edirlər. Çay samovarları, çay nümunələri həmişə xalqımız tərəfindən sevilib. Yenə də deyirəm, çay içmək xalqımızın vərdişidir, xüsusiyyətidir. Hesab edirəm ki, bunlar hamısı millətimizə xas olan çox müsbət xüsusiyyətlərdir. Mən çox istərdim ki, xalqımız ancaq çay içsin, insanlar spirtli içkilərə, onların həyatına ziyan vuran cürbəcür içkilərə meyl etməsinlər. Bu baxımdan da yüksək keyfiyyətli çay istehsal olunması bu ənənələrimizin daha da möhkəmlənməsinə və genişlənməsinə, inkişaf etməsinə kömək edir.

Beləliklə, mən bu çay istehsalını, yaradılan çay fabrikini həm iqtisadi, insanların tələbatının ödənilməsi nöqteyi-nəzərindən, həm də milli ənənələrimizin inkişaf etdirilməsi üçün hər bir evdə, hər bir çayxanada yüksək keyfiyyətli çay hazırlanması baxımından müsbət qiymətləndirirəm. Bunların hamısına görə mən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və Türkiyənin \"İntersun\" şirkətinə bu təşəbbüsləri üçün təşəkkürümü bildirirəm.

Mən sizi bu yeni müəssisənin açılması münasibətilə təbrik edirəm. Çox məmnunam ki, bazar iqtisadiyyatı yolunda addımlar atılır, əməli işlər görülür və bunlar öz nəticəsini verir. Bu gün bir daha bəyan edirəm ki, bazar iqtisadiyyatının inkişaf etdirilməsi üçün Azərbaycan dövləti, hökuməti tərəfindən bundan sonra da lazımi tədbirlər görüləcəkdir. Sağlam, təmiz, pak bazar iqtisadiyyatı yolu ilə gedən iş adamlarına Azərbaycanda geniş yer veriləcəkdir, xarici şirkətlərə, sərmayəçilərə geniş meydan açılacaqdır. Mən sizin hamınızı belə işlərlə əməli surətdə məşğul olmağa dəvət edirəm. Respublikamıza gəlmək və müştərək iş görmək üçün xarici şirkətləri bir daha Azərbaycana dəvət edirəm.

Bu gün açılan müəssisə eyni zamanda Azərbaycan-Türkiyə əməkdaşlığının nümunəsidir. Mən dəfələrlə demişəm ki, xarici ölkələrlə əməkdaşlığımız sahəsində Türkiyə Cümhuriyyətinin, şirkətlərinin, iş adamlarının xüsusi yeri vardır və biz buna xüsusi əhəmiyyət veririk. Bu müəssisə bu baxımdan Azərbaycan-Türkiyə əməkdaşlığının əməli nəticəsi, nümunəsidir. Mən ümidvar olduğumu bildirmək istəyirəm ki, bu əməkdaşlıq bundan sonra da sürətlə inkişaf edəcəkdir.

Mən sizi bir daha təbrik edirəm. Hamınızı \"Məryəm\", \"Final\", \"Mərcan\", \"Azərçay\" çayı içməyə dəvət edirəm. Bu çaylardan çox-çox için, bu çaylardan nə qədər çox içsəniz, o qədər sağlam olacaqsınız, yaxşı işləyəcəksiniz.

Sizin hamınızı qarşıdan gələn əlamətdar günlər münasibətilə təbrik edirəm. Dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik, birlik günüdür. Bu, bizim üçün əziz gündür. Çünki dünyanın bütün ölkələrində azərbaycanlılar yaşayırlar. Azərbaycanlılar günü-gündən bir-birinə qovuşmalıdırlar, yaxınlaşmalıdırlar, əlaqələrini artırmalıdırlar. Məhz həmin gün - 31 dekabr günü, azərbaycanlıların həmrəylik günü bax, bu məqsədləri daşıyır. Mən bu gün bu bayram münasibətilə sizi ürəkdən təbrik edirəm. Bütün dünya azərbaycanlılarına səadət arzulayıram, onları bir-biri ilə daha sıx olmağa dəvət edirəm. Bütün dünya azərbaycanlılarının həmrəyliyini arzulayıram.

Biz Yeni il ərəfəsindəyik. Bir neçə gündən sonra 1997-ci il başlayacaqdır. Qarşımızda böyük vəzifələr durur. Ümidvaram ki, 1997-ci ildə bizim gördüyümüz işlər daha da sürətlə irəliləyəcəkdir. Azərbaycanı yeni nailiyyətlər gözləyir. Mən buna əminəm.

Qarşıdan gələn Yeni il münasibətilə sizi və Azərbaycanın bütün vətəndaşlarını ürəkdən təbrik edirəm. Sizin hamınıza cansağlığı, səadət arzulayıram, bütün işlərinizdə uğurlar diləyirəm. Sağ olun.

\"Azərbaycan\" qəzeti, 29 dekabr 1996-cı il.