Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikasının xarici işlər naziri Kamal Xərrazi ilə görüşü - Tehran, Azərbaycan prezidentinin iqamətgahı, 19 may 2002-ci il

Azərbaycan Prezidenti Heydər Əliyevi səmimiyyətlə salamlayan, dövlətimizin başçısı ilə hər bir görüşdən çox məmnunluğunu bildirən cənab Kamal Xərrazi Azərbaycan Prezidenti Heydər Əliyevin İrana rəsmi səfərinin ölkələrimiz arasındakı münasibətlərdə əsaslı dönüş yaradacağına əmin olduğunu söylədi.

Azərbaycan–İran münasibətlərinin ildən-ilə inkişaf etdiyini vurğulayan cənab Kamal Xərrazi ölkələrimizin bütün sahələrdəki, xüsusən energetika, kommunikasiya, nəqliyyat sahəsində əməkdaşlığının daha da genişləndirilməsi üçün yeni imkanlar yaranmasından məmnun olduğunu, Bakı–Astara avtomobil yolunun, Astara–Astara və Astara–Qəzvin dəmir yolunun çəkilməsinin həm Azərbaycan, həm İran, həm də bölgənin digər ölkələri üçün böyük əhəmiyyət daşıdığını bildirdi.

İrana rəsmi səfərindən razılıqla bəhs edən, Tehranda keçirdiyi görüşləri, apardığı danışıqları çox əhəmiyyətli hesab etdiyini nəzərə çatdıran Prezident Heydər Əliyev ölkələrimizin bütün sahələrdə əməkdaşlığı üçün geniş imkanlar olduğunu vurğuladı.

Şimal–Cənub nəqliyyat dəhlizinə Azərbaycanın da böyük əhəmiyyət verdiyini bildirən dövlətimizin başçısı Heydər Əliyev iqtisadi əlaqələrin daha da canlandırılması sahəsində Azərbaycan–İran müştərək komissiyasının son vaxtlar gördüyü işləri yüksək dəyərləndirdi.

Xalqlarımızın qədim tarixi, milli-mənəvi, dini, mədəni yaxınlığından söhbət açan Prezident Heydər Əliyev bütün sahələrdə qarşılıqlı surətdə faydalı əlaqələrin perspektivli olduğunu söylədi.

Görüşdə bölgədə vəziyyət, Xəzərin statusunun müəyyənləşdirilməsi, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi və hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər barədə də fikir mübadiləsi aparıldı.