Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan xalqına Yeni İl təbriki - 31 dekabr 1998-ci il

Əziz həmvətənlər!

Hörmətli xanımlar və cənablar!

Sizi qarşıdan gələn 1999-cu il - Yeni il münasibətilə ürəkdən təbrik edirəm. Hər bir Azərbaycan vətəndaşına, sakininə cansağlığı, səadət, xalqımıza, ölkəmizə sülh və əmin-amanlıq arzulayıram. Bu gün dünya azərbaycanlılarının həmrəylik günüdür. Bu bayram münasibətilə mən dünyanın bütün ölkələrində yaşayan azərbaycanlıları təbrik edirəm. Hamıya daha çox həmrəylik, birlik arzulayıram.

Vidalaşdığımız 1998-ci il ölkəmiz, xalqımız üçün uğurlu il olubdur. 1998-ci ildə azad ölkəmiz Azərbaycan dövlət müstəqilliyinin yeni bir ilini yaşayıb, başa çatdırıbdır. Azərbaycanın dövlət müstəqilliyinin yeddinci ili tamam olur. Ötən ilin ən əsas nəticəsi və əldə etdiyimiz ən böyük nailiyyət ondan ibarətdir ki, Azərbaycanın dövlət müstəqilliyi möhkəmlənib, inkişaf edib və əbədilik yolunda yeni bir mərhələ olubdur.

1998-ci ildə Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi ardıcıl surətdə həyata keçirilibdir. Bu sahədə çox işlər görülüb və böyük nailiyyətlər əldə edilibdir. 1998-ci ildə Azərbaycanda demokratiya inkişaf edibdir, insan hüquqlarının qorunması, insanların azadlığı təmin olunubdur. Azərbaycanda dövlət quruculuğu, iqtisadiyyat və bütün başqa sahələrdə böyük islahatlar keçirilibdir və onlar çox gözəl nəticələr veribdir.

1998-ci il dünyada Birləşmiş Millətlər Təşkilatının insan haqlarının qorunması haqqında qəbul etdiyi bəyannamənin 50-ci ildönümü olubdur. Azərbaycanda bu sahədə çox işlər görülübdür və respublikamız demokratik dövlət kimi insan haqlarına sadiq olduğunu dünyada bir daha nümayiş etdiribdir.

Azərbaycan demokratik ölkə olaraq humanistlik siyasətini ardıcıl surətdə həyata keçirir. Şərq aləmində ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv edilibdir. Humanist siyasətimizin nəticəsində Azərbaycanda bir çox insanlara cəzadan azad olmaq imkanları verilibdir. Mənim təşəbbüsümlə bir il müddətində iki dəfə böyük amnistiyalar qəbul olunubdur. Bu iki amnistiya əsasında 24 min Azərbaycan vətəndaşı cəza çəkməkdən azad edilibdir. Cəza çəkən 270 nəfərdən artıq insan mənim fərmanlarımla əfv olunubdur. 1998-ci ildə Azərbaycanda söz, mətbuat, fikir azadlığı sahəsində də yeni addımlar atılıbdır və cəmiyyətimiz üçün bunun müsbət nəticələri də artıq göz qabağındadır.

Azərbaycanda 1998-ci ilin əsas nəticələrindən biri də ondan ibarətdir ki, ictimai-siyasi sabitlik möhkəmlənib, dönməz olubdur. Bu, bizim ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir, çünki xalqımız yaxın keçmişdə ölkə daxilindəki qarmaqarışıqlıqlardan, hərc-mərclikdən, hakimiyyətsizlikdən və geniş yayılmış cinayətkarlıqdan çox zərərlər çəkmişdir.

Cinayətkarlığa qarşı mübarizə güclənib, insanların rahat yaşaması üçün daha da əlverişli şərait yaranıbdır. Azərbaycan da ictimai-siyasi sabitlik ölkəmizin dövlətçiliyinin möhkəmlənməsinə və inkişaf etməsinə kömək edibdir.

Azərbaycanın düşünülmüş, ardıcıl xarici siyasəti nəticəsində ölkəmizin dünya miqyasında mövqeyi 1998-ci ildə daha da möhkəmlənibdir, nüfuzu artıbdır. 1998-ci ildə müxtəlif ölkələrə səfərlər edilibdir, respublikamıza bir çox xarici ölkələrdən nümayəndələr gəlibdir, ölkəmiz üçün çox əhəmiyyətli olan dövlətlərarası, hökumətlərarası müqavilələr, sazişlər və müxtəlif sənədlər imzalanıbdır. Azərbaycan beynəlxalq təşkilatların bütün toplantılarında fəal iştirak edibdir.

1998-ci ilin əlamətdar hadisələrindən biri də sentyabrın 7-8-də Bakıda keçirilmiş beynəlxalq konfransdır. Tarixi İpək Yolunun bərpası üçün TRASEKA proqramı çərçivəsində keçirilmiş beynəlxalq konfransda dünyanın 32 dövlətinin, 13 beynəlxalq təşkilatın nümayəndə heyətləri iştirak etmişlər. Bir çox ölkələrin dövlət, hökumət başçıları öz nümayəndə heyətlərinə başçılıq etmişlər. Beynəlxalq Bakı konfransında çox böyük əhəmiyyət daşıyan, Avropa ilə Asiyanı, şərq ilə qərbi daha da birləşdirən, böyük gələcəyə malik olan kommunikasiya xətlərinin yaranması üçün əsas qoyan müqavilələr, sazişlər imzalanmışdır.

1998-ci ilin əlamətdar hadisələrindən biri də qardaş Türkiyə Cümhuriyyətinin 75 illiyinin bayram edilməsi, bu bayram mərasimlərində Azərbaycan nümayəndə heyətinin iştirak etməsi və Bakı-Ceyhan neft kəməri haqqında Ankara bəyannaməsinin imzalanmasıdır.

Bütün bunlar Azərbaycanı dünyada daha da çox tanıtmış, dünya miqyasında özünəməxsus yer tutması üçün ölkəmizə geniş imkanlar yaratmışdır. Azərbaycanın bir çox ölkələrlə iqtisadi, mədəni, elmi əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük imkanlar açılmışdır.

1998-ci ildə Azərbaycanda iqtisadiyyat inkişaf etmişdir. Məlumdur ki, keçmiş illərdə ölkəmizdə iqtisadiyyat tənəzzülə məruz qalmışdı. Bu tənəzzülün qarşısı 1996-cı ildə alınıbdır. 1997-ci və 1998-ci illər Azərbaycanda iqtisadiyyatın inkişafı illəri kimi səciyyəvidir. 1998-ci ildə iqtisadiyyatda inkişaf yüksək olmuşdur. Bunlar Azərbaycanın bazar münasibətləri yolunu seçməsinin, ölkəmizdə iqtisadi islahatların müvəffəqiyyətlə həyata keçirilməsinin və Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatı ilə sıx inteqrasiya olunmasının nəticəsidir.

Biz son illər iqtisadi islahatların həyata keçirilməsində ciddi addımlar atmışıq. 1998-ci il bu sahədə çox məhsuldar olmuşdur. Özəlləşdirmə proqramının, torpaq islahatının həyata keçirilməsi, pul-kredit sahəsində islahatların həyata keçirilməsi - bunlar hamısı birlikdə Azərbaycan iqtisadiyyatının inkişafını təmin etmişdir. Bunların nəticəsində respublika əhalisinin rifah halı müəyyən qədər yaxşılaşmış, orta əmək haqqı, müavinətlər və pensiyalar artmışdır.

Azərbaycanın dünya iqtisadiyyatı ilə inteqrasiyası dünyanın bir çox böyük neft şirkətlərinin Azərbaycanla geniş əməkdaşlığını təmin etmişdir. Bu əməkdaşlıq 1998-ci ildə də öz nəticələrini vermişdir.

1998-ci ilin iqtisadi nəticələrindən danışarkən onu da qeyd etmək lazımdır ki, bu il ümumiyyətlə, dünya iqtisadiyyatı üçün çox ağır bir dövrdür. Məlumdur ki, Cənub-Şərqi Asiyada, Uzaq Şərqdə bu ilin ortalarında başlanmış iqtisadi - maliyyə böhranı sonra başqa ölkələri də bürümüşdür. Maliyyə böhranı son aylarda Rusiyanı və Müstəqil Dövlətlər Birliyinə daxil olan bir çox digər ölkələri də bürümüşdür. Bu da inflyasiyanı artırmış və maliyyə sistemində, iqtisadiyyatda çox çətinliklər yaratmışdır. Bizim ölkəmiz Müstəqil Dövlətlər Birliyi ilə və qonşu ölkələrlə sıx iqtisadi əməkdaşlıq edir. Ona görə də bu ölkələrdə baş verən hadisələr, təbiidir ki, Azərbaycana da öz təsirini göstərir. Ancaq bizim apardığımız iqtisadi siyasət, maliyyə sahəsində gördüyümüz işlər bu böhranın Azərbaycanda geniş yayılmasının qarşısını almışdır. Məhz buna görə də biz son illər Azərbaycanın maliyyə sistemində sabitliyi təmin edə bilmişik. Makroiqtisadi, maliyyə sistemində sabitlik iqtisadiyyat sahəsində bizim gördüyümüz işlərin ən əsas nəticəsidir. Bir çox ölkələrdəki maliyyə böhranının Azərbaycana sirayət etməsinin qarşısının alınması bizim üçün çox çətin olmuşdur. Amma biz buna nail olmuşuq. Azərbaycanda maliyyə sabitliyi təmin edilmişdir. Biz qiymətlərin başqa ölkələrdəki kimi artmasına, inflyasiyanın inkişaf etməsinə imkan verməmişik. Azərbaycanın milli valyutası manatın dəyəri sabit olaraq qalıbdır.

Azərbaycanın əsas problemi ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqlarımızın azad olunması, yerindən - yurdundan didərgin düşmüş soydaşlarımızın evlərinə qayıtmasıdır. 1998-ci ildə bu sahədə xeyli iş görülmüşdür. Bizim bu istiqamətdə fəaliyyətimiz çox prinsipialdır, ardıcıldır. Biz məsələnin sülh yolu ilə həll edilməsi mövqeyində dururuq. Ona görə də ATƏT-in Minsk qrupu və onun həmsədrləri ilə sıx əməkdaşlıq edirik. Bizim bu əməkdaşlığımız ATƏT-in 1996-cı ildə Lissabonda keçirilmiş Zirvə görüşündə qəbul olunmuş prinsiplər əsasında qurulur. Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün 1998-ci ilin noyabrında yeni təklif irəli sürmüşlər. Amma bu təklif bizim üçün məqbul olmamış, ona görə də biz həmin təklifi rədd etmişik. Minsk qrupunun həmsədrlərinə, üzvlərinə və dünya birliyinə bir daha nümayiş etdirmişik ki, Azərbaycan dövləti ölkənin, xalqın mənafelərinə zidd olan heç bir təklifi qəbul edə bilməz.

Biz bu gün də məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Məhz buna görə biz Ermənistan-Azərbaycan münaqişəsində əldə edilmiş atəşkəs sazişinə artıq beşinci ildir sadiq qalırıq. Biz atəşkəs rejimini bu gün də qoruyub saxlamaq istəyirik və bu mövqedə durmuşuq, duracağıq. Ancaq eyni zamanda, biz məsələnin yalnız ədalətli həll olunması barədə təklifləri qəbul edə bilərik.

Bizim fikrimiz ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarından ATƏT-in Lissabon zirvə görüşündə qəbul olunmuş prinsiplər əsasında çıxarılmalıdır, Azərbaycan vətəndaşları öz yerlərinə-yurdlarına qayıtmalıdır və Dağlıq Qarabağ Azərbaycan dövləti tərkibində yüksək özünüidarəetmə statusuna malik ola bilər. Hesab edirəm ki, biz öz işimizi bundan sonra da bu prinsiplər əsasında davam etdirəcəyik.

Bununla əlaqədar olaraq, bizim həyatımızın ən ağrılı hissəsi yerindən-yurdundan didərgin düşmüş qaçqınların vəziyyətidir. Biz bu məsələ ilə daim məşğul oluruq. 1998-ci ildə bu barədə bir çox tədbirlər həyata keçirilibdir. Qaçqınların yaşadığı düşərgələrdə, məskunlaşdıqları yerlərdə onlara yardım daha da artır və bundan sonra da artacaqdır. Onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün əlavə tədbirlər görülür və görüləcəkdir.

Şübhəsiz ki, bunların hamısı müvəqqəti xarakter daşıyır. Çünki bizim əsas məqsədimiz işğal edilmiş torpaqların azad olunması və soydaşlarımızın öz yerlərinə-yurdlarına qayıtmasıdır. Mən bu gün - bu bayram axşamı bir daha bəyan edirəm ki, biz buna mütləq nail olacağıq.

1998-ci ildə Azərbaycanın həyatının bütün sahələrində müsbət nəticələr əldə olunubdur. Azərbaycan demokratik, hüquqi dövlət kimi inkişaf edibdir. Azərbaycanda prezident seçkiləri sərbəst, azad, tam demokratik şəkildə keçirilib və Azərbaycanın demokratiya yolu ilə getdiyi dünyaya bir daha nümayiş etdirilibdir. Azərbaycan dövləti qüdrətlənibdir. Azərbaycanın milli ordusu daha da güclənibdir.

Azərbaycanın ordusu ölkəmizin suverenliyini, müstəqilliyini qorumağa qadirdir. Bunların hamısı bizdə iftixar hissi doğurur. Biz eyni zamanda dərk edirik ki, həyatımızda həll olunmamış problemlər, çatışmazlıqlar, nöqsanlar da çoxdur. Məlumdur ki, iqtisadi, maddi çətinlik şəraitində yaşayan insanlar da vardır. Bunlar hamısı Azərbaycanın bugünkü reallığıdır. Azərbaycan keçid dövrünü yaşayır. Keçid dövrünün bütün xüsusiyyətləri Azərbaycana da şamildir. Ancaq bizim apardığımız işlər bu keçid dövrünü daha da uğurla keçməyə əsas yaradır.

Mən 1998-ci ilin uğurlarından danışarkən heç də hesab etmirəm ki, problemlər unudulubdur. Problemlər çoxdur, biz bunları yaxşı bilirik. Son aylarda keçirilmiş bir neçə müşavirədə, iclasda onlar müzakirə olunubdur və lazımi qərarlar qəbul edilibdir. Bu qərarların həyata keçirilməsi hamımızın vəzifəmizdir.

Beləliklə, biz 1999-cu ili böyük ümidlərlə qarşılayırıq və 1998-ci ildə bunun üçün əsas yaranıbdır. 1999-cu ildə bizim qarşımızda duran vəzifələr məlumdur. Ən əsas vəzifə Azərbaycanı müstəqil dövlət kimi yaşatmaqdır. Əmin ola bilərsiniz ki, biz bu barədə səylərimizi əsirgəmirik.

Bu günlərdə 1999-cu il üçün dövlət büdcəsi təsdiq edilibdir. Dövlət büdcəsinin təsdiq olunması çox gərgin şəraitdə keçibdir. Çünki, qeyd etdiyim kimi, dünyanın bir çox ölkələrində baş vermiş iqtisadi, maliyyə böhranı, dünyada neft məhsullarının qiymətinin aşağı düşməsi və bir neçə amillər Azərbaycan iqtisadiyyatının vəziyyətini çətinləşdiribdir.

Amma bütün bunlara baxmayaraq biz mövcud imkanlarımızdan istifadə edib dövlət büdcəsini formalaşdırmışıq. Dövlət büdcəsini tərtib edərkən, Azərbaycanda iqtisadi islahatları həyata keçirərkən biz dünyanın mötəbər maliyyə qurumları, mərkəzləri - Beynəlxalq Valyuta Fondu, Dünya Bankı ilə sıx əməkdaşlıq edirik. Bizim gələcək işlərimizdə də islahatların həyata keçirilməsi beynəlxalq standartlar səviyyəsində aparılacaqdır.

Mən hesab edirəm ki, Azərbaycanın dövlət büdcəsinin həyata keçirilməsi 1999-cu ildə qarşımızda duran ən əsas vəzifədir. Bu vəzifəni həyata keçirmək üçün bütün dövlət orqanları öz səylərini göstərməlidirlər. Hər bir vətəndaş öz ölkəsinin inkişafı üçün öz payını verməlidir.

1999-cu ildə bizim qaşımızda duran əsas vəzifə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə nail olmaq, yerindən-yurdundan didərgin düşmüş soydaşlarımızı öz evlərinə qaytarmaqdır. Mən ümid edirəm ki, 1998-ci ilin son aylarında gördüyümüz işlər və həyata keçirdiyimiz tədbirlər 1999-cu ildə bu sahədə bizim uğurla irəliləməyimizə əsas yaradır və yaradacaqdır.

Azərbaycanın suverenliyini, müstəqilliyini qorumaq, Azərbaycanı müstəqil bir dövlət kimi inkişaf etdirmək qarşımızda duran əsas vəzifələrdir. Bu sahədə bizim artıq təcrübəmiz vardır. Biz çox şeyə nail olmuşuq. Buna görə də 1999-cu ildə də qarşıda duran vəzifələri uğurla həyata keçirə biləcəyik.

1999-cu il Azərbaycanda iqtisadi islahatların geniş surətdə həyata keçirilməsi ili olacaqdır. Biz özəlləşdirmə proqramının yeni mərhələsinə başlayırıq. Bir çox başqa islahatlar, o cümlədən hakimiyyət, dövlət orqanlarında islahatların aparılması da qarşıda duran əsas vəzifələrdən biridir. Bunlar hamısı Azərbaycanda demokratik proseslərin inkişafını təmin etmək məqsədi daşıyır və biz bu yolla gedirik, bu yolla da gedəcəyik.

Mən 1999-cu ilə böyük ümidlərlə baxıram və inanıram ki, indiyə qədər əldə etdiyimiz nailiyyətlər əsasında 1999-cu il Azərbaycan üçün daha da uğurlu olacaqdır. Biz bir çox tədbirlər görmüşük və bu günlərdə də görürük. Bunlar hamısı iqtisadiyyatda sabitliyin təmin olunmasına yönəldilibdir. Çünki, qeyd etdiyim kimi, bir çox ölkələrdə mövcud olan böhran Azərbaycan üçün təhlükə yaradır. Biz bunların qarşısını alırıq və bundan sonra da almağa çalışacağıq.

Azərbaycan azad, müstəqil dövlətdir. Nə qədər çox çətinliklər olsa da xalqımız indi öz müstəqil ölkəsində rahat və azad yaşayır, öz milli mənəviyyatı, milli ənənələri əsasında yaşayır. Bu, ən böyük nemətdir.

1999-cu ildə azərbaycanlıların həmrəyliyi, birliyi daha da inkişaf edəcəkdir. Məlumdur ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi haqqında qərar 1991-ci ilin dekabrında ilk dəfə Naxçıvanda qəbul olunubdur. Biz ötən illər bu prosesi gücləndirmişik və 1998-ci il ərəfəsində Dünya Azərbaycanlılarının Həmrəyliyinə aid çox sanballı bir sənəd hazırlamışıq. Bu, bütün dünyaya da yayılıbdır.

Mən dünya azərbaycanlılarının daha da həmrəy olmasını arzu edərək bu gün onlara müraciət edirəm. Biz heç bir ölkənin daxili işinə qarışmırıq. Ancaq hər bir ölkədə yaşayan azərbaycanlı, soydaşımız bizim üçün əzizdir. Biz onların hüquqlarını müdafiə etməyə çalışırıq, hər bir soydaşımızda Azərbaycançılıq hissiyyatlarının inkişaf etməsinə və onların bir-biri ilə həmrəy olmasına çalışırıq. Son illər bu sahədə görülən işlər dünya azərbaycanlılarını bir-birinə daha da yaxınlaşdırıbdır, doğmalaşdırıbdır. Bu, Azərbaycan xalqının tarixində demək olar ki, yeni bir mərhələdir. Ancaq bunun çox böyük gələcəyi vardır. Mən bu gələcəyə çox böyük ümidlərlə baxıram.

Hörmətli dostlar, beləliklə, 1999-cu il bizim üçün çox məhsuldar il olacaqdır. Mən buna inanıram və bu inamla sizə müraciət edirəm.

Yeni il təbriklərimi ilk növbədə Azərbaycan torpaqlarının keşiyində duran əsgərlərimizə, ordu hissələrində xidmət edən bizim döyüşçülərimizə, oğullarımıza göndərirəm.

Yeni il təbriklərimi şəhid ailələrinə göndərirəm. Şəhid ailələrinə qayğı - bizim daimi vəzifəmizdir. Bu gün onlar bizim üçün daha da əzizdirlər.

Yeni il təbriklərimi ağır vəziyyətdə yaşayan, yeni ili palatkalarda qarşılayan, doğma yerlərindən qovulmuş köçkün soydaşlarıma göndərirəm. Bu il mən bir çox qaçqın düşərgələrində, palatkalarda oldum, onların vəziyyətini gördüm. Onlar həqiqətən ağır şəraitdə yaşayırlar. Sadə adam üçün bu çox dözülməzdir. Lakin öz dözümlülükləri və iradələri ilə onlar dünyaya Azərbaycan xalqının iradəsini nümayiş etdirirlər. Bu günlərə son qoyulacaqdır. İnsanlar palatkaları tərk edəcək, doğma evlərinə qayıdacaqlar. Yeni evlər, binalar tikiləcəkdir. Azərbaycanın ərazi bütövlüyü təmin ediləcəkdir. Lakin ağır şəraitdə, palatkalarda yaşayan bizim vətəndaşlarımız, bacılarımız və qardaşlarımız tarixdə Azərbaycanın ən ləyaqətli insanları kimi qalacaqdır.

Palatkalarda yaşayan hər bir ailəyə xoş əhval-ruhiyyə arzulayıram. Bu gün maddi çətinlik duyan hər bir ailəyə xoş əhval-ruhiyyə arzulayıram. Mən sizinləyəm. Bilin ki, əgər imkan olsaydı, mən də indi sizinlə palatkada oturardım. Lakin yəqin inanırsınız ki, bu gün, dövlətimiz üçün çox məsuliyyətli bir gündə, mən öz postumda olmalıyam.

Bir daha bütün Azərbaycan vətəndaşlarını ürəkdən təbrik edirəm. Dünyanın müxtəlif ölkələrində yaşayan hər bir azərbaycanlıya öz təbriklərimi göndərirəm. Hər birinizə cansağlığı, xoşbəxtlik, yeni uğurlar arzulayıram.

Yeni iliniz mübarək!

\"Azərbaycan\" qəzeti, 3 yanvar 1999-cu il