Azərbaycan xanlıqları

\"\"Azərbaycanın XVIII əsrin ikinci yarısındakı tarixi əslində müstəqil və yarımasılı dövlət qurumlarının-xanlıqların tarixindən ibarətdir. Azərbaycan ərazisində ilk müstəqil xanlıqların yaranması XVIII əsrin 40-cı illərinə aiddir. Onların bəziləri Nadir şah dövlətinin süqutundan sonra meydana gəlmişdisə, digərləri hələ Nadir şahın hökmranlığı dövründə İran əleyhinə mübarizə nəticəsində formalaşmışdı.

Şəki xanlığı

Şəki xanlığının əsasını Hacı Çələbi xan qoymuşdu (1743-1755). XVIII əsrin 40-cı illərinin sonlarına doğru güclü siyasi qüvvəyə çevrildi. Qəbələ və Qutqaşın sultanları Şəki xanının hakimiyyətini tanımağa məcbur oldular. 1751-ci ildə Şəki xanı müəyyən müddətə Qazax və Borçalı mahallarını da özünə tabe etdi. 1768-ci ildə bir-birilə ittifaq bağlayan Şəki və Quba xanları Şamaxı xanlığına hücum edib, onu öz aralarında bölüşdürdülər. Şəki şəhəri xanlığın mədəni mərkəzi idi.

Qarabağ xanlığı

Qarabağ xanlığının əsasını Cavanşirlər tayfasından olan Pənahəli xan (1748-1763) qoymuşdur. Xanlıq İran hökmranlığı ilə mübarizədə yaranmış və möhkəmlənmişdir. Nadir şahın varisləri arasındakı çəkişmələrdən istifadə edən Pənahəli xan öz hakimiyyət və nüfuzunu Ərdəbilə qədər yaya bildi. Gəncənin də işlərinə müdaxilə edən Pənahəli xan burada hakimiyyətə öz adamını-Ziyadoğlu nəslinin nümayəndələrindən birini gətirə bilmişdi. Pənahəli xan öz mülklərini genişləndirərək Tatev, Sisian, Qafan, Meğri mahallarını özünə tabe etdi. Pənahəli xan uca sıldırımlı qayanın kənarında möhtəşəm Pənahabad qalasını inşa etdirdi və 1755-1756-cı illərdə paytaxtını bura köçürdü. Qala sonralar yaxınlıqdakı Şuşakəndin adı ilə Şuşa adını aldı. Pənahəli xandan sonra hakimiyyətə gəlmiş oğlu İbrahimxəlil xan Azərbaycan torpaqlarını birləşdirməyə çalışırdı. İbrahimxəlil xan müəyyən dövrlərdə öz nüfuzunu Naxçıvan, Gəncə və Təbriz xanlıqlarına yaya bilmişdi.

Quba xanlığı

Quba xanlığının banisi Hüseynəli xan (1726-1758) hələ 1726-cı ildə rus hakimiyyət orqanları tərəfindən bu vəzifəyə təqdim olunmuş, rus çarı onu Quba xanı təyin etmişdi. Onun dövründə Salyan və Rudbar Quba xanlığına tabe edildi. Quba xanlığının yüksəlişi Fətəli xanın hakimiyyətə gəlməsi ilə bağlıdır. Fətəli xan 1757-ci ildə Salyan, 1759-cu ildə Dərbənd, 1766-cı ildə Bakı, 1768-ci ildə Şamaxı və Cavad xanlıqlarını Quba xanlığına birləşdirməyə nail oldu. XVIII əsrin 60-cı illərində Quba xanlığı iqtisadi, hərbi-siyasi baxımdan Azərbaycanın bir çox xanlıqlarından üstün idi və ölkənin siyasi həyatında mühüm rol oynayırdı.

Lənkəran (Talış) xanlığı

Müstəqilliyi yerli iri feodallardan biri olan Seyid Abbas bəy tərəfindən elan edilmiş bu xanlığın siyasi və iqtisadi mərkəzi qala divarları ilə əhatələnmiş Lənkəran şəhəri idi. Seyid Abbas xanın ölümündən sonra tarixdə talışlı Qara xan kimi tanınan Cəmaləddin Mirzə bəy taxta çıxdı. Onun dövründə xanlığın siyasi sabitliyinə və iqtisadi inkişafına yönəldilmiş xətt aydın hiss olunurdu.

Bakı xanlığı

1747-c ildə Nadir şah Əfşarın ölümündən sonra yerli feodallardan Mirzə Məhəmməd ağa şahın Bakıdakı əlaltısı Səlimi qovdu və özünü müstəqil xan elan etdi (1747-1786). Digər xanlıqlarla müqayisədə Bakı xanlığı hərbi-siyasi cəhətdən fərqlənmirdi. Onun ərazisi kişik olub, eni 60, uzunluğu 90 verst idi. Bütün Abşeron yarımadası ilə birlikdə Bakı şəhəri və 39 kənd onun tərkibinə daxil idi. Mirzə Məhəmməd xanın varisləri dövründə Bakı xanlığı qubalı Fətəli xandan vassal asılılığına düşdü. Fətəli xan 1766-cı ildə öz bacısı Xədicə Bikəni bakılı Məlik Məhəmməd xana ərə verdi və bununla Bakı xanlığının Quba xanlığından asılılığını təmin etdi.

Gəncə xanlığı

Gəncə bəylərbəyliyi əsasında yaranmışdı. Bu bəylərbəyilik irsi olaraq kiçik fasilələrlə XVII əsrdən 1804-cü ilə qədər Qacarlar tayfasının Ziyadlı oymağına məxsus Ziyadoğlular nəsli tərəfindən idarə olunmuşdur. Xanlığın banisi Şahverdi xan Ziyadoğlu idi. Gəncə həm hərbi-siyasi, həm də iqtisadi-təsərrüfat baxımından mühüm əhəmiyyət kəsb edirdi. Yarandığı vaxtdan bu xanlıq qonşu feodal hakimlərin hücum obyektinə çevrilmişdi. Gəncə xanları düşmənlə mübarizədə gah bu, gah da digər güclü düşmən arasında hiylə işlətməli olurdular.

Dərbənd xanlığı

Dərbənd xanlığının banisi Məhəmmədhüseyn xan özünün amansız daxili siyasəti ilə istər zəhmətkeş kütlələrin, istərsə də feodal təbəqənin bir çox nümayəndələrinin nifrətini qazanmışdı. 1759-cu ildə dərbəndlilərin xahişi ilə qubalı Fətəli xan Dərbəndə hərbi yürüş etdi. Dərbəndlilərin köməyi ilə şəhər Fətəli xanın əlinə keçdi. Bu hadisədən sonra, demək olar ki, Azərbaycanın şimal xanlıqlarının Rusiyaya birləşdirilməsinədək Dərbənd və Quba xanlıqları vahid bir dövlət oldular.

Şamaxı xanlığı

Şamaxı xanlığı yerli feodalların və şəhər əyanlarının xarici və ölkə daxilindəki düşmənlərə qarşı apardıqları inadlı mübarizənin gedişində yarandı. Bir neçə əsr Şirvanşahlar dövlətinin paytaxtı, sonralar isə Şirvan bəylərbəyliyinin mərkəzi olmuş Şamaxı şəhəri, XVIII əsrin sonlarınadək həm iqtisadi, həm də ticarət baxımından öz üstünlüyünü saxlamışdı. Nadir şah dövlətinin süqutundan sonra Şamaxının siyasi həyatında köklü dəyişikliklər baş verdi. Nisbətən kiçik ərazidə iki xanlıq yarandı: mərkəzi Ağsu olmaqla, Yeni Şamaxı və mərkəzi Şamaxı olmaqla, köhnə Şamaxı. Şamaxıda mövcud olan ikihakimiyyətlilik uzun müddət davam edə bilməzdi. 1763-cü ildə Köhnə Şamaxıda möhkəmlənən Məhəmməd Səid xan Yeni Şamaxını alıb, Köhnə Şamaxıya birləşdirdi. Köhnə Şamaxı isə yeni xanlığın mərkəzi oldu. Lakin hadisələrin gedişi göstərdi ki, Şamaxı qonşu feodalların hücumu üçün açıqdır. Tez-tez baş verən basqınlar onun iqtisadi inkişafına ziyan vurdu və 1768-ci ildə qubalı Fətəli xan tərəfindən işğal edildi.

Naxçıvan xanlığı

Naxçıvan xanlığının əsasını Kəngərli boyunun başçısı Heydərqulu xan qoymuşdur. Xanlığı gücləndirmək və təcavüzlərdən qorumaq məqsədilə Heydərqulu xan (1747-1763/64) hakimiyyətinin ilk dövrlərində daha güclü olan Qarabağ xanlığına arxalanırdı. Heydərqulu xanın ölümündən sonar 1787-ci ilə qədər hakimiyyət uğrunda mübarizə nəticəsində Naxçıvan xanlığı zəifləyir, Xoy, Qarabağ, İrəvan xanlıqları, Kartli-Kaxeti çarlığı və İran arasında ardı-arası kəsilməyən mübarizənin obyektinə çevrilir.

İrəvan xanlığı

Çuxursəd bəylərbəyliyi əsasında təşəkkül tapmışdı. Nadir şah qətlə yetirildikdən sonra, İrəvanda İran ağalığına qarşı üsyana başçılıq edən yerli feodal Mir Mehdi xan özünü xan elan edərək, müstəqil İrəvan xanlığının əsasını qoydu. Lakin İrəvan xanlığı keçmiş bəylərbəyiliyin bütün ərazilərini əhatə edə bilmədi. Onun bir hissəsi Naxçıvan və digər xanlıqların tərkibinə daxil edildi. Xanlığın mərkəzi İrəvan şəhəri idi.

Qaradağ xanlığı

Azərbaycanın cənubunda yerləşən zəif xanlıqlardan biri idi. Onun əsasını qoyan köçəri tayfalardan birinin müdrik başçısı olan Kazım xan (1748-1752) qonşu feodal hakimlərə münasibətdə ehtiyatlı siyasət yeridir, ölkənin daxili işlərini qaydaya salaraq, abadlıq işləri ilə məşğul olur, xanlığın mərkəzi olan Əhərdə müxtəlif ictimai binalar tikdirirdi. Qaradağ xanlığı 1782-ci ildə Xoy və Qarabağ xanlıqlarının birləşmiş qüvvələri tərəfindən işğal edildi. Bundan sonra Qaradağ xanlığı, demək olar ki, öz müstəqilliyini itirdi.

Təbriz xanlığı

Banisi Dünbüli tayfasının görkəmli nümayəndəsi Nəcəfqulu xan (1745-1780) olmuşdur. O, Təbrizdə urmiyalı Fətəli xan Əfşarın fəal yardımı ilə möhkəmlənmişdi. Buna görə də müəyyən vaxt ərzində Təbriz xanlığı Urmiya xanlığından asılı vəziyyətdə olmuşdu. 1763-cü ildə Fətəli xan Əfşar Kərim xan Zənd tərəfindən məğlub edildikdən sonra Təbriz xanlığı tam müstəqillik qazandı.

Marağa xanlığı

Marağa xanlığının əsasını Əliqulu xan Müqəddəm (1747-1750) qoymuşdur. Elə bir əhəmiyyət kəsb etməyən bu xanlıq Ağa Məhəmməd şah Qacar hakimiyyətə gələnə qədər müstəqil idi.

Ərdəbil xanlığı

Ərdəbil xanlığının banisi Şahsevən tayfasının başçısı Nəzərəli xan (1747-1783) olmuşdur. Onun hakimiyyəti dövründə xanlıq inkişaf etmişdi. Nəzərəli xan nikah diplomatiyası vasitəsi ilə qarabağlı İbrahim xanla dostluq əlaqələri yaratmışdı və Lənkəran xanlığı ilə mehriban qonşuluq münasibətində idi.

Urmiya xanlığı

Urmiya xanlığının başçısı Əfşarlar tayfasından olan Fətəli xan Əfşar (1747-1763) idi. Öz sərhədlərini genişləndirmək məqsədi güdən Fətəli xan müəyyən vaxt ərzində Cənubi Azərbaycanda xeyli ərazi tuta bilmişdi. 1763-cü ildə Kərim xan Zənd tərəfindən məğlub edildikdən sonra, Urmiya xanlığı özünün əvvəlki əhəmiyyətini itirdi.

Xoy xanlığı

Xoy xanlığının ilk hakimi Şahbaz xan (1747-1763) olmuşdur. O, Nadir şah dövründə Xoy vilayətinin hakimi təyin edilmişdi. Nadir şahın ölümündən sonra isə özünü Xoy xanlığının müstəqil hakimi elan etmişdi. Mülayim siyasət yeridən Şahbaz xan Fətəli xan Əfşarla dostluq münasibətləri saxlayırdı.

Maku xanlığı

Maku xanlığının banisi Bayat tayfasının başçısı, Nadir şahın sərkərdələrindən biri Əhməd Sultan (1747-1778) idi. Şahın ölümündən sonra vətənə qayıdan Əhməd Sultan Makunu müstəqil xanlıq, özünü isə xanlığın hakimi elan etmişdi. Xanlığın paytaxtı iki tərəfdən dağlarla əhatə olunmuş Maku şəhəri idi. Maku xanlığı öz ətrafında 30 kəndi birləşdirirdi.

Sərab xanlığı

Sərab xanlığının əsasını Şəqaqi tayfasının başçısı Əli xan (1747-1786) qoymuşdur. Nadir şahın ölümündən sonrakı qarışıqlıqdan istifadə edərək Əli xan özünü həmtayfaları arasında xan elan etmişdi. Adları çəkilən xanlıqlardan başqa, Kür ilə Araz çaylarının qovuşuğunda Cavad xanlığı və Kür çayının mənsəbində daha bir kiçik xanlıq-Salyan xanlığı mövcud idi. Rusiya və İran arasında bağlanmış Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə uyğun olaraq Azərbaycan iki imperiya arasında bölündü: Azərbaycanın şimal hissəsi Rusiyanın, cənub hissəsi isə İranın tərkibinə daxil edildi.