Moskvada Azərbaycanlıların Ümumrusiya Konqresinin təsis yığıncağında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 22 iyun 2000-ci il

Əziz həmvətənlər!

Əziz bacılar, qardaşlar, dostlar!

Çox məmnunam ki, bu gün mənə sizinlə görüşmək nəsib olubdur. Sizin hamınızı səmimi qəlbdən salamlayıram. Sizin simanızda Rusiyada yaşayan bütün azərbaycanlıları, hər bir azərbaycanlını ürəkdən salamlayır, hamınıza cansağlığı, işlərinizdə uğurlar, ailələrinizə səadət arzu edirəm.

Mən hiss etdim ki, burada toplaşanların əksəriyyəti daha çox rus dilində danışır, rus dilini başa düşür. Ona görə bu gün məqsədim ondan ibarətdir ki, siz mənim sözlərimin hamısını olduğu kimi anlaya biləsiniz. Azərbaycan dili bizim ana dilimiz, doğma dilimizdir, müstəqil Azərbaycanın dövlət dilidir. Bu dili, yəni anadan gələn dili hər bir azərbaycanlı bilməlidir. Ancaq eyni zamanda, mən bilirəm ki, Rusiyada yaşayan azərbaycanlılar, yaxud da Azərbaycanın özündə yaşayan azərbaycanlılar uzun illər olan ənənəyə görə rusca təhsil alıblar, ailələrində də daha çox rusca danışıblar. Ona görə də öz dillərini bilməkdə bir az qüsurları var.

Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Azərbaycan dili dövlət dili elan olundu. Bundan doqquz il keçir. İndiyə qədər də Azərbaycanda, Bakıda azərbaycanlılar var, hətta dövlət işində çalışan azərbaycanlılar var ki, bizim müxtəlif iclaslarda, toplantılarda xahiş edirlər ki, öz fikirlərini daha dəqiq ifadə etmək üçün onlara imkan verilsin, rus dilində danışsınlar. Mən isə neçə dəfə onları xəbərdar etmişəm ki, sizə bir az da vaxt verirəm, ancaq əgər o müddətdə də öz ana dilinizi, dövlət dilinizi öyrənə bilməsəniz, bundan sonra dövlət işini tərk edəcəksiniz. Ondan sonra hansı dildə danışırsınız-danışın.

Amma bu, sizə aid deyil, Azərbaycanda yaşayan və dövlət işində çalışan azərbaycanlılara aiddir. Eyni zamanda, burada məndən öncə çıxış edənlər də, xüsusən professor Məmməd Əliyev dedi ki, harada olursan-ol, hansı məmləkətdə, hansı xalqın içində yaşayırsan-yaşa - öz kökünü unutmamalısan. Öz dilini nəinki unutmamalısan - bilməlisən, öz adət-ənənələrini nəinki bilməlisən - bunlara həmişə riayət etməli, bunları qorumalısan, saxlamalısan.

Ancaq mən hesab etmirəm ki, indi biz burada hamının qarşısında belə tələblər qoymalıyıq. Yox. Biz müstəqilliyi yeni əldə etmişik. Həm Azərbaycanda yaşayan bir çox azərbaycanlılar, həm də Azərbaycandan kənarda, o cümlədən Rusiyada yaşayan azərbaycanlılar rus dilini həmişə əsas dil hesab ediblər. Ona görə də qısa bir müddətdə bunu dəyişdirmək mümkün deyildir.

Ancaq hər kəs harada yaşayır-yaşasın, - təkcə Rusiyada yox, lap Avstraliyada, yaxud da, nə bilim, Cənubi Afrikada yaşasa da, - gərək nəinki öz dilini unutmasın, onu həmişə bilsin.

Mən Azərbaycanda dəfələrlə çıxış edib demişəm və bunu sizə də deyirəm: mən istəyirəm ki, azərbaycanlılar, - bunu xüsusən gənclərə ünvanlayıram, - rus dilini də, ingilis dilini də, fransız dilini də, alman dilini də, ərəb dilini də, ispan dilini də yaxşı, təmiz bilsinlər. Amma Azərbaycan dilini də yaxşı bilsinlər. İnsan nə qədər çox dil bilsə, o qədər də zəngindir. Təkcə bir dillə yaşayan adam indiki, müasir dünyada, bütünlükdə bir-biri ilə əlaqədə olan dünyada, təbiidir ki, çətinlik çəkər.

Bunları nəzərə alaraq, sizə hörmət edərək mən çıxışımın sonrakı hissəsini rus dilində davam etdirəcəyəm.

Əziz dostlar, həmvətənlərim!

Mən bugünkü görüşə şadam və sizi, sizin simanızda Rusiyada yaşayan bütün azərbaycanlıları bir daha salamlayıram.

Şadam ki, indi Rusiyada Azərbaycanı layiqincə təmsil edən azərbaycanlılar yaşayırlar. Bununla əlaqədar hər iki amil - azərbaycanlıların sayı da əhəmiyyətlidir. Lakin bununla yanaşı, Rusiya cəmiyyətində artıq müəyyən yer tutan azərbaycanlılar özlərinin fəaliyyəti - elmi, mədəni, kommersiya və ya hər hansı digər fəaliyyətilə, azərbaycanlıların nəyə qadir olduqlarını, Azərbaycan xalqının nəyə qadir olduğunu göstərirlər.

Xalqımız istedadlı, bacarıqlı xalqdır. Xalqımızın bütün tarixi buna parlaq sübutdur. Lakin mən Azərbaycanda işlədiyim əvvəlki vaxtlarda həmişə demişəm və bu, onda da mənim qəti inamım olmuşdur və bu gün də əminəm ki, öz ərazisinin hüdudları, sərhədləri daxilində qapanıb qalan heç bir xalq bütün dünya ictimaiyyətinin, bütün dünya sisteminin sürəti ilə inkişaf edə bilməz. Yəni, mən həmişə milli məhdudluq hisslərinin əleyhinə olmuşam. Bəzən adamlar burada ziddiyyət görürlər, yəni, məsələn, bizdə, Azərbaycanda keçmiş vaxtlarda da elə adamlar olmuşlar və bu gün də elə adamlar var ki, deyirlər, yox, filankəs azərbaycanlıdırsa, onun hər şeyi azərbaycansayağı olmalıdır. Bəli, əgər o anadan azərbaycanlı doğulmuşsa, onun hər şeyi üçün azərbaycanlılıq xasdırsa, başlıcası isə onun damarlarından azərbaycanlı qanı axırsa, onu daha heç cür dəyişdirmək olmaz - o, azərbaycanlı kimi düşünür, onun qəlbi azərbaycanlı qəlbidir. Lakin əgər o, yalnız öz kəndində yaşasa, oxusa, inkişaf etsə və öz kəndindən uzağı görməsə, öz genetik dahiliyinə baxmayaraq, çətin ki, çox şeyə nail olsun. Yeri gəlmişkən, güman edirəm ki, dünyada elə adamlar var ki, onlar öz genlərinə görə çox qabiliyyətli doğulurlar və inkişafında dahi ola bilərlər, lakin yalnız ona görə dahi olmurlar ki, doğulduqları yerin, yaxud yaşadıqları ölkənin hüdudlarından kənara çıxmırlar.

1970-ci illərdə mən Azərbaycanın rəhbəri işləyərkən, - bilirsiniz ki, mən 1969-cu ildə Azərbaycanın rəhbəri seçildim və 1982-ci ilin axırlarınadək bu vəzifədə çalışdım, sonra Moskvaya işləməyə getdim, - bu prinsipləri əsas tutaraq, bəzən hətta inzibati qaydada çalışırdım ki, gənclərimiz, - əlbəttə, artıq 50, 60, 70 yaşında olan adama deyə bilməzdim ki, dur Moskvaya və Sibirə, yaxud harasa get, - cavanlarımız, gənclərimiz təhsil almaq üçün hökmən Sovetlər İttifaqının başqa respublikalarına getsinlər. O vaxtlar bizim Sovetlər İttifaqından, yəni Sovetlər İttifaqının hüdudlarından başqa, ayrı imkanlarımız yox idi. Siz yəqin xatırlayırsınız ki, mən bir çox adamları mütəşəkkil surətdə Moskvaya, Leninqrada, nəinki Rusiyanın, eləcə də digər müttəfiq respublikaların şəhərlərinə təhsil almağa göndərirdim, - bəlkə də, bu adamlardan kimlərsə burdadır, - yadınızda olar. Özü də mən bunu güzəştli şərtlərlə edirdim.

Azərbaycan bu baxımdan böyük güzəştlərə nail olmuş yeganə respublika idi. 1970-ci ildən başlayaraq, mən Azərbaycanın hüdudlarından kənara, ən əvvəl Rusiyaya, ən əvvəl Moskvaya, Leninqrada, digər iri ali təhsil mərkəzlərinə, mədəniyyət mərkəzlərinə daha çox azərbaycanlı göndərilməsini qarşıya bir vəzifə olaraq qoydum.

Əvvəl mənə belə böyük kvota vermirdilər. Yüz adama razılıq verdilər, həm də adam istədiyi yerə özü də gedə bilərdi, bu baxımdan Sovetlər İttifaqında heç bir məhdudiyyət yox idi. Amma iş burasındadır ki, hər bir ali məktəbdə müsabiqə olurdu. Azərbaycanlı gənclər isə çox vaxt bu müsabiqədən keçə bilmirdilər. Bir tərəfdən, biz etiraf edirik ki, məsələn, bəzi gənc azərbaycanlıların orta təhsili yüksək səviyyədə deyil ki, onlar Moskva Universitetində müsabiqədən keçə bilsinlər. Digər tərəfdən, çox istedadlı gənclər vardır, amma onlar rus dilini kifayət qədər bilmirdilər, doğrudur, riyaziyyatı yaxşı bilirdilər və Moskva Universitetində imtahan verən hər hansı abituriyentlə yarışa girə bilərdilər, amma rus dilini kifayət qədər bilmirdilər. Əlbəttə, onlar bundan ziyan çəkirdilər.

Buna görə də o vaxtlar mən Azərbaycan gənclərinin Sovetlər İttifaqının ali məktəblərinə müsabiqədənkənar qəbul edilməsi hüququnu aldım. Əvvəlcə 100 yer verdilər, artıq 1978-79-cu illərdə isə bu kvotanı 800 nəfərə çatdıra bildim. Özü də bu iş məndən ötrü o dərəcədə mühüm idi ki, respublika rəhbəri üçün bəlkə də daha vacib sayılan bütün digər vəzifələrimlə yanaşı, bununla özüm məşğul olurdum.

Bilirsinizmi, gah oraya köçdüyümə, gah buraya köçdüyümə görə, keçmişimə aid bir çox şeylər arxivimdə qalmayıbdır, bəzən hər şeyi saxlamağa imkanım olmurdu və sadəcə yerim olmadığından ləğv edirdim. Amma hər il Sovetlər İttifaqının müxtəlif şəhərlərinə müsabiqədənkənar göndərilən bu gənclərin jurnalları isə arxivimdə qalmışdır. İndi siz mənim arxivimə baxsanız, görərsiniz ki, hansı ildə hansı instituta qəbul edilmişdir. Onların arasında layiqli insanlar çox olmuşdur.

Mən bunu nə üçün edirəm? Əvvəla, açığını deyək, Moskva Universitetinin təhsil səviyyəsi Bakı Universitetinin təhsil səviyyəsindən qat-qat yüksəkdir. O vaxtlar da belə olmuşdur, indi də belədir. Mən bir misal çəkdim, bir çox misallar da çəkmək olar. İkincisi, bəzi ixtisaslar üzrə bizdə, sadəcə olaraq, ali təhsil yox idi. Deməli, bu profil üzrə mütəxəssislər hazırlamaq üçün digər respublikaların ali məktəblərinin imkanlarından istifadə etmək lazım idi. Üçüncüsü isə, mən məhz ona çalışırdım ki, adamlar öz qınından çıxsınlar. Başa düşürsünüzmü, adamlar bu milli məhdudluq dairəsini qırsınlar, daha geniş məkana çıxsınlar, başqaları ilə ünsiyyətdə olsunlar. Bu, istəsən də, istəməsən də insanı heç olmasa rus dilini öyrənməyə vadar edirdi, çoxları isə burada, Moskvada, Leninqradda, başqa şəhərlərdə rus dili ilə yanaşı ingilis dilini də, ayrı dilləri də öyrənirdilər.

Yeri gəlmişkən, mən bununla hər il məşğul olurdum və Moskvada təhsil alan tələbələri bir neçə dəfə buraya, daimi nümayəndəliyə toplamışdım. Ancaq sonra onların sayı o qədər artdı ki, burada daha yer olmadı. Xatirimdədir, o vaxtlar biz Tver bulvarındakı teatra - yeni Moskva Bədaye Akademik Teatrına keçdik, hamını oraya topladıq və mən Moskvanın rəhbərindən tutmuş bütün Moskva rəhbərliyini, ali təhsil nazirini və komsomolun mərkəzi komitəsinin rəhbərliyini və sair, Sov. İKP MK-nın işçilərini, məsul işçiləri dəvət etdim. Orada görüş oldu. Yeri gəlmişkən, görüşün rəsmi hissəsindən sonra onlara hansısa çox yaxşı bir tamaşa göstərdilər.

Mən bunu nə üçün xatırlayıram? Cəbrayıl rayonunun, - bu, Azərbaycanın dağlıq rayonudur, - ucqar kəndindən olan dördüncü kurs tələbəsi çıxış etdi. Biz onu buraya göndərəndə rus dilini, demək olar ki, bilmirdi və ya pis bilirdi. O, çıxış etdi, rus dilində yaxşı danışdı və məhz ona görə çıxış etdi ki, qiymətlərinin hamısı əla idi. Mənim etdiyim işlərin nə demək olduğunu elə bu misal əsasında görə bilərsiniz. Mən bu gəncə baxanda sevincdən gözlərim az qala yaşardı. Elə sevinirdim ki. Belələri isə çoxdur. Əgər hər il orta hesabla 800 adam göndərirdiksə, indi hesablayın görün, on beş ildə nə qədər adam göndərmişdik.

O vaxtlar məqsədim bu idi ki, onlar belə yüksək təhsil aldıqdan, o vaxtkı ümumsovet mühitinə - Moskva, Leninqrad və ya Kiyev mühitinə uyğunlaşdıqdan sonra Azərbaycana həm daha savadlı, həm daha yüksək mədəniyyətli, həm də daha geniş dünya görüşünə malik adamlar kimi qayıtsınlar. Güman edirdim ki, onların bir qismi qayıtmayacaqdır. Nəyə görə? Ona görə ki, Moskvada yaşamaq onun xoşuna gələcək, qoy Moskvada yaşasın. Hər hansı bir qızla tanış olub, ona evlənəcək, nə olsun, bu da yaxşıdır, qoy öz həyatını istədiyi kimi qursun. Sonra belə də oldu - onların bir qismi qayıtmadı, bir qismi qayıtdı. Buna görə də mənim göndərdiyim və hər halda özümə doğma bildiyim adamların çoxu Rusiyanın və keçmiş Sovetlər İttifaqının müxtəlif regionlarında yurd saldılar, uğurla yaşayırlar və ailə qurublar.

Mən tarixə bu ekskursu belə bir fikrə yaxınlaşmaq üçün etdim ki, ümumiyyətlə, hər bir xalqın öz vətəni var. Bizim vətənimiz Azərbaycandır, o, bizim doğma torpağımızdır. Bu vətən nə dünən, nə də bu gün meydana gəlibdir. Bu vətən çoxəsrlik tarixə malikdir, bu vətən çoxəsrlik zəngin mədəniyyətə malikdir, bu vətəndə çox zəngin ənənələri, adətləri, öz xarakteri olan xalq yaşayır. Bu, xalqın xüsusiyyətidir, millətin xüsusiyyətidir. Bu olmasa, millət də olmaz. Millət isə olmasa, insan nə dərəcədə ağıllı olsa da, hər halda naqis insandır. Ona görə də bizim vətənimiz Azərbaycandır. Bəli! Amma vətənimizi intellektual baxımdan daha zəngin, iqtisadi cəhətdən daha zəngin etmək üçün və vətənimizin daha çox tanınması üçün, vətənimizin dünyada hər yerdə məşhur olması üçün insanlar vətənin hüdudlarından uzaqlara getməli və istədikləri yerdə məkan salmalı, istədikləri yerdə yaşamalı, istədikləri yerdə işləməlidir, ancaq vətənlə əlaqələri kəsməməli, vətəni unutmamalı və öz milli köklərini unutmamalıdırlar.

İndi Rusiyada çoxlu azərbaycanlı yaşayır. İndi daha Sovetlər İttifaqı yoxdur. Biz müstəqil dövlətik və yeri gəlmişkən, deməliyəm ki, müstəqillik xalqımızın çox böyük tarixi nailiyyətidir. Biz artıq çoxdan, bir çox əsrlər boyunca öz dövlət müstəqilliyimizə malik deyildik. Müstəqilliyə nail olmaq - bu hadisəni lazımınca qiymətləndirmək çətindir. Budur, indi biz artıq müstəqil dövlətin nümayəndələri kimi, artıq öz dövləti olan Azərbaycan xalqının nümayəndələri kimi Moskvada da, Vaşinqtonda da, Parisdə də, Brüsseldə də və ya hər hansı digər şəhərdə də görüşürük və bu dövlətin dünya birliyində, Birləşmiş Millətlər Təşkilatında bir çox digər beynəlxalq təşkilatlarda öz yeri vardır. Bu, çox böyük tarixi nailiyyətdir.

Dünən burada Müstəqil Dövlətlər Birliyinin növbəti sammiti keçirildi. Bəli, mən burada işləmişəm, mən Sovetlər İttifaqının rəhbərlərindən biri olmuşam. Yeri gəlmişkən, Azərbaycan xalqının bütün tarixi ərzində mən Sovetlər İttifaqı kimi böyük fövqəldövlətin rəhbərliyində olmaq şərəfinə layiq görülmüş yeganə azərbaycanlı idim. Bəli, mən burada, Azərbaycanda çox yüksək vəzifələr tutmuşam. Amma indi Azərbaycan prezidenti olaraq mən bunu keçmişdə malik olduqlarımın hamısından yüksək hesab edirəm.

Mən Sov. İKP MK Siyasi Bürosunun üzvü olmuşam. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olmuşam, mən Sovetlər İttifaqının bir neçə rəhbərindən biri olmuşam, mən Kremldə otururdum, Kremldə işləyirdim. İndi isə Kremlə başqa dövlətin prezidenti kimi gəlirəm.

Ona görə də xalqımızın, ölkəmizin müstəqilliyi böyük işdir. Müstəqil Dövlətlər Birliyinə daxil olan bərabər hüquqlu 12 dövlət kimi dünən biz birliyimizin məsələlərini müzakirə etdik. Sonra isə görüşlər, ayrı-ayrı prezidentlər arasında ikitərəfli görüşlər və Rusiya prezidenti ilə görüşlər keçirildi. Bu gün mənim çox uzun sürən bir görüşüm oldu. Görüşdən çıxanda məni müşayiət edən şəxslər dedilər ki, siz Rusiya prezidenti Vladimir Vladimiroviç Putinlə bir saat qırx dəqiqə söhbət etdiniz. Yeri gəlmişkən, biz ayrılarkən mən ona dedim ki, indi də Azərbaycan icmasının nümayəndələri ilə görüşə gedirəm, səfirin mənə bildirdiyinə görə, onlar Rusiya Federasiyasının 50 vilayətindən gəliblər. O, sizə salam yetirməyi xahiş etdi.

Təkrar edirəm, Rusiyada çoxlu azərbaycanlı yaşayır. Onların hamısı - bəlkə küçə süpürən də, bazarda alver edən də, elmin və ya mədəniyyətin ən yüksək zirvəsində olan da, böyük kommersant olan da bizim üçün doğma adamlardır. Çünki onların hamısı bizim adamlarımızdır. Mən də Azərbaycan prezidenti olaraq hər bir azərbaycanlını özüm üçün əziz adam bilirəm.

Rusiyada nə qədər azərbaycanlı olduğunu söyləmək mənim üçün çətindir. Bəziləri deyirlər, onlar bir milyondur, başqaları deyir ki, iki milyondur. Məncə, heç kim dəqiq hesablamayıbdır. Amma, hər halda, mən belə təsəvvür edirəm ki, azərbaycanlıların bir qismi buradadır, onlar müxtəlif səbəblərə görə çoxdan Rusiyada məskən salmış, öz yerlərini tutmuşlar və elmdə, təhsildə, səhiyyədə, mədəniyyətdə, kommersiya strukturlarında çalışırlar, hətta dövlət qulluğunda olanlar da var, - mən burada dövlət qulluğundakı bir neçə adamla rastlaşdım, sevindim - müxtəlif sahələrdə - çoxları istehsalatda işləyirlər. Elə götürək Ulyanovskı, orada cəmiyyət var, bilmirəm, burada o cəmiyyətin nümayəndələri var, ya yox. Onlar orada böyük cəmiyyət yaratmışlar və bir neçə dəfə Bakıya gəlmişlər və mən hətta Rusiyadakı Azərbaycan icmasından ilk dəfə hədiyyəni - Ulyanovsk avtomobil zavodunun avtobusunu onlardan almışdım. Onlar bu avtobusu Bakıya gətirərək mənə bağışlamışlar. Təbii ki, mənim avtobusa ehtiyacım yoxdur. Mən onu bu avtobusa ehtiyacı olanlara bağışladım.

Məsələn, mən bunu müsbət amil hesab edirəm. Azərbaycanda bizim bəzi adamlar, - bədxahlar da, müxalifətdən olanlar da, - bunu xüsusilə şişirdirlər. Deyirlər ki, görürsünüzmü, \"Azərbaycandan iki milyon azərbaycanlı çıxıb getmişdir, Rusiyada yaşayır. Ona görə ki, Azərbaycanda yaşamaq çox ağırdır\". Müxalifət bizi bunda təqsirləndirmək istəyir. Yaxşı, Rüstəm İbrahimbəyova Azərbaycanda yaşamaq ağır idi, yoxsa, məsələn, Fərman Salmanova Azərbaycanda yaşamaq ağır idi, yaxud Məmməd Əliyevə Azərbaycanda yaşamaq ağır idi? Onlar burada öz layiqli yerini tapmışlar və buna ancaq sevinmək lazımdır.

Məsələn, bu gün səfir bildirdi ki, Rüstəm İbrahimbəyov, Məmməd Əliyev burada işləyərək Rusiya Federasiyasının dövlət mükafatına layiq görülmüşlər. Bu, bizim üçün şərəfdir, buna sevinmək lazımdır.

Yeri gəlmişkən, mən bu imkandan istifadə edərək, sizi səmimi qəlbdən təbrik edirəm və istəyirəm ki, mükafatlar daha çox olsun. Rusiyada iki milyon, milyon yarım, bir milyon azərbaycanlının olması müsbət amildir. Azərbaycanda kifayət qədər adam var. Odur ki, narahat olmayın, buna görə Azərbaycan boşalmaz. Çünki bizdə ərazi böyükdür, doğum da yüksəkdir. Ona görə də Azərbaycanda kifayət qədər adam var. Mən bununla demək istəmirəm ki, köçüb gedin. Yox. Lakin kim getmək istəyirsə, qoy getsin. Bəziləri müvəqqəti olaraq işləməyə gedir, digərləri məskən salaraq burada yaşayır, amma vətəni unutmur, gəlirlər, Nizami küçəsində və ya bulvarda gəzir, öz cavanlığını xatırlayır, qohumları ilə ünsiyyətdə olurlar və sair. Bəli, elə kontingent də var ki, onlar pul qazanmağa gedirlər, çoxları bazarlarda çalışır, burada da qəbahətli bir şey yoxdur.

Bilirsiniz ki, 70-80-ci illərdə, bəlkə də bir az əvvəlki illərdə Türkiyədə iqtisadi vəziyyət çətin olduğundan bir çox türklər Almaniyaya getmişdilər. Almaniyanın isə məhz işçi qüvvəsinə ehtiyacı var idi. Lakin Almaniyada, - mən o vaxtkı Qərbi Almaniyanı nəzərdə tuturam, - həyat səviyyəsi yüksək, çox yüksək olduğuna görə, çox da ixtisaslı olmayan belə işlər üçün onların öz adamları çatışmırdı. Buna görə də bu, onlar üçün hətta sərfəli idi. Deməli, öz vətənində, Türkiyədə özləri üçün lazımi iş tapa bilməyən türklər pul qazanmağa Almaniyaya gedir və orada pul qazanaraq ailələrini dolandırırdılar. Almaniya isə özü üçün lazımi işçi qüvvəsini artırırdı. İndi Almaniyada üç milyon türk yaşayır və Almaniya parlamentində vaxtilə Almaniyaya pul qazanmağa getmiş türklərdən deputatlar var. Təfsilata varıb deməyəcəyəm ki, indi Almaniya türklərin gözləndiyindən də çox olmasından narahatdır. Bu, başqa məsələdir, bunlar təfərrüatdır və görünür, açıqlamağa lüzum yoxdur. Amma mən bilirəm.

Yaxud yadımdadır, məsələn, Yuqoslaviyadan da Almaniyaya çoxlu adam işləməyə gedirdi. Bizdə Sovetlər İttifaqı idi və sosialist düşərgəsi idi. Lakin bayaq dediyim kimi, mən Sovetlər İttifaqının rəhbərlərindən biri idim, problemlərlə, xarici işlərlə, o cümlədən sosialist ölkələri birliyinin, sosialist düşərgəsinin möhkəmlənməsi ilə məşğul olurdum. Mən Yuqoslaviyaya getmiş və rəhbərlərlə görüşmüş, Sovetlər İttifaqı ilə Yuqoslaviya arasında qarşılıqlı münasibətlər barədə söhbət etməli olmuşdum. O vaxtlar bizim ən mürəkkəb münasibətlərimiz məhz Yuqoslaviya ilə idi. Elə olurdu ki, biz saatlarla müzakirə, mübahisə edirdik, əlbəttə, bu zaman bizdə, sovet rəhbərliyində olan nəzəriyyəni əsas tuturduq. Mən onları qınayaraq deyirdim ki, bu nə olan işdir, siz, sizin vətəndaşlarınız Almaniyaya gedirsiniz, adamlarınız qara fəhləlik edir, başqa ideologiyanın təsiri altına düşürlər və sair və sair. Mən onları qınayırdım, onlar isə mənə deyirdilər, yoldaş Əliyev, siz səhv edirsiniz, heç də belə şey yoxdur, bu, hətta yaxşıdır. Onların Almaniyada işləməsi hesabına hər il banklarımıza ehtiyac duyduğumuz, milyardlarla ölçülən sabit valyuta daxil olur. Bu, bir tərəfdən. Digər tərəfdən isə onlar orada işləyir, pul göndərir və ya özləri ilə ailələrinə pul gətirirlər və ailələri yaxşı yaşayır.

Mən sizə keçmiş tarixdən, sosializm və kapitalizm düşərgələrinin olduğu dövrdən iki fakt gətirmək istəyirəm. Mən indi heç bir eynilik aparmaq istəmirəm. Sadəcə, bu faktları xatırlayaraq və hər halda böyük siyasi fəaliyyət təcrübəsinə malik olaraq, məsələn, mən bizdə müxalifətin daim dediyi bu sözlərə fikir vermirəm ki, görürsünüz, \"Azərbaycanda vəziyyət necə pisdir, insanlar çıxıb gedir, iki milyon azərbaycanlı Rusiyada yaşayır\". Əgər Rusiyada hətta üç milyon azərbaycanlı yaşasa, bu, pis deyildir. Azərbaycanda insanlar kifayət qədərdir. Mən istəmirəm ki, biz Rusiyaya ekspansiya təşkil edək. Şübhəsiz ki, bu, hər bir kəsin fərdi arzusudur, heç kim heç nə təşkil etmir. Mənim təşkil etdiyim yeganə şey gəncləri Rusiyaya təhsil almağa göndərməyim olmuşdur. Bundan savayı heç nə təşkil etməmişəm və bu gün də etmirəm.

Deyirlər ki, burada bazarlarda çoxlu azərbaycanlı var. Bunun nəyi pisdir? Mən yenə keçmişi xatırlayıram. Mən Azərbaycanın rəhbəri işləyəndə deyirdilər ki, azərbaycanlı möhtəkirlər Moskvaya gedir, gül alveri edir və möhtəkirliyi yayırlar. Təbii ki, bu, mənə toxunurdu. Bu gün isə kommersant nüfuzlu adamdır, amma o zaman möhtəkir adlanırdı.

Təbiidir, biz həmin sistem, həmin ideologiya çərçivəsində yaşayırdıq. Mən iki-üç dəfə Azərbaycandan böyük milis briqadaları göndərmişdim ki, Moskvanın bazarlarında azərbaycanlıları tutsunlar, onlar möhtəkirlər kimi azərbaycanlıların adını batırmasınlar. Başa düşürsünüzmü? Sonra isə Moskvanın bəzi rəhbərləri mənə zəng edirdilər ki, siz nə üçün bunu edirsiniz? Yaxşı, deyək ki, siz onların əlindən hər şeyi aldınız. Axı, burada bütün bunlar moskvalılara lazımdır. Biz 8 martda qadınlarımıza gül bağışlamalıyıq, eləcə də hansısa başqa bayramda, - siz nə üçün bizi bu imkandan məhrum edirsiniz?

Yaxud da mən Moskvada işləyəndə Rusiyanın bəzi vilayətlərinə gedərkən hökmən bazarlara baş çəkirdim - bu, mənim adətim idi. Əlbəttə, mən özüm üçün nə isə almaqdan ötrü bazara yalnız cavanlığımda getmişəm. Rəhbər vəzifədə olanda isə bazarlara, sadəcə, əhval-ruhiyyəni bilmək üçün gedirdim. Obyektiv əhval-ruhiyyəni bazarda həmişə daha çox bilmək olur. Rusiyanın vilayətlərinə gedir və bazarlara baş çəkirdim. Bəzi vilayət partiya komitələrinin birinci katibləri hətta təəccüblənirdilər ki, Əliyev nə istəyir, bazara nə üçün gedir. O, yüksək istehsalatı göstərmək üçün məni zavoda dartır. Mən isə deyirəm ki, oraya gedəcəyəm, amma yolüstü bazara da baş çəkək, görək nə var. Yeri gəlmişkən, mən orada da alver edən azərbaycanlıları görürdüm. Ürəyimdə mən də düşünürdüm ki, onlar həqiqətən bizi gözdən salırlar, möhtəkirliklə məşğul olurlar. Psixologiya belədir. Amma mən hesab edirəm ki, bu, həmin sistemin, həmin münasibətin məhsulu idi.

Ticarət isə hər yerdə ticarətdir. Biri supermarketdə alver edir. digəri dükanda, üçüncüsü bazarda - hər yerdə alver edirlər. Əgər bazar olmasa, həyat da olmaz. Onlar məhz ən çalışqan insanlardır, Moskvada, - mən burada neçə illər yaşamışam, - qışda, iyirmi dərəcə şaxtada bazarda piştaxta arxasında bir neçə saat ayaq üstə dayanıb nə isə satmaq çox ağır zəhmətdir. Nə üçün hesab etməliyik ki, onlar bizi gözdən salan insanlardır? Yox!

Bir dəfə Yuri Lujkov Bakıya gəlmişdi. Mən ona dedim ki, xahiş edirəm, \"Qafqaz millətindən olan şəxslər\" ifadəsinə son qoyun. Əvvəla, bu, təhqiramizdir. Qafqaz millətindən olan şəxslər nə deməkdir? Qafqaz təkcə bizim regionun deyil, dünyanın gözəl bir guşəsidir. Qafqaz bir çox görkəmli insanların vətənidir. Qafqaz bir çox qəhrəmanların vətənidir. Siz nə istəyirsiniz? Onlar Qafqaz millətindən olan şəxslərə cinayətkarlar, hansısa oğrular, fırıldaqçılar damğası vurmuşdular. Mən rəsmi surətdə etiraz etdim və bizdə sarayda Rusiya Federasiyasının mədəniyyət günləri keçirilərkən o, çıxış etdi və mən də çıxış etdim, bu barədə açıq danışdım.

Ona görə də həmin insanlar da bizim həmvətənlərimiz, doğmalarımızdır. O ki qaldı cinayətlərə, cinayətlər bazarda da törədilir, küçədə də törədilir. ən nüfuzlu yerdə də törədilir. Əsla hesab etmək olmaz ki, əgər o, bazarda alver edirsə, deməli, cinayətkardır. Mən ona görə bu mövzuda bir qədər çox danışdım ki, deyəm - hər bir zəhmət şərəflidir. Rusiyada işləyən və öz ailəsini saxlayan, pul qazanan və eyni zamanda bu və ya digər regionun həyatında iştirak edən azərbaycanlı ləyaqətli adamdır və biz onun mənafelərini müdafiə etməliyik, onu həmişə həmvətənimiz saymalıyıq.

İndi isə azərbaycanlıların ünsiyyəti barədə. Təəssüf ki, biz bir çox digər məsələlərdə olduğu kimi, bu məsələdə də geri qalmışıq. Rusiyada azərbaycanlılar sayca sanki az deyildirlər, odur ki, onlar birləşəydilər, sıx birləşəydilər, necə deyərlər, bir-birilə daha yaxından bağlı olardılar, bir-birinə daha çox kömək edərdilər - bir-biri ilə ünsiyyətdə olmaq öz vətənini unutmamağa kömək edir. Məsələn, Novruz bayramında plov bişirirlər, hamı oturub birlikdə yeyir və ya bir-birini dəvət edirlər. Yaxud, məsələn, bir-birinə qonaq gedir, təbrik edir, üstəlik hədiyyələr, paxlava və ya şəkərbura verirlər - bu da ünsiyyət vasitəsidir.

Yəni mən belə düşünürəm və hamı da bu fikirdədir ki, harada yaşayırlarsa yaşasınlar, azərbaycanlılar bir-biri ilə bağlı olmalı, bir-biri ilə əlaqə saxlamalıdırlar. Əvvəla, bu, dilimizin, ənənələrimizin, adətlərimizin qorunub saxlanmasına kömək göstərəcəkdir. İkincisi, bu, hər bir azərbaycanlıya kömək edəcəkdir. Azərbaycanlının başına bir iş gəldikdə, başqası ona kömək edəcəkdir. Əlbəttə, onun rus və ya yəhudi, yaxud hər hansı başqa millətdən olan dostu var, o da dostdur və ona kömək edəcəkdir. Amma hər halda azərbaycanlı doğmadır, adət-ənənəsinə görə də, xasiyyətinə görə də ona həmişə yaxındır.

Buna görə də istərdim ki, Rusiyada yaşayan azərbaycanlılar bir-biri ilə səmimi münasibətlərdə olsunlar. Bu isə Rusiyanın müxtəlif regionlarında icmalar yaradılması ilə mümkündür. Mən eşidəndə ki, Rusiyanın 50 vilayətində formalaşmış icmalar var və bu icmaların nümayəndələri mənimlə görüşmək üçün buraya, Moskvaya gələ bilərlər, bu məni çox sevindirdi. Rusiyada çoxlu azərbaycanlı olduğu məlumdur. Təkrar edirəm, mən buna müsbət yanaşıram. Lakin bizdə mütəşəkkillik çatışmırdı, ünsiyyət çatışmırdı, əgər indi bu məsələ həll edilmişsə, bu, çox yaxşıdır, çox xoşdur.

Bilirsiniz ki, biz, təəssüflər olsun, Ermənistanla qonşuluqdayıq, onunla dostluğumuz heç cür baş tutmur. Siz Ermənistanla Azərbaycan arasında münasibətlərin tarixini bilirsiniz, azərbaycanlılar sülhsevər xalqdır, azərbaycanlılar başqa xalqlara heç zaman pis münasibət bəsləməyiblər. Bizdə tolerantlıq, xalqımızın dini dözümlülüyü yüksək səviyyədədir. Biz günahkar deyilik ki, ermənilər, - əlbəttə, onların hamısı deyil, ancaq təcavüzkar separatçılar və ya ekstremistlər və sair, - müxtəlif vaxtlarda müxtəlif münaqişələri qızışdırmış və nəhayət, 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətini qoparıb özlərinə birləşdirmək üçün birbaşa hücuma keçmişlər.

Dağlıq Qarabağ münaqişəsi də bundan başlamışdır. O, indiyədək davam edir və biz bu münaqişəni heç cür həll edə bilmirik. Biz əvvəllər də bilirdik. Ancaq bu münaqişə yarandıqdan sonra biz bu barədə daha çox məlumat almağa başladıq, yəni ki, bir görün, ermənilər müxtəlif ölkələrdə necə mütəşəkkildir, bir-biri ilə necə yaxındır, necə güclü icmaları var. Məsələn, siyasətlə və dövlət fəaliyyəti ilə uzun illər məşğul olmuş adam kimi hətta mən də bunun belə olduğunu əvvəllər bu dərəcədə təsəvvür etmirdim. Xatirimdədir, Ermənistan-Azərbaycan münaqişəsi yenicə başlanmışdı və Qorbaçov Amerika Birləşmiş Ştatlarına ilk səfərə getmişdi, sovet mətbuatında xəbər verdilər ki, orada o, erməni icmasının nümayəndələri ilə görüşübdür. Siz yəqin ki, xatırlayırsınız. Sən onda, məncə, deputat idin. Onlar Qorbaçova hansısa bahalı bir hədiyyə, daha doğrusu, Raisa Maksimovnaya bahalı hədiyyə verdilər. Bu, bizdə hiddət doğurdu. Bəli, hiddət doğurdu. Çünki Sovetlər İttifaqının dövlət başçısı olan Qorbaçov ermənilərə də, azərbaycanlılara da eyni münasibət göstərməli idi. Yeri gəlmişkən, dünən mən bir televiziyaya müsahibə verdim və bunu bir daha dedim. Əgər 1988-ci ildə Qorbaçov və onun ətrafındakılar düzgün mövqe tutsaydılar, bu münaqişə belə şəkil almazdı və bu qədər itki olmazdı, Ermənistan da, Azərbaycan da bugünkü kimi belə düşmənçilik münasibətində olmazdı. Bunun təqsirkarından biri o və o vaxtkı sovet rəhbərliyidir.

Bununla yanaşı, Amerikada Azərbaycan icmasının yalnız planı vardır. Yox, burada artıq azərbaycanlıları təqsirləndirmək olmaz, çünki ermənilər artıq bir çox əsrlər ərzində bütün dünyaya səpələnmişlər. İndi dünya bizim hamımızın üzünə açıqdır, biz hər yerə gedib-gəlirik, məsələn, görürük ki, Amerika Birləşmiş Ştatlarında erməni icması üzvlərinin sayına görə böyük deyildir, - orada ermənilər bir milyondan artıq deyil, - amma onların icması çox güclüdür. Onun hansı yeri tutduğunu demək istəmirəm, hər halda, yəhudi və ya yunan icmalarından sonra ilk yerlərdən birini erməni icması tutur, onun konqresə təsiri var.

1992-ci ildə Amerika Konqresində Azərbaycan barəsində açıq-aşkar ədalətsiz qərar, ayrı-seçkilik qərarı qəbul edildi. Bu qərarda guya o vaxtlar Azərbaycanın Ermənistanı blokadaya alması ilə əlaqədar Amerika hökuməti tərəfindən Azərbaycana hər hansı yardım göstərilməsinin qadağan olunması nəzərdə tutulur. Bunu erməni diasporu və ermənipərəst konqresmenlər etmişlər. Bu gün də Amerika parlamentində olduqca çox ermənipərəst konqresmenlər var. Son illər biz böyük çətinliklə, gərgin əmək sayəsində, - konqresmenlərin müəyyən hissəsi heç də azərbaycanpərəst olmadılar, yox, - onlara sadəcə olaraq izah etdik və onlar obyektiv mövqelərdə durdular.

Mən prezident Klintonla dəfələrlə görüşmüşəm. O, mənə demişdir ki, bəli, 1992-ci ildə \"Azadlığı dəstəkləmə aktı\"nın 907-ci maddəsinə Azərbaycan barəsində tətbiq edilmiş düzəliş ədalətsizdir və onu götürmək lazımdır. Bu, 1997-ci ilin avqustunda mən Vaşinqtonda rəsmi səfərdə olarkən hətta Ağ evdə bizim birgə bəyanatımızda da yazılmışdır. Amma o, bunu edə bilmir, çünki erməni diasporu çox güclüdür və ermənipərəst konqresmenlər mane olur, bunu etməyə imkan vermirlər.

Mən sizə hətta belə bir əhvalatı danışım. Braunbek adlı bir senator var, ümumiyyətlə, bu məsələnin ədalətli həllini istəyir. Konqresmen Kinq bir dəfə 907-ci maddənin ləğvi haqqında təklif verdi, səsə qoydular, amma keçmədi. Sonra senator Braunbek böyük İpək yolunun bərpasına dair proqram irəli sürdü. Əgər Konqres bu proqramı qanun şəklində qəbul edirsə, deməli, yollar açılır, lakin 907-ci maddə ləğv edilmir, amma bu maddənin bir çox qadağaları avtomatik surətdə götürülür. Ancaq erməni diasporu konqresdəki öz tərəfdarları vasitəsilə bu qanuna da mane oldu. Halbuki onun çox böyük əhəmiyyəti vardı.

Başa düşürsünüzmü, onlar nəinki Amerikada və Fransada, eləcə də Rusiyada, hər hansı digər ölkədə, - daha haralarda yoxdular. - hər yerdə var və hər yerdə də mütəşəkkildirlər, hər yerdə məktəbləri var. Məsələn, Amerikada onlar Amerika cəmiyyətinə tamamilə daxil olmuşlar. Bu yaxınlarda prezident Klinton erməni icmasına məktub göndərdi və Amerika Birləşmiş Ştatlarının iqtisadiyyatının və mədəniyyətinin və s. inkişafında onların xidmətlərini qiymətləndirdi. Onlar yığcam yaşadıqları yerlərdə məktəblərə, kilsəyə, bir çox digər şeylərə malikdirlər. Siz bilirsiniz, bəzi ştatlarda, məsələn, Nyu-Cersidə, Massaçusetsdə və digər ştatlarda, o cümlədən Los-Anceles şəhərində daha yığam yaşayırlar və sair. Lakin onlar başqa yerlərdə də, hər yerdə yaşayırlar.

Təkrar edirəm, bu proses heç də bir əsr ərzində getməmişdir. Mən bunu bir misal olaraq deyirəm. Bu amil bizim əleyhimizədir, çünki onlar müxtəlif ölkələrdə imkanlara malik olduqlarına görə, bu münaqişə ilə əlaqədar məsələnin beynəlxalq təşkilatlar vasitəsilə ədalətlə həll edilməsinə imkan vermirlər. Bu, bizim üçün zərərlidir. Amma bununla yanaşı, biz müxtəlif ölkələrdəki erməni diasporu ilə heç nə edə bilmirik.

Bu, ermənilərin milli mənafeləri baxımındın çox gözəldir. Amma gərək biz də öyrənək. Təkrar edirəm, mən xəyaldan, xülyadan uzağam ki, biz buna qısa vaxtda, bir onillik ərzində nail ola bilərik. Lakin qarşımıza məqsəd qoysaq, bunu edə bilərik. Buna görə də icma olduqda, bu icma bir yerə toplaşır, şükürlər olsun ki, Rusiyanın müxtəlif vilayətlərində yaşayan azərbaycanlılar kasıb deyillər, normal yaşayırlar, birinin imkanı böyükdür, digərinin imkanı azdır, buna baxmayaraq, normal yaşayırlar, onlar dili öyrənmək üçün bazar günü məktəbləri yarada bilərlər. Onlar öz milli musiqisini, milli incəsənətini təbliğ etmək üçün müxtəlif dərnəklər yarada bilərlər. Onlar haradasa toplaşıb, ibadət etmək üçün məscid tikdirə bilərlər. Bilirsiniz ki, sovet ideologiyası dövründə biz mənəvi dəyərlərdən məhrum idik. Təkcə biz yox - Sovetlər İttifaqında hamı məhrum idi. Amma indi görün, Rusiyada Pravoslav kilsəsi, yaxud da, məsələn, başqa xalqların kilsələri necə gücə malikdir.

Ümumiyyətlə, biz öz mənşəyimizi, öz milli mənşəyimizi və dini mənşəyimizi heç vaxt unutmamalıyıq. Bəli, əcdadlarımız islamı hələ VII əsrdə qəbul etmişlər. İslam bir çox yüzilliklər ərzində xalqımızın həyatının mənəvi əsası olmuşdur. Biz başqa dinə tapına və ya onu qəbul edə bilmərik. Əlbəttə, bizim Azərbaycanda üç konfessiya - müsəlman, islam; pravoslav xristian və yəhudi konfessiyaları var. Yeri gəlmişkən, çoxları təəccüblənir ki, Azərbaycanda üç konfessiya belə dostcasına fəaliyyət göstərir. Biz məhz belə xalqıq, təkrar edirəm, biz başqa dinlərə dözümlüyük, lakin, bununla bərabər, milli adətlərimizin, milli mərasimlərimizin ən mühüm mənbələrindən biri olan öz dinimizi unutmamalıyıq.

Buna görə də icmanın böyük əhəmiyyəti var. Əgər icmalar həqiqətən formalaşıbsa, əgər bu icmalar bundan sonra da inkişaf edəcəksə, əgər hər bir icma öz sıralarından ən nüfuzlu adamları irəli sürəcəksə, bu adamlar təşkilat işi ilə məşğul olacaqlarsa və qalanları bu rəhbər işçiyə və ya bu rəhbərlərə hörmət edəcəklərsə, onlarla hesablaşacaqlarsa, onda əlbəttə, açığını deyəcəyəm, Rusiyadakı Azərbaycan icmaları qısa müddətdə çox şeyə nail ola bilərlər.

Əlbəttə, bütün bunlar Rusiya qanunları çərçivəsində olmalıdır, bütün bunlar Rusiyanın bu və ya digər regionunun inkişafı naminə olmalıdır. Mən əvvəldə dedim ki, burada Rusiya vətəndaşlığı olan azərbaycanlılar da var. Bu, çox gözəldir. Rusiya çoxmillətli ölkədir. Bizdə, Azərbaycanda hazırda 150 mindən çox rus yaşayır. Onların hamısı Azərbaycan vətəndaşlığına malikdir. Onlar bizim vətəndaşlarımızdır və heç bir ayrı-seçkilik yoxdur, heç bir.

Deməliyəm ki, bilirəm, onlar bir prezident kimi mənə çox hörmət edirlər, mənim ən fəal tərəfdarlarım, seçicilərimdir. Siz yəqin ki, bilirsiniz, çünki 1989-1990-cı illərdə və s. hüquqlarının pozulmasına görə rusların bir hissəsi hər halda Azərbaycandan getmişdir. Lakin, - yeri gəlmişkən, özünütərif olmasın, məni düz başa düşün, - mən Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra bir çox ruslar qayıtdılar. Onlar mənimlə hər dəfə görüşərkən çox təşəkkür edirlər, çünki yaxşı yaşayırlar. Onlar Azərbaycanın vətəndaşlarıdır. Rusiya vətəndaşları olan azərbaycanlılar var, bu, çox yaxşıdır. Rusiya vətəndaşları olan azərbaycanlılar Rusiyanın dövlət qulluğunda, elm, mədəniyyət, kommersiya sahələrində və digər sahələrdə işləyirlər. Ancaq azərbaycanlı olduqlarını unutmur və Azərbaycan haqqında düşünür, öz milləti haqqında düşünür, öz xalqı haqqında düşünürlər.

Bu yaxınlarda gedənlərin isə Rusiya vətəndaşlığı yoxdur, onlara da həyan olmaq lazımdır və qətiyyən yol vermək olmaz ki, onların hüquqları tapdalansın. Çünki onlar azərbaycanlıdır. Onlardan kimsə Rusiya vətəndaşı olarsa, qoy olsun. Kimsə Azərbaycan vətəndaşlığını saxlamaq istəyir. Bizdə də, Azərbaycanda da Rusiya vətəndaşı olan ruslar var - heç bir problem yoxdur. Bəziləri də var ki, onlar azərbaycanlı deyil, başqa millətlərə mənsubdur və digər ölkələrin vətəndaşlarıdır, onların da problemləri yoxdur.

Yəni indi biz azərbaycanlıları ayırmamalıyıq ki, filankəs Rusiya vətəndaşı deyil - hamı azərbaycanlıdır. Rusiya vətəndaşları daha böyük imkanlara malikdirlər, istər Azərbaycan icmalarının dəstəklənməsi üçün, istərsə də Rusiya vətəndaşlığı olmayan azərbaycanlıların mənafelərinin müdafiəsi üçün onlar Rusiyanın müvafiq dövlət strukturlarından daha çox istifadə edə bilərlər.

Əlbəttə, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin bizim üçün böyük əhəmiyyəti var. Bu, təkcə sizin üçün deyil, Azərbaycanın bütün əhalisi üçün, bütün vətəndaşlarımız üçün də böyük əhəmiyyətə malikdir, çünki siz Rusiyada yaşayırsınız.

Sizə deyə bilərəm ki, Azərbaycan Rusiya ilə dostluq münasibətlərinin inkişafında və möhkəmlənməsində qəti mövqe tutur. Mən bunu dəfələrlə - Rusiyadan gələn müxtəlif nümayəndə heyətləri ilə görüşlər zamanı da, keçmiş vaxtlarda Rusiya rəhbərləri ilə görüşlərim zamanı da demişəm. Bu yaxınlarda, ayın 12-də Rusiyanın respublika günü qeyd olundu. Mən Rusiyanın Azərbaycandakı səfirliyinə getdim və orada nitq söylədim. Mən bu barədə çox dəqiq danışdım.

Bu gün prezident Vladimir Vladimiroviç Putinlə çox ətraflı söhbətimiz oldu. Bayaq dediyim kimi, biz bir saat 40 dəqiqə söhbət etdik və bu söhbət əsasən münasibətlərimizin bundan sonra necə inkişaf etdirilməsinə həsr olundu. Prezident Vladimir Vladimiroviç Putin Rusiya-Azərbaycan münasibətlərinin inkişafına çox böyük əhəmiyyət verir və bunu ürəkdən istəyir. Biz fikir mübadiləsi apardıq. Dedim ki, buna mən də böyük əhəmiyyət verirəm. Mən dünən bizim iclasımızda da, bu gün də dedim ki, Azərbaycan 200 ildir Rusiya ilə bağlıdır. Əlbəttə, biz öz qədim keçmişimizlə fəxr edirik, öz qədim mədəniyyətimizlə fəxr edirik, öz milli ənənələrimizlə fəxr edirik, ancaq bununla yanaşı, biz heç vaxt unutmamalıyıq ki, XIX-XX əsrlərdə Azərbaycan ümumbəşəri dəyərlərə, Avropa dəyərlərinə məhz Rusiya vasitəsilə, Rusiya mədəniyyəti vasitəsilə, rus təhsili vasitəsilə qovuşmuşdur.

Axı, Rusiya da bir çox əsrlər əvvəl belə Rusiya olmayıbdır. Rusiya, məsələn, XIX əsr və ya XVIII əsrdə özünün Avropa ilə fəal əlaqələri, yəni milli Rusiya xüsusiyyətlərinin, Avropa, Qərb xüsusiyyətləri ilə sintezi sayəsində belə olmuşdur. Biz isə bu yolu Rusiya vasitəsilə XIX əsrdə də, XX əsrdə də keçmişik, məhz ona görə ki, ziyalılarımızın ən yaxşı nümayəndələri Rusiyada təhsil almışlar. Doğrudur, onların bəziləri Qərb ölkələrində, məsələn, Almaniyada, Fransada və başqa ölkələrdə, digərləri isə Rusiyada təhsil almışlar və bütün bu təhsili öz xalqına gətirmişlər. Elmimiz, ali təhsilimiz artıq XX əsrin əvvəllərindən başlayaraq məhz Rusiya mədəniyyəti ilə yaxınlığımız sayəsində inkişaf etmişdir.

Elə bizim Üzeyir Hacıbəyovu götürün. O, öz məzmununa görə sırf milli adamdır, nəinki bir bəstəkar kimi, həm də bir ictimai xadim, biz mütəfəkkir kimi Azərbaycan millətinin fəxridir. O, Rusiya təhsili almışdır - Qori seminariyasında, sonra Peterburq Konservatoriyasında oxumuşdur və onun Allah vergisi olan genetik göstəriciləri, istedad və bacarığı belə güclü inkişaf tapmışdır, çünki o, rus ədəbiyyatını, bunun vasitəsilə isə Qərb mədəniyyətini öyrənmiş və əsrimizin əvvəllərində elə böyük əsərlər yaratmışdır ki, bu əsərlərlə Azərbaycanın neçə-neçə nəsilləri, neçə-neçə gələcək nəsilləri fəxr edəcəkdir.

Biz bu barədə çox danışa bilərik. Bu mədəniyyətdən nə əldə etdiyimizi söyləmək üçün mən sizə yalnız bir faktı xatırlatdım. Əlbəttə, bu tarixdə kədərli səhifələr də var, faciəli səhifələr də. Lakin bununla bərabər, biz gərək həmişə çətin yola yekun vuraq, görək nə itirmişik, nə əldə etmişik, hər halda, çox şey əldə etmişik.

Ona görə də keçmiş tariximizi nəzərə alaraq, coğrafi mövqeyimizi nəzərə alaraq deməliyik ki, artıq indi bir müstəqil dövlət kimi biz Rusiya ilə dostluq münasibətlərinə məhkumuq. Bu, Rusiyanın da, Azərbaycanın da xeyrinədir. Bu gün biz prezident Vladimir Vladimiroviç Putinlə bu baxımdan yekdil olduq. Ona görə də Azərbaycan icmaları kimi siz də Rusiyada yaşayaraq, Rusiyada işləyərək, müxtəlif fəaliyyətlə məşğul olaraq Rusiya ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərin daha da möhkəmlənməsinə və inkişaf etməsinə öz töhfənizi verə bilərsiniz.

Yəqin ki, sizi Ermənistanla Azərbaycan arasında münaqişə problemi də maraqlandırır. Siz bilirsiniz, bu münaqişə 1987-ci ilin axırlarında - 1988-ci ilin əvvəllərində başlanmışdır. Obyektiv və subyektiv səbəblərə görə indi biz belə bir vəziyyətdəyik. Lakin 1994-cü ilin mayında, altı ildən bir qədər əvvəl mən qərar qəbul etdim və Ermənistanla biz sülh danışıqları aparılması üçün atəşkəs haqqında razılığa gəldik. Çünki hərbi əməliyyatlar aparmaqla, müharibə etməklə yanaşı, eyni zamanda məsələnin nizama salınması yollarını axtarıb tapmaq çox çətin idi.

Biz bu işlə o vaxtdan bəri məşğul oluruq. Doğrudur, çətindir, çox çətindir. Nəyə görə? Təkrar edirəm, müxtəlif səbəblərə görə. İndi mən təfərrüata varmaq istəmirəm, burada bizim də təqsirimiz çoxdur. Ancaq bununla bərabər, Azərbaycana nisbətən Ermənistana daha böyük yardım göstərən bəzi ölkələr, o cümlədən də onda Sovetlər İttifaqının rəhbərliyindəki bəzi qüvvələr də birtərəfli mövqe tuturdular, məhz Sovetlər İttifaqının rəhbərliyi Azərbaycan barəsində qeyri-obyektiv, ədalətsiz mövqe tutmuşdu. Buna görə də elə oldu ki, ərazimizin 20 faizi erməni silahlı qüvvələrinin işğalı altındadır, bir milyondan çox azərbaycanlı öz yaşayış yerlərindən didərgin salınmışdır, ağır şəraitdə, əksəriyyəti də çadırlarda yaşayır.

Sülh danışıqları apardığımız bu illər ərzində, xüsusən də Azərbaycan prezidenti ilə Ermənistan prezidenti arasında bir neçə görüşün keçirildiyi axırıncı, 1999-cu ildə biz çox şeyləri sınaqdan çıxardıq. Biz haradasa mövqelərimizi yaxınlaşdırmağa başladıq. Amma hansı əsasda? Əlbəttə, məsələ Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən həll olunmur. Ermənistanın fikrincə, onun işğal etdiyi ərazi - \"Dağlıq Qarabağ onlara məxsusdur və bu, əzəli erməni torpağıdır\", halbuki bu, həqiqətə uyğun deyil, uydurmadır. Amma onlar nəinki Dağlıq Qarabağın ərazisini, həm də Dağlıq Qarabağ ətrafındakı 7 rayonu - yalnız azərbaycanlıların yaşadıqları rayonları işğal etmişlər.

Münaqişə başlanmazdan əvvəl Dağlıq Qarabağda əhalinin nisbəti belə idi - 30 faiz azərbaycanlılar, 70 faiz ermənilər, qalan bütün rayonların əhalisi isə yüz faiz azərbaycanlılardan ibarət idi. Yeri gəlmişkən, münaqişənin başlanması ərəfəsində Dağlıq Qarabağda cəmi 170 min əhali vardı. Bir sözlə, bizim Ağdam rayonunda bütün Qarabağda olduğu qədər əhali yaşayırdı. Bir diqqət yetirin, bu qədər qan tökülməsinə və belə ağır vəziyyətə gətirib çıxaran, hazırda dünyada ən mürəkkəb, çətin münaqişələrdən biri sayılan bu münaqişə nəyə görə yaranmışdır.

Əlbəttə, Ermənistan öz inadında, öz qeyri-konstruktivliyində müxtəlif ölkələrdəki bəzi tərəfdarlarına, müxtəlif ölkələrin dövlət qurumlarında sözü keçən diaspora da arxalanır. Ona görə də bu, çox çətindir, başa düşün, son dərəcə çətindir. Əgər bu, kimlərəsə adi görünürsə, onlar yanılırlar. Bəzən deyirlər ki, Əliyev nə üçün bu məsələni indiyədək həll etmir və ərazilərimizi azad etmir və s.

Mən demişəm və sizə də deyirəm ki, bu məsələnin həlli ilə gecə də, gündüz də məşğulam. Vaxtımın xeyli hissəsi bir çox çətinlikləri olan dövlətimizin digər məsələləri, problemləri ilə yanaşı, buna həsr edilir. Lakin bununla belə, istəmirəm ki, siz bədbinliyə qapılasınız. Hesab edirəm ki, biz bu məsələnin həlli yolunu tapacağıq. Amma burada qarşılıqlı kompromislərsiz keçinmək olmaz. Hər iki tərəfdən kompromislər olmalıdır. Biz Ermənistan prezidenti ilə təxminən bu barədə danışdıq. Srağagün biz - Ermənistan prezidenti və Azərbaycan prezidenti burada görüşdük. Sonra üç prezidentin - Rusiya, Azərbaycan, Ermənistan prezidentlərinin görüşü keçirildi. Bundan sonra dörd prezidentin - Rusiya, Gürcüstan, Azərbaycan, Ermənistan prezidentlərinin görüşü oldu.

Biz ilk iki görüşdə Ermənistanla Azərbaycan arasında münaqişənin həlli məsələlərini müzakirə etdik, üçüncü halda, dörd prezident görüşdükdə isə Zaqafqaziyada, Cənubi Qafqazda əməkdaşlığın mümkünlüyü məsələlərini müzakirə etdik. Elə bu gün prezident Vladimir Vladimiroviç Putinlə də uzun sürən görüşüm zamanı söhbətimizin xeyli hissəsi məhz bu məsələyə, bu mövzuya həsr olundu. Ümidvaram ki, Vladimir Vladimiroviç Putin bu məsələ ilə indən belə daha fəal məşğul olacaq, buna daha böyük diqqət yetirəcəkdir. Mən bunu hər halda bu gün hiss etdim.

İndi mən sizə heç bir vəd vermirəm. Amma hər halda bu, bizim ağrımız, əzab-əziyyətimiz, müsibətimizdir. Keçmişdə Sovetlər İttifaqına daxil olmuş və müstəqilliyə qovuşmuş respublikalardan heç biri Azərbaycan kimi belə vəziyyətə düşməmişdir. Ermənistan da münaqişədədir, amma Ermənistanın bir qarış da ərazisi işğal olunmayıbdır. Gileylənir ki, bilirsinizmi, Azərbaycandan olan qaçqınların müəyyən bir hissəsi Ermənistandadır. Əvvəla, bu ermənilər olduqca azdır. İkincisi isə, onların əksəriyyəti Ermənistandan getmişdir. Yeri gəlmişkən, Ermənistandan olduqca çoxlu adam köçüb gedir, onlar Rusiyada, Qərb ölkələrində, Amerikada məskən salırlar.

Bizim azərbaycanlılar isə, məsələn, Ağdam rayonundan, Füzuli rayonundan, Cəbrayıl rayonundan, Zəngilan rayonundan, Qubadlı rayonundan, Laçın rayonundan, Kəlbəcər rayonundan olan azərbaycanlılar Rusiyaya getməyəcək, Amerikaya getməyəcək, Fransaya getməyəcək, heç yana getməyəcəklər. Xalqımızın psixologiyası belədir. Onların hər biri öz kəndinə, öz doğma torpağına, öz əcdadlarının məzarları yanına qayıtmaq istəyir. Mən də bu cür mövqe tuturam. Biz buna nail olmalıyıq və nail olacağıq!

Nəhayət, demək istəyirəm ki, hesab edirəm, bundan sonra sizin üçün, - nəinki sizin üçün, eləcə də Rusiyada yaşayanların hamısı üçün, - daha yaxşı və daha asan olacaqdır. Çünki Rusiya Federasiyasının rəhbərliyində böyük dəyişikliklər baş vermişdir, yeni prezident seçilmişdir. Deməliyəm ki, Vladimir Vladimiroviç Putin çox layiqli insandır. Gördüyünüz kimi, qısa müddətdə Rusiya üçün daxili həyatda da, xarici siyasətdə də çox işlər görmüşdür. Onun planları, niyyətləri, başlıcası isə fəallığı - həm siyasi fəallığı, həm də dövlət fəallığı, səmimiliyi belə söyləməyə əsas verir ki, Rusiya da son illər düşdüyü bu ağır vəziyyətdən çıxacaqdır. Rusiya demokratik ölkə kimi inkişaf edərsə, deməli, sizin hər birinizin həyatında da, fəaliyyətində də uğurlar olacaqdır. Deməli, Rusiya ilə Azərbaycan arasında münasibətlərimiz daha yaxşı olacaqdır. Bir sözlə, bu, nəinki bu gün, həm də son vaxtlar - Vladimir Vladimiroviç Putinin seçilməsindən əvvəl də, və xüsusən o, prezident seçildikdən sonra da çıxardığım nəticədir. Yeri gəlmişkən, o bilir ki, Rusiyada yaşayan azərbaycanlıların mütləq əksəriyyəti ona səs vermişdir. Buna görə mən sizə minnətdaram.

Mən artıq dedim ki, azərbaycanlılar Rusiyada müxtəlif sahələrdə işləyir və müxtəlif yerlərdə yaşayırlar. Əlbəttə, bizim üçün elmdə işləyən də, təhsildə, mədəniyyətdə, səhiyyədə, humanitar sahələrdə çalışanlar da, kommersiya, ticarət sahələrində çalışanlar da vacibdir. İndi Azərbaycan da, Rusiya da demokratiya, bazar iqtisadiyyatı yolu gedirlər. Odur ki, bazar iqtisadiyyatı ölkələrimizin inkişafının əsasını təşkil edir. biz Azərbaycanda bazar iqtisadiyyatının inkişafını təmin edən çoxlu iqtisadi islahatlar həyata keçiririk.

Mən istəyirəm ki, Rusiyada Rüstəm İbrahimbəyov, Fərman Salmanov, Məmməd Əliyev, Müslüm Maqomayev və bir çox başqaları kimi görkəmli elm, mədəniyyət, təhsil xadimlərimiz olsun. Onların hamısının adını çəkməyə imkanım yoxdur. Mən istəyirəm ki, Rusiyada böyük kapitala malik, geniş kommersiya fəaliyyəti ilə məşğul olan azərbaycanlı iri kommersantlar, nüfuzlu kommersantlar olsun. Çünki indi bu, bazar iqtisadiyyatının əsasını təşkil edir.

Ancaq eyni zamanda, bunlar hamısı qanun çərçivəsində, konstitusiya çərçivəsində, Rusiyada mövcud olan qaydalar çərçivəsində olmalıdır. Azərbaycanlılar, ümumiyyətlə, zirək xalqdır. Yeri gəlmişkən, deyəndə ki, Rusiyanın və Moskvanın bazarlarında çoxlu azərbaycanlı var, eyni zamanda deyirlər ki, azərbaycanlılar, ümumiyyətlə, əsrlər boyu ticarətlə məşğul olmuşlar. Bəli, ticarət keçmiş zamanlarda çox şərəfli peşə idi.

\"Arşın mal alan\"ı yadınıza salın: Soltan bəy - Gülçöhrənin atası söhbət edəndə deyirdi ki, \"doxturdu-moxturdu, incinardı-mincinardı - bunlar heç nədir, əsas tacirdir\". Bu da təsadüfi deyil. Üzeyir Hacıbəyov bu əsəri gərək ki, 1913-cü ildə yazıbdır. Amma mən Soltan bəy kimi fikirləşmirəm. Bütün peşələr hörmətlidir. Xalqı daha da yüksəklərə qaldıran həmişə alimlər, mədəniyyət xadimləri, böyük ictimai xadimlər, böyük ziyalılar olubdur. Məsələn, biz tariximizdən danışanda görürük - nə qədər şahlarımız olub, onların hamısı yaddan çıxıbdır. Amma deyirik - Nizami, Füzuli, Nəsimi, Mirzə Fətəli Axundov, Sabir, yaxud da başqaları. Əlbəttə ki, xalqın mədəni səviyyəsini göstərənlər həmişə ziyalılar olubdur. Mən istərdim ki, burada bizim ziyalılar yaxşı inkişaf etsinlər. Amma bütün dünya birliyinin gələcəyi bazar iqtisadiyyatı ilə əlaqədar olduğuna görə, mən istərdim ki, bizim çox gözəl azərbaycanlı kommersantlarımız da olsunlar. Onlar öz fəaliyyətləri ilə həm özlərinə xeyir gətirə bilərlər, həm də öz sərvətləri ilə bizim icmaların yaşamasına, inkişaf etməsinə kömək göstərə bilərlər.

Nəhayət, bir fikri də bildirmək istəyirəm. Bilirsiniz, hansı millətdən soruşsan, deyəcək ki, bizim bədbəxtliyimiz ondadır ki, içimizdə dedi-qodu var, birlik yoxdur. Düzdür, hər bir millətin içərisində belə proseslər var. Amma ədalət naminə demək lazımdır ki, bəzi millətlər var, onlarda şəxsi münasibətlər, dedi-qodu olsa da, ancaq prinsipial məsələlərdə birlik var. Ancaq bəzilərində isə parçalanma meylləri çox güclüdür.

Gəlin açıq etiraf edək ki, bizim millətimizdə parçalanma meylləri güclüdür. Əgər bu parçalanma meylləri olmasaydı... Nə üçün, azərbaycanlılar ermənilərdən acizdirlərmi? Əgər vuruşa, döyüşə qalsa, azərbaycanlı heç vaxt ermənidən aciz olmayıbdır. Ancaq niyə belə olubdur? Çünki azərbaycanlılar daxildə başladılar bir-birini didməyə, hakimiyyət mübarizəsi aparmağa. Bunun nəticəsində də ermənilər birləşdilər, gəlib Azərbaycanın torpaqlarını işğal etdilər.

Baxın, - 1988-ci ildə Ermənistan-Azərbaycan münaqişəsi başlandı. Azərbaycana neçə nəfər rəhbərlik etdi? Mən buraya gələndən sonra Kamran Bağırovu seçmişdilər, - düzdür, mən də seçmişdim. Hadisələr başlayan kimi onu çıxardılar, göndərdilər Vəzirovu. Cəmisi ilyarım işlədi, amma torpağı müdafiə etmək əvəzinə, münaqişəni aradan götürmək əvəzinə daxildə intriqa ilə məşğul olmağa başladı. İlyarımdan sonra xalq onu götürüb atdı. Ondan sonra Mütəllibov gəldi, iki il işləyə bilmədi - yenə də daxili hakimiyyət mübarizəsi. Ondan sonra Xalq Cəbhəsi gəldi, bir il işlədi - yenə də hakimiyyət mübarizəsi. Başa düşürsünüzmü? Prezident olmayanda ayrı-ayrı şəxslərin prezidentin fəaliyyətini həyata keçirdiyini də götürsək, 1988-ci ildən 1993-cü ilə qədər Azərbaycana altı nəfər rəhbərlik edibdir.

1993-cü ildə məni Azərbaycana dəvət edəndə Azərbaycan vətəndaş müharibəsi içərisində idi. Əzizlərim, bilin, sizin çoxunuz uzaqsınız, görməmisiniz, bilməmisiniz, - vallah-billah, Azərbaycan dağılırdı. Məni Naxçıvandan Bakıya dəvət eləyəndə gəlmək istəmirdim. Baxmayaraq ki, yol yox idi, təyyarə yox idi, nə qədər adam gəlirdi. Hər təyyarədə bizim ağsaqqal adamlardan, ziyalılardan 20-30-u gəlirdi ki, \"Heydər Əliyev, Azərbaycan dağılır, Bakıya gəl\".

Getmirdim. Ona görə yox ki, mən Azərbaycanı sevmirəm. Çünki, bilirsiniz, mənə qarşı ədalətsizliklər çox olmuşdu. Mən də insanam, daş, dəmir deyiləm ki, insanam! Ona görə də mən incimişdim, getmirdim. Deyirdim ki, doğulduğum yerə gəlmişəm, elə orada da həyatımı sona verəcəyəm. Bu, mənim qəti fikrim idi.

Dörd gün mənimlə danışıqlar oldu. Dörd gün Bakıdan mənim dalımca təyyarə göndərdilər - getmədim. Həmin Əbülfəz Elçibəy gündə üç-dörd dəfə telefon edirdi. Baxmayaraq ki, ondan qabaq hətta Naxçıvanda mənim yaşamağıma imkan yaratmırdılar, orada mənə qarşı terror təşkil edirdilər.

Gəldim. Azərbaycan dağılırdı. Nə çətinliklərlə Azərbaycanı o vəziyyətdən çıxardım. Nə ilə rastlaşdım? Onunla rastlaşdım ki, bu onunla, o bununla vuruşur, bilmirsən ki, silahlı qüvvələr haradadır, hansı dəstə kimin əlindədir. Bundan da istifadə edərək ermənilər irəliləyirdilər.

Nəhayət, vəziyyəti bir az sabitləşdirdik. 1994-cü ilin oktyabrında Sürət Hüseynov dövlət çevrilişinə cəhd göstərdi. Xatirinizdədir, mən televiziya ilə xalqa müraciət etdim, xalq gəldi. Onda mənim silahlı qüvvəm, heç bir şeyim yox idi.

Altı ay keçəndən sonra OMON, həm də özbaşına yox, ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanlarının və Xalq Cəbhəsinin bəzi nümayəndələrinin iştirakı ilə çevriliş etmək istədi. Onun da qarşısını aldıq.

Sonra mən Rumıniyadan qayıdarkən prezidentin təyyarəsini raketlə vurmağa cəhd göstərdilər. Məni Allah qorudu, sadəcə, külək o tərəfdən əsdi, təyyarə raket olan yerdən yox, bu tərəfdən endi.

Kuçma ilə biz gedəndə körpünü partlatmaq istədilər. Sabunçu körpüsü var, bizim keçməyimizdən iki saat qabaq onun altından iki yüz kiloqram trotil tapdılar. Təsəvvür edin, əgər o, partlasaydı, təkcə körpü yox, ətrafdakı bütün evlər dağılacaqdı.

Belə bir həyat keçirmişik, başa düşürsünüzmü? Amma vəziyyəti sabitləşdirmişik. Hazırda Azərbaycan sabit, güclü ölkədir. Azərbaycanın daxili sabitliyini pozmaq üçün heç kəs heç bir şey edə bilməz. Ona görə də Azərbaycanın daxilində birlik olmalıdır.

Təbiidir, demokratiyadır, müxalifət də var, olmalıdır, - bunsuz demokratiya ola bilməz. Ancaq demokratiya normal olmalıdır, müxalifət normal olmalıdır. Müxalifət hakimiyyət uğrunda mübarizə aparmalıdır, amma böhtanla, yalanla, iftira ilə məşğul olmamalıdır.

Azərbaycanın xaricində olan azərbaycanlılar da birləşməlidir. Nəyin naminə? Müstəqil Azərbaycanın naminə. Əgər yeddi ildə biz Azərbaycanı o bəlalardan çıxarıb bu vəziyyətə çatdırmışıqsa, beş-on azərbaycanlı burada, Moskvada yığışsın, qruplaşsın, nə bilim, iyirmi azərbaycanlı orada yığışsın, qruplaşsın, onu dəstəkləsin, bunu dəstəkləsin, bizim içərimizdə olan hakimiyyət mübarizəsini burada, Moskvada da başlasınlar, - bu, yarayarmı? Yaramaz!

Kim həqiqi azərbaycanlıdırsa, kim öz torpağını, valideynlərini sevirsə, indi onun üçün bir Azərbaycan var, bir Azərbaycan torpağı var və Azərbaycan dövləti var, Azərbaycanın prezidenti var! Əmin ola bilərsiniz ki, Azərbaycanın bu prezidenti son nəfəsinə qədər Azərbaycanın müstəqilliyini, daxili sabitliyini qoruyacaq, Azərbaycanın iqtisadiyyatını inkişaf etdirəcək və ən əsası, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə nail olacaqdır. Dedim ki, nəfəsim nə qədər ki, gəlir. Amma hamı bilsin, burada olmayanlar da bilsin - Heydər Əliyevin nəfəsi güc gəlir, güclü gəlir və hələ on illərlə də gələcəkdir!

Əziz dostlar, mən bilmirəm, sizin nə qədər vaxtınızı aldım. Bu gün işim çoxdur, buradan hava limanına gedirəm. Mən çox məmnunam ki, sizinlə görüşdüm. Hamınıza cansağlığı arzu edirəm. Azərbaycanı unutmayın, vətəninizə gəlin-gedin. Nə qədər çox gəlib-getsəniz, mənim dediyim sözlərin də bir o qədər şahidi olacaqsınız, onları təsdiq eləyəcəksiniz. Sağ olun.

\"Azərbaycan\" qəzeti, 23 iyun 2000-ci il.