Azərbaycan Prezidenti Heydər Əliyevin AzərTAC-ın və Azərbaycan Televiziyasının müxbirinə müsahibəsi - Ankara, Gülhanə Tibb Akademiyası, 19 yanvar 1999-cu il

Sual: Möhtərəm cənab Prezident, hazırda özünüzü necə hiss edirsiniz?

Cavab: Özümü yaxşı hiss edirəm. Mən buraya gələndə də özümü yaxşı hiss edirdim. Mən artıq dünəndən buradayam. Dünən, bu gün burada bir çox müayinələr keçiriblər və eyni zamanda məni müalicə ediblər. Ona görə də vəziyyətim çox yaxşıdır, normaldır. Mən artıq burada görüşlər keçirirəm, danışıqlar aparıram.

Sual: Cənab prezident, Gülhanə Tibb Akademiyası haqqında Sizin təəssüratınız necədir?

Cavab: Bilirsiniz, mənə bura haqqında akademiyanın rəisi də danışıbdır, eyni zamanda mənim əziz dostum, prezident Süleyman Dəmirəl də danışıbdır. Bu, çox qədim bir tibb akademiyasıdır və tibb sahəsində çox yüksək elmi və praktiki təcrübəsi olan, çoxprofilli bir tibb akademiyasıdır. Bunlar böyük işlər görürlər. Bunların demək olar ki, dünyanın bütün tibb mərkəzləri ilə əlaqələri vardır və çox yaxşı mütəxəssisləri vardır. Buna görə də çox məmnunam ki, mən - doqquz ildən artıq nə xəstəxana, nə də həkim görməyən adam ilk dəfə belə bir xəstəxanadayam.

Sual: Cənab prezident, bu günlər ərzində Türkiyə rəhbərliyinin Sizə çox böyük diqqət göstərdiyinin şahidi olduq. İki dəfə prezident Süleyman Dəmirəl ilə, Böyük Millət Məclisinin sədri Hikmət Çətinlə, Baş Nazir Bülənd Ecevitlə, xarici islər naziri İsmayıl Cəm ilə görüşmüsünüz. Bu görüşləri necə qiymətləndirirsiniz?

Cavab: Mən bu görüşləri çox yüksək qiymətləndirirəm və bunu müəyyən qədər də təbii hesab edirəm. Bir halda ki, məni buraya müalicəyə Süleyman Dəmirəl dəvət etdi, bir halda ki, mən buraya gəlmişəm, onların gəlib mənimlə görüşməyi təbii bir haldır. Mən bunu yüksək qiymətləndirirəm. Eyni zamanda bu, Türkiyənin dövlət, hökumət başçılarının nə qədər səmimi və mehriban olduqlarını göstərir. Həmçinin bu, qardaşlıq dostluğu olduğunu bir daha nümayiş etdirir. Mən bunlardan çox razıyam.

Sual: Möhtərəm cənab prezident. Bilirsiniz ki, xalqımız çox böyük həyəcan keçirir. Çünki siz 30 ildir ki, Azərbaycanın rəhbəri kimi çalışırsınız. Bu 30 ildə birinci dəfədir ki, Sizdən müsahibəni müayinə və müalicə olunduğunuz zaman alırıq. Çoxlu teleqramlar, fakslar daxil olur, çoxsaylı telefon zəngləri gəlir. Buradan Azərbaycan xalqına nə demək itərdiniz.

Cavab: Mən bilirəm, mənə də məlumat verirlər ki, xalqımız həyəcan keçirir, narahatlıq vardır. Mənə olan bu münasibətə, mənim xəstələndiyim bu anda mənə olan bu diqqətə, qayğıya görə Azərbaycan xalqına təşəkkür edirəm. Eyni zamanda belə düşünürəm ki, bizim xalqımız mənim xəstələnməyimi heç vaxt görməmişdi. Bəli, keçmiş illərdə də, yəni 70-ci illərdə mən Azərbaycanın başçısı işləyərkən də bunu görməmişdilər. 1993-cü ildən mütəmadi olaraq, fasiləsiz, mənim bir gün də istirahətim olmayıbdır, bir gün də olsun evdə olmamışam. Həmişə işdə olmuşam işləmişəm. Ona görə də onlar müəyyən qədər öyrənməyiblər. Bəzən elə dövlət başçıları olur ki, onlar xəstələnirlər, xəstəxanaya gedirlər, müalicə olunurlar. Cəmiyyət buna öyrəncəli olur, ona görə də həm təəccüb etmir, həm də həyəcan keçirmir. Amma mən Azərbaycana rəhbərlik etdiyim dövrdə bizim cəmiyyətimizi, xalqımızı başqa bir şeyə öyrətmişəm ki, Heydər Əliyev nə xəstələnə bilər, nə də yorula bilər.

Hamıya məlumdur ki, mən həftənin 5-ci günü saat 10-a qədər iş yerimdə olmuşam. Altıncı gün də işə getməyə hazırlaşırdım. Çünki orada saat 20-yə bir toplantı təyin olunmuşdu. Ancaq o vaxta qədər mənim temperaturum, hərarətim qalxdı, özü də çox güclü qalxdı və məndə öskürmə başladı. Mən artıq özüm belə düşündüm ki, bu vəziyyətdə işə getməyim yaxşı olmaz. Ona görə də Artur Rasizadəyə və Ramiz Mehdiyevə tapşırdım ki, o müşavirəni keçirsinlər. Özüm isə hesab edirdim ki, yəqin, axşama qədər temperatur aşağı düşər.

Mən həftənin ikinci günündən qrip xəstəliyini özümdə hiss etmişdim və demək olar ki, bir neçə gün işə temperaturum ola-ola getmişdim. Ancaq həftənin altıncı günü işin axırında bu temperatur daha da artdı. Bunlar hamısı belə bir vəziyyətə gətirdi ki, məni artıq həkimlər müalicəyə başlamalıdır. Onlar da müalicə etdilər, çox yaxşı etdilər. Mən deyə bilərəm ki, artıq Süleyman Dəmirəl Bakıya həkimlər göndərmişdi. Onlar gəlmişdilər. Amma o vaxt mənim vəziyyətim artıq normal idi və mən buraya gəlmək istəmirdim. Ancaq prezident Süleyman Dəmirəl mənə bir daha telefon etdi və dedi ki, mən çox xahiş edirəm gələsən, burada müayinə olunasan. Mən də bu dəvəti qəbul etdim və gəldim.

Mən xalqımıza minnətdarlığımı bildirirəm. Bu 30 ildə müəyyən bir fasilə olubdur ki, mən Azərbaycanda olmamışam. Ancaq bütün bu illərdə, mənim Azərbaycana rəhbərlik etdiyim dövrdə həmişə Azərbaycan xalqının mənə olan böyük etimadını, böyük məhəbbətini hiss etmişəm. Yəqin ki, elə bunlar da mənə bütün, bu ağır işləri aparmağa həmişə kömək edibdir. Əgər bu etimad, bu inam olmasaydı 1993-cü ildə vətəndaş müharibəsinin qarşısını almaq olmazdı. Bilirsiniz ki, onun qarşısını mən xalqla birgə aldım. Yaxud da ki, 1994-cü ildə dövlət çevrilişinin qarşısını almağa xalq gəldi. Xalq mənim çağırışımla Prezident sarayının qarşısına gəldi və çevriliş cəhdinin qarşısını aldıq.

1995-ci ilin mart ayında yenə xalqın dəstəyi ilə bunların qarşısını aldıq.

Ona görə mən artıq bir neçə dəfə xalqla birgə belə imtahanlardan çıxmışam. Xalqın mənə olan məhəbbəti məlumdur. Nəhayət, keçən ilin oktyabr ayında prezident seçkilərində demokratik seçkilər nəticəsində xalq yenə də mənə etimad göstərdi. Ona görə də bu təbiidir, onlar mənə daim etimad göstəriblər, daim öz məhəbbətlərini bildiriblər. İndi isə onlar həyəcanlanırlar - bu təbiidir.

İnsanın ailəsində bir adam xəstələnəndə, məsələn mənim oğlum iki gün xəstə olanda mən narahat oluram, işdə olanda telefon edirəm, - nə oldu, temperaturu varmı, yoxmu və s. Amma mən xalqımıza elə doğmalaşmışam ki, xalqın münasibəti mənə təbiidir və mən də buna görə Azərbaycan xalqına, bütün Azərbaycan vətəndaşlarına bir daha təşəkkürümü bildirirəm.

Buraya gəlməyim məni bir şeydən məhrum etdi. Bilirsiniz ki, 20 Yanvar faciəsi bizim xalqımızın böyük faciəsidir və bunu heç vaxt unutmaq olmaz. 1990-cı ildə bu faciə baş verən kimi, mən yanvar ayının 21-də Moskvada öz etirazımı bildirdim, öz səsimi dünyaya qaldırdım və o vaxtdan mən Azərbaycan xalqına edilmiş bu təcavüzü xalqımızın həyatında ən dəhşətli bir səhifə hesab edirəm. Bizim şəhidlərin şəhidliyi və qəhrəmanlığı həmişə mənim üçün qiymətli olubdur. Ona görə də 1990-cı ildən indiyə qədər mən bu günü - matəm gününü həmişə xalqla bir yerdə keşirmişəm.

Məsələn, mən 1990-cı ildə Naxçıvana gəldim. Biz Naxçıvanda da 1991-ci ilin 20 Yanvarını, 1992-ci ilin yanvarını, 1993-cü ilin yanvarını böyük hüznlə qeyd edirdik. Çünki bu bizim xalqımızın faciəsidir və matəm günü elan olunubdur.

Mən, Azərbaycana gələndən sonra bu sahədə bir neçə addım atdım. Təəssüflər olsun ki, Azərbaycanın parlamenti, Milli Məclisi bu hadisə ilə bağlı lazımi tədqiqat aparıb ona qiymət verməmişdir. Siz bunu bilirsiniz. Mən 1993-cü ilin sonunda, 1994-cü ilin əvvəlində təşəbbüs göstərdim və Azərbaycanın Milli Məclisi yanvar hadisələrini bir ay müzakirə etdi. 1994-cü ilin yanvarında böyük bir qərar çıxartdıq. Mən hesab edirəm ki xalqımız qarşısında borcum idi. Amma təəssüflər olsun ki, mənə qədər dörd il bunu heç kəs etməmişdi və nəhayət, xalqımıza qarşı edilmiş bu təcavüzə qiymət verildi. Çox dolğun, düzgün, obyektiv qiymət verildi, günahkarlar göstərildi.

Ancaq bu faciə elədir ki, biz bunu heç vaxt unuda bilmərik. Çünki biz həmişə xalqımızın gələcəyi haqqında düşünməliyik. Bu şəhidlərin şəhidliyi, Şəhidlər xiyabanı xalqımızın gələcək nəslinin, bugünkü gənclərin ziyarətgah yeridir və o şəhidlərin də şəhidliyi bizim hər bir vətəndaşımız üçün, gənclər üçün örnəkdir. Ona görə də mən son illər Şəhidlər xiyabanının abadlaşması üçün də çox tədbirlər gördüm. Nəhayət keçən il mən orada əbədi məşəl abidəsi yaratdım. Bu, şəhidlərin xatirəsinə bugünkü hakimiyyət, dövlət tərəfindən verilən qiymətdir.

Təbii ki, mən bu il də 20 Yanvar faciəsi ilə əlaqədar lazım olan tədbirlər haqqında sərəncam vermişdim, komissiya yaratmışdım. Onlar çox işlər görüblər. Mən sabah- yanvarın 20-də Bakıda olmalı idim və Şəhidlər xiyabanını bir daha ziyarət etməli idim. Ancaq bu xəstəlik məni bundan məhrum etdi. Ona görə də mən xalqımızın bu faciəsini bir daha xatırlayıram, şəhidlərin şəhidliyini bir daha yüksək qiymətləndirirəm və o yanvar gecəsi xəsarət almış insanlara cansağlığı və firavan həyat arzu edirəm. Xalqımıza isə bu gün daha da bir olmaq, daha da yekdil olmağı, milli mənafe naminə birləşməyi və gələcəkdə Azərbaycanın suverenliyinə, müstəqilliyinə qarşı ola biləcək hər bir hadisənin qarşısını almağa qadir olmağı arzulayıram. Sağ olun.