Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasının stenoqramından - 17 noyabr 1990-cı il

İclasa sədrlik edən deputat H.Əliyev: Gündəlikdə Naxçıvanın və o cümlədən Azərbaycanın dövlət rəmzləri, birinci növbədə bayraq məsələsi durur.

Çox ciddi müzakirələr keçdi. Hamı öz fikrini dedi. Yenə də təkrar edirəm, üç təklif var: Biri odur ki, Azərbaycanın milli bayrağı Naxçıvanda qaldırılsın və Azərbaycanın ali hakimiyyət orqanı qarşısında bu bayrağı qəbul etmək məsələsi qoyulsun.

İkincisi, bu gün qərar qəbul eləyirik və Azərbaycanın ali hakimiyyət orqanı qarşısında məsələ qaldırırıq ki, onlar Azərbaycanın dövlət rəmzlərinə baxsınlar. Üçüncüsü də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Azərbaycan Demokratik Respublikasının üçrəngli milli bayrağını Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edirik və Azərbaycanın Ali hakimiyyət orqanına bunu çatdırırıq. Eyni zamanda Azərbaycanın Ali hakimiyyət orqanı qarşısında məsələ qoyuruq ki, Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında qərar qəbul etsin.

Üç təklif var. Üçünə də baxdıq. İndi bunları ayrı-ayrılıqda səsə qoyaq, yaxud bir təklifin üstündə hamımız eyni fikrə gələk?

Zaldan səslər: Bir təklif olsun.

Heydər Əliyev: Bir təklifin üstündə dayanaq. Mən çox dərin fikirləşdim və bir az da müzakirə elədim. Mən bu fikirdəyəm ki, üçüncü təklifi həyata keçirək və bununla da bu məsələni qurtaraq. Etirazınız yoxdu ki? Yoxdur.

Demək, üçüncü təklif nədir? Bunu yazın, xahiş edirəm. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunsun.

Etirazınız yoxdur buna? Kim bu təklifin tərəfdarıdır, vəsiqəsini qaldırsın. Salın aşağı. Kim əleyhinədir? Əleyhinə yoxdur. Kim səs verməyib? Heç kəs.

Demək, Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı qəbul olundu!

Qərarın ikinci bəndini yazın:

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının ali qanunvericilik orqanından xahiş edir ki, Azərbaycan Respublikasında dövlət rəmzləri haqqında məsələyə baxsın və Azərbaycan Respublikasının milli-tarixi ənənələrinə uyğun olaraq yeni dövlət rəmzləri ? bayrağı, gerbi və himni qəbul olunsun. Belə bir qərarı biz qəbul edə bilərik. Biz qərar qəbul edirik və Azərbaycan Ali hakimiyyət orqanından xahiş edirik.

Bu qərarın qəbul edilməsinə kim razıdır, xahiş edirəm, vəsiqəsini qaldırsın. Salın. Kim əleyhinədir? Kim səs vermədi? Yekdilliklə qəbul olundu...

Beləliklə, biz Naxçıvan Muxtar Respublikasının həyatında böyük tarixi qərarlar qəbul etdik. Naxçıvan Muxtar Respublikasının ali hakimiyyət orqanının yeni adı qəbul olundu və Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı, milli bayrağı qəbul olundu. Böyük məsələlər həll etdik və bu məsələlərin həll olunmasında deputatlar çox böyük maraqla, böyük səylə iştirak etdilər, ona görə mən bir də bu böyük məsələlərin qəbul olunması ilə əlaqədar olaraq Sizi təbrik edirəm və Sizin hamınıza bu işdə fəaliyyət göstərdiyinizə görə minnətdarlığımı bildirirəm.