Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriki - Bakı şəhəri, 14 mart 2000-ci il

Hörmətli həmvətənlər!
Sizi dünya müsəlmanlarının həmrəylik və qardaşlıq günü olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, xalqımıza ən səmimi arzularımı yetirirəm.
Azərbaycan xalqı uzun illər yad ideologiya və rejimlərin qadağaları şəraitində yaşamalı olsa da, tarixi köklərindən ayrı düşməmiş, milli-mənəvi dəyərlərini, adət-ənənələrini, dini bayram və mərasimlərini qoruyub saxlamışdır. Uca Tanrının islamı bir din kimi tamamlayıb insanlar üçün hidayət yolu seçdiyi əziz gün- mübarək Qurban bayramının keçirilməsi də daim yaşatdığımız belə milli-dini adətlərimizdəndir.

Demokratik prinsiplərin, dini etiqad və vicdan azadlığının bərqərar edildiyi müstəqil Azərbaycan Respublikasında Qurban mərasimləri hər il dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunur.

Əziz bacı və qardaşlar!

Bu müqəddəs bayram günlərində xalqımızın rifahı və əmin-amanlığı üçün etdiyiniz dua və niyyətlərə, arzu və diləklərə şərik olduğumu bildirir və sizi əmin etmək istəyirəm ki, torpaqlarımızın düşmən tapdağından azad olunacağı, qaçqınlarımızın doğma yurdlarına qayıdacağı, xalqımızın ədalətli sülhə və layiq olduğu əsl firavan həyata qovuşacağı gün uzaqda deyildir.

Ulu Tanrıdan hər birinizə cansağlığı, ailələrinizə xoşbəxtlik, evlərinizə xeyir-bərəkət arzulayıram. Qurban bayramınız mübarək olsun!

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.