Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkdilli dövlətlərin başçilarının İstanbul şəhərində keçiriləcək VII zirvə görüşündə iştirak etmək üçün Türkiyə Respublikasına yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərin suallarına cavabı - 25 aprel 2001-ci il

Sual: Cənab Prezident, İstanbulda keçiriləcək zirvə görüşündə hansı məsələlərin müzakirəsi nəzərdə tutulur?

Cavab: Bu, türkdilli dövlətlərin başçılarının VII zirvə görüşüdür. Hər bir zirvə görüşündə biz çox məsələlərə baxırıq. İndi bəyannamə hazırlanıb, razılaşdırılıbdır. Türkdilli dövlətlərin elm, mədəniyyət sahəsindəki işbirliyi, bizim tarixi köklərimiz, ədəbiyyat, mədəniyyət sahəsindəki şəxsiyyətlərimiz və bunların əsasında indi bizim türkdilli dövlətlər arasında çox yaxşı işbirliyinin yaranması, iqtisadi əlaqələr, təbiidir ki, bu, əsas yer tutur. O mənada ki, türkdilli dövlətlər bir coğrafi məkanda olduqlarına görə, bir-biri ilə daha da çox iqtisadi əlaqələr yaratmalıdır, dünyada gedən proseslərə baxış, türkdilli dövlətlər tərəfindən onlara verilən qiymət – bunların hamısı hazırlanmış bəyannamə layihəsində vardır. Əvvəlcədən müəyyən edilməsə də, bilirəm ki, zirvə görüşlərində, adətən, söhbətlər, danışıqlar və çıxışlar belə mövzular ətrafında olur. Yəqin ki, bu dəfə də belə olacaqdır.

Sual: Cənab Prezident, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı türkdilli dövlətlərin başçıları tərəfindən hər hansı bir bəyanatın veriləcəyi gözlənilirmi?

Cavab: Bəyannamədə belə bir bənd var. Ancaq mən sizə bildirmək istəyirəm ki, əvvəlki zirvə görüşlərində də Dağlıq Qarabağ məsələsi barədə müzakirə keçirilməyibdir. Çünki bəzi türkdilli dövlətlərin başçıları deyirlər ki, bu birlik siyasətləşdirilməməlidir. Ancaq biz həmişə bu imkandan istifadə edib Dağlıq Qarabağ, yəni Ermənistan–Azərbaycan münaqişəsi haqqında öz sözümüzü deyirik. Təbiidir ki, mən bu dəfə də deyəcəyəm. Yəqin ki, başqa bir etiraz olmasa, o, İstanbul bəyannaməsində öz əksini tapacaqdır.

Sual: Cənab Prezident, İran prezidenti İslam Konfransı Təşkilatı çərçivəsində bütün müsəlman ölkələrini Fələstini müdafiə etməyə, İsrail əleyhinə müharibəyə çağırıbdır. Bununla bağlı nə deyərdiniz?

Cavab: Çağırıb-çağırıbdır.

Sual: Cənab Prezident, ötən həftə biz, beş nəfər Azərbaycan jurnalisti Misir Ərəb Respublikasında olduq. Orada bizi parlamentin spikeri, prezident Hüsnü Mübarəkin siyasi məsələlər üzrə müşaviri qəbul etdi. Onlar bizdən xahiş etdilər Sizə çatdıraq ki, bütün Misir rəsmiləri, Misir dövləti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində Azərbaycan prezidenti Heydər Əliyevin göstərdiyi səyləri dəstəkləyir və Sizin ABİ-da keçirdiyiniz görüşlər onların diqqət mərkəzindədir. Misir–Azərbaycan əməkdaşlığına gəlincə, dedilər ki, Azərbaycan prezidentinin Misirə rəsmi səfərini səbirsizliklə gözləyirlər. Bu istiqamətdə işlər gedir, lakin səfərin baş tutması daha çox Sizdən asılıdır. Bu barədə nə deyərdiniz?

Cavab: Çox sağ ol, bu məlumata görə təşəkkür edirəm.

Misir Ərəb Respublikası ilə Azərbaycan arasında, həqiqətən, çox səmimi dostluq, qardaşlıq əlaqələri var. Bundan əlavə, prezident Hüsnü Mübarəklə mənim şəxsi əlaqələrim də var. Bu, keçmişdən olan əlaqələrdir. Amma mən Azərbaycan prezidenti olandan sonra Misirə getmişdim. Orada çox səmimi söhbətlər etdik. Sonra Mərakeşdə, Kasablankada İslam Konfransı Təşkilatının zirvə görüşündə də biz bir çox məsələləri müzakirə etdik. Bu əlaqələri həm Misir, həm də Azərbaycan tərəfi inkişaf etdirməyə çalışır. Mən hesab edirəm ki, bu bizim üçün çox əhəmiyyətlidir. Çünki Misir həm ərəb dünyasında, həm də İslam Konfransında çox mötəbər bir ölkə sayılır.

O ki qaldı mənim Misirə dəvət olunmağıma, bu doğrudur. Onlar məni çoxdan dəvət ediblər. Mən də prezident Hüsni Mübarəki Azərbaycana dəvət etmişəm. O mənə deyir ki, sən gəl, sonra mən gəlim. Mən də deyirəm ki, sən gəl, sonra mən gəlim. Amma iş bunda deyil, sadəcə, vaxt tapa bilmirəm. Vaxt tapıb mütləq ora gedəcəyəm. Bu mənim borcumdur.

Sual: Cənab Prezident, İstanbula səfərinizin gedişində Türkiyə prezidenti ilə təkbətək görüşünüz planlaşdırılıbmı?

Cavab: Bəli, görüş olacaqdır. Mənə elə gəlir ki, orada bütün prezidentlər təkbətək görüşəcəklər.

Sual: Cənab Prezident, hərbi əməkdaşlıqla bağlı hər hansı bir məsələ müzakirə olunacaqmı?

Cavab: Axı mən sizə dedim ki, orada müzakirə edilən məsələlər siyasiləşdirilmir.

Sual: Cənab Prezident, Sizin səfəriniz ərəfəsində Şəhidlər xiyabanında camenin qarşısındakı bulaq kompleksinin sökülməsi Türkiyə mətbuatı tərəfindən qabardılır, bunun iki ölkə arasındakı münasibətlərə mənfi təsiri barədə yazılar dərc edilir. Sizin bu məsələdə mövqeyiniz necədir?

Cavab: Bilirsinizmi, Türkiyədə də sizin kimi qəzetçilər var. Bəhanə axtarırlar ki, özlərini göstərsinlər, yaxud da Türkiyə – Azərbaycan əlaqələrinə hansısa bir ləkə yaxsınlar. Bunların hamısı əhəmiyyətsiz, xırda şeylərdir. Türkiyə ilə Azərbaycan arasında dostluğun, qardaşlığın, strateji əməkdaşlıq münasibətlərinin çox dərin kökləri var və bu möhkəmdir.

Mart ayında mənim Türkiyəyə rəsmi səfərim oldu. Demək olar ki, mən bir həftə müddətində Türkiyədə oldum, Böyük Millət Məclisinin iclasında bir saat yarım nitq söylədim. Bunların hamısı onu göstərir ki, bizim əlaqələrimizə heç kəs bir şey edə bilməz. Ancaq mən sizə də, onlara da məsləhət görürəm ki, belə xırda şeyləri şişirtməyin.

Sual: Cənab Prezident, İran bir tərəfdən, müsəlman Fələstini müdafiə edir, digər tərəfdən, Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistanla əməkdaşlıq edir. Siz buna kəskin münasibətinizi də bildirmişdiniz. Bu məsələ nə yerdə qaldı?

Cavab: Bildirmişdim də.

Sual: Yəni onlar belə əməkdaşlığı yenə davam etdirəcəklərmi?

Cavab: Bilirsinizmi, hər bir dövlət müstəqildir. Bir dövlət o biri dövlətə öz fikrini deyə bilər, narazılığını bildirə bilər. Ancaq o biri dövlət bunu nə dərəcədə həyata keçirərsə, bu bizdən asılı deyildir.

Sual: Cənab Prezident, Türkiyə prezidenti ilə görüşünüzdə Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq məsələsi müzakirə ediləcəkmi?

Cavab: Mən bu suala cavab verdim.

Sual: Cənab Prezident, Avropa İurası Parlament Assambleyasında İlham Əliyevin çıxışına peşəkar siyasətçi kimi, Sizin münasibətinizi bilmək istərdik?

Cavab: Bilirsiniz ki, dünən axşam bizim televiziya ilə oranın birbaşa bağlantısı var idi. Mən onu diqqətlə seyr etdim. Bəlkə bu barədə mənim söz deməyim yaxşı deyil, çünki İlham Əliyev mənim oğlumdur. Ancaq hesab edirəm ki, Azərbaycanı orada çox layiqli təmsil edibdir. Bundan əlavə, mən axşam onunla telefon əlaqəsi də saxladım. Mənə dedi ki, orada, Parlament Assambleyasının əsas böyük iclasında çıxış edibdir və Ermənistanı işğalçı kimi çox kəskin tənqid edibdir və başqa işlər görübdür. Komitədə, Avropa Şurasında İngiltərədən olan bir deputat var, Atçison – bizim Avropa Şurasına daxil olmağımıza da mane olurdu – onun və bir neçəsinin təşəbbüsü ilə İstanbulda bir konfrans keçirmək və oraya həm Dağlıq Qarabağın, həm də Abxaziyanın nümayəndələrini dəvət etmək istəyirdilər. Ancaq bunun da qarşısını alıblar. Dünən o özü televiziyada çıxışında dedi ki, Azərbaycan nümayəndə heyəti orada, hər halda, yüksək səviyyədədir. Ən sevindirici hal odur ki, nümayəndə heyətinin tərkibində müxtəlif tərəfləri təmsil edən adamlar var. Hamısı birdir, mütəşəkkildirlər. Bu məni sevindirir.

Sual: Cənab Prezident, ABİ-ın 17-ci ştatı artıq «erməni soyqırımını» tanıdı. Bu, gələcəkdə ABİ – Azərbaycan münasibətlərinə necə təsir edə bilər?

Cavab: Siz bu sualları mənə niyə verirsiniz? Siz gedin, oxuyun, ABŞ-ın prezidenti Corc Buş bu gün böyük bir bəyanat veribdir. Eyni zamanda Amerika Birləşmiş Ştatları Türkiyə ilə çox sıx dostluq əlaqəsindədir. Türkiyə NATO-nun üzvüdür. Bu bölgədə də NATO-nun ən böyük dayaq yeri Türkiyədir. Bu da var, o da var.

Sual: Cənab Prezident, bu yaxınlarda Avropa Şurasında Ukraynanın bu beynəlxalq təşkilatdan çıxarılması məsələsi müzakirə ediləcəkdir. Ukrayna ilə Azərbaycan əlaqələrini nəzərə alsaq, ölkəmizin buna münasibəti necə olacaqdır?

Cavab: Mənfi olacaqdır. Biz istəmirik ki, onları Avropa Şurasından çıxarsınlar.

Sual: Cənab Prezident, Siz struktur islahatlarına artıq başlamısınız. Bu proses dayanıb, yoxsa davam edəcək?

Cavab: Mən sənin adını «struktur islahatı» qoymuşam (gülür). Bilirsiniz, siz elə məxluqsunuz ki, necə deyərlər, heç vaxt mümkün deyildir ki, görülən işləri qiymətləndirə biləsiniz. İslahatlar gecikirdi, siz bunu tənqid edirdiniz. Sənin özün də mənə dəfələrlə sual vermisən, ona görə də adın belə qalıbdır. İndi islahatlar gedir, biri oradan deyir ki, islahatlar gedir, amma gecikibdir. Biri deyir ki, bu islahatlar keçiriləndə filan qədər adam işsiz qalacaqdır. Bəs onda nə edək? İslahatları keçirməsək, onda heç kim işsiz qalmayacaqdır! Ancaq keçirsək, təbiidir ki, kimlərsə işsiz qalacaqdır. Ancaq biz onların həyatına biganə deyilik. Biz lazımi tədbirlər görürük və görəcəyik. O, dəyərli işçilər ki, həmin nazirliklərdə işləyibər və fəaliyyət göstəriblər, onlar işləyəcəklər. Ancaq onlar ki, məsələn, bəlkə də zəif olublar – struktur islahatları idarəetmə sisteminin ixtisarı ilə əlaqədardır. Yəni, idarəetmə sistemi, birincisi, indiyə qədərki kimi şişirdilmiş olmasın, ikincisi də, daha da yaxşı idarə edə bilsin – biz çalışacağıq ki, onların haqqında da lazımi tədbirlər görək. Biz bu islahatları keçirmişik və keçiririk. Ancaq islahatları keçirməyəndə də bizi tənqid edirdiniz, indi keçirəndə də tənqid edirsiniz. İndi bilmirəm nə edək ki, tənqid etməyəsiniz?

Sual: Zirvə toplantısında Transxəzər boru kəməri ilə bağlı hər hansı müzakirələr aparılacaqmı?

Cavab: Türkmənistanı deyirsən… Bilmirəm, bu, Türkmənistanla Türkiyənin işidir. Vaxtilə hətta Ankara bəyannaməsində, 1999-cu ildə biz onu dəstəkləmişdik. Mən də ona imza atmışdım. Amma sonra Türkmənistan bundan imtina etdi. Ona görə biz bu işə qarışmırıq.

Sual: Cənab Prezident, Hacıbala Abutalıbovun Bakıda apardığı işlərdən bəzən narazılıq müşahidə olunur. Hər dəfə də deyilir ki, cənab prezidentin bundan xəbəri var. Siz Hacıbala Abutalıbovun bu istiqamətdə fəaliyyətini dəstəkləyirsinizmi? Doğrudanmı prezidentin hər şeydən xəbəri var?

Cavab: Bilirsinizmi, yenə də deyirəm, belə bir söz var ki, sizi heç cür razı salmaq mümkün deyildir. Vaxtilə deyirdilər ki, Bakı zibillidir, şəhərdə qanunsuz işlər görülür və sair. Bəs prezident haraya baxır, nə üçün prezident ölçü götürmür? İndi yeni icra hakimiyyəti başçısı qoymuşuq. O, lazımi tədbirlər görür, bunun əleyhinə çıxış edirsiniz. Biz nə edək? Əlbəttə ki, Hacıbala Abutalıbovun gördüyü hər iş üçün – məsələn, hansısa bir köşkü götürməsi və s. Üçün prezidentin razılığı lazım deyildir. İcra hakimiyyətinin başçısı kimi, sadəcə, ona səlahiyyət vermişəm ki, paytaxtımızda təmizlik işləri aparsın, qayda-qanun yaratsın, insanların rahat istirahət etməsi, yaşaması üçün daha yaxşı imkanlar yaratsın. Bunlar son günlər yaradılır. Hər halda, siz bu küçələrdə iki ay bundan qabaq da gedirdiniz və indi də gedirsiniz. Mən çox yeri gəzə bilmirəm. Amma getdiyim yollara baxıram. Baxmayaraq, bilirdim ki, mən getdiyim yolları çalışırlar yaxşı saxlasınlar və məndə elə təəssürat yaransın ki, hər yer belədir. Ona görə mən, əlbəttə ki, onu dəstəkləyirəm.

Sual: Cənab Prezident, bu yaxınlarda Azərbaycan daha bir nüfuzlu təşkilatda – Amerika dövlətləri təşkilatında müşahidəçi statusu qazandı. Sizcə, bu təşkilat Azərbaycana hansı iqtisadi və siyasi fayda verə bilər?

Cavab: Baxarıq.

Sual: Cənab Prezident, mətbuat haqqında Sizin fərmanınız olmalı idi…

Cavab: Bilirsinizmi, bir var mətbuat, bir də var Mətbuat Nazirliyi. Bunlar bir-birindən fərqlidir. Mətbuat haqqında mənim böyük fərmanım olubdur. Mətbuat azadlığı, söz azadlığı… bunların hamısı var. Amma nazirlik struktur dəyişikliklərin nəticəsində ləğv edilibdir. O, artıq öz funksiyasını itiribdir.

Sual: Cənab Prezident, sammitdə hansı türkdilli dövlətlərin başçıları ilə görüşməyi nəzərdə tutursunuz?

Cavab: Hamısı ilə. Sağ olun.