- Əziz həmvətənlər!
Sizi xalqımızın ən sevimli, ən əziz bayramı - Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Hamınıza cansağlığı, səadət və bütün işlərinizdə uğurlar arzulayıram!
Novruz bayramı bizim bütün bayramlarımızdan əzizdir. Bu bayram çox qədim tarixə malikdir və əcdadlarımızın bizə töhfəsi, onlardan qalmış mirasdır. Novruz bayramı heç bir tarixi hadisə, yaxud heç bir şəxsiyyətin adı ilə, onun fəaliyyəti ilə bağlı deyildir. Bu bayram təbiətin qanunları ilə, kainatın qanunları ilə əlaqədar olan bir bayramdır. Gündüz ilə gecənin bərabərləşməsi günü, baharın ilk günü Novruz bayramıdır. Bunlara görə Novruz bayramı bir çox başqa bayramlardan fərqlənir və bu bizim, məhz Azərbaycan xalqının bayramıdır. Qədim zamanlardan bəri və bu gün də bu bayramı ən çox sevən, ən uca tutan Azərbaycan xalqıdır.
Biz bu il Novruz bayramını Azərbaycanın dövlət müstəqilliyinin onuncu ildönümünü bayram edəndən sonra qeyd edirik. Novruz, dediyim kimi, qədim bayramdır. Ancaq elə vaxtlar, zamanlar olubdur ki, bu bayramı xalqımızın əlindən almaq istəyiblər, bu bayramı keçirməyə mane olmaq istəyiblər. XX əsrdə biz bu dövrü yaşamışıq. Ancaq Novruz bayramının o qədər dərin kökləri var, Azərbaycan xalqının, millətimizin qəlbində o qədər yerləşib ki, heç bir qüvvə, heç bir hakimiyyət, heç bir siyasi sistem bu bayramı Azərbaycan xalqının əlindən ala bilməyibdir.
Ancaq Azərbaycan dövlət müstəqilliyini əldə edəndən, azadlığa, sərbəstliyə çıxandan sonra bu bayramı biz açıq ürəklə, geniş, el bayramı, xalq bayramı və nəhayət dövlət bayramı kimi qeyd edirik. Bu, indi müstəqil Azərbaycan dövlətinin ən mötəbər dövlət bayramıdır. Məhz buna görə də ölkəmizin hər yerində, hər guşəsində - hər kəndində, qəsəbəsində, şəhərində insanlar bu bayramı böyük sevinclə, məhəbbətlə keçirir, şənlənirlər. Novruz bayramının keçmiş zamanlardan qalmış adət-ənənələri bu bayram günlərində, bayram şənliklərində nümayiş etdirilir.
Beləliklə, xalqımız keçmişi bu günü ilə, bu günü keçmişi ilə sıx bağlayır və bu illərdə Novruz bayramı ilə əlaqədar olan bütün adət-ənənələrin hamısı bərpa olunubdur. İndi artıq deyə bilərik ki, Azərbaycanda Novruz bayramı, bəlkə də, yüz-iki yüz il bundan öncəki dövrlə müqayisədə daha da əhatəli keçirilir. Bunların hamısı bizim xalqımızın sərvətidir.
Bu günlərdə xalqımız öz yüksək, xoş əhval-ruhiyyəsini bir daha nümayiş etdirir. Bu da on il ərzində Azərbaycan xalqının müstəqil dövlət və xalq kimi yaşadığı müddətdə əldə etdiyi nailiyyətlərlə əlaqədardır. Ötən on ildə xalqımız çox ağır, mürəkkəb bir yol keçibdir. Müstəqilliyi əldə edəndən sonra onu yaşatmaq, möhkəmləndirmək, qorumaq və daimi, əbədi etmək asan olmamışdır. Biz çox maneələrlə rastlaşdıq. Ancaq xalqımız öz iradəsini, əzmini daim nümayiş etdirdi. Bütün maneələrə, müstəqilliyimizin əlimizdən alınmasına, onun məhv edilməsinə yönəldilmiş cəhdlərin hamısına qarşı xalqımız mütəşəkkil çıxış etdi, birliyini, özünün iradəsini göstərdi. Biz dövlət müstəqilliyimizi yaşatdıq, ilbəil inkişaf etdirdik.
Bu illərdə Azərbaycan xalqı böyük sosial, siyasi-iqtisadi böhrandan çıxaraq inkişaf yoluna düşmüşdür. Həyatımızın bütün sahələrində biz böhrandan tam çıxmışıq və ölkəmiz ilbəil inkişaf edir. Bunların əsas səbəbi müstəqillik əldə etdikdən sonra Azərbaycan xalqının tutduğu düzgün və doğru yoldur. Bu yol da azadlıq, demokratiya, müstəqillik yoludur. Bu yol bütün sahələrdə - siyasi, iqtisadi, sosial islahatlar keçirərək, bazar iqtisadiyyatı yolu ilə getmək yoludur. Bu yol Azərbaycanın iqtisadiyyatını dünya iqtisadiyyatına inteqrasiya etmək və beləliklə, iqtisadiyyatımızı inkişaf etdirmək yoludur.
Bu sahədə biz böyük nailiyyətlər əldə etmişik. Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət qurulubdur. Dövlət quruculuğu sahəsində böyük işlər görülübdür. Azərbaycanda bazar iqtisadiyyatı inkişaf edir. Özəl sektor yaranıbdır. Aparılan iqtisadi islahatlar nəticəsində Azərbaycanın iqtisadiyyatı ilbəil inkişaf edir. İnsanların rifah halı yaxşılaşıbdır. Məhz bu yolla gedərək, biz Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirə bilmişik. Məhz buna görə də biz Azərbaycanın dövlət müstəqilliyinin onuncu ildönümünü böyük qürur hissi ilə bayram etmişik, artıq müstəqilliyin on birinci ilinə qədəm qoymuşuq. Bütün bunlara görə də indi, bu Novruz bayramı günlərində ölkəmizin hər yerində, demək olar ki, hər evdə, hər ailədə bayram əhval-ruhiyyəsi hökm sürür. İnsanlar azad, sərbəst yaşayır, Novruz bayramını da böyük sevinc hissi ilə bayram edirlər.
Bugünümüz bizi sevindirir. Ancaq əldə etdiyimiz nailiyyətlər bizi sevindirdiyi kimi, yaralarımız da bizi incidir. Həll edə bilmədiyimiz problemlər bizi narahat edir. O da Azərbaycan torpaqlarının bir qisminin Ermənistan silahlı qüvvələrinin işğalı altında olmasıdır. İşğal olunmuş torpaqlardan bir milyondan çox soydaşlarımızın didərgin düşməsi, ağır vəziyyətdə çadırlarda və yaşayış üçün münasib olmayan digər yerlərdə yaşamasıdır. Bu, bizim böyük dərdimiz və problemimizdir. Ancaq məlumdur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün biz ardıcıl surətdə çalışırıq. Azərbaycanın daxili və xarici siyasətinin əsas məqsədi ölkəmizin müstəqilliyini möhkəmləndirmək, dünya miqyasında müstəqil dövlət kimi Azərbaycanın mövqelərini möhkəmləndirmək və bu vasitə ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoymaq, işğal olunmuş torpaqları azad etmək, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək və yerindən-yurdundan didərgin düşmüş soydaşlarımızı öz elinə-obasına qaytarmaqdır.
Biz ötən illərdə bu sahədə çox işlər görmüşük, çox imkanlar aparmışıq, çox imkanlardan istifadə etməyə çalışmışıq. Bunu bu gün də davam etdiririk və bundan sonra da etdirəcəyik. Bu bayram günü mən xalqımızı əmin edirəm ki, Azərbaycanın işğal edilmiş torpaqları azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək və yerindən-yurdundan didərgin düşmüş soydaşlarımız öz evlərinə, obalarına qayıdacaqdır. Biz buna mütləq nail olacağıq.
Əziz dostlar!
Əziz bacılar və qardaşlar1
Mən sizi bayram münasibəti ilə bir daha təbrik edirəm.
Mən çadırlarda köçkün vəziyyətində və ağır şəraitdə yaşayan soydaşlarımızı təbrik edirəm. Sərhədlərdə, Azərbaycan torpağının keşiyində dayanan mərd əsgərlərimizi təbrik edirəm. Azərbaycan torpaqlarının müdafiəsi uğrunda əlil olmuş vətəndaşlarımızı təbrik edirəm. Torpaqlarımızın müdafiəsində şəhid olmuş insanların ailələrini təbrik edirəm. Hamını təbrik edirəm. Hamıya cansağlığı, səadət, yeni-yeni novruz bayramları arzulayıram.
Bayramınız mübarək olsun!
\"Azərbaycan\" qəzeti, 23 mart 2002-ci il.