Prezident sarayında Respublikanın sosial-iqtisadi problemlərinə həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı - 24 noyabr 1993-cü il

Hörmətli müşavirə iştirakçıları!

Hamınıza məlum olduğu kimi, iki gün bundan əvvəl Azərbaycanda çörəyin və çörək məmulatının, yanacağın satış qiymətləri artırılmışdır. Bununla bağlı müəyyən problemlər meydana çıxmış, əhalinin həyat tərzində dəyişikliklər və gərginliklər yaranmışdır.

Hazırda respublika əhalisinin elektrik enerjisi, qaz, istilik və su ilə təminatı, zəhmətkeşlərin yaşayışı ilə bağlı olan digər sahələr qeyri-qənaətbəxş vəziyyətdədir. Nəqliyyat yarıtmaz işləyir. Məhz buna görə belə bir müşavirənin keçirilməsi lazım bilinmişdir. Biz yaranmış vəziyyətdən çıxış yolları axtarıb tapmaq, fikir mübadiləsi keçirmək və qərarlar qəbul etmək istəyirik.

İqtisadiyyatı böhran vəziyyətinə düşən respublikada əhalinin təchizatı üçün zəruri olan məhsulların qiymətləri vaxtında tənzimlənməli idi. Müstəqil Azərbaycan Respublikası başqa ölkələrlə qonşuluqda yaşayır. İqtisadi və insani əlaqələr geniş və hərtərəfli olduğuna görə bu ölkələrdə əhalinin təchizatı ücün lazımi məhsulların qiymətlərinin bir səviyyədə olmaması mənfi hallar yaranmasına səbəb olur, iqtisadiyyatımızın vəziyyətinə təsir edir.

Respublikada maliyyə-kredit vəziyyətinin ağırlaşmasını, inflyasiyanın kəskinləşməsini nəzərə alaraq, bəzi məhsulların qiymətləri, şübhəsiz ki, hələ xeyli əvvəl tənzimlənməli, əhalinin bu məhsullarla təchizatı üçün lazımi tədbirlər görülməli idi. Çörəyin və çörək məmulatının qiymətlərinin artırılması ilin əvvəlində meydana çıxmış problemdir. Ancaq bəzi subyektiv səbəblər üzündən bu məsələ həll olunmamışdır. Sonrakı dövrdə bu problem dəfələrlə qaldırılsa da, müəyyən səbəblərə görə həllini tapmamışdır. Bu səbəblər də aydındır. Müharibə şəraitində olan respublikamızda qaçqınların sayı həddən çoxdur, onların vəziyyəti ağırdır. Rayonların bir qismi işğal olunduğuna görə iqtisadiyyata böyük zərbə dəymişdir. Bu da adamların həyat səviyyəsinin aşağı düşməsi ilə nəticələnmişdir.

Yaşayış üçün ən zəruri olan çörəyin və çörək məmulatının qiymətlərini artırmağın məqsədəuyğunluğu həmişə çox böyük şübhə yaratmış, tərəddüdlərə səbəb olmuşdur. Ancaq bizim maliyyə vəziyyətimiz getdikcə ağırlaşdığına və maliyyə-kredit prosesləri çətinləşdiyinə görə bu məsələləri noyabrın 19-da geniş müzakirə etdik. Müşavirədə ciddi təkliflər verildi, qiymətlərin qaldırılmasının zəruriliyi qeyd edildi. Ona görə də iki gün bundan əvvəl bu məsələ öz həllini tapdı.

Yanacaq məhsullarının qiymətlərinin qaldırılması da zərurətdən doğan haldır. Yanacaq məhsulları istehsalı ilə məşğul olan təşkilatlar bu barədə dəfələrlə təkliflər vermişlər.

Biz bu addımları atarkən bilirdik ki, müəyyən çətinliklər yaranacaq. Ancaq iqtisadçılar, bütün rəhbər təşkilatlar bu barədə eyni fikirdə olublar. Bu addım Azərbaycanın iqtisadiyyatının, maliyyə-kredit vəziyyətinin müəyyən qədər sağlamlaşmasına kömək edəcəkdir.

Qiymətlərin artırılması ilə əlaqədar müəyyən kompensasiyalar verilməsi, minimum əmək haqqının artırılması barədə qərar qəbul olunmuşdur. Bütün bunlar əhalinin güzəranının müəyyən dərəcədə yaxşılaşmasına kömək edəcəkdir.

Hazırda respublikanın maliyyə-kredit vəziyyəti çox ağır olduğuna görə zəhmətkeşlərin əmək haqqının, kompensasiyaların verilməsi, minimum əmək haqqının artırılması müəyyən çətinliklər doğurur. Lazımi tədbirlər görülməmişdir ki, bu proses normal şəraitdə keçsin və heç bir ciddi mənfi hala qətirib çıxarmasın.

Çörək məhsullarının keyfiyyəti çox aşağıdır. Bu barədə rəhbər orqanlara çoxlu məlumat gəlir. Əhalinin sosial ehtiyaclarını təmin edən sahələr də çətin vəziyyətdədir.

Qiymətlərin artması ilə əlaqədar yaranmış vəziyyət barədə Milli Bankın nümayəndəsi, maliyyə naziri öz təkliflərini verməlidirlər. Nə etmək lazımdır? Gərginliyi necə aradan götürmək lazımdır? Nazirlər Kabineti bu barədə gərək öz fikrini desin. Burada iştirak edən başqa şəxslər də öz mülahizələrini və təkliflərini deməlidirlər ki, biz onları həyata keçirə bilək.

Burada toxunulan bütün məsələlər haqqında fikirlər söylənildi. Müşavirənin keçirilməsi əsasən çörəyin və çörək məhsullarının, neft məhsullarının qiymətlərinin iki gün bundan əvvəl artırılmasının nəticələri ilə əlaqədardır. Bu, eyni zamanda əhalinin istilik, elektrik enerjisi, qaz, su ilə təmin olunması, nəqliyyat xidmətinin yaxşılaşdırılması və digər zəruri sahələrin işi ilə bağlıdır. İstər bir neçə gün bundan əvvəl keçirdiyimiz müşavirədən, istərsə də bugünkü çıxışlardan bir şey aydın olur ki, respublikanın iqtisadiyyatı, maliyyə vəziyyəti dərin böhran keçirir. Təəssüf ki, bu böhran get-gedə dərinləşmiş, onun aradan qaldırılması üçün lazımi tədbirlər görülməmişdir. Bu müşavirəni bir neçə gün əvvəl keçirdiyimiz müşavirənin davamı da hesab etmək olar.

Bu böhrandan çıxmaq üçün respublikada bir sıra konkret addımlar atdıqdan sonra biz əhalinin sosial vəziyyətinə bir daha nəzər salmalıyıq. Yaranmış ağır şərait bir daha göstərir ki, respublikada çox il bundan qabaq və son illərdə bu sahələrə fikir verilməyib, məsələlər başlı-başına buraxılıb, özbaşınalıq baş alıb gedib, planlaşdırma olmayıb, lazımi tədbirlər görülməyib, iqtisadi islahatlar keçirilməyib. İqtisadiyyatın ayrı-ayrı sahələri kimi, sosial sahə də dağılmış vəziyyətdədir.

Energetikanın vəziyyəti barədə çıxış edən M.İmanov belə izah etdi ki, elektrik stansiyalarının avadanlığı, ehtiyat hissələri, elektrik ötürücüləri çatışmır, sifarişlər verilib, amma hələlik heç nə yoxdur. Qaza gəldikdə isə, ölkədə il ərzində cəmi 6 milyard kubmetr qaz çıxarılır, bu da respublikanı təmin etmir. Respublikanı təmin etmək üçün 15 milyard kubmetr qaz lazımdır. Suya gəldikdə, on il bundan qabaq çəkilən kəmərdən başqa şəhərə heç bir su kəməri çəkilməyib. Olan kəmərlərdə isə itki baş alıb gedir. Qazanxanaların işinə gəldikdə, qaz çatışmır, elektrik enerjisi və s. çatmır.

İndi gəlin açıq danışaq. Belə çıxır ki, Azərbaycanda daim tənqid olunmuş, bəzən söyülmüş Sovet İttifaqının, imperiyanın yaratdığı təsərrüfat ondan sonrakı dövrdə dağılıb, üstünə də bir şey gəlməyibdir. Əgər biz müstəqilliyi bundan ötrü əldə etmişiksə ki, olan-qalanı da dağıdaq, özümüz bir şey yaratmayaq, - axı belə getsə, müəyyən bir vaxtdan sonra hər şey dağılacaq və biz boş yerdə qalacağıq.

Bəli, elektrik stansiyalarımız son illərdə nə təmir olunub, nə yeni avadanlıq alınıb, nə də bir iş görülüb- əlbəttə ki, bunlar dağılıb gedəcəkdir. Nəqliyyat haqqında da burada danışdılar. Mən bu fikirlə razıyam ki, nəqliyyat idarəsinin rəisi lazımi tədbir görməyibdir. Ancaq əgər avtobus parkı, başqa nəqliyyat parkları ilbəil təzələnməyibsə və lazımi tədbirlər görülməyibsə, əlbəttə, elə bir gün gələcək ki, bunların hamısı dağılacaqdır.

Mən bu günlərdə metropolitenin rəisi ilə söhbət etdim. O, indi dəmiryol idarəsinin rəisi vəzifəsinə təyin olunub. Metropolitenin işi ilə də mən yaxından tanışam. Xatirimdədir ki, vaxtilə metropoliten tikiləndə biz nə qədər vaqon alırdıq, onun üçün nə qədər avadanlıq, relslər, şpallar gətirilirdi. İndi bunların heç biri alınmır, Azərbaycanda da istehsal olunmur. Əgər başqa yerdən almaq lazımdırsa, bunun üçün pul, vəsait qazanmaq lazımdır. Əvvəllər alınanlar dağılıb gedir. Axı texnikanın, avadanlığın istismar müddəti başa çatdıqdan sonra ondan istifadə etmək mümkün olmayacaq.

Mən dünən axşam hörmətli neftçilərimiz Qurban Abbasov, Xoşbəxt Yusifzadə ilə, neft şirkətinin prezidenti Natiq Əliyevlə geniş söhbət etdim. Xatırladaq ki, 1982-ci ildə Azərbaycan 15 milyard kubmetr qaz çıxarırdı. O vaxt qaza tələbatımız bu qədər deyildi. Sovet İttifaqı İrandan da 3 milyard kubmetr qaz alırdı. 18 milyard kubmetr qazın 10-11 milyard kubmetri Azərbaycanda istifadə olunurdu, qalanı isə Sovetlər İttifaqının bu regionda olan respublikalarına verilirdi. İndi 15 milyard kubmetrdən düşmüşük 6 milyarda. Bu qədər qaz, əlbəttə ki, çatmayacaq. İndicə Tariyel Hüseynov dedi ki, tələbat 15 milyard kubmetrdir. Belə getsə, hasilat daha da aşağı düşəcək.

Gəlin bu həqiqəti etiraf edək ki, respublikamızın iqtisadiyyatına uzun müddət ərzində vurulmuş zərbələr, buraxılmış kobud səhvlər və təsərrüfatsızlıq nəticəsində iqtisadiyyatımız da, xalqın tələbatını ödəməli olan sosial sahə də belə bərbad hala düşmüşdür. Bu vəziyyətdən çıxmaq lazımdır. İndi respublika başqa bir dövlətin tərkibində deyil ki, desin ki, filan qədər qazım çatmır-indi bunlar yoxdur. Bunları ancaq respublikanın daxili imkanları hesabına əldə etmək mümkündür. Əgər respublikanın daxili imkanlarından səmərəli istifadə edilməsə, gəlin etiraf edək ki, bir neçə müddətdən sonra iqtisadiyyatımız bundan da bərbad vəziyyətə düşəcəkdir.

Keçən dəfə bu barədə geniş danışdıq, indi təkrar etməyə ehtiyac yoxdur ki, biz təcili olaraq iqtisadi islahatlar aparmalı, özəlləşdirmə keçirməli, mövcud təsərrüfatı etibarlı əllərə tapşırmalı və ondan səmərəli istifadə olunmasını təmin etməliyik. Çalışmalıyıq ki, istehsal tezliklə artsın.

Maliyyə vəziyyətimiz ağır olduğuna görə, - bunu bir neçə gün bundan qabaq araşdırdıq,- biz qiymətləri artırmağa məcburuq. İndi qiymətlərin artması ilə əlaqədar gərginlik, çətinliklər yaranıbdır. Ancaq bu addım atılmalı idi, biz bu addımı atmışıq. Burada deyildi, mən bir də qeyd etmək istəyirəm ki, bu qiymətlər ilin əvvəlində, bəlkə də keçən ilin axırında artırılmalı və aybaay indeksləşdirmədən istifadə olunmalı idi. Onda ola bilər ki, birdən-birə belə sərt fərq hiss olunmazdı. Bu fürsət əldən gedibdir. İlin əvvəlindən bu işi görməli olan adamlar ya təcrübəsizlikdən, ya da qəsdən bu işlərlə məşğul olmayıblar. Mən qeyd etdim ki, biz burada işə başladığımız dövrdə bu məsələlər meydana çıxarkən respublikanın həm müharibə şəraitini, həm daxili ictimai-siyasi şəraitini nəzərə alaraq həmin məsələlərin həllinə hələ hazır deyildik. İndi isə bu məsələlərin həyata keçirilməsi zəruridir. Bu, labüd bir qərardır və qəbul olunubdur.

Bir fikir də tam həqiqətdir ki, bu tədbirləri hazırlayarkən, verərkən gərək onların həyata keçirilməsinin təminatı qabaqcadan müəyyən olunaydı. Ancaq belə olmayıb və mən də bu fikirdəyəm ki, Nazirlər Kabinetində bu təklifləri hazırlayarkən və bir neçə dəfə mənim qarşımda bunların zəruriliyi barədə məsələ qaldırarkən, qiymətlərin qaldırılmasını tələb edərkən, şübhəsiz ki, bunların həyata keçirilməsi mexanizmini də gərək hazırlayıb mənə təqdim edəydilər. Qiymətlərin qalxması ilə əlaqədar yarana biləcək çətinlikləri aradan götürmək yollarını da gərək qabaqcadan araşdıraydılar, təkliflərini təqdim edəydilər və aydın olaydı ki, çörək məhsullarının, yanacağın qiymətləri qalxarkən əhalinin sosial vəziyyəti nə cür olacaqdır, hansı tədbirlər görülməlidir. Bu tədbirlər təkcə kompensasiyadan ibarət deyil. Kompensasiyanı müəyyən etmişik. Ancaq aydın olur ki, onu ödəmək üçün banklarımızda nağd pul yoxdur. Demək, aydınlaşdırmalı idik ki, bizdə məhz pul çatışmır.

Aydın olur ki, bir çox sahələrdə avqust ayından indiyədək məvaciblər də verilməyibdir. Demək, maaşların verilməsi təmin olunmalı idi. Əgər bunun üçün əlavə pul lazım idisə, vaxtında gətirilməli idi. Şübhəsiz ki, bununla gərək Nazirlər Kabineti məşğul olaydı. Yaxud bu gün maliyyə naziri təklif etdi ki, istiqraz vərəqələrindən istifadə olunsun. Bəs maliyyə naziri 2-3 gün qabaq bu məsələnin müzakirəsi vaxtı, bu qərar layihəsini hazırlayarkən deyə bilməzdi ki, biz belə vəziyyətə düşəcəyik, nağd pulumuz yoxdur? Deyə bilməzdi ki, mən bir maliyyəçi kimi belə təklif edirəm və gəlin əvvəlcədən bunu nəzərdə tutaq? Amma bu təklifi yarım saat bundan qabaq, yəni iclasımız başlanmazdan əvvəl verir. Mən toplamışdım bəzi vəzifəli adamları, dedim, gəlin çıxış yolu axtaraq. Orada bu təklif verildi ki, istiqraz vərəqələrindən pul vahidi kimi istifadə etmək olar. Bunların hamısı gərək qabaqcadan hazırlanaydı. Mən şəxsən bu fikirdəyəm ki, belə hazırlıqsız işə getdiyimə görə çətinliklərlə qarşılaşırıq.

Bir sözlə, zəruri tədbirlər vaxtında həyata keçirilməyibdir. Biz bu işi indi görmüşük və davam etdirməliyik. Hamımız əl-ələ verib bu tədbirlərin həyata keçirilməsini təmin etməliyik. Ona görə də burada verilən təkliflər haqqında təcili qərarlar qəbul olunmalıdır. Bu qərarlardan bir neçəsi haqqında noyabrın 19-da burada keçirdiyimiz müşavirədə demişdim. Məsələn, bank kreditlərinin faizini artırıb 200 faizə çatdırmalıyıq.

İndiyə qədər bu barədə qərar, sənəd yoxdur. Neçə gün keçibdir, bu gün təklif verilir ki, əmanət banklarında əmanət faizlərini artırmaq lazımdır. Ola bilər ki, bu, yararlı təklifdir. Ancaq bunları eyni vaxtda eləmək lazım idi. Burada da gecikirik.

İstiqraz vərəqələrindən istifadə etməyin müəyyən mənfi cəhətləri olsa da, biz buna məcburuq. Ancaq bu barədə təcili qərar qəbul etmək və izahat işi aparmaq lazımdır. Əhali başa düşməlidir ki, əgər manat əvəzinə ona istiqraz vərəqəsi verilirsə, bu istiqraz müəyyən pul vahidinin bərabəridir. Ticarət təşkilatları bilməlidirlər ki, onlar istiqrazı qəbul etməlidirlər və əhalidə bu baxımdan çətinliklər yaranmamalıdır. Bunların hamısı təcili olmalıdır. Bütün bunlar barədə qəbul olunmuş qərarlar həyata keçirilməlidir və bunun üçün Nazirlər Kabineti, nazirliklər, şəhər, rayon icra orqanları lazımi tədbirlər görməlidirlər. Burada qəbul edilmiş təkliflər əsasında Nazirlər Kabineti təcili olaraq qərarlar qəbul etməlidir və onlar elan olunmalıdır. Bununla yanaşı, hamımız birlikdə - informasiya orqanları, televiziya, nazirlər, icra hakimiyyəti başçıları, nazirliklərin əməkdaşları, maliyyə işçiləri qəbul olunmuş qərarların mahiyyətini və zəruriliyini izah etməli, xalqa çatdırmalıdırlar.

İndi əsas problemlərimizdən biri ondan ibarətdir ki, banklarımızda nağd pul çatmır. Eyni zamanda dövriyyədə istənilən qədər manat var. Ona görə də dövriyyədə olan pulun banklara - həm Milli banka, həm də başqa banklara, o cümlədən əmanət bankına qayıtmasını təmin etmək lazımdır. Bunun üçün ciddi iş görülməlidir. Burada verilən təkliflərlə mən razıyam.

Buraya icra hakimiyyəti başçıları, nazirlər və nazirliklərin rəhbərləri dəvət olunublar. Bakı şəhəri icra hakimiyyətinin başçısı, onun müavinləri, Bakı şəhəri rayonlarının, respublikanın bütün rayon və şəhərlərinin icra hakimiyyəti başçıları, icra orqanları gərək bu tədbirlərin həyata keçirilməsi üçün ciddi fəaliyyət göstərsinlər. Ticarət orqanlarının hamısının üzərində nəzarət olmalıdır, satılan bütün malların pulu banklara getməlidir.

Bakı Şəhəri Baş Polis İdarəsinin rəhbərliyi, rayon polis şöbələrinin rəisləri bu müşavirəyə təsadüfi dəvət edilməyiblər. Onlar bizim bu göstərişlərimizin həyata keçirilməsi ilə bilavasitə məşğul olmalıdırlar. Ümumiyyətlə, hüquq-mühafizə orqanları - həm polis, həm prokurorluq, həm də milli təhlükəsizlik orqanları bu tədbirlərin, - bunlar isə həm iqtisadi xarakter, həm də öz nəticələrinə görə çox böyük sosial-siyasi məzmun daşıyır, - həyata keçirilməsini təmin etməlidirlər. Gecə-gündüz çalışmalıyıq ki, tezliklə ticarət qaydaya düşsün, ticarətdən əldə olunan pullar mütləq birbaşa dövlət banklarına getsin, beləliklə həmin banklarda nağd vəsait yığılsın və bu vəsaitlə də vaxtı keçmiş məvaciblərin və kompensasiyaların ödənilməsi təmin olunsun.

Burada qeyd olundu ki, bizim kommersiya strukturları, ümumiyyətlə, şirkətlər, kommersiya bankları çox böyük, geniş maliyyə əməliyyatları aparırlar. Bu, həqiqətən belədir. Mən bu gün bütün kommersiya strukturlarına, kommersiya banklarına, özəl şirkətlərin hamısına müraciət edirəm ki, Azərbaycan Respublikasının maliyyə vəziyyətini tənzimləmək üçün, bu tədbirlərlə əlaqədar mənfi nəticələri aradan qaldırmaq üçün bütün fəaliyyətlərini nağd pulların banklara keçirilməsinə yönəltsinlər. Mən bunu sərbəst iqtisadiyyatla tam sağlam təmasda olduğumuza görə müraciət şəklində elan edirəm. Eyni zamanda, Milli Banka, Maliyyə Nazirliyinə və Nazirlər Kabinetinə tapşırıram ki, kommersiya strukturları tərəfindən bu tədbirlərin həyata keçirilməsini təklif etsinlər, ona nəzarət etsinlər. Nazirlər Kabineti bu barədə lazımi tədbirlər görsün, bütün bu sahələrə nəzarət etsin.

Çörəyin bişirilməsi və vaxtlı-vaxtında satılması, əhalinin bütün təbəqələrinə çatdırılması haqqında da burada söhbət getdi. Təkcə Bakı şəhərində deyil, respublikanın bütün ərazisində, o cümlədən qaçqınların məskunlaşdığı yerlərdə bu məsələlərlə həm Nazirlər Kabineti, həm əlaqədar nazirliklər, həm də müvafiq rayonların icra orqanlarının başçıları ciddi məşğul olmalıdırlar, elə etməlidirlər ki, indi, qiymətlərin qalxdığı bir vaxtda əhalinin bütün təbəqələri öz təminatları üçün çörək ala bilsinlər. Çörək məhsullarının keyfiyyətinə ciddi fikir vermək lazımdır. Güman edirəm ki, Taxıl Məhsulları Dövlət Şirkətində olan nöqsanlar aradan qaldırılmalıdır. Orada buraxılmış səhvlərə və cinayət xarakterli hərəkətlərə görə baş prokurorun dediyi kimi, lazımi tədbirlər görülməlidir. Bir sözlə, hesab edirəm ki, qəbul olunmuş qərarlar həyata keçirilməlidir. Bu sahədə bir tərəfdən zəruri tədbirlər görülməlidir, ikinci tərəfdən informasiya orqanlarımız, iqtisadi, maliyyə orqanlarımız, nazirliklər, icra orqanları lazımi izahat işləri aparmalıdırlar.

Əhalinin elektrik enerjisi ilə, qazla, su və istiliklə təchizatı məsələlərinə də toxunduq. Həmin idarələrin rəhbərlərinin buradakı çıxışlarını mən qənaətbəxş hesab etmirəm və onlardan tələb edirəm ki, qərarlarla, yaxud da ki, ayrı-ayrı tədbirlərlə, müşavirələrlə öz vaxtlarını keçirməsinlər, əməli işlə məşğul olsunlar və respublikanın bu qış dövründəki ağır vəziyyətində əhalinin, sənayenin, iqtisadiyyatın bütün sahələrinin təchiz olunmasını təmin etsinlər. Bu işlərin hamısını Nazirlər Kabineti öz üzərinə götürməlidir. Nazirlər Kabinetində də müşavirə ola bilər, qərar ola bilər, ancaq əməli iş olmalıdır. Bu gün biz belə qərarlaşdırdıq ki, Nazirlər Kabinetində müəyyən adamlar ayrılacaqdır, onlar bu işə nəzarət edəcəklər və işin təşkilini təmin edəcəklər.

Eyni zamanda, Prezident Aparatının müvafiq rəhbər işçiləri bu məsələlərin bütün sahələrdə həyata keçirilməsinə həm Nazirlər Kabineti tərəfindən, həm icra orqanları tərəfindən həyata keçirilməsinə nəzarət edəcəklər və vaxtlı-vaxtında mənə məlumat verəcəklər. Gərgin vəziyyəti aradan qaldırmaq üçün bu vəzifələrin hamısını təcili həyata keçirməliyik. Ancaq bizim strateji yolumuz ondan ibarətdir ki, ayın 19-da danışdığımız kimi, tezliklə iqtisadi islahatlar keçirilməli və iqtisadiyyatda ciddi dönüş yaratmalıyıq. İqtisadiyyat formalarını dəyişdirməklə, insanları həvəsləndirməklə iqtisadiyyatın inkişafını təmin etməliyik.

Güman edirəm ki, fikirlər aydındır. Buraya dəvət olunmuş şəxslərin hamısı bu tədbirlərin yerinə yetirilməsinə məsuliyyət daşıyır və mən tələb edirəm ki, hər bir kəs öz məsuliyyətini dərk edərək, bu tədbirlərin həyata keçirilməsi ilə ciddi məşğul olsun. Gecə-gündüz çalışmaq, bu tədbirləri xalqa izah etmək, eyni zamanda xalqın vəziyyətinin yüngülləşməsi üçün zəruri iş görmək lazımdır.

Sağ olun. Diqqətinizə görə minnətdaram.

\"Azərbaycan\" qəzeti, 25 noyabr 1993-cü il.