Hörmətli zəngilanlılar!
Bu gün biz Zəngilan rayonunun nümayəndələri ilə - sizinlə görüşürük. Bu görüşün məqsədi birinci növbədə, Zəngilan rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunandan sonra rayon əhalisinin yaşayışı, vəziyyəti haqqında məlumat almaqdan, eyni zamanda, işğal olunmuş Zəngilanın və respublikamızın digər rayonlarının torpaqlarının azad edilməsi ilə əlaqədar indiyədək görülmüş işlər barəsində fikir mübadiləsi aparmaqdan, Zəngilan rayonunun işğal edilməsinin səbəbləri haqqında bu rayonun nümayəndələrinin fikirlərini, mülahizələrini dinləməkdən ibarətdir.
Bilirsiniz ki, Ermənistanın Azərbaycana 1988-ci ildən başlanmış hərbi təcavüzü xalqımıza çox böyük zərbələr vurmuşdur, xalqımız böyük itkilər vermişdir. Torpaqlarımızın bir qismi, o cümlədən, Zəngilan rayonu da işğal olunubdur, indi də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Respublikamızın tarixində bu, faciəli bir dövrdür. 1988-ci ildən başlayan bu hərbi təcavüzün qarşısı alınmadığına, lazımi tədbirlər görülmədiyinə görə ölkəmizə, respublikamıza böyük zərbələr vurulubdur. Son illər biz Azərbaycana vurulan bu zərbələrin aradan götürülməsi, işğal edilmiş torpaqların azad olunması, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi yolunda çox işlər görmüşük və görürük. 1994-cü ilin may ayında hərbi münaqişədə atəşkəsin əldə olunması görülən işlər sırasında xüsusi yer tutur. Artıq iki ildən çoxdur ki, müharibə getmir, qan tökülmür, atəşkəs rejimi mövcuddur. Münaqişənin sülh yolu ilə həll edilməsi üçün bu müddətdə davamlı olaraq işlər görülür, tədbirlər həyata keçirilir. Siz bunları bilirsiniz, məlumatınız var. Buna baxmayaraq, mən bu gün sizinlə görüşüb, sizi də dinləmək istədim. Çünki Zəngilan rayonunun işğal olunmasından artıq üç il keçibdir. Sizin indiki yaşayış tərziniz, vəziyyətiniz bizim daimi nəzarətimizdədir, dövlətin, hökumətin qayğısı altındadır. Ancaq aydındır ki, sizin də, bizim də əsas arzumuz və məqsədimiz işğal olunmuş torpaqlarımızı azad etməkdən, Azərbaycanın hər bir vətəndaşının öz yerinə, yurduna, evinə, elinə-obasına qayıtmasından ibarətdir.
Mən əminəm ki, biz buna nail olacağıq. Ancaq təəssüflər olsun ki, keçmiş illərdə buraxılan, bağışlanması mümkün olmayan səhvlər, cinayətlər, xəyanətlər, respublikamızı elə ağır bir vəziyyətə salıbdır ki, onu bu vəziyyətdən çıxarmaq üçün həddindən artıq çox səylər qoymaq lazım gəlir. Biz bu səyləri qoyuruq. Biz bu istiqamətdə ardıcıl surətdə fəaliyyətdəyik. Buna görə də mən əminəm ki, işğal edilmiş torpaqlarımız azad olunacaq, Azərbaycanın hər bir vətəndaşı öz yerinə, öz evinə qayıdacaqdır.
Mən sizin də fikirlərinizi dinləmək, bilavasitə sizi eşitmək istəyirəm. Ermənistan silahlı qüvvələrinin ölkəmizə təcavüzü başlanandan həm sizin rayonun vəziyyəti, yəni Zəngilan rayonunda və sizin rayonun ətrafında gedən proseslər haqqında, həm 1993-cü ilin oktyabrında rayonun işğal edilməsi ilə əlaqədar olan vəziyyət barədə, həm də indi məskunlaşdığınız yerlərdə vəziyyətiniz haqqında məlumatlarınızı dinləmək istəyirəm. Buna görə də bu gün sizinlə görüşə gəlmişəm.
Mən sizin hər birinizi dinləməyə hazıram. Ancaq güman edirəm, yəqin ki, rayon icra hakimiyyətinin başçısı yığcam bir məlumat verə bilər, bundan sonra isə kim istəsə danışa bilər. Mən bu gün sizin sərəncamınızdayam.
Yekun nitqi
Burada bir çox görüş iştirakçılarının da çıxış etmək arzusu tamamilə təbiidir və mən bunu belə qiymətləndirirəm ki, bugünkü müzakirəmiz hər kəs üçün o qədər əhəmiyyətlidir ki, hərə öz sözünü demək istəyir, hərə öz fikrini bildirmək istəyir. Ancaq yenə də deyirəm, vaxt gecdir və indiyə qədər burada dinlədiyimiz çıxışlar, hesab edirəm ki, ümumiyyətlə, bu məsələnin yekunlaşdırılması üçün tam əsas yaradır.
Əziz zəngilanlılar, mən bu gün bizim görüşümüzün əvvəlində də dedim, indi, görüşümüz sona çatarkən də qeyd edirəm ki, görüşün məqsədi həm Zəngilan rayonunun problemləri ilə, həm də bütün Azərbaycanın problemləri ilə əlaqədardır. Çünki Azərbaycan ayrı-ayrı bölgələrdən ibarətdir və ölkəmizin hər bir şəhəri, hər bir yaşayış məntəqəsi, hər bir rayonu Azərbaycanın ayrılmaz hissəsidir və onun ərazi bütövlüyünü təşkil edən məntəqədir, bölgədir. Buna görə də əgər biz Zəngilanın problemləri haqqında danışırıqsa, demək, bütün Azərbaycanın problemləri haqqında danışırıq. Zəngilanın problemlərinin təhlili, müzakirəsi yolu ilə biz - bu gün bütün çıxışlarda bu hiss olundu, - görüşümüzü Ümumazərbaycan problemlərinin təhlilinə, müzakirəsinə çevirdik.
Zəngilan Azərbaycanın gözəl bir guşəsidir, qədim Zəngəzur diyarının bir parçasıdır və qədim Azərbaycan diyarıdır. Burada gətirilən bəzi tarixi həqiqətlər Zəngilanın tamamilə qədim Azərbaycan diyarı olduğunu sübut eləyir. Zəngilanda Azərbaycan xalqının milli mədəniyyətini əks etdirən tarixi abidələr var, Azərbaycan xalqının həyatını əks etdirən tarixi hadisələr baş veribdir. Zəngilanda keçmiş əsrlərdə də xalqımızın çox hörmətli, dəyərli insanları yaşayıblar və beləliklə də Zəngilan həm öz təbiətinə görə, həm o torpaq üzərində yaşayan insanların qurduqlarına, yaratdıqlarına görə və bugünkü nəsillərə çatdırdıqları irsə görə Azərbaycanın qiymətli bir diyarıdır, qiymətli bir hissəsidir.
Buna görə də Zəngilan rayonunun Ermənistan silahlı qüvvələrinin işğalı altında olması həm zəngilanlılar üçün böyük ürək ağrısıdır, faciədir, ürək ağrısıdır, həm də bütün Azərbaycan xalqı üçün, Azərbaycan dövləti üçün faciədir, ürək ağrısıdır. Biz deyəndə ki, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycanın ərazi bütövlüyü pozulmuşdur, o cümlədən Zəngilanın da işğal olunmasını və Zəngilan rayonu torpaqlarının işğal altında olmasını nəzərdə tuturuq. Bir milyon qaçqın, yerindən-yurdundan didərgin düşmüş Azərbaycan vətəndaşlarının köçkün vəziyyətində yaşaması haqqında danışarkən onların içərisində Zəngilan rayonunun 35 min sakinini də nəzərdə tuturuq. Bax, bunlara görə də Zəngilanın həm keçmişi, həm Ermənistanın Azərbaycana təcavüzü başlanandan bəri Zəngilan rayonunun ərazisində və onun ətrafında gedən cürbəcür proseslər, həm də 1993-cü ildə Zəngilanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması mühüm məsələlərdir və bizim üçün mühüm bir problemdir.
Zəngilan Azərbaycanın həm İranla, həm də Ermənistanla sərhəd olan bir bölgəsidir. Zəngilan bir tərəfdən Araz çayı vasitəsilə İran sərhədindədir, o biri tərəfdən də 150 kilometr məsafədə Ermənistanla Azərbaycanın sərhədini təşkil edən bir ərazidir. Bu baxımdan Zəngilanın Azərbaycan dövləti üçün, Azərbaycan Respublikası üçün çox mühüm strateji əhəmiyyəti var. Zəngilan torpağı zəngilanlılar üçün əzizdir, bütün Azərbaycan xalqı üçün əzizdir, ancaq Zəngilan Azərbaycanın mühüm bir hissəsi olaraq və indi müstəqil Azərbaycanın iki dövlətlə sərhədində yerləşərək və xüsusən səkkiz ildir ki, bizimlə hərbi münaqişədə, müharibə vəziyyətində olan Ermənistanla bizim sərhədimizin 150 kilometrini əhatə edən bir rayon kimi Azərbaycan Respublikası üçün çox strateji əhəmiyyətə malik bir torpaqdır, ərazidir.
Burada bugünkü çıxışların hamısı Zəngilan rayonunda 1988-ci ildən - Ermənistanın Azərbaycana təcavüzü başlanan zamandan bəri olan hadisələri geniş əks etdirirdi. Hesab edirəm ki, bu çıxışlardan biz həm 1993-cü ilə qədər Zəngilanın ətrafında və Zəngilan ərazisində baş verən hadisələr, həm də 1993-cü ildə Zəngilanın Ermənistan tərəfindən işğal olunması və bununla əlaqədar Zəngilan əhalisinin ağır və çətin vəziyyətdə rayondan köçməsi haqqında geniş məlumatlar aldıq. Bu məlumatlar onu göstərir ki, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş başqa əraziləri kimi, Zəngilanın da ətrafında, ərazisində baş vermiş hadisələr və nəhayət, 1993-cü ildə onun ərazisinin işğal olunması o zaman, o illər, o dövrdə Azərbaycanda gedən ictimai-siyasi proseslərlə, Azərbaycan xalqına böyük zərbələr vurmuş hakimiyyət mübarizəsi ilə, ayrı-ayrı qrupların, dəstələrin vəzifə əldə etmək cəhdləri ilə əlaqədardır. Məhz bunların nəticəsində vaxtilə Zəngilan mühafizəsi, müdafiəsi lazımi səviyyədə təşkil olunmayıbdır. Məhz bunların nəticəsində hələ 1992-ci ilin dekabr ayında, - burada deyildiyi kimi, - Zəngilanın 13 yaşayış məntəqəsi bilavasitə Ermənistan tərəfindən işğal olunub, zəbt edilib, ələ keçirilibdir. Burada deyildiyi kimi, Zəngilanın bir çox torpaqları, - yaşayış məntəqəsi olmasa da, ancaq torpaqları, onun ərazisinin bir hissəsi - hələ o dövrdə işğal olunubdur, zəbt edilibdir. Sonralar isə - nəhayət, 1993-cü ilin oktyabrında Zəngilan rayonu Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə işğal olunubdur.
Zəngilanın Azərbaycan üçün strateji əhəmiyyəti bir də ondan ibarətdir ki, Zəngilan tək Ermənistanla Azərbaycanı ayıran sərhəddə yerləşdiyinə görə yox, eyni zamanda Zəngilanla həmsərhəd olan, yəni Azərbaycanla həmsərhəd olan Qafan, Mehri rayonlarında yaşayan azərbaycanlılar üçün həmişə dayaq olubdur. Azərbaycanla orada yaşayan azərbaycanlıları bağlayan bir məntəqə olubdur. Məsələn, Mehridə olan böyük Nüvədi kəndi haqqında burada söhbət elədilər. Bəli, bu Nüvədi kəndinin də ətrafında gedən cürbəcür proseslər məhz Azərbaycan tərəfinin həm bacarıqsızlığı, həm səriştəsizliyi, həm də bəzən satqınlığı nəticəsində meydana çıxmışdır. Hətta 1991-ci ildə də orada azərbaycanlılar yaşayırdı. 1992-ci ildə mən Naxçıvanda olarkən nüvədililər Naxçıvana bir neçə dəfə gəlmişdilər və onların orada yaşamasına kömək etmək üçün mənə müraciət etmişdilər.
Burada Azərbaycan ilə, yəni Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Zəngilan rayonundan keçərək Mehri rayonunun ərazisindən Naxçıvana gedən yol haqqında söz açıldı. Bu yolun tikilməsi üçün və Naxçıvanın birbaşa Azərbaycanın əsas hissəsinə bağlanması üçün 1970-ci illərdə burada biz çox iş görmüşdük, qərar qəbul etmişdik. Hətta Ermənistanın o vaxtkı rəhbərləri də bizim təklifimizlə qərar qəbul etmişdilər. Və ona görə də biz o yolun tikilməsinə başladıq. O yolun Azərbaycan üçün böyük strateji əhəmiyyəti var idi. Ancaq həmin illərdə, - bu, təxminən 1985-ci il, 1986-cı il idi, - mən Moskvada işləyərkən Ermənistan tərəfi bu yolun Azərbaycan üçün nə qədər böyük əhəmiyyəti olduğunu dərk etdi və ayrı-ayrı qüvvələr orada artıq Azərbaycana qarşı təxribatçı planlarını artırmağa və bu yolun tikilməsinə maneçiliklər törətməyə başladılar. Mən indi vaxt olsa, bu barədə öz xatirələrimi geniş yazmalıyam. Çünki bu yolun tikilməsi üçün mən Moskvada ən yüksək səviyyələrdə gərgin mübarizələr aparmışdım. Biz bu yolu Araz boyu, yəni dəmir yolu keçən yerdə, dəmir yolu ilə paralel olaraq çəkmək planı qurmuşduq. Belə bir plan var idi, təsdiq olunmuşdu. Sonra bu yolun qarşısını almaq üçün cürbəcür bəhanələr ortaya atdılar ki, bunu Araz boyu çəkmək olmaz, dəmir yolu ilə yanaşı çəkmək olmaz. Moskvada yaşayan bir çox erməni alimləri, cürbəcür iqtisadçıları və başqa qüvvələri cəlb etdilər və ekspertiza rəyi almağa çalışdılar ki, bu yolu bu cür çəkmək olmaz. Eyni zamanda bu yolun çəkilməsinə etiraz da edə bilmirdilər. Elə bir marşrut verdilər ki, o yolun məsafəsini üç dəfə uzatdı və ikinci də əgər həmin yol o marşruta getsəydi, dağlardan keçsəydi, ilin təxminən yarısı ərzində bağlı olacaqdı.
Şübhəsiz ki, mən onunla razı ola bilməzdim və çox kəskin mübarizələr, kəskin müzakirələr getdi. Nəhayət, o yolun çəkilməsinə mən nail oldum və yol çəkildi. Burada artıq qeyd edildi ki, cəmisi 10 kilometr qalmışdı. Amma 1987-ci ildən sonra bu yolun çəkilməsi də dayandırıldı, bütün bu proseslər də başlandı.
Mən bir daha qeyd etmək istəyirəm, o yolun çəkilməsində biz Mehri rayonunda yaşayan azərbaycanlıları da nəzərə almışdıq. O yol məhz Nüvədi kəndindən, onun yanından, başqa Azərbaycan kəndlərinin yanından keçib getməli idi. Beləliklə, o Azərbaycan kəndlərini də, azərbaycanlıların yaşayış məntəqələrini də biz Azərbaycana tamamilə bağlamaq istəyirdik. Ancaq tək bu yol yox, ümumiyyətlə, Zəngilan, yenə də deyirəm, bütün Zəngəzur mahalında yaşayan azərbaycanlılar üçün bir dayaq məntəqəsi idi. Məsələn, Ermənistandan Qafana gedən dəmir yolu da Zəngilandan keçirdi və ona görə də bunun əhəmiyyəti çox böyük idi. Bunların hamısına görə Zəngilanın müdafiəsi - bu sözü deyiləndə Azərbaycan Respublikasının müdafiəsi kimi anlamaq lazımdır -lazımi səviyyədə təşkil olunmalı idi. Ancaq yenə də deyirəm, bu, təşkil olunmamışdı. Burada xatırlatdılar, mən 1991-1992-ci illərdə Naxçıvanda işləyərkən, orada yaşayarkən Zəngilanla daim əlaqə saxlayırdım, maraq göstərirdim. Hətta sonralar Nüvədi kəndindən köçmüş azərbaycanlılar orada bir yerdə çadır qurmuşdular, hansı kənd idi?
Yerdən səs: Vejnəli kəndində.
Heydər Əliyev: Vejnəli kəndində çadırlarda yaşayırdılar. Mən Naxçıvandan iki-üç dəfə oraya vertolyotlarla nümayəndə heyəti göndərmişdim, gedib onların vəziyyətini öyrənmişdilər. Onlara kömək göndərmişdim oradan. Naxçıvanda biz özümüz ağır vəziyyətdə idik, blokada vəziyyətində idik. Ancaq eyni zamanda bütün imkanlardan istifadə edib həm Zəngilana, həm də Mehri, Qafan rayonlarından didərgin düşüb orada yaşayan azərbaycanlılara kömək etmək istəyirdim.
Bunlar hamısı keçmişdə olan proseslərdir, hadisələrdir. Ancaq təəssüflər olsun ki, bunların heç birisi nəticə vermədi və son nəticə bundan ibarət oldu ki, Zəngilan rayonu Ermənistanla həmsərhəd olan digər rayonlarımız kimi işğal edildi və zəngilanlılar ağır bir vəziyyətdə İran ərazisindən keçib gəldilər, indi Azərbaycanın cürbəcür məntəqələrində məskunlaşıblar.
Burada çıxışlarda bildirildi ki, zəngilanlılar öz torpaqlarını müdafiə etmək əzmində idilər, vuruşurdular, döyüşürdülər, orada olan ordu hissələri də vuruşurdu, döyüşürdü. Ancaq Cəbrayıl, Füzuli və Qubadlı rayonları işğal olunandan sonra Zəngilan həqiqətən mühasirədə idi. Mən də xatırlayıram bunu - mühasirədə idi. Ancaq bir həqiqəti bu gün təkrar etmək lazımdır: bütün bu rayonların işğal edilməsi prosesi, təəssüflər olsun ki, 1991-ci ildə, 1992-ci ildə və 1993-cü ilin əvvəllərində Azərbaycan rəhbərliyinin buraxdığı səhvlərin, bir çox hallarda xəyanətkarlığın, satqınlığın nəticəsi olmuşdur. İndi bəzən müxalifət qüvvələri hesab edirlər ki, bunlar hakimiyyətdə olanda hansı rayonlar işğal olunmuşdur, onlar hakimiyyətdən gedəndən sonra hansı rayonlar işğal edilmişdir. Bunlar hamısı əsassız söhbətlərdir, əsassız sözlərdir. Onlar əsassızdır, çünki işğal olunmuş bütün torpaqların aqibəti həmin o illərdə, 1990-91-92-ci illərdə həll edilmişdi. Elə Zəngilanı götürək, əgər 1992-ci ilin dekabr ayında 13 yaşayış məntəqəsi zəbt edilmişdisə və bunun qarşısı alınmamışdısa və bu da bilavasitə Ermənistan tərəfindən olmuşdusa, nədən söhbət gedə bilər? İkinci tərəfdən, 1991-1992-ci illərdə və 1993-cü ilin iyun ayına qədər Azərbaycanda hakimiyyətdə olan qüvvələr Azərbaycanı elə bir ağır, elə bir fəlakətli vəziyyətə gətirib çıxarmışdılar ki, 1993-cü ilin yayında - iyun ayında Azərbaycanı bu vəziyyətdən çıxarmaq üçün aparılan tədbirləri onlar, həmin o günahkarlar anlamalıdırlar, başa düşməlidirlər. Əgər siz belə qəhrəman idinizsə, bu rayonları qoruyub saxlaya bilərdinizsə, saxlayaydınız, niyə hakimiyyətdən getdiniz? Saxlayaydınız, kim sizə mane olurdu? Hakimiyyət sizin əlinizdə, dövlət sizin əlinizdə - saxlayaydınız, qoymayaydınız o rayonlar da işğal olunsun. Amma hamınız qaçdınız. Axı məsələ tək bu rayonların işğal olunması deyildi, Azərbaycan artıq daxildən parçalanmışdı. Azərbaycanda vətəndaş müharibəsi başlanmışdı və bunların hamısını edən, Azərbaycanı bu vəziyyətə çatdıran, bu dərəcəyə gətirən 1992-ci ilə qədər vəzifədə olan adamlarla 1992-ci ildə vəzifəyə gəlib 1993-cü ilə qədər Azərbaycanı bu fəlakətli vəziyyətə salan adamların arasında gedən mübarizə idi və bunların içində olan ayrı-ayrı adamların, ayrı-ayrı qüvvələrin bir-biri ilə apardığı mübarizə idi. Əgər 1992-ci ilin martına, mayına qədər hakimiyyətdə olan qüvvələr bacarmırdılarsa, - onlar hakimiyyətdən getdi, sonrakılar gəldi, - onlar gərək Azərbaycanı saxlayaydılar. Amma bir il müddətində əvvəlkilərin səhvlərinin üstünə o qədər səhvlər qoydular ki, Azərbaycan artıq dağılırdı. Azərbaycan dağılan vaxt da ölkəni qoyub qaçdılar.
İyun ayında Azərbaycanda bu fəlakətli vəziyyət yarandığı zaman, mən Bakıya dəvət olunduğum zaman Azərbaycanda nə var idi, kim var idi? Azərbaycanın bütün yüksək vəzifəli adamları qaçmışdı, dağılmışdı və bunu da onların özləri təşkil etmişdilər, özləri özlərini bu vəziyyətə salmışdılar. Surət Hüseynov böyük bir hərbi dəstəni sərhəddən, yəni döyüş bölgələrindən çıxarıb gətirmişdi ki, burada, Bakıda hakimiyyəti əlinə alsın. Onun bu hərəkətlərinin qarşısını almaq üçün, hakimiyyətdə olan Xalq Cəbhəsi başqa hissələri cəbhədən çıxarıb gətirmişdi Bakıya ki, özünü müdafiə etsin. Beləliklə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi üçün bir çətinlik yox idi. Bütün hərbi qüvvələr, silahlar, sursatlar, təyyarələr, vertolyotlar, tanklar və toplar - bir hissəsi çıxarılıb gətirilmişdi Gəncəyə. O biri hissəsi də toplanmışdı Bakıya ki, burada özlərini müdafiə etsinlər, Surət Hüseynov gəlib bunları yıxa bilməsin. Onda erməni silahlı qüvvələri ilə kim vuruşmalı idi və kim vuruşa bilərdi? Və vuruşan adam qalmışdımı? Yox! Yox idi. Ordunun bir hissəsini isə Lənkəran - Astara zonasında Xalq Cəbhəsinə mənsub olan, sonra bunlarla mübarizəyə qalxan Əlikram Hümbətov keçirmişdi əlinə. Yetmişə qədər tank orada saxlanmışdı. O da orada bir hökumət qurmaq istəyirdi.
Bunların hamısını edən kim idi? Bir tərəfdən Surət Hüseynov, bir tərəfdən Surət Hüseynovu dəstəkləyən və Moskvada oturan Mütəllibovun adamları, bir tərəfdən Rəhim Qazıyev, bir tərəfdən Əlikram Hümbətov, o biri tərəfdən də hakimiyyətdə olan adamların özləri. Bunlar kim idi? Rəhim Qazıyev kim idi? Xalq Cəbhəsindən çıxmış, müdafiə naziri olmuş adam, Əlikram Hümbətov kim idi? Xalq Cəbhəsindən çıxmış, Müdafiə Nazirliyində yüksək rütbə almış bir adam. Surət Hüseynov kim idi? Xalq Cəbhəsinin başçısı, prezident olan Əbülfəz Elçibəy tərəfindən və onun silahdaşları tərəfindən yüksək vəzifələrə təyin olunmuş, Milli Qəhrəman adı almış bir adam. Bunlar hamısı bir dəstənin adamları idi. Sonra isə Azərbaycana rəhbərlik üstündə mübarizə apararaq bir-biri ilə vuruşmağa başladılar. Rəhim Qazıyev Surət Hüseynovla birləşdi, Əlikram Hümbətovla birləşdi bunlara qarşı. Oradan Mütəllibovun qüvvələri onlarla birləşdi. Bunlar da öz qüvvələrini toplaya bilmədilər. Bir tərəfdən Ermənistan silahlı qüvvələri Azərbaycanın torpaqlarını işğal eləyə-eləyə gəlir, bir tərəfdən də bunlar Azərbaycanı dağıdırdılar.
Bilirsiniz, mən bu məsələlərə heç toxunmaq istəmirəm, çünki bunlar məlumdur. Ancaq burada bir neçə söz deyildi, ona görə də mən demək istəyirəm. İyun ayının 15-də mən Azərbaycan parlamentinin sədri, Milli Məclisin sədri seçilən zaman burada kim var idi? Prezident Əbülfəz Elçibəy, səngəri qoydu qaçdı. Məndən qabaq parlamentin sədri istefa verdi, çıxdı. Yaxşı, bacarmadı, çıxdı. Heç olmasa, bu dövləti qorumaq üçün kömək etmək əvəzinə çıxan kimi getdi müxalifətə qoşuldu. Baş nazir çıxdı, qaçdı. Özü çıxdı. Ondan qabaqkı müdafiə naziri Rəhim Qazıyev artıq müxalifətdə idi. Ondan sonra müdafiə naziri qoyulmuşdu Dadaş Rzayev, onu da çıxarmışdılar, müdafiə naziri yox idi. Daxili işlər naziri İsgəndər Həmidov idi - Azərbaycanı dağıtdı, özləri onu çıxarmışdılar. Ancaq bunun dalında böyük bir \"bozqurdlar\" dəstəsi var idi. Yeni qoyulmuş daxili işlər naziri Allahverdiyev idi, onu da çıxarmışdılar. Demək, müdafiə naziri yox, daxili işlər naziri yox, milli təhlükəsizlik naziri yox - çıxarmışdılar, qaçmışdı, - bu da yox. Prezident yox, baş nazir yox, başqa nazirlər yox. Hamısı qaçdı, dağıldı.
Mən bunu demək istəmirdim, çünki bunu hamı bilir. Ancaq mən burada tək qalmışdım. Bir tərəfdən ermənilər orada bu fürsətdən istifadə edib hücumlarını gücləndirirdilər, bir tərəfdən də içəridə bu vətəndaş müharibəsinin qarşısını almaq lazım idi. Rəhim Qazıyevlə Surət Hüseynov mənə təzyiqi artırmaq üçün Əlikram Hümbətovun qüvvələrini orada gücləndirdilər. O, yeddi rayonu keçirmişdi əlinə, sentyabr ayına qədər orada ağalıq eləyirdi. Azərbaycanın başqa bölgələrində cürbəcür dəstələr, cürbəcür qüvvələr, silahlı dəstələr özbaşınalıq edirdi. Burada dərəbəylik idi. Azərbaycan belə vəziyyətdə idi. Əlbəttə ki, ermənilər bu fürsətdən istifadə etdilər. Rayonların bir çoxunu əvvəl işğal etmişdilər, qalanlarını da sonra işğal etdilər.
İndi bunların hansının mənəvi haqqı var gəlib desin ki, biz olanda belə idi, biz gedəndən sonra necə olub? Axı siz niyə getdiniz, nə üçün getdiniz? Əgər siz hesab edirsinizsə ki, xalq sizə etimad göstərmişdi, seçmişdi, öz aqibətini sizə tapşırmışdı - bu vəzifələrinizi yerinə yetirəydiniz. Qaçan qaçdı, qaça bilməyən də bəyan etdi ki, \"mən vəzifəmi dondururam\". Yeni bir termin çıxdı Azərbaycanda - \"vəzifəmi dondururam\", \"fəaliyyətimi dondururam\". Bu donduranlar dondular bir tərəfdə, qaçanlar qaçdılar, səngər qaldı belə.
Ona görə də, bilirsiniz, o adamlar xalqa xəyanət ediblər, millətə xəyanət ediblər və indi də onların heç birinin bu barədə danışmağa mənəvi haqqı yoxdur. Azərbaycanda, şübhəsiz ki, siyasi plüralizm var və olacaqdır, fikir müxtəlifliyi olacaqdır. Müxalifətdə ayrı-ayrı siyasi partiyalar, ayrı-ayrı təşkilatlar var və olmalıdır. Amma kimlər? Yüksək vəzifələrdə olub, xalqın etimadını doğrulda bilməyib, Azərbaycan Ermənistanın təcavüzü altında olduğu zaman Azərbaycanı dağıdanların, 1993-cü ildə Azərbaycanı bu ağır vəziyyətə salanların və öz səngərlərini, öz vəzifələrini qoyub qaçanların yenidən gəlib, müxalifət olub bugünkü iqtidarı tənqid eləməyə, ya söz deməyə haqqı yoxdur. Heç bir haqqı yoxdur.
Doğrudur, mən onların nə o sözlərini, nə də o fikirlərini bizim bugünkü hakimiyyətimiz üçün böyük bir təhlükə, yaxud da yeni söz kimi qəbul etmirəm. Çünki onların Azərbaycanda heç bir dayağı yoxdur, heç bir sosial bazası yoxdur. Onların Azərbaycan xalqı üçün ancaq dəhşətli hərəkətləri var - Azərbaycanın daxilində oturanların da və Azərbaycandan kənarda yaşayanların da. Onların indi apardıqları iş ona yönəldilibdir ki, Azərbaycanda təxribat aparsınlar, terror həyata keçirsinlər, bunun vasitəsilə yenə də Azərbaycanı qana bürüsünlər və müxalifət olmaq əvəzinə, normal siyasi fəaliyyət aparmaq əvəzinə bu cür cinayətkar yollara gedirlər, bu cür cinayətkar işlərlə məşğul olurlar, bu cür cinayətləri hazırlayırlar, həyata keçirmək istəyirlər.
1994-cü ilin oktyabr ayında, 1995-ci ilin mart ayında Azərbaycanda dövlət çevrilişinə göstərilən cəhdlər buna nümunədir. Bəli, siz bilirsiniz ki, həm Azərbaycandan kənarda, həm Azərbaycanın içində müxalifətdə olan həmin qüvvələr dövlət çevrilişinə cəhdlərdə iştirak etmişdilər. Ondan sonrakı hadisələr - indi məhkəmə prosesləri gedir - körpünün partladılması, Azərbaycan prezidentinin təyyarəsinin vurulması cəhdləri, başqa terror cəhdləri - bunlar da həmin qüvvələr tərəfindən istiqamətləndirilən işlərdir. O adamlar da indi yaxalanıblar, cəzalanırlar, cəzalarını alacaqlar. Nəhayət, - mən bunu bu dəfə demişəm, - yəqin ki, bu günlərdə hüquq-mühafizə orqanları məlumat verəcəklər - Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi son aylarda apardıqları, hesab edirəm ki, çox peşəkar işlərin nəticəsində iki böyük təxribatçı, terrorçu qrup aşkar eləyiblər, yaxalayıblar. Onların bir qismi artıq həbsdədir, istintaq gedir. Onların da yeganə məqsədi Azərbaycanda qarışıqlıq yaratmaq üçün Azərbaycan prezidentinə qarşı terror etməkdir. Budur bunların müxalifət yolu. Belə müxalifət heç yerdə, heç bir ölkədə qəbul oluna bilməz. Və belə müxalifətə biz yol verməyəcəyik. Kim Azərbaycanda hakimiyyət uğrunda bu cür mübarizə aparırsa, birincisi, bilsinlər ki, onlar məğlub olublar və məğlub olacaqlar. Bizim gücümüz elədir ki, indi onların hər birinin qarşısını almağa qadirik. İkincisi də, bizim xalqımızda olan bu birlik, həmrəylik, bu gün Zəngilan rayonunun nümayəndələrində də hiss etdiyim əhval-ruhiyyə onu göstərir ki, Azərbaycanın bugünkü iqtidarı xalq tərəfindən müdafiə olunur, qorunur və bundan sonra da qorunacaqdır.
Zəngilan rayonunun işğaldan azad olunması Azərbaycan Respublikasının işğal edilmiş başqa rayonlarının azad olunması ilə bərabər, bizim qarşımızda duran ən əsas problemdir, ən ümdə vəzifədir. Mən bunu bir neçə dəfə demişəm, bu gün də qeyd etmək istəyirəm ki, mənim bir prezident kimi bütün fəaliyyətimin əksər hissəsi bu məsələnin həllinə, yəni Ermənistan-Azərbaycan münaqişəsinin tamamilə ləğv edilməsinə, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına, işğal edilmiş torpaqların azad olunmasına və didərgin düşmüş vətəndaşlarımızın öz yerlərinə qayıtmasına həsr olunmuşdur. Allaha şükür olsun ki, siz bunu görürsünüz, bilirsiniz, bu gün bu barədə çox xoş sözlər dediniz. Mən sizə təşəkkür edirəm ki, siz bu işləri həm görürsünüz, həm də qiymətləndirə bilirsiniz. Ancaq kimin bunu nə cür qiymətləndirib-qiymətləndirməməsindən asılı olmayaraq mən bir Azərbaycan vətəndaşı kimi, azərbaycanlı kimi və üzərimə götürdüyüm məsuliyyəti dərk edərək bilirəm ki, mənim əsas vəzifəm bu məsələni həll etməkdən ibarətdir və bunun üçün də mən çalışıram.
İki il yeddi aydır ki, atəş yoxdur. Bunun özü böyük nailiyyətdir. Əgər mən 1993-cü ildə Azərbaycana gələndə həmin bu daxili məsələlər olmasaydı, mənə imkan verilsəydi - o vaxt imkan da verilmirdi axı! - o vaxt bu atəşkəsi yarada bilərdim. Bir neçə dəfə də bu atəşkəsi yaratdım, danışıqlar apardıq, saziş bağladıq ki, atəş dayandırılsın, amma üç gündən sonra saziş pozuldu. Ermənistan tərəfi dedi ki, siz pozmusunuz, biz dedik ki, onlar pozubdur. Ancaq o vaxt atəşin dayandırılmasını həmin bu qüvvələr istəmirdi. 1993-cü ildə mən burada prezident vəzifələrini həyata keçirərkən Surət Hüseynov böyük bir silahlı qüvvəni əlinə keçirdiyinə görə və onun verdiyi öhdəliklərə görə müdafiə məsələlərini mən ona həvalə etdim. Siz burada doğru deyirsiniz, - o, bu işlərlə məşğul olmalı idi. Lakin bu işlərlə məşğul olmaq əvəzinə satqınlıqla məşğul olurdu. Xatirinizdədir ki, 1993-cü il oktyabr ayının sonunda - Zəngilan işğal olunandan sonra - noyabr ayının 2-də mən xalqa müraciət etdim. Mən bu gün bir də qeyd etmək istəyirəm ki, Azərbaycanın həqiqi milli ordusu, döyüşən milli ordusu məhz o gündən sonra yaranmağa başladı. Bilirsiniz ki, o vaxt bütün xalq ayağa qalxdı. Ondan sonra bizim hərbi hissələr hücuma keçdilər, bir çox yerlərdə irəliyə getdik. İndi Horadiz haqqında danışılır - Horadiz qəsəbəsi də o vaxt bizim apardığımız hücumlar nəticəsində azad olundu. Füzuli rayonunun başqa kəndləri də azad olundu. Başqa bölgələrdə bizim irəliyə getməyimizin qarşısını almaq istəyən daxilimizdə olan satqın qüvvələr - o vaxt təəssüf ki, hələ hər şeyə nəzarət etmək mümkün deyildi, mən bunu açıq deyirəm, - həmin qüvvələr irəliləmək sürətimizi aşağı saldılar. Bunları nəzərə alaraq 1994-cü ilin may ayında atəşin dayandırılması haqqında sazişi imzaladıq və mən buna qərar verdim.
Ona görə də iki il yeddi ay ərzində atəşkəsin saxlanması böyük nailiyyətdir. Amma eyni zamanda bu, sülh danışıqlarımızın aparılması üçün çox əhəmiyyətli bir haldır. Siz burada Lissabon Zirvə görüşünün qərarlarından məmnun olduğunuzu bildirdiniz. 1994-cü ilin oktyabrında Budapeşt Zirvə görüşündə bizim bu problemlə əlaqədar olan qərar haqqında da dediniz. Əgər atəşkəs olmasaydı, nə Budapeştdə biz o qərarı əldə edə biləcəydik, nə də Lissabonda bu bəyanatı əldə edə biləcəydik. Ona görə bu müddətdə görülən işlər ölçüyə gələn işlər deyil, bunların hamısını ölçmək üçün çox vaxt lazımdır. Çünki hər gün davamlı olaraq iş görülür ki, Azərbaycan bu bəladan xilas olsun.
Mən hesab edirəm ki, bizim apardığımız işlər, nəhayət, Lissabon Zirvə görüşündə qəbul olunmuş sənədlə özünün müsbət nəticəsini veribdir. Çox tarixi əhəmiyyətli bir sənəddir. Çünki artıq Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinin əsas prinsipləri müəyyən olunub, onlar ATƏT-in üzvlərinin hamısı tərəfindən qəbul olunub. Demək, bundan sonra danışıqlar bu əsasla gedəcəkdir. Dünən mən Rusiya prezidentinin xüsusi nümayəndəsi olan səfir Yuri Yukalovu qəbul etdim, onunla ətraflı danışıqlar apardım. Ona da demişəm. Amerika Birləşmiş Ştatlarının nümayəndələrinə də demişəm, başqa xarici ölkələrin nümayəndələrinə də demişəm ki, indi bizim əlimizdə qəbul olunmuş prinsiplər var, bu prinsiplər əsasında biz tədbirlərimizi hazırlamalıyıq. Biz, yəni Azərbaycan tərəfi öz təkliflərimizi hazırlayırıq, bu yaxın vaxtlarda onları təqdim edəcəyik. Və ümidvaram ki, 1997-ci ildə biz bu danışıqları daha da sürətlə aparıb, istədiyimiz məqsədlərə nail ola biləcəyik.
Ona görə də sizin indiyə qədərki dözümlülüyünüzə, dəyanətinizə yüksək qiymət verərək bu gün sizə deyirəm ki, biz hamımız bu çətinliklərə dözməliyik. Dözməliyik ki, məsələni sülh yolu ilə həll edək, bir daha qan tökülməsin və işğal olunmuş torpaqlarımızı azad edək. Ancaq eyni zamanda, mən bu gün burada səslənən çıxışları da bəyənirəm ki, əgər bütün bu tədbirlərimiz nəticə verməsə, yəni torpaqlarımız sülh yolu ilə azad olunmasa, şübhəsiz ki, biz öz torpaqlarımızı nəyin bahasına olursa-olsun azad edəcəyik. Və bizim xalqımız buna hazır olmalıdır. Zəngilanlılar da buna hazır olmalıdırlar. Bu gün bəzi çıxışlarda deyilən sözləri mən çox məmnuniyyət hissi ilə qəbul etdim ki, hazırıq özümüz də, övladlarımız da lazım olan zaman gedib torpaqlarımızın azad edilməsi uğrunda mübarizə aparaq.
Ancaq mən bir daha bəyan edirəm ki, mənim bir prezident kimi siyasətim atəşkəs rejimini sülh müqaviləsi əldə olunana qədər qoruyub saxlamaqdan ibarətdir. Mən bu bəyanatı Lissabonda da vermişəm, burada bu gün sizin qarşınızda da deyirəm - bizim tərəfimizdən yenidən atəş açılmasına təşəbbüs olmayacaqdır. Biz sülh danışıqlarının müsbət nəticəsinə inanırıq, ona görə də atəşkəs rejimini qoruyub saxlayacağıq və 1997-ci ildə sülh danışıqlarını daha da sürətlə, daha da çoxsahəli aparacağıq. Lissabonda qəbul olunmuş prinsiplər əsasında Böyük Sülh Müqaviləsinin əldə edilməsinə nail olmağa çalışacağıq. Ümidvaram ki, biz buna nail olacağıq. Mən əminəm ki, Zəngilan torpağı azad ediləcək, o çinar meşələrini gedib bir də sizinlə görəcəyik, o gözəl bulaqları, dağları, daşları, sizin üçün, hər bir azərbaycanlı üçün əziz olan tarixi abidələri - hamısını gedib görəcəyik. Mən əminəm ki, o gün gələcək, mən sizinlə Zəngilanda görüşəcəyəm. Mən əminəm ki, şairlərin burada şer vasitəsilə ifadə etdiyi arzular yerinə yetəcəkdir.
Ona görə də indi yaşadığımız yerlərdə bütün imkanlardan istifadə edərək uşaqlarınıza da baxın, ailənizə də baxın, harada işləmək mümkündür, nə etmək mümkündür - onunla da məşğul olun. Sizə olan qayğı və yerindən-yurdundan didərgin düşmüş bütün vətəndaşlarımıza qayğı 1997-ci ildə daha da artacaqdır. Əmin ola bilərsiniz ki, bütün imkanlarımızdan istifadə edib bu qayğını, köməyi daha da gücləndirəcəyik. İşğaldan azad edilən torpaqlar dərhal bərpa olunacaqdır. Burada artıq bildirildi, dünən Horadizdə sakinlər böyük bir təntənəli mərasim keçiriblər. Dünya Bankının ayırdığı vəsaitdən istifadə edərək orada otuz ev bərpa olunub və sahiblərinin istifadəsinə verilibdir. Bu münasibətlə orada təntənəli mərasim keçiriliblir. Doğrudan da, bu, kiçik bir hal olsa da, ancaq öz mənasına görə çox böyük əhəmiyyət kəsb edir. Dünya Bankı, beynəlxalq təşkilatlar bizi əmin ediblər ki, işğal olunmuş torpaqlar azad edilərkən onların bərpa olunması üçün, orada yaşayış şəraiti yaratmaq üçün Azərbaycana yardımlar ediləcək, kreditlər veriləcək və lazımi işlər görüləcəkdir. Bunun üçün biz xüsusi təşkilat yaratmışıq. Baş nazirin müavini Abid Şərifov mənim tapşırığımla bu işlərlə məşğul olubdur və bundan sonra da məşğul olacaqdır. Yəni, artıq, görürsünüz, biz bu tədbirləri həyata keçirməyə başlamışıq. Ümidvaram ki, vaxt gələcək, bunların hamısını həyata keçirəcəyik, sona çatdıracağıq.
Sizin problemlərlə əlaqədar yerli icra hakimiyyəti orqanları, - mən bunu bir daha deyirəm, televiziya ilə də veriləcəkdir, bilsinlər, - öz fəaliyyətlərini gücləndirməlidirlər, bütün rayonlarda, şəhərlərdə məskunlaşmış köçkünlərin problemlərinə qayğı və ciddi münasibət göstərməlidirlər. Nazirlər Kabineti, onun müvafiq şöbələri, müvafiq işçiləri qarşıya çıxan məsələlərlə ciddi məşğul olmalıdırlar. Prezidentin İcra Aparatı, onun şöbələri bu məsələlərlə daim məşğul olmalıdırlar. Baş nazirin müavini İzzət Rüstəmov Azərbaycana humanitar yardım məsələləri ilə məşğul olan şəxsdir, xüsusi bu məsələ üçün ayrılıbdır, o da bundan sonra öz fəaliyyətini gücləndirməlidir.
Burada deyildi - Dövlət Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinin işində keçmişdə çox böyük səhvlər olubdur. Həqiqətən belə olubdur - böyük səhvlər olubdur, böyük dağıntılar olubdur. O komitənin rəhbərliyini mən tamamilə yenidən təyin etmişəm - Qəhrəmanov burada çıxış etdi, onun birinci müavini Ziya Quliyev və başqaları güman edirəm ki, keçmişdə buraxılan səhvlərdən özləri üçün lazımi nəticə çıxarıblar, bundan sonra sədaqətlə işləməlidirlər.
Ümumiyyətlə, Azərbaycana gələn humanitar yardım öz ünvanına çatmalıdır. Gələn humanitar yardıma xəyanət edənlər, əl uzadanlar, ondan öz məqsədləri üçün istifadə edənlər ən böyük cinayət edirlər. Bundan da böyük, bundan da çirkin cinayət ola bilməz. Mən bunu bu sahədə işləyən bütün işçilərə demək istəyirəm. Məsələn, bizim Qızıl Aypara Cəmiyyəti var, onun rəhbərliyini də işdən çıxarmışıq, çünki gələn humanitar yardımların bəzilərini dağıdıblar. Həmin bu Qaçqınlar Komitəsində belə hallar çox olubdur. Yerli icra hakimiyyəti Komitəsində belə hallara yol verilir. Mən bu gün bir daha xəbərdarlıq edirəm və respublikanın müvafiq təşkilatlarına tapşırıram ki, bu məsələyə ciddi nəzarət etsinlər. Bu baxımdan, yerindən-yurdundan didərgin düşmüş vətəndaşlarımıza, bacı-qardaşlarımıza həm öz imkanlarımızdan qayğı göstərməliyik, kömək etməliyik, həm də xaricdən gələn humanitar yardımları onlara vaxtlı-vaxtında çatdırmalıyıq. Belə yardımlar gəlir, lazımdır ki, bunlardan yalnız və yalnız bu kontingent istifadə etsin. Ayrı-ayrı adamlar - vəzifəsindən sui-istifadə edib bunları dağıtmaqla, satmaqla, özlərinə sərvət yığmaqla məşğul olanlar, yenə də deyirəm, ən qatı cinayət edirlər. Belə adamlar cəzalandırılmalı, məsuliyyətə cəlb olunmalıdırlar.
Biz hamımız respublikamızın və müstəqil Azərbaycanın çox gərgin bir dövrünü yaşayırıq. Azərbaycanda yeni dövlət qurulur, yeni iqtisadiyyat yaranır, yeni iqtisadi münasibətlər yaranır, islahatlar həyata keçirilir, yeni qanunlar qəbul edilir, yeni işlər görülür. Bilirsiniz, bu dövrdə yaşamaq həm çətindir, həm də şərəflidir. Çətindir ona görə ki, hamımız ağır vəziyyətdə yaşayırıq, ağır bir dövr keçiririk. Amma şərəflidir ona görə ki, biz müstəqil Azərbaycanın gələcəyinin əsasını yaradırıq, təməlini qoyuruq. Bizim gələcək nəsillərin xoşbəxt yaşamasının təməlini qoyuruq, himini qoyuruq, əsasını qoyuruq. Bu, şərəflidir. Ona görə biz bu gərginliyə, çətinliyə dözməliyik, siz bu ağır vəziyyətə dözməlisiniz - gələcək naminə, müstəqil Azərbaycanın xoşbəxt gələcəyi naminə! Azərbaycanın xoşbəxt gələcəyinə mən tam inanıram və siz də inana bilərsiniz ki, biz özümüz də bu gələcəyi görəcəyik. Bizim övladlarımız, balalarımız isə azad, sərbəst, müstəqil Azərbaycanda firavan yaşayacaqlar! Buna görə də bizim çəkdiyimiz zəhmətlərin böyük əhəmiyyəti var və buna görə də hərə gərək bu böyük işə öz payını versin, öz səyini qoysun. Əminəm ki, belə də olacaqdır.
Burada siz birlikdən, həmrəylikdən danışdınız. Ayrı-ayrı pozucu qüvvələrin, müxalifətdə olan adamların təxribatçı fəaliyyətindən də danışdınız. Ancaq bunların hamısına baxmayaraq mən bu gün, yeni il ərəfəsində və Dünya azərbaycanlılarının həmrəylik günü ərəfəsində sizin hamınızı və bütün Azərbaycan vətəndaşlarını, Azərbaycan xalqını bir daha birliyə, həmrəyliyə dəvət edirəm. Qarşımızda duran çətinlikləri həmrəylik yolu ilə, birlik yolu ilə aradan götürə biləcəyik, vəzifələri yerinə yetirə biləcəyik. Kim bu birliyin, həmrəyliyin mənasını, əhəmiyyətini bu gün dərk edə bilmirsə, o, sabah bunu dərk edəcəkdir, gələcəkdə dərk edəcəkdir. Bizim tutduğumuz yol doğru yoldur, düzgün yoldur, ədalətli yoldur, bu yolla biz bundan sonra da gedəcəyik, müstəqil Azərbaycanın dövlətçiliyini möhkəmləndirəcəyik, inkişaf etdirəcəyik və kim bu yolda bizimlə bərabərdirsə, o öz xalqına xidmət etmiş olacaqdır. Kim bu yolda bizə mane olacaqsa, o maneələri biz aradan götürməyə qadirik.
Mən sizin hamınızı qarşıdan gələn Yeni il - 1997-ci il münasibətilə təbrik edirəm. 31 dekabr - Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik, bütün işlərinizdə uğurlar arzu edirəm. Sizi bir daha əmin edirəm ki, işğal olunmuş torpaqlarımız azad olunacaq, zəngilanlılar öz yerlərinə-yurdlarına qayıdacaq, müstəqil Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa ediləcəkdir. Sağ olun.
\"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir\" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı - 1998, səh.209-224.