Xalq artisti İqor Moiseyevin rəhbərliyi ilə dünya şöhrətli Rusiya Dövlət Akademik Xalq Rəqsləri ansamblının konsertindən sonra ansamblın kollektivi ilə görüşdəki söhbətdən - Respublika sarayı, 6 noyabr 1998-ci il

Mən Sizə gözəl çıxışınıza görə, bizə böyük zövq bəxş etdiyinizə və bizdə böyük təəssürat doğurduğunuza görə təşəkkür edirəm. Sizin ansambl məşhurdur, onun artıq 62 yaşı var, mən özüm onu 30, yaxud 40 il olar ki, tanıyıram və rəqqaslarınızın çıxışına da həmişə məftun olmuşam. Siz Bakıya \"Azərbaycan mədəniyyətinin dostları\" fondunun, onun sədri Mehriban Əliyevanın dəvəti ilə gəlmişsiniz. Sizin Azərbaycana gəlişiniz, gözəl çıxışınız xalqımıza, dövlətimizə çox dərin hörmətin ifadəsidir. Sizin yaradıcılığınız həmişə heyranlıq doğurubdur və görüşümüz zamanı dediyim kimi, bu, nəinki Rusiyanın və keçmiş Sovet İttifaqının mədəni həyatında, həm də bütün dünyada nadir hadisədir. Məsələn, mən ikinci belə ansambl tanımıram. Siz başqalarında olmayan öz dəst-xəttinizə, özünüzə xas gözəlliyə, xarakterə, temperamentə maliksiniz. Sizin rəqqasları seçmək istedadınızı da qeyd edir və bildirirəm ki, onların dəyişməsi ansamblın ustalığının yüksək səviyyəsinə təsir göstərmir. Siz tamaşaçıların münasibətini hiss etdiniz və bunu görmək mənə çox xoş idi. Bu, tamaşaçılarımızın sizin sənətinizə məhəbbətindən də, sənətinizi başa düşməsindən də xəbər verir. İndi müxtəlif dövlətlərdə yaşamağımıza baxmayaraq, tamaşaçılarımız sənətinizi yenə də qiymətləndirirlər. Mən belə alqışları, nidaları çoxdan eşitməmişdim. Sizin hamınızı təbrik edirəm, sizin hamınız gözəl və heyrətamiz rəqs edirsiniz. Məsələn, \"Fin polkası\"nı götürək. Onu iki adam ifa edir. Amma nə qədər orijinaldır! Ancaq məni hamısından çox nanay xalq oyunu heyrətləndirdi. Mən bu rəqsi ilk dəfə gördüm. Nə isə qeyri-adi bir rəqsdir. O, bunların hamısını necə edir? Bunu bir nəfərin etdiyini dərhal başa düşmürsən. Gözəldir, hamınızı təbrik edirəm, çox şadam ki, siz bizə təşrif gətirdiniz.

İqor Moiseyev: Cənab prezident, bizim Azərbaycan tamaşaçılarından 13 illik ayrılığımız onlara bəslədiyimiz xoş hissləri və onların bizə səmimi duyğularını əsla azaltmayıb. Bunu biz bugünkü uğurdan və bizi necə qarşılamaqlarından görürük. Biz \"Azərbaycan mədəniyyətinin dostları\" fondunun sədri Mehriban Əliyevaya dəvətə görə təşəkkür edirik. Ansambl bu dəvətə həvəslə cavab vermişdir, çünki kollektivi Bakı həmişə yaxşı qəbul etmiş və o, buraya həmişə ən səmimi hisslərlə gəlmişdir. Mən də, truppamız da xoşbəxtik ki, əlaqələrimiz nəinki qırılmamışdır, hətta möhkəmlənmişdir. Sizə böyük bir sevinclə \"Mən xatırlayıram...\" kitabını hədiyyə edirəm.

Heydər Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Şübhəsiz, bu kitab İqor Moiseyevin həyat və yaradıcılığı kimi maraqlıdır. Siz bu xanımı, Əminə xanımı tanıyırsınız. Əminə xanım Azərbaycanda bütün xalq rəqslərinin ifaçılığının banisidir.

Əminə Dilbazi: Cənab prezident, İqor Moiseyevi lap çoxdan tanıyıram. O, bizim çox sevdiyimiz nərdə və armudu stəkanlara pərəstiş edir. Mən gənclik illərimi, Moiseyevin ansamblının bütün gözəlliyini xatırladım. Moiseyevin bütün məktəbini saxlayıb yaşatmaq lazımdır, çünki bu məktəb ümumdünya əhəmiyyətinə malikdir. Bu məktəb standart pedaqoqlar, baletmeysterlər məktəbi deyildir, o, tapıntıdır, rəqs mədəniyyətidir, rəqs tarixidir.

Heydər Əliyev: Bu gün bizə böyük zövq bəxş etdiyinizə görə sizə təşəkkür edirəm. \"İki körpənin güləşi\" nanay xalq oyununun ifaçısı Aleksandr Matus-Marçuku gözəl və heyranedici çıxışa görə xüsusi təbrik edirəm. Gözəl konsertə görə ansamblın bütün üzvlərinə bir daha təşəkkür edirəm. Sağ olun, sizə uğurlar arzulayıram.