Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin \"Hər şey insan üçün\" Beynəlxalq Ticarət Sərgisinin rəsmi açılışı mərasimində çıxışı - 20 sentyabr 1995-ci il

Hörmətli xanımlar və cənablar!

Bu gün Azərbaycanda, Bakıda yeni bir hadisə baş verir. Bizim cəmiyyətimiz üçün, insanlar üçün ən əhəmiyyətli olan yeni bir sərgi açılır. Bu sərginin adı onun mənasını və məzmununu çox gözəl əks etdirir: \"Hər şey insan üçün\". Bizim cəmiyyətimizin, dövlətimizin məqsədi, hamımızın məqsədi insanların rifah halını yaxşılaşdırmaq, insanların gündəlik tələbatını ödəmək, insanlara yaxşı həyat tərzi yaratmaqdan ibarətdir. Ona görə də belə məzmunlu və belə geniş sahələri əks etdirən sərginin Azərbaycanda açılmasına mən xüsusi əhəmiyyət verirəm.

Biz Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişaf etdirilməsinə çalışırıq. Azərbaycan bazar iqtisadiyyatı yolu ilə getdiyinə görə və dünya iqtisadiyyatı ilə inteqrasiya yolunda olduğuna görə bu sahələrin inkişaf etdirilməsi üçün Azərbaycana xarici şirkətlərin gəlməsini və xarici investisiyaların qoyulmasını iqtisadi siyasətimizdə əsas istiqamət hesab edirik.

1994-cü ildə, 1995-ci ildə Azərbaycanda, bu binada neft və qaz sənayesinə aid olan çox böyük beynəlxalq sərgilər keçirilmişdir. Neft və qaz sənayesi Azərbaycan iqtisadiyyatının aparıcı sahəsidir. Bu, bizim böyük təbii sərvətlərimizdən istifadə olunması üçün yaranmış bir sənaye sahəsidir. Şübhəsiz ki, bu sahəyə biz çox diqqət yetiririk və bundan sonra da yetirəcəyik. Neft və qaz sənayesi, sənayenin bütün başqa sahələri, bütün istehsalat hamısı son mərhələdə insanların tələbatını ödəmək üçün, insanların yaxşı yaşaması üçün və onlara yaxşı həyat tərzi qurmaq üçün bizim qarşımızda olan məqsədlərə xidmət edir. Ona görə də sənayenin belə böyük aparıcı sahələrinə aid olan sərgilər keçirib dünya şirkətlərini buraya dəvət edərək və Azərbaycanda bu sahələrə investisiya qoyulmasına çalışaraq, biz eyni zamanda insanlar üçün bilavasitə lazım olan malların istehsalı sahəsində də çox işlər görməliyik və bu sahəni inkişaf etdirmək üçün xarici ölkələrin şirkətlərini Azərbaycana dəvət etməyə çalışmalıyıq.

Məhz buna görə bugünkü sərgiyə mən yüksək qiymət verirəm. Bu sərginin iştirakçılarına əvvəlcədən təbrik məktubu göndərmişəm və bu gün onları bir daha ürəkdən təbrik edirəm, sərgiyə uğurlar arzulayıram və sərgidə iştirak edən şirkətlərin Azərbaycanla əməkdaşlıq etməsini arzulayıram. Bu sərgi Azərbaycan Ticarət-Sənaye Palatası ilə Böyük Britaniyanın \"İntənəşnl treyd ənd eksibişnz LTD\" şirkəti tərəfindən birlikdə, onların əməkdaşlığı nəticəsində hazırlanmış bir sərgidir. Sərgi bu əməkdaşlığın başlanğıcını nümayiş etdirir. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu əməkdaşlıq davam edəcək, genişlənəcək və inkişaf edəcəkdir.

Bu sərgidə iştirak edən şirkətlər Azərbaycanın \"Hər şey insan üçün\" istehsal sahələrinin nə qədər böyük imkanlara malik olduğunu biləcəklər. Eyni zamanda sərgidə iştirak edən şirkətlər, xüsusən xarici ölkələrdən burada təmsil olunan şirkətlər Azərbaycanda artıq investisiya qoyulması üçün həm iqtisadi, həm də ictimai-siyasi vəziyyətin tamamilə əlverişli olduğunu bir daha dərk edəcəklər. Ümidvaram ki, bunların əsasında xarici ölkələrin şirkətləri ilə bizim əməkdaşlığımız genişlənəcək və inkişaf edəcəkdir.

Mən bu gün burada bir daha bəyan edirəm ki, Azərbaycan öz iqtisadiyyatını sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı yolu ilə aparır və daim aparacaqdır. Bu yolu şərəflə, müvəffəqiyyətlə keçmək üçün biz xarici ölkələrin şirkətləri ilə sıx əməkdaşlıq etmək istəyirik və mən onları bu əməkdaşlığa dəvət edirəm. Bir daha elan edirəm ki, xarici şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsi üçün bütün şərait yaradılacaq və onların əməli fəaliyyətdə qarşılaşdıqları maneələr də aradan götürüləcəkdir.

Azərbaycanda mülkiyyətin özəlləşdirilməsi proqramı qəbul olunubdur. Biz artıq bu proqramın əməli surətdə həyata keçirilməsi ilə məşğuluq. Biz Azərbaycanda təşəbbüskarlıq, sahibkarlıq meyllərinə geniş yol açmışıq və bu yolun indən sonra da tamamilə səmərəli olmasını təmin edəcəyik. Bir daha qeyd edirəm ki, dünya şirkətlərinin, xarici şirkətlərin Azərbaycanda sərbəst fəaliyyət göstərməsi üçün, Azərbaycanın iqtisadi potensialından müştərək istifadə edilməsi üçün bütün şərait yaradılacaqdır.

Azərbaycanda daxili ictimai-siyasi vəziyyət sabitdir, bu sabitlik təmin olunur və heç kəs narahat olmasın - heç bir qüvvə bu sabitliyi poza bilməz. Mən bunu ona görə deyirəm ki, bilirəm, xarici investisiyanın hər bir ölkəyə, o cümlədən Azərbaycana gəlməsi üçün bu da əsas şərtlərdən biridir. Bir sözlə, mən hər bir şirkətin Azərbaycana gəlib fəaliyyət göstərməsini arzulayıram. Xüsusən \"Hər şey insan üçün\" olan sahələr, bu malları istehsal edən sahələr bizdən ötrü daha əhəmiyyətlidir.

Mən ümidvaram ki, sərginin eksponatları ilə tanış olanlar Azərbaycanda bu sahələrdə əməkdaşlıq etməyə qoşulacaqlar. Britaniya şirkəti ilə Azərbaycan Ticarət-Sənaye Palatası arasında, onların müştərək fəaliyyəti nəticəsində yaranmış bu sərginin açılışı münasibətilə sizi və sərgidə iştirak edən bütün şirkətlərin və müəssisələrin hamısını bir daha ürəkdən təbrik edirəm, sizə öz işlərinizdə uğurlar diləyirəm.

İşləriniz xeyirli olsun, uğurlu olsun!