Azərbaycan - Avropa Birliyi

Avropa Birliyi (AB) Azərbaycan Respublikasının dövlət müstəqilliyini 31 dekabr 1991-ci ildə tanımış, 27 fevral 1992-ci ildə isə rəsmi diplomatik əlaqələr qurulmuşdur.

AB ötən əsrin 90-cı illərinin əvvəllərində yeni müstəqil dövlətlərlə iş aparmaq, demokratik islahatlar keçirmək, bazar iqtisadiyyatı infrastrukturu yaratmaq, ticarət, nəqliyyat, gömrük-keçid işlərini inkişaf etdirmək üçün TASİS proqramını hazırlayıb və onu maliyyələşdirir. AB-nin digər təşəbbüsü 1993-cü ilin mayında, Brüsseldə 5 Orta Asiya, 3 Cənubi Qafqaz ölkəsi nümayəndəsinin iştirak etdiyi konfransda irəli sürülən "Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi" (TRASEKA) layihəsidir. Bu layihə tarixi şərq-qərb "İpək yolu" dəhlizinin yeni şəraitdə bərpası, nəqliyyat-kommunikasiya infrastrukturlarının bərpası və inkişaf etdirilməsini nəzərdə tutur. AB layihəyə texniki yardım proqramı hazırlayaraq kömək edir. TRASEKA layihəsinin reallaşmasında ən mühüm məqam 8-9 sentyabr 1998-ci ildə Bakıda 32 ölkə və 13 beynəlxalq təşkilat nümayəndəsinin iştirak etdiyi beynəlxalq konfrans oldu. Bu konfransda Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin həyata keçirilməsinin texniki və iqtisadi məsələlərini özündə əks etdirən "Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üzrə beynəlxalq nəqliyyat haqqında çoxtərəfli əsas saziş" adlanan mühüm sənəd imzalandı. TRASEKA-nın intensiv fəaliyyəti Azərbaycanın sosial-iqtisadi həyatında əhəmiyyətli rolu olub. Bu özünü yük daşımalarından əldə olunan gəlirdə, nəqliyyat infrastrukturunun inkişaf etdirilməsində, yeni iş yerlərinin açılmasında və s. sahələrdə göstərib. TRASEKA hökumətlərarası komissiyasının daimi katibliyi 21 fevral 2001-ci ildən Bakıda fəaliyyətə başlayıb və koordinasiya funksiyasını icra edir.

AB ilə Azərbaycan arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə qaldıran mühüm akt 1996-cı ilin aprelində imzalanan "Tərəfdaşlıq və əməkdaşlıq sazişi" oldu. 1999-cu ildə qüvvəyə minən, qarşılıqlı münasibətlərin hüquqi-normativ əsasını təşkil edən bu sazişi prezident Heydər Əliyev "Azərbaycan dövləti üçün çox böyük əhəmiyyəti olan tarixi hadisə" kimi səciyyələndirmişdi. Bu saziş cəmiyyətin müxtəlif sferalarında - siyasi, iqtisadi, mədəni, sosial və s. qarşılıqlı münasibətlərin inkişafına yönəlmişdi. Sazişə əsasən təsis edilən tərəfdaşlığın məqsədləri belə müəyyən edildi:

- Tərəflər arasında siyasi dialoqun inkişafı və bunun üçün müvafiq çər­çivənin yaradılması.

- Demokratiyanın möhkəmlənməsi və bazar iqtisadiyyatına keçidin başa çatdırılmasına yardım.

- Davamlı iqtisadi inkişafa nail olmaq məqsədilə tərəflər arasında ticarətin və sərmayə qoyuluşunun inkişaf etdirilməsi.

- Qanunvericilik, maliyyə, vətəndaşlıq, elm, texnologiya və mədəniyyət sahələrində əməkdaşlığın əsaslarının qurulması.

Bu sazişdən irəli gələn vəzifələrin icrası, AB ilə əlaqələrin genişlənməsi və tənzimlənməsi sahəsində məqsədəuyğun tədbirlərin hazırlanıb həyata keçirilməsi üçün Azərbaycan Respublikası prezidentinin 23 noyabr 1999-cu il tarixli sərəncamı ilə dövlət komissiyası yaradıldı.

Tərəfdaşlıq və əməkdaşlıq sazişinin qüvvəyə minməsindən sonra AB və Azərbaycan münasibətlərində ortaya çıxan daha bir keyfiyyət dəyişikliyi bu münasibətlərin strukturlaşmasıdır. Yaradılan orqanların - Əməkdaşlıq Şurası, parlament əməkdaşlığı komitəsi - fəaliyyəti qarşılıqlı münasibətlərin davamlılığını, nizamlı olmasını və mümkün qədər sistemləşdirilməsini təmin etdi.

1999-cu ildən etibarən parlamentlərarası əməkdaşlıq intensiv inkişaf etməyə başladı. Bu sahədə münasibətlərin əsas istiqamətlərindən birini 2000-ci ilin aprelində ilk toplantısı keçirilən parlament əməkdaşlıq çərçivəsində əməkdaşlıq təşkil edir. Komitə iclaslarında "Qafqaz ölkələrinin Avropa Birliyi üzvlüyünə doğru: Avropa parlamentindən yeni çağırış" adlı sənədin müzakirəsi münasibətlərdə irəliləyişin təzahürü idi.

Əməkdaşlıq şurasının ilk iclası 10 oktyabr 1999-cu ildə keçirilib. Çoxsaylı görüş - iclaslarda aşağıdakı məsələlər müzakirə olunub: regional münaqişələrin həlli yolları, regional əməkdaşlıq məsələləri və TASİS, TRASEKA, İNOGEYT kimi beynəlxalq proqramların rolu, Azərbaycanda keçirilən islahatlar, Avropanın iqtisadi və siyasi strukturlarına inteqrasiya, təhlükəsizlik məsələləri, məhkəmə sisteminin unifikasiyası, mətbuat azadlığı.

Azərbaycanla AB arasında iqtisadi-ticarət əlaqələri genişlənməkdədir. Hazırda Azərbaycan AB-nin Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Təkcə 2002-ci illə müqayisədə, 2003-cü ildə AB-Azərbaycan ticarət əlaqələrinin həcmi 40% artmışdır. Respublikanın ümumi idxalında AB-nin payı 2000-ci ildə 19,4 %-dən, 2003-cü ildə 32%-a, ixracında isə eyni illərdə 60,4%-dan 65,7%-ə yüksəlmişdir.

AB Dağlıq Qarabağ münaqişəsinə münasibəti son illərdə dəyişməkdədir. AB-nin 1992, 1993-cü illərdə qəbul etdiyi "Dağlıq Qarabağa dair bəyanat"larında münaqişəni yaradan işğalçı dövlətlə, işğala məruz qalan dövlət konkret olaraq göstərilmirdi. Lakin 2002-ci ilin avqustunda Dağlıq Qarabağdan oyuncaq qurumda keçirilən prezident seçkilərilə bağlı "Prezident seçkilərinə dair AB adından sədrliyin Bəyənnaməsi"ndə, "Dağlıq Qarabağın müstəqilliyini tanımadığını", "Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini", Ermənistanın münaqişə tərəfi olmasını açıq və konkret ifadə edirdi.

2004-cü ilin əvvəllərində AB parlamentinin Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığın yeni strategiyası adlı sənəd qəbul edilib. Sənəddəki vacib məqamlardan biri Ermənistanın işğal etdiyi ərazilərdə etnik təmizləmə əməliyyatının aparılması faktının göstərilməsidir.

Qarşılıqlı münasibətlərin inkişafında digər mühüm addım 2000-ci ilin aprelin 3-də "AB yanında Azərbaycan Respublikası nümayəndəliyinin fəaliyyətinin təşkilati təminatı haqqında" adlı prezident sərəncamı əsasında Azərbaycanın AB-də daimi nümayəndəliyinin təsis edilməsi və 2003-cü ilin iyulunda AB-nin Cənubi Qafqazda öz xüsusi nümayəndəsini təyin etməsi oldu.

2004-cü ildən başlayaraq AB-Azərbaycan əlaqələrində yeni bir mərhələ başladı. AB 2004-cü ildə Cənubi Qafqaza yeni status verdi. (AB Şurasının 14 iyun 2004-cü il qərarına əsasən Azərbaycan Yeni Qonşuluq Siyasətinə daxil edildi). Qarşılıqlı münasibətlərin yeni səviyyəyə keçməsini şərtləndirən yeni "qonşuluq" statusuna əsasən AB ilə daha sıx əməkdaşlıq etmək imkanı vardır.

Prezident İ.Əliyev ölkənin Yeni Qonşuluq siyasətinə daxil olması nəticəsində Avropaya inteqrasiyanın keyfiyyətcə yeni mərhələyə keçidini nəzərə alaraq, Azərbaycan Respublikasının AB-nə inteqrasiyası üzrə dövlət komissiyası yaradılması haqda 1 iyun 2005-ci ildə sərəncam verdi. Sərəncamda AB ilə siyasi, iqtisadi, nəqliyyat və enerji, hüquq, təhlükəsizlik, insan hüquqları və demokratikləşmə, humanitar, elm-təhsil və digər əməkdaşlıq sahələri üzrə işçi qrupların yaradılması nəzərdə tutulurdu. 2006-cı ilin noyabrında Avropa qonşuluq siyasəti çərçivəsində "Azərbaycan-AB fəaliyyət planı" qəbul edilib. Fəaliyyət planının həyata keçirilməsi üçün AB 92 mln. avro vəsait ayırıb. YQS çərçivəsində Brüsselə dəvət olunan (may 2004) ilk Cənubi Qafqaz ölkəsinin lideri İlham Əliyev idi. Bütün bu faktlar AB Azərbaycana böyük önəm verdiyinin göstəricilərindəndir. Səfər çərçivəsində prezident İlham Əliyev bildirmişdir ki, "AB-nə inteqrasiya bizim strateji məqsədimizdir".

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı ilin noyabr ayında Brüsselə reallaşan səfəri zamanı Azərbaycanla Avropa Birliyi arasında enerji sahəsində sıx əməkdaşlığa dair memorandum imzalanmışdır. Avropa Birliyinin Cənubi Qafqaz ölkələri ilə yeni qonşuluq proqramı təşkilatın regiona ciddi maraq göstərdiyini bir daha təsdiqləyir.

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. 2006-cı ildə Enerji üzrə Strateji Əməkdaşlığa dair Anlaşma Memorandumunun və 2011-ci ildə Cənub Qaz Dəhlizinin təsis edilməsinə dair birgə bəyannamənin imzalanması, həmçinin Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri, Cənubi Qafqaz boru kəməri kimi mühüm transmilli layihələrin həyata keçirilməsi, Trans-Anadolu və Trans-Adriatik təbii qaz boru kəmərlərinin inşası ilə bağlı qərarların qəbul olunması bu istiqamətdə əməkdaşlığımızı  strateji tərəfdaşlıq səviyyəsinə qaldırmışdır.

Avropa İttifaqı və Avropa Parlamenti Azərbaycanın ağrılı problemi olan Ermənistanın təcavüzü məsələsinə də xüsusi diqqət yetirir. Avropa Parlamentinin regionda vəziyyəti aydın şəkildə qiymətləndirərək, 2010-cu il mayın 20-də qəbul etdiyi “Cənubi Qafqaz üzrə Avropa İttifaqı strategiyasına ehtiyac” adlı qətnamədə Ermənistan qoşunlarının işğal olunmuş bütün Azərbaycan torpaqlarından geri çəkilməsi tələb olunmuşdur.

Qaçqın və məcburi köçkünlərin ağır vəziyyətinə və acılarına şərik çıxan Avropa Parlamenti 2011-ci il aprelin 7-də qəbul etdiyi “Avropa qonşuluq siyasəti - Şərq ölçüsünün icmalı” adlı qətnamədə həmin insanların bütün hüquqlarının, o cümlədən öz torpaqlarına qayıtmaq hüququnun qeyd-şərtsiz şəkildə təmin edilməsinin vacibliyi vurğulanmışdır.

2009-cu ilin may ayından etibarən Azərbaycan həm də Şərq Tərəfdaşlığında iştirak edir. Bu, Avropa İttifaqı və tərəfdaş ölkələrlə (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) münasibətlərin gücləndirilməsi üçün yeni təşəbbüsdür. Şərq Tərəfdaşlığında məqsəd tərəfdaşları Avropa İttifaqına daha da yaxınlaşdırmaq, sabitlik, yaxşı idarəçilik və iqtisadi inkişafı təşviq etməkdir. 2-4 aprel 2012-ci il tarixdə Avronest Parlament Assambleyasının ikinci növbəti sessiyası Azərbaycan paytaxtında keçirilmişdir. Yeri gəlmişkən, bu, qurumun xaricdə keçirilən ilk sessiyası idi.

2013-cü ilin iyununda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Brüsselə, 2014-cü ilin iyununda Avropa İqtisadi Komissiyasının sədri Joze Manuel Barrozonun Bakıya səfərləri tərəflər arasında münasibətləri daha da dərinləşdirmişdir. 14 iyun 2014-cü il tarixdə Bakıda, Joze Manuel Borrozo ilə birgə mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmişdir: “Azərbaycan Avropa İttifaqına mümkün qədər yaxın olmaq arzusundadır və bu gün bunu bir daha təkrar etmək istəyirəm. Çünki bu, bizim üçün strateji mahiyyəti olan məsələdir və bu əlaqələrin gələcəkdə böyük potensialı vardır.”

Oçerk 21 noyabr 2014-cü il tarixdə yeniləşdirilib.