Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Mədinə şəhərindəki peyğəmbər məscidinin şərəf kitabına yazılmış ürək sözləri - 12 iyul 1994-cü il

Bismillahi-rəhmanir-rəhim!

Müqəddəs Mədinə şəhərini, islamın müqəddəs abidələrini, Həzrəti Məhəmməd peyğəmbərin məqbərəsini, məscidini ziyarət etdiyim üçün bir müsəlman kimi özümü xoşbəxt hesab edirəm.

Allaha şükür olsun ki, uzun illər qəlbimdə yaşayan arzuma, niyyətimə nail oldum. Bu tarixi hadisə qəlbimdə böyük həyəcan və rahatlıq hissi yaratdı. Bir daha islam mənbəyinin nə qədər ümumbəşəri, fəlsəfi, elmi əsaslara malik olduğunu dərk etdim. Böyük Allahın böyüklüyünü dərk etdim.

İslamın dünyada yayılması üçün, islam abidələrinin bütün ziyarət edənlərdən ötrü paklıq şəraitində olması üçün Həzrəti Məhəmməd peyğəmbərin məqbərəsinin ətrafında yaradılmış məscid kompleksləri məni heyran etdi. Xüsusən son illərdə görülən işlər, yaradılmış möhtəşəm, əzəmətli məscid binaları böyük heyrət və ehtiram hissi doğurur. İki müqəddəs şəhərin xadimi cənab Fəhd ibn Əbdül Əziz əl-Səudun gördüyü işlər əvəzsizdir, böyük minnətdarlıq hissi doğurur. Bu müqəddəs şəhəri yaşadanlara, əsrlərdən-əsrlərə abadlaşdıranlara, xüsusən əziz dostum, qardaşım, iki müqəddəs şəhərin xadiminə hörmət və ehtiramımı bildirirəm.

\"Azərbaycan\" qəzeti, 14 iyul 1994-cü il