Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dahi musiqiçi Mstislav Rostropoviç ilə görüşdə söhbətindən - Prezident sarayı, 22 noyabr 1999-cu il

Heydər Əliyev:  Əzizim Slava, - biz sizə bu cür müraciət etmək barədə razılığa gəlmişik, - şadam ki, siz yenidən doğma torpaqda, Azərbaycandasınız. Bilirsiniz ki, biz sizi burada qarşılamağa həmişə şadıq. Xoşdur ki, siz sözünüzə əməl edirsiniz. Bu, ən başlıcasıdır.

Sözün düzü, siz hər il Azərbaycana gəlmək və burada ustad dərsləri keçmək, başqa işlərlə məşğul olmaq niyyətində olduğunuzu bildirdikdə, şübhəsiz ki, mən bunu çox böyük məmnunluqla və böyük fərəhlə qarşılamışdım. Amma düşünürdüm ki, siz bu qədər məşğul olduğunuz halda, bütün dünyanı əhatə edən iş cədvəliniz çox sıx olduğuna görə, - bir gün bir ölkədə, başqa gün ayrı ölkədə, üçüncü gün üçüncü ölkədə olursunuz, - bunlar qeyri-real haldır. Ancaq siz sözünüzə əməl edən adamsınız. Sübut edirsiniz ki, siz planlaşdırdığınızı yerinə yetirirsiniz. Mən buna çox şadam. Bu, bizim üçün, ictimaiyyətimiz üçün, - özü də təkcə musiqi ictimaiyyətimiz üçün yox, - böyük sevincdir, böyük hadisədir.

Siz bizim həmyerlimizsiniz, sizi Azərbaycanla çox şey bağlayır. Amma sizinlə Azərbaycan arasında qarşılıqlı münasibətlərdə böyük fasilə olmuşdu. Buna görə də çoxları bütün bu işi müəyyən dərəcədə unutmağa başlamışdı. Lakin burada sizin yubileyinizi qeyd etmək üçün mənim dəvətimlə buraya gəldiyiniz vaxtdan bəri öz vətəninizlə, doğma torpağınızla münasibətlərinizdə yeni mərhələ başlandı. Şadam ki, bu mərhələ çox gözəl nəticələr verir və nəzərdə tutulmuş nə varsa, hamısı həyata keçir, yerinə yetirilir. Bu, olduqca xoşdur.

İndi bizim insanlar müxtəlif televiziya kanalları ilə gah bir, gah da digər ölkədə sizin ifanızı görərkən deyirlər - bax, bizimkidir, bizimkidir! Yeri gəlmişkən, bu yaxınlarda Berlin divarının uçurulmasının on illiyi qeyd edibrkən, - bu isə çox böyük hadisə idi və biz onu ancaq televiziya ilə müşahidə edə bildik, - orada çox böyük orkestrin sizin rəhbərliyiniz altında çaldığını, sizin özünüzün ifanızı gördükdə, açığını deyim, mən heyran qalır və fəxr edirdim ki, Slava yenə də böyük şöhrətə malikdir. Mən bütün bunları televiziya ilə gördükdə çox şad oldum.

Yaxşı ki, siz bizə yenə də gəldiniz, biz üz-üzə oturub söhbət edə bilərik nəinki söhbətinizi, həm də müsiqinizi dinləyə bilərik. Mən sizi salamlayıram.

Mstislav Rostropoviç:  Bilirsinizmi, sözümə nə üçün əməl edirəm? Ona görə ki, necə deyirlər, kişi, əsl kişi belə olmalıdır. Bax, buna görə.

Heydər Əliyev:  Siz əsl kişisiniz. Bizim Azərbaycanda kişi sözü çox tutumlu sözdür. Bir var ki, "kişi" sözünü elə-belə deyəsən. Amma sözün əsl mənasında "kişi" o deməkdir ki, bu adam sözü bütöv adamdır, sözünün sahibidir, kişilərə xas hər cür ləyaqətə, keyfiyyətlərə malikdir, sözü ilə əməli birdir.

Mstislav Rostropoviç:  Əlbəttə, deməliyəm ki, buraya bir həftəliyinə gəldiyimə hamı təəccüblənir. Mən buraya gəlmək üçün bir neçə konsertimi təxirə salmışam. Amma sözümə əməl edirəm. Berlin divarının dağılması yubileyindən sonra çox çətin dövrüm oldu. Fransada - Lilldə iki konsert, Parisdə bir konsert verdim, bundan sonra İsraildə konsertlə çıxış etdim, oradan Monakoya yollandım, burada daha bir ordenlə təltif olundum. Lakin konsertlərdə çıxış edərkən düşünürdüm - Allaha şükürlər olsun ki, tezliklə Bakıya gedəcəyəm. Odur ki, bizim, Azərbaycan Aviasiya Şirkətinin təyyarəsinə minəndə bu, mənim üçün bayram idi.

Buraya gəlib köhnə dostlarımın hamısını gördüm, elə bu gün ustad dərsi keçdim. Sizdə çox istedadlı uşaqlar var, çox istedadlı. Yadınızdadırmı, o vaxt mən burada olarkən bir skripkaçı qız ifa etdi? Zənnimcə, o, Sizin köməyinizlə pul aldı ki, gedib Amerikada oxusun.

Heydər Əliyev:  Bəli. Onun adı nə idi? Rakçeyeva.

Mstislav Rostropoviç:  Sentyabrın 23-də mən Nyu-Yorkda yeni mövsümü açarkən, - orada böyük bayram idi, - mən onu tapdım. O, Culian məktəbində oxuyur və böyük uğurlar qazanır. Mən orada hamıya dedim ki, bu qızdan muğayat olun, mənim qarşımda hesabat verəcəksiniz. Gördüyünüz kimi, hər şey yaxşıdır. Musiqi sarıdan sizdə burada hər şey olduqca yaxşıdır.

Heydər Əliyev:  Şübhəsiz ki, sizin dərsləriniz, ustad dərsləri, bəlkə də kimlərəsə göründüyü kimi, adi bir iş deyildir.

Mstislav Rostropoviç: Bu dərslər konsertlərdən çətindir.

Heydər Əliyev:  Məhz sizin ustad dərsləriniz çox görkəmli işdir. Ona görə də kim sizin şagirdiniz olmaq və sizdən mümkün olan hər şeyi öyrənmək şərəfinə nail olursa, bu, onun üçün, şübhəsiz, böyük səadətdir. Sizinlə musiqidə təmasda olanlar üçün, - əlbəttə, istedadı varsa, siz isə istedadsız adamları yaxın buraxmazsınız, - gələcəyə yol açılır.

Sizin proqramınızı bilirəm, yaxşı proqramdır. Əlbəttə, mən həmişə istəyirəm ki, siz burada daha çox olasınız.

Mstislav Rostropoviç:  Ayın 29-da Amsterdamda məşqim var. Buradan - Bakıdan Parisə, oradan isə dərhal Amsterdama gedəcəyəm.

Heydər Əliyev:  Slava, bir sözlə, mən şadam. Yeri gəlmişkən, biz Jak Şirakla İstanbulda görüşərkən hər ikimiz sizi xatırladıq.

Mstislav Rostropoviç:  Bəs o, buraya nə vaxt gələcəkdir?

Heydər Əliyev:  O, gəlməyə hazırlaşırdı. Onun Ermənistana da, Gürcüstana da, Azərbaycana da səfəri nəzərdə tutulmuşdu. Lakin Ermənistanda Ter-Petrosyan istefaya getdikdən və indiki president seçildikdən sonra o, mənə zəng vurub dedi: "Sözün düzü, mən artıq belə bir vəziyyətdə gələ bilmərəm. Əgər Sizə gəlsəm və Ermənistana getsəm, bu, başa düşülməz. Bununla bərabər, indi Ermənistana səfərim sadəcə, alınmır". Buna görə də o, səfərini təxirə salmışdır.

Bilirsinizmi, o, ideal insandır, alimdir. Onunla nə qədər çox ünsiyyətdə oluramsa, necə səmimi və açıq qəlbli insan olduğuna bir o qədər çox əmin oluram. Bundan əlavə, böyük təcrübəyə malik görkəmli dövlət xadimi, siyasi xadimdir. O, sadəcə olaraq səmimi, həm də sözü bütöv insandır. O, mənə zəng vurdu və bunu izah etdi.

Mən başa düşdüm və hesab edirəm ki, onun səfəri üçün şərait yaranmasına vaxt gərəkdir. O isə gələcəkdir. Biz onunla İstanbulda görüşdük. Həmişəki kimi, yenə də çox ətraflı, çox səmimi və dostcasına söhbətimiz oldu. Biz onunla sizi xatırladıq. Mən İtaliyanın sabiq Baş naziri Romanno Prodi ilə görüşəndə də sizi xatırladım. Parisdə sizin yubileyinizdə biz onunla birlikdə olmuşduq, yanaşı oturmuşduq. İndi o, Avropa Birliyinin bütün iqtisadi məsələləri həll edən Avropa Komissiyasının sədridir. İndi həmin vəzifədədir, - bu, böyük beynəlxalq vəzifədir. Mən onunla əvvəlcə Romada, o, Baş nazir olarkən görüşmüşdüm. Sonra isə biz Parisdə, sizin 70 illiyinizi qeyd edərkən görüşdük. İndi də İstanbulda görüşdük. Mən ona Slavanın yubileyindəki görüşümüzü xatırlatdıqda, o sevindi.

Mstislav Rostropoviç: O, çox mehriban insandır. Siz bilirsinizmi ki, Jak Şirak buraya gəlməli olarkən mən ondan Parisdə məktub aldım. O, məni Fransa nümayəndə heyətinə rəsmən daxil etmişdi. Mən onda düşündüm ki, biz muzey…

Heydər Əliyev: Lakin bu olacaqdır.

Mstislav Rostropoviç: Mən onun yadına salaram.

Heydər Əliyev: Vaxt gələcək və bu da olacaqdır.

Mstislav Rostropoviç: Heydər Əliyeviç, Sizə ağrılı bir sual vermək olarmı? Bilirsinizmi, burada qaçqınlar olmasından çox üzülürəm. Bu məsələnin həllinin bir perspektivi varmı?

Heydər Əliyev: Bilirsinizmi, Slava, bu ağrılı məsələdir, mənim ürəyimdə bir yaradır.

Mstislav Rostropoviç: Mənim də ürəyimdə.

Heydər Əliyev: Bu, mənim ürəyimdə bir yaradır. Doğrudur, aprel ayında ürəyimdə cərrahiyyə əməliyyatı apardılar, özü də çox uğurla. Bu yara sağaldı. Amma qaçqınların taleyi və vəziyyəti ilə, Azərbaycanın indiki ağır vəziyyəti, ərazimizin 20 faizinin işğal edilməsi, öz yerlərindən qovulmuş bir milyon insanın olması ilə bağlı yara isə qalmaqdadır. İnanın ki, mən bu barədə nəinki gecə-gündüz düşünürəm, fikirləşirəm, həm də mümkün olan hər şeyi edirəm. İstanbulda prezident Jak Şirak ilə görüşlərimiz zamanı söhbətimizin 95 faizi məhz bu məsələyə aid idi. Bu, prezident Klintonla, Almaniyanın kansleri Şröderlə, Avropa Komissiyasında həmin məsələ ilə də məşğul olan Romano Prodi ilə, Türkiyə prezidenti Süleyman Dəmirəllə, İstanbulda görüşdüyüm digər dövlət başçıları ilə söhbətlərimizin də əsas mövzusu idi.

Lakin mən yenə də ümidlə yaşayıram. Son günlər bizdə yağışlar yağır. Elə leysan olmuşdu ki, Suraxanıda Ramana kəndini, başqa yerləri su basmışdı. Mən bərpa işləri görülməsi üçün xüsusi olaraq vəsait ayırmışam. Dünəndən bəri leysan yağış yağır. Əlbəttə, hər bir insan bundan əziyyət çəkir. Amma siz çadırlardakı adamların vəziyyətini təsəvvür edirsinizmi? Göydən tökülən bu qədər suyu çadır necə saxlaya bilər? Buna görə də vəziyyət çox ağırdır.

Buna baxmayaraq, mən nikbin əhval-ruhiyyədəyəm. Hesab edirəm ki, biz razılaşmaya nail ola biləcəyik. Mən qarşıma belə bir məqsəd qoymuşam - Ermənistanla Azərbaycan arasında sülh, sülh yaratmaq. Hətta İstanbulda mən Cənubi Qafqazda, yəni Gürcüstanda, Azərbaycanda və Ermənistanda təhlükəsizlik və sülh paktı yaradılması haqqında çox böyük ideya irəli sürdüm. Təbii ki, şərt qoydum ki, bu pakt nə deməkdir, hansı tələbləri əhatə edir. Mən belə bir paktla çıxış edirəm.

Yəni böyük itkilər verməyimizə, ərazimizin işğal edilməsinə, insanların altı ildən artıq bu çadırlarda yaşamasına və sairəyə baxmayaraq, mən sülhə nail olmağa çalışıram. Əlbəttə, ədalətli sülhə. Bununla əlaqədar son vaxtlar Ermənistan prezidenti Koçaryanla bir neçə bilavasitə, şəxsi görüşüm olmuşdur.

Mstislav Rostropoviç: Bax, bu çox vacibdir.

Heydər Əliyev: Yeri gəlmişkən, bu, İstanbul zirvə görüşündə, Qərbdə, Amerikada çox yüksək qiymətləndirilmişdir. Onlar hesab edirlər ki, məsələnin həlli üçün bu, indiyədək görülmüş işlərdən bəlkə də daha çox fayda gətirəcəkdir. Ümumiyyətlə, biz bütün imkanlardan istifadə edirik. Minsk qrupu var, bildiyiniz kimi, onun həmsədrləri Rusiya, Amerika Birləşmiş Ştatları və Fransadır. Son il ərzində onlar öz işini zəiflətmişlər, mən İstanbul zirvə görüşündə onları tənqid etdim. Sonra, göruşlərimiz zamanı razılığa gəldik ki, - yeri gəlmişkən, bu, qəbul etdiyimiz sənəddə də yazılmışdır, - onlar danışıqlar prosesinə yenidən başlamalıdırlar. Biz o kanaldan da, bu kanaldan da istifadə edəcəyik. Görək nə olacaq. Mən ümid edirəm.

Mstislav Rostropoviç: Bilirsinizmi, rəsm əsərlərini Almaniyaya verməyinizlə əlaqədar xoş məramlı hərəkətinizi artıq indinin özündə çox yüksək qiymətləndirirlər. Çox yüksək qiymətləndirirlər. Hesab edirəm ki, bu, xoş məramın ifadəsi olan gözəl hərəkətdir və dövlət rəhbəri kimi, Sizin ürəyinizin genişliyini göstərir. Belə bir hərəkət hökmən olmalıdır. Gərək qaytarmağı bacarasan. Necə ki, Siz rəsm əsərlərini qaytardınız, eləcə də Ermənistan torpaqları Sizə qaytarmalıdır.

Heydər Əliyev: Bəli, kansler Şröder bunu çox yüksək qiymətləndirdi. Bilirsiniz ki, o əsərlərin bir hissəsi oğurlanmışdır və Nyu-Yorkda, məhkəmədədir, bizdə nə vardısa, hamısını verdik. Mən ona xüsusi məktub yazdım, bu məsələ barəsində sərəncam vermişəm. 1947-ci ildən bəri bizim muzeydə nə saxlanırdısa, biz hamısını Almaniyaya, Bremen muzeyinə verdik.

Mstislav Rostropoviç: Gözəl hərəkətdir. Böyük insanın, böyük rəhbərin hərəkətidir. Deməliyəm ki, bir işi gördükdə və bir şeyi verdikdə bu, adamları düşündürür ki, başqaları da bu cür hərəkət etməlidir.

Heydər Əliyev: Doğrudur.

Mstislav Rostropoviç: Sizin belə bir nümunə göstərməyiniz çox mühümdür. Çox mühümdür.

Heydər Əliyev: Bakı-Ceyhan neft kəmərinə dair mühüm bir layihə imzalamağımız İstanbulda bizim üçün böyük bir tarixi hadisə oldu. Yeri gəlmişkən, biz bununla beş il məşğul olmuşduq, çox əngəllərlə, çətinliklərlə rastlaşdıq. Biz onların hamısını dəf etdik. Bu layihənin müəllifi, arxitektoru Azərbaycandır. Əgər 1994-cü ildə biz "Əsrin müqaviləsi" adlandırılan həmin böyük müqaviləni imzalamasaydıq, təbii ki, onda heç nədən söhbət gedə bilməzdi. Biz müqaviləni imzaladıq, bəyan etdik ki, olduqca böyük neft ehtiyatları var və bu nefti 1997-ci ildən bəri çıxarırıq, onu iki boru kəməri - Şimal və Bakı-Supsa marşrutları ilə ixrac edirik. Doğrudur, indi Şimali Qafqazdakı hadisələrlə əlaqədar şimal marşrutunda çətinliklər var. Digər marşrut Bakı-Supsadır. Lakin böyük neftin ixracı üçün bizə əsas, böyük neft kəməri lazım idi. Biz bu işlə beş il məşğul olduq və onu axıra çatdırdıq, təntənəli şəraitdə sənəd imzaladıq. Onu Klinton da imzaladı. Bütün bu illər ərzində o, bizi nəinki dəstəkləmiş, həm də bu layihənin real olması üçün hər şey etmişdir. Biz onu imzaladıq, bu, böyük hadisədir.

Mstislav Rostropoviç: Yəni, ümid edirəm ki, pul daha çox olacaqdır.

Heydər Əliyev: İndi biz bu boru kəmərinə 2 milyard 400 milyon dollar vəsait qoyacağıq. Gələcəkdə isə, şübhəsiz... Yeri gəlmişkən, biz iri qaz yatağı aşkara çıxarmışıq. Yəqin ki, bir neçə ildən sonra biz həm də qaz ixracısı olacağıq. İmzaladığımız müqavilələrdə Azərbaycana 15 il ərzində təxminən 60 milyard dollar sərmayə qoyulması nəzərdə tutulur. Təbii ki, bu qədər vəsait qoyulduğu halda, daha çox gəlir götürmək lazımdır. Əks təqdirdə sərmayə qoymağın nə mənası var?

Biz bütün bunları gələcək üçün edirik. Ola bilsin ki, mən bütün bunları görməyəcəyəm, çünki vaxt gedir, yaş özünü göstərir. Amma mən bunu özüm üçün etmirəm, xalq üçün, gələcək nəsillər üçün, müstəqil Azərbaycan üçün edirəm. Bu işlər uğurla gedir və mən buna şadam.

Mstislav Rostropoviç: Sizi ürəkdən təbrik edirəm.

Heydər Əliyev: Sağ olun.