Xalq rəssamı Böyükağa Mirzəzadəyə - Bakı şəhəri, 20 fevral 1998-ci il

Hörmətli Böyükağa Mirzəzadə!

Sizi - Azərbaycan milli rəssamlıq məktəbinin görkəmli nümayəndəsini anadanolma gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Siz rəngkarlıq, qrafika, səhnəqrafiya, monumental divar rəssamlığı janrlarında gözəl əsərlər müəllifi kimi xalqımızın hörmət və rəğbətini qazanmış sənətkarlardansınız.Şərəfli sənət yolunuz milli rəssamlığımızın daim inkişaf etməsinə və onun dünya miqyasında tanınmasına xidmət etmişdir.Məhz sizin mənsub olduğunuz rəssamlar nəsli Azərbaycanın xalı, miniatür, şəbəkə, tikmə sənətlərinin çoxəsrlik ənənələrini davam etdirməklə yanaşı, müasir rəngkarlıq sənəti baxımından da gözəl əsərlər yaratmışdır.

Xalqımızın böyük mütəfəkkirlərinin portretləri, Azərbaycan təbiətinin füsunkar gözəlliklərini əks etdirən peyzajlar, tarixi və ədəbi mövzular əsasında yaratdığınız əsərlər, təsviri incəsənət xəzinəmizi zənginləşdirmişdir.Mayası əsl vətəndaşlıq ruhu ilə yoğrulmuş bu rəsm əsərləri gənc nəslin xalqa, torpağa bağlılıq ruhunda tərbiyə olunmasında mühüm rol oynayır.

Ümidvaram ki, xalqımızın yüksək mənəvi dəyərlərini təbliğ edən, onları gənclərimizə aşılayan yeni əsərlərinizlə sənətsevərləri bundan sonra da sevindirəcəksiniz.

Sizə cansağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları diləyirəm!

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.