Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin MDB üzvü olan ölkələrin dövlət başçılarının Moldovada keçirilən növbəti görüşünə gələrkən rəsmi qarşılanma mərasimində jurnalistlərin suallarına cavabı - Kişinyov, Beynəlxalq hava limanı, 22 oktyabr 1997-ci il

Hörmətli cənablar!

Mən Kişinyova yaxşı əhval-ruhiyyə ilə gəlmişəm. Birincisi, ona görə ki, Azərbaycanın çox böyük hörmət bəslədiyi müstəqil Moldovanın paytaxtına gəlmişəm. Bizim çoxdan dostluq əlaqələrimiz var. Mən burada 23 il əvvəl olmuşam, ona görə də bu qədər vaxt keçəndən sonra yenidən Moldova torpağında olarkən hansı hisslər keçirdiyimi təsəvvür edə bilərsiniz. Xüsusən də ona görə ki, mən burada dostum Petru Kirilloviçlə həm 23 il bundan öncə görüşmüşəm, həm də indi görüşdüm.

MDB-nin fəaliyyətini qiymətləndirərək bildirirəm ki, birlik 5 ildir mövcuddur, amma hələ çox şeyləri etmək mümkün olmamışdır.

Sual: Cənab prezident, MDB-nin üzvü olan ölkələrin hansı istiqamətləri daha fəal inkişaf etdirmələrinin gərəkliyi barədə nə deyə bilərsiniz?

Heydər Əliyev: Belə istiqamətlər çoxdur. Hesab edirəm ki, birlik səmərəli, iş qabiliyyətli, demokratik və çevik olmalı, tam hüquq bərabərliyi, milli mənafelərə hörmət əsasında, hansısa yeni ittifaq yaratmaq arzusundan tamamilə uzaq olmaqla fəaliyyət göstərməlidir.

Sual: Hörmətli cənab Əliyev, Kişinyov görüşündə müzakirə olunacaq hansı məsələni Azərbaycan üçün çox mühüm hesab edirsiniz?

Heydər Əliyev: Hesab edirəm ki, MDB dövlət başçılarının indiki görüşündə müzakirə olunacaq məsələlərin hamısı Azərbaycan üçün çox mühümdür.

Sual: Cənab Əliyev, Müstəqil Dövlətlər Birliyinin Münaqişəli vəziyyətlər üzrə komitəsinin yaradılması haqqında təklifə münasibətiniz necədir?

Heydər Əliyev: Belə hesab edirəm ki, bu təklif məqbul deyildir.

Sual: Moldova prezidenti Petru Luçinskinin Azərbaycana səfəri nə vaxt olacaqdır?

Petru Luçinski: Mənim Azərbaycana səfərim ən yaxın vaxtlarda baş tutacaqdır.