Əziz kursantlar, müəllimlər, zabitlər, generallar!
Hörmətli xanımlar və cənablar!
Bu gün Cəmşid Naxçıvanski adına hərbi litseyin həyatında əlamətdar bir gündür. Çünki son bir ilin içərisində hərbi litseydə aparılan bərpa və təmir işləri onu bu gün gördüyümüz vəziyyətə gətirmişdir.
Bildirmək istəyirəm ki, biz hərbi litseydə bərpa və təmir işləri üçün dövlət büdcəsindən xeyli vəsait ayırdıq, bir çox inşaatçıları səfərbər etdik, hətta mən Nazirlər Kabinetinin rəhbərliyini də bu işə qoşdum ki, onlar buna nəzarət etsinlər. Bu gün mən çox sevinirəm, çox şadam ki, vaxtilə adi bir məktəb binasında yaratdığımız ixtisaslaşdırılmış məktəb, indiki Naxçıvanski adına hərbi litsey böyük bir ərazini əhatə edir, burada litseyin ən yüksək səviyyədə fəaliyyət göstərməsi üçün şərait yaranıbdır.
Mən sizi bu münasibətlə ürəkdən təbrik edirəm və ümidvar olduğumu bildirmək istəyirəm ki, litseyin kursantlar, müəllimləri, zabitləri burada yaranmış şəraitdən səmərəli istifadə edəcəklər və bu da təhsil, tərbiyə işinin keyfiyyətini yüksəldəcəkdir.
Bu litsey mənim üçün doğma övlad kimidir. Çünki məlumdur, 1971-ci ildə, - artıq 30 ildən çox vaxt keçibdir, - mən hansı çətinliklərlə bu litseyin əsasını qoydum və hərbi sahədə ixtisaslaşdırılmış orta məktəb yaratdım. Burada muzeydə mənə dedilər ki, o vaxt biz məktəbə gəncləri, uşaqları cəlb edirdik. Ancaq bu iş, o qədər uğurla getmirdi, çünki çoxları bunun nə olduğunu anlamırdı. Məktəbin birinci buraxılışında, yəni ilk qəbuldan 3 il sonra buranı qurtaranlar cəmi 49 nəfər olubdur. Amma indi baxın, hərbi litsey böyük bir ordu hissəsi təsəvvürü yaradır. İldə 800 nəfər qəbul olunur. 600 nəfəri burada, 200 nəfəri isə litseyin Naxçıvan filialında. Bu, gözəl nəticədir.
Mən bu gün xoşbəxtəm ki, vaxtilə çətinliklərlə yaratdığım bu məktəb indi bu qədər yüksək səviyyədədir. Mən bunu yaradanda düşünürdüm ki, Azərbaycan gəncləri orduya xidmətə getməlidir, ancaq hərbi peşəni mənimsəmək üçün oxumalıdır, təhsil almalıdır. O illər Azərbaycan gənclərində hərbi peşəyə o qədər maraq yox idi. Bu, onların günahı deyildi. Sadəcə, Azərbaycanda bu məsələ uzun illər unudulmuşdu. Məhz bu sahədə dönüş yaratmaq üçün biz ixtisaslaşdırılmış orta məktəb yaratdıq.
Hərbi litsey həmişə mənim qəlbimdədir, 1971-ci ildən hər il mən buraya gəlmişəm, kursantlarla, müəllimlərlə, zabitlərlə görüşmüşəm. Nə üçün? Çünki Azərbaycanın rəhbəri kimi, mən diqqəti buraya cəlb edəndə, təbiidir ki, bütün başqa təşkilatlar da buna qoşulurdular. Düzdür, bu da çətinliklə oldu. Çünki insanlar hələ bunu anlaya bilmirdilər. Ancaq anladılar və indi hərbi litseyə kömək edirlər.
Mən 1982-ci ildə Moskvaya işləməyə getdim. Ancaq hər il məktəblə maraqlanırdım. Xatirəmdədir, 1984-cü ildə mən Moskvadan bir neçə günlüyə Bakıya gəlmişdim. İşlərim çox idi, amma mən hərbi litseyə gəlməyi özüm üçün əsas vəzifələrdən biri hesab etdim. Buraya gəldim, vəziyyəti gördüm. Ondan sonra gedib Moskvadan məktəbə əlavə yardımlar etdim. Beləliklə, hərbi litsey inkişaf edirdi. Ancaq təəssüflər olsun ki, 1989-1990-cı illərdə Azərbaycandakı hakimiyyətsizlik, hərc-mərclik, xaos bura da öz təsirini göstərmişdi. Hərbi litseyə lazımi diqqət göstərilməmişdi.
Mən Azərbaycana yenidən rəhbərliyə gələndə maraqlandım. Nazirlər Sovetinin sədri əhəmiyyətsiz bir qərar qəbul etmişdi ki, bura, ibtidai hərbi məktəb olsun və Müdafiə Nazirliyinə verilsin. Necə yəni, ibtidai hərbi məktəb? Bu, artıq yüksək orta məktəb səviyyəsindədir. Buraya daxil olanlar 8-ci sinfi qurtaranlardır. Üç il burada oxuyub orta təhsil alır, eyni zamanda da hərbi təhsil alır. Bunun adını ibtidai hərbi məktəb qoymaq buna nə qədər diqqətsizlik, laqeydlik idi və bunun əhəmiyyətini anlamamaq idi. Təbiidir, bu, məni narahat etdi. Mən ondan sonra məktəblə maraqlandım və buraya gəlmək istəyirdim.
2000-ci ildə mən ali hərbi məktəbə gedirdim. Dedim ki, mən litseyə də getmək istəyirəm. Mənə dedilər ki, cənab prezident, ora elə bir vəziyyətdədir ki, Sizin indi getməyiniz münasib deyildir. Bundan sonra mən çox narahat oldum və Nazirlər Kabinetinə, baş nazirə, müdafiə nazirinə, başqa nazirliklərə göstəriş verdim ki, burada hər şey təmir olunsun, bərpa olunsun, yeni binalar tikilsin və qaydaya salınsın. Bu işi gördülər.
Mənə bir dəfə məruzə etdilər ki, hər şey qurtarıbdır. Ancaq sonra məlum oldu ki, yataqxana və idman salonu yoxdur, amma dedilər ki, hər şey hazırdır. Mən əlavə göstərişlər verdim, əlavə vəsait ayırdım. Yataqxana da tikildi, idman salonu da tikildi, hovuz da, hər şey bərpa olundu. İndi buraya baxırsan, adamın ürəyi açılır. Böyük bir şəhərcikdir. Burada oxumaq, burada təhsil almaq, özü bir xoşbəxtlikdir. Ona görə də bizim gənclər hərbi peşəyə maraq göstərərək, litseyə daxil olub burada təhsil alırlar və əksəriyyəti də buradan ali hərbi məktəblərə gedir. Beləliklə, biz ordumuzu gücləndiririk və ordumuzun yüksək təhsilli zabitlərlə təmin olunması üçün əsas yaradırıq. Biz bazar ertəsi Respublika sarayında Cəmşid Naxçivanski adına hərbi litseyin yubileyini keçirəcəyik. Orada daha geniş söhbətimiz olacaqdır. Mən indi bu sözləri deməklə, burada olmuş vəziyyəti və indi bərpa və təmirdən sonra buranın gözəl səviyyədə olmasını qeyd etmək istədim.
Əziz övladlarımız!
Əziz kursantlar!
Mən inanıram ki, burada əla qiymətlərlə oxumağa çalışacaqsınız. Fiziki cəhətdən özünüzü möhkəmləndirəcəksiniz. Ali hərbi məktəblərə girmək üçün lazımi bilik toplaya biləcək və gələcəkdə Azərbaycanın dəyərli zabitləri olacaqsınız, ordumuzda xidmət edib Azərbaycanın müdafiəsində öz xidmətinizi göstərəcəksiniz. Ən əsası isə, Azərbaycanın zəbt olunmuş torpaqlarının erməni işğalçılarından azad edilməsi üçün bizim daha güclü zabit heyətimiz olacaqdır.
Mən sizin hamınıza cansağlığı arzu edirəm, tədrisdə, tərbiyədə uğurlar arzu edirəm və ümidvaram ki, sizə göstərilən etimadı sona qədər doğruldacaqsınız. Sağ olun.