Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Birləşmiş Ərəb Əmirliklərinin əmiri Şeyx Zaid ibn Sultan al Nəhyanla görüşmüşdür - 13 dekabr 1994-cü il

Dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin əmiri Şeyx Zaid ibn Sultan əl Nəhyan ilə görüşündə iki ölkə arasında əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məsələləri hərtərəfli müzakirə olundu. Bu görüşdən məmnun qaldığını bildirən Heydər Əliyev söhbət zamanı Ermənistanın Azərbaycana təcavüzündən və müharibənin sülh yolu ilə başa çatdırılması üçün görülən işlərdən geniş bəhs etdi. O dedi:

- Mən sizə bir daha bildirmək istəyirəm ki, indi Azərbaycan çox çətin vəziyyətdədir. Çadırlarda yaşayan qaçqınların bir çoxu xəstəliklərə tutulub, yemək-içmək çatmır. Azərbaycan blokada şəraitindədir. Ona görə də bizə sizin köməyiniz çox lazımdır. Cənab əmir, mən sizə məktub göndərmişəm, sizi Azərbaycana rəsmi səfərə dəvət etmişəm. Bu gün sizi bir daha Azərbaycana rəsmi səfərə dəvət edirəm.

Dəvəti məmnuniyyətlə qəbul edən Şeyx Zaid ibn Sultan əl Nəhyan müsəlman ölkələrinin Azərbaycana yardımı ilə maraqlandı. Heydər Əliyev dedi:

- Qonşu müsəlman ölkələrindən Türkiyə və İran azərbaycanlı qaçqınlara kömək edir. Səudiyyə Ərəbistanı da qaçqınlarımızın saxlanılması üçün müəyyən yardım göstərir. Pakistan da kömək edir. Onlar qaçqınların yaşadığı yerlərə, çadır şəhərciklərinə gəlib müəyyən maddi kömək göstərirlər. Amma başqa ölkələrdən hələ bir kömək görməmişik. Hərbi sahədə bizə heç kim kömək göstərmir. Ermənistana isə Rusiya kömək edir. Bizim silah almağa, ordumuzu saxlamağa pulumuz yoxdur. Ermənistan da elə bundan istifadə edərək gəlib torpaqlarımızı işğal edib. Amma biz müsəlmanlar, azərbaycanlılar o qədər də aciz deyilik.

Kasablanka Zirvə toplantısında qəbul olunacaq qətnamədən söhbət açan Azərbaycan Prezidenti dedi ki, \"Ermənistanın təcavüzünü pisləmək haqqında bu qətnaməni sizin müdafiə edəcəyinizə əminəm. Zirvə toplantısında müsəlman dövlətlərinin Azərbaycana iqtisadi və humanitar yardımı barədə də qətnamə qəbul ediləcək. Güman edirəm ki, siz bu qətnaməni də dəstəkləyəcəksiniz\".

Birləşmiş Ərəb Əmirliklərinin başçısı öz ölkəsinin Azərbaycana iqtisadi və humanitar yardım göstərəcəyinə söz verdi və bildirdi ki, gərək bütün müsəlman ölkələri bu işdə yaxından iştirak etsinlər.

Görüşün sonunda Şeyx Zaid ibn Sultan əl Nəhyan öz ölkəsinin xarici işlər nazirinə Azərbaycana lazımi humanitar yardım göstərilməsi işinin təşkili barədə göstəriş verdi.

Şeyx Zaid ibn Sultan əl Nəhyan Heydər Əliyevi öz ölkəsinə rəsmi səfərə dəvət etdi. Azərbaycan Prezidenti bu diqqətə görə Birləşmiş Ərəb Əmirliklərinin əmirinə təşəkkür etdi və onun dəvətini qəbul etdiyini bildirdi.

AzərTAc

Azərbaycan 1994: Milli dövlətçilik sınaq qarşısında, II hissə, Bakı, 2002, səh.372.