Fransa Azərbaycanın müstəqilliyini 3 yanvar 1992-ci ildə tanıyıb, iki ölkə arasında diplomatik münasibətlər isə 21 fevral 1992-ci ildə qurulub. 16 mart 1992-ci ildə Fransa Azərbaycanda, Azərbaycan isə 20 oktyabr 1994-cü ildə Fransada səfirliyini açıb.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev xaricə ilk rəsmi səfərini 19-22 dekabr 1993-cü il tarixdə Fransa prezidenti Fransua Mitteranın dəvəti ilə Fransaya edib. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Fransa Respublikasının Prezidenti Fransua Mitteran Parisin Yelisey sarayında müzakirələr aparıb. Səfər dövründə "Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında" müqavilə imzalanıb. Azərbaycan Prezidenti Heydər Əliyev burada eyni zamanda ATƏM-in (indiki ATƏT) əsas sənədlərindən biri olan "Yeni Avropa üçün Paris xartiyası"na Azərbaycanın qoşulması barədə sənədə də imza atıb.
Fransa Prezidenti Fransua Mitteran Heydər Əliyevlə görüşündə Fransanın Qarabağ münaqişəsinin genişlənməsini təşvişlə izlədiyini və orada dinc əhalinin əzab-əziyyət çəkməsinə təəssüf etdiyini bildirib. O, münaqişənin zor gücünə aradan qaldırılmasına tərəfdar olmadığını deyib.
Dekabrın 21-də Heydər Əliyev Fransanın xarici işlər naziri Alen Jüppe ilə görüşüb. Söhbət zamanı Fransa ilə Azərbaycan arasında əlaqələrin inkişafı və möhkəmləndirilməsi məsələsinə toxunulub.Dekabrın 22-də Lüksemburq sarayında Heydər Əliyevə Fransa Senatının fəxri medalı təqdim edilib.
1994-1997-ci illərdə Azərbaycan Prezidenti Heydər Əliyev dörd dəfə - 8 may 1995-ci ildə faşizm üzərində qələbənin 50 illiyinə həsr olunmuş bayram tədbirləri, 1995-ci ilin dekabrında "Azərbaycanın investisiya imkanları" mövzusunda Parisdə keçirilmiş beynəlxalq konfransla əlaqədar olaraq, 10-11yanvar 1996-cı ildə Fransa Prezidenti F.Mitteranın dəfn mərasimində iştirak etmək üçün, nəhayət, 13-15 yanvar 1997-ci ildə ikinci rəsmi səfəri zamanı Fransada olub.
8 may 1995-ci ildə Heydər Əliyev Parisdə Fransa Respublikasının yeni seçilmiş prezidenti Jak Şirakla görüşüb. Jak Şirak faşizm üzərində qələbənin 50 illiyi münasibətilə ali qonağı təbrik edərək, Azərbaycan rəhbərinin Parisdə keçirilən yubiley təntənələrində iştirak etməsindən sevinc hissi duyduğunu bildirib. Söhbət zamanı qeyd edilib ki, Fransa şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə qoyması ölkələr arasında əlaqələrin genişlənməsində mühüm rol oynayıb.
Fransa Xarici İşlər Naziri E.de Şaretin 1996-cı il oktyabr ayının 11-də və 1997-ci il aprel ayının 1-də Bakıya səfərləri iki ölkə arasında siyasi münasibətlərin inkişaf etdirilməsinə təkan verib.
13-15 yanvar 1997-ci ildə Fransaya ikinci rəsmi səfəri zamanı 13 yanvar tarixində Yelisey sarayında Heydər Əliyev və Jak Şirakın görüşü olub. Görüşdə başqa dövlətlərlə yanaşı, Minsk qrupunun fəal üzvü kimi Fransanın öz fəaliyyətini daha da genişləndirəcəyi və Ermənistan - Azərbaycan münaqişənin tezliklə nizama salınmasında öz nüfuzundan istifadə etmək üçün səylərini artıracağı bildirilib.
Yelisey sarayında "Lənkəran-Talış dəniz" neft yataqlarının birgə işlənilməsi barədə ARDNŞ ilə Fransanın "Elf Agiten" və "Total" neft şirkətləri arasında investisiya dəyəri 1,5 milyard dollar olan və 350 milyon barel neft çıxarılması nəzərdə tutulan müqavilə imzalanıb. 14 yanvar tarixində isə Heydər Əliyev Fransanın xarici işlər naziri Erve de Şaret ilə görüşüb. Söhbət zamanı Fransa-Azərbaycan əlaqələrinin inkişafından, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi məsələləri müzakirə edilib.
Azərbaycan prezidentinin səfəri zamanı ümumilikdə aşağıdakı sənədlər imzalanıb:
23-27 yanvar 2001-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev Fransaya üçüncü rəsmi səfərini edib. Səfər zamanı Heydər Əliyev Fransa parlamentinin "erməni soyqırımı" haqqında qətnamə qəbul etməsini pisləyib və bunun beynəlxalq münasibətlərə mənfi təsir edəcəyini bildirib.
2003-cü ildə prezident seçilən İlham Əliyev də xaricə ilk rəsmi səfərinə Fransadan başlayıb. 23 yanvar 2004-cü ildə Yelisey sarayında Fransa Respublikasının prezidenti Jak Şirakın ümummilli liderimiz prezident Heydər Əliyevin təltif edildiyi "Fəxri legionun böyük xaç komandoru" ordeninin prezident İlham Əliyevə təqdim olunması mərasimi olub (www.azerbaijan.news.az) .
7-9 sentyabr 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti Fransaya işgüzar səfər edib. Səfər zaman Prezident İlham Əliyev Fransa Prezidenti J.Şirakla, Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri A.Jakolen, Senatın sədri K.Ponsele, YUNESKO-nun Baş direktoru Koyşiro Matsura ilə görüşüb. YUNESKO - nun mənzil qərargahında Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevaya YUNESKO-nun xoşməramlı səfiri adı verilib.
21 iyun 2005-ci ildə Fransa XİN Dağlıq Qarabağ regionunda separatçı rejim tərəfindən 19 iyun 2005-ci ildə keçirilən "seçkiləri" qanunsuz hesab etdiyi barədə bəyanat verib. (www.mfa.gov.az)
28-30 may 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun Parlament Assambleyasının yaz sessiyasında iştirak etmək üçün Fransaya işgüzar səfər edib. Səfər zamanı Prezident İlham Əliyev Fransa Respublikasının Prezidenti J.Şirak, Senatın sədri K.Ponsele ilə görüşlər keçirib. Bundan başqa Azərbaycan Prezident Azərbaycanın Fransadakı səfirliyinin yeni binasının açılışında iştirak edib. (www.mfa.gov.az)
Prezident İlham Əliyevin29-31 yanvar 2007-ci il tarixlərində Fransaya dövlət səfərinə getməsi iki ölkə arasında siyasi münasibətlərin ən yüksək səviyyədə olduğunu təsdiq edib. İlham Əliyev Prezident J.Şirak, Baş nazir D.de Vilpən, Milli Assambleyanın sədri J.L.Debre, Fransa Senatının sədri K.Ponsele və Paris şəhərinin meri ilə görüşüb, iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə edib. Səfər zamanı Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 8 sənəd imzalanıb:
Azərbaycan Respublikası Prezidentinin və Fransa Respublikası Prezidentinin Birgə Bəyannaməsi, mülki müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq və yardım haqqında Saziş, turizm sahəsində əməkdaşlıq haqqında Saziş, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Fransa Respublikası Mədəniyyət və Kommunikasiya Nazirliyi arasında muzey işi sahəsində əməkdaşlığa dair Protokol, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Fransa Respublikası Mədəniyyət və Kommunikasiya Nazirliyi arasında Əməkdaşlıq Memorandumu, Fransa Milli Elmi Araşdırmalar Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyası arasında Elmi Əməkdaşlıq Sazişi, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Fransa Respublikası Əmək, Sosial Bərabərlik və Yaşayış Nazirliyi arasında qarşılıqlı əməkdaşlıq haqqında İnzibati Razılaşma, Milli Kitabxanalar arasında əməkdaşlıq haqqında Memorandum.
29 yanvar 2007-ci il tarixində Fransa Prezidenti Jak Şirak Prezident İlham Əliyevi Parisdə Fransanın "Fəxri Legionun Böyük Xaç Komandoru" ordeni ilə təltif edib. Eyni zamanda 29 yanvar 2007-ci iltarixində Prezident İlham Əliyev Fransa ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə Fransa Respublikasının Prezidenti Jak Şirakı "Heydər Əliyev" ordeni ilə təltif edib.
19-20 noyabr 2007-ci il tarixində Prezident İlham Əliyev Fransada işgüzar səfərdə olub. Prezident İlham Əliyev Fransa Prezidenti Nikola Sarkozi və Fransa Senatının sədri Kristian Ponsele ilə görüşüb. Fransa Prezidenti Nikola Sarkozi Azərbaycan Prezidenti İlham Əliyevin Parisə bu səfərinin ikitərəfli əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əmin olduğunu söyləyib. Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə də toxunulub. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən danışıb və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü bildirib. Dövlətimizin başçısı bu münaqişənin yalnız və yalnız ölkəmizin ərazi bütövlüyünün bərpa edilməklə həll olunmasının zəruriliyini vurğulayıb.
7 oktyabr 2011-ci il tarixdə Fransa Respublikasının Prezidenti Nikola Sarkozi Azərbaycanda rəsmi səfərdə olub. Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Nikola Sarkozinin təkbətək görüşündə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub. İki ölkə arasında əlaqələrin bundan sonra da genişlənəcəyi vurğulanıb. İki ölkə prezidenti həmçinin Bakıda Fransız Liseyinin təməlqoyma mərasimində iştirak ediblər. Fransa Prezidenti Nikola Sarkozi Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Fransa Respublikasının “Şərəf Legionunun Zabiti” dövlət ordeni ilə təltif olunması, bütövlükdə, Azərbaycan – Fransa humanitar mədəni əlaqələrinin qiymətləndirilməsi idi.
20 sentyabr 2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Fransada işgüzar səfərdə olub. Səfər ərzində İlham Əliyev Fransa Prezidenti Fransua Olandla ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri ilə bağlı fikir mübadiləsi aparıb. Prezident İlham Əliyev həmçinin Fransanın sabiq prezidenti Nikolya Sarkozi, “Total”, “Tecnip”, “GDF-Suez” şirkətlərinin rəhbərləri, MEDEF-in üzvü olan iş adamları ilə görüşüb, Luvr muzeyinin islam incəsənətinə həsr olunmuş yeni zallarının açılışında, Parisdə Azərbaycan Mədəniyyəti Mərkəzinin açılışında iştirak edib. (president.az)
2014-cü il 11-12 mayda Fransa prezidenti Fransua Oland Azərbaycana rəsmi səfər edib.
İki ölkə prezidentləri əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüş keçirib. İlham Əliyev və Fransua Olandın iştirakı ilə Azərbaycan-Fransa biznes forumu olub. Fransa prezidenti həmçinin Azərbaycanın müxalifət liderləri, vətəndaş cəmiyyəti və media təmsilçiləri ilə görüş keçirib. Səfərin yekunu olaraq Azərbaycan-Fransa arasında 7 sənəd imzalanıb. İlk olaraq iki ölkə prezidenti Birgə Bəyanat imzalayıb. Tərəflər həmçinin Azərbaycan və Fransa Kənd Təsərrüfatı, Nəqliyyat və Energetika nazirlikləri arasında əməkdaşlıq haqqında saziş, iki ölkənin təhsil qurumları arasında niyyət məktubu, Azərbaycan Elmin İnkişaf Fondu və Fransanın müvafiq qurumu arasında əməkdaşlıq sənədləri imzalayıb. Sənədlərin imzalandıqdan sonra Azərbaycan və Fransa prezidentləri mətbuat konfransı keçirib. Mətbuat konfransında çıxış edən prezident İlham Əliyev bildirib ki, Bakı və Paris arasında münasibətlər yüksək səviyyədədir.
Prezident İlham Əliyev 14-15 mart 2017-ci ildə Fransada rəsmi səfərdə olub. Səfər çərçivəsində İlham Əliyev başda fransalı həmkarı Fransua Olland və Fransa senatının sədri Jerar Larşe ilə olmaqla bir sıra mühüm görüşlər keçirmişdir. Prezidentlərin görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli mexanizmləri və Fransanın münaqişənin nizamlanmasında oynadığı rol müzakirə olunub. Görüş zamanı Olland bildirib ki, bu səfər Fransa-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcıdır.
Son illər ərzində Azərbaycanın və Fransanın 12 şəhəri arasında əməkdaşlıq və dostluq haqqında saziş imzalanıb. Belə əlaqələr ölkələrimizi, xalqlarımızı daha yaxşı tanımağa imkan yaradır, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişafı üçün yeni imkanlar açır.
Artıq ənənə halını almış Fransa – Azərbaycan biznes forumu da iki ölkə arasında olan əməkdaşlığın inkişafına güclü təkan verir.
Azərbaycan – Fransa münasibətlərinin inkişafında parlamentlərarası əlaqələrin də mühüm rolu vardır. Fransa və Azərbaycan mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyətinin şərtləri haqqında hökumətlərarası müqavilənin ratifikasiyası məhz parlamentlərarası dostluq qrupunun fəaliyyətinin nəticəsidir. Müqavilə ikitərəfli mədəni əlaqələrin möhkəmləndirilməsini daha da sürətləndirib. Hər iki dövlətin mədəniyyət mərkəzləri səfirliklərin tabeliyində fəaliyyət göstərir və hüquqi statusa malikdir. Uzun illər ərzində Azərbaycan parlamentində iki ölkə arasında parlamentlərarası dostluq qrupuna Mehriban Əliyeva rəhbərlik edib.
2015-ci il sentyabrın 3-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Yelisey Sarayında Fransa Prezidenti Fransua Ollandla görüşü ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurlu inkişafının göstəricisidir.
Mehriban Əliyeva iki ölkə arasında münasibətləri belə xarakterizə edib: “Azərbaycan Fransa ilə ikitərəfli münasibətlərə çox böyük önəm verir. Çox sevindirici haldır ki, son illər bu münasibətlər qarşılıqlı strateji tərəfdaşlıq xarakter daşıyır. Ölkələrimiz bütün sahələrdə uğurlu əməkdaşlıq qurub, siyasi əməkdaşlıq ən yüksək səviyyədədir, iqtisadi əməkdaşlıq genişlənir, Fransa şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Biz bir çox sahələrdə - şəhərsalma, nəqliyyat, kosmik sənaye, yüksək texnologiyalar, şərabçılıq, yüngül sənaye və digər sahələrdə uğurlu əməkdaşlıq qurmuşuq və bu əməkdaşlıq genişlənir.”
Heydər Əliyev Fondunun Azərbaycan – Fransa mədəni-humanitar əməkdaşlığında rolu. İki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsində ölkəmizin Birinci xanımı Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın müstəsna rolu var. Fransa ilə Azərbaycan arasında mədəni-humanitar əlaqələrin inkişafında onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolu danılmazdır. Fondun Azərbaycan mədəniyyətinin Fransada tanınmasına, milli-mənəvi dəyərlərin təbliğinə həsr etdiyi silsilə tədbirlər olduqca əhəmiyyətlidir. Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın paytaxtında və iyirmidən çox şəhərində Azərbaycanın mədəniyyətini təmsil edən sərgilər, konsertlər və digər tədbirlər keçirilib. Fond tərəfindən Fransanın müxtəlif bölgələrində Azərbaycan günləri keçirilməkdədir. Bu layihə çox böyük uğurla Reyms və Şampan şəhərlərində başlayıb və hər il də ənənəvi şəkildə davam edir. 2012-ci ildə Parisdə Azərbaycanın ilk mədəniyyət mərkəzinin binası istifadəyə verildi. Belə bir mərkəzin ilk dəfə məhz Parisdə açılması təsadüfi seçilməmişdi. Çünki Paris təkcə Fransanın yox, demək olar, bütün dünyanın mədəniyyət paytaxtıdır. Parisin mərkəzində - Eyfel qülləsinin yaxınlığında yaradılan Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizin dünya mədəniyyətinin paytaxtında təbliğ olunması istiqamətində atılan ən mühüm addımlardan biridir. Xüsusi əhəmiyyəti ilə seçilən bu mərkəz mədəniyyətlərarası və sivilizasiyalararası dialoq nöqtəsi kimi seçilən Azərbaycanın ən yüksək səviyyədə tanıdılmasına xidmət edir. (lent.az)
Bu gün Fransanın ali məktəblərində yüzlərlə azərbaycanlı tələbə təhsil alır. Azərbaycan dövləti Luvr muzeyində İslam İncəsənəti Departamentinin yaradılmasında iştirak etmişdir. Heydər Əliyev Fondu Luvr, Versal Sarayı, Strasburq Kafedral Kilsəsi və digər bir çox tarixi abidələrin bərpasında xüsusi rol oynamışdır. (heydar-aliyev-foundation.org)
Parisdə dahi Azərbaycan şairləri Nizami Gəncəvi və Məhsəti Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş elmi konfranslar keçirilib. Miluz şəhərinin Yuxarı Alzas Universitetinin filologiya fakültəsinin konfrans zalı Heydər Əliyev Fondunun dəstəyi ilə tamamilə yenidən qurulub və zala Məhsəti Gəncəvinin adı verilib.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Azərbaycan Mədəniyyət Günləri çərçivəsində hər il dünyanın ən seçilən festivallarının təşkilatçısı olan, yüz minlərlə turistin ziyarət etdiyi Kann şəhəri tarixi zəngin mədəniyyətimizin nümayişinə ev sahibliyi edir. Özündə antik və müasir dövrün sintezini yaşadan Azərbaycan incəsənəti fransızlara təqdim olunur. Bu tədbir dünya mədəni irsinə əvəzedilməz töhfələr vermiş Azərbaycan mədəniyyətinin tanıdılması və təbliği baxımından əhəmiyyətli rol oynayır.
Dünya mədəni irsinin ayrılmaz tərkib hissəsi olan Azərbaycan muğamı və klassik musiqisi daim Fransa musiqisevərlərinin diqqət mərkəzindədir. 1999-cu ildə Fransada keçirilən Beynəlxalq festivalda Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Ü.Hacıbəyli, Q.Qarayev və F.Əmirovun əsərləri uğurla ifa olunub. Hər il Heydər Əliyev Fondu tərəfindən Fransanın ayrı-ayrı şəhərlərində təşkil olunan Azərbaycanın klassik musiqi gecələri də böyük marağa səbəb olur.
2005-ci ildə Heydər Əliyev Fondu Strasburq Kafedral Kilsəsinin bərpasına maliyyə yardımı göstərib. Fond Fransanın müxtəlif regionlarında qədim kilsələrin bərpasında iştirak edir. Aşağı Normandiya regionunda 20-yə yaxın katolik kilsəsinin bərpasına fond öz dəstəyini göstərib. Bütün bunlar sülh, dözümlülük, humanizm dəyərlərinin təbliği və təşviqinə, xalqlararası və dinlərarası əlaqələrin möhkəmlənməsinə xidmət edir. 2015-ci il 4 sentyabr tarixində dünya şöhrətli fotoqraf Reza Deqatinin “Azərbaycan tolerantlıq ölkəsi” adlı fotosərgisi, 8 sentyabr tarixində təşkil olunan Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfrans bu sadalananların əyani şəkildə göstərilməsinə imkan yaratdı. (heydar-aliyev-foundation.org)
Milyonlarla ziyarətçisi olan Luvr muzeyinin qarşısındakı məşhur “Pale Royal” meydanında “Azərbaycan şəhərciyi”nin təşkili həm Paris sakinləri, həm də bu şəhərə gələn turistlərin ölkəmiz haqqında dolğun məlumat ala bilməsinə imkan yaradır.
Ümumi tarixi arayış 23 yanvar 2018-ci ildə yeniləşdirilib.