Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin geniş operativ müşavirədə giriş sözü - 20 fevral 1994-cü il

Son günlər havaların soyuması və respublikamızın ərazisində çoxlu qar yağması lkənin sosial-iqtisadi həyatındakı çətinlikləri daha da artırmışdır. Təcili görülmüş tədbirlər nəticəsində bu gərginliyi müəyyən qədər aradan qaldırmaq mümkün olsa da, respublikanın bir sıra şəhər və rayonlarında elektrik enerjisi, qaz, su təchizatı sarıdan hələ də xeyli çətinliklər vardır. Bu müşavirə çatışmazlıqların aradan qaldırılması yollarını, habelə respublikada mal və məhsulların idxal-ixracında, ölkənin maliyyə imkanlarını, pul dövriyyəsində mövcud vəziyyəti, kənd təsərrüfatında, sənayedə işlərin gedişini və digər vacib məsələləri araşdırmaq, iqtisadiyyatda böhranın daha da dərinləşməsinə imkan verməmək və onu aradan qaldırmaq yolları barəsində fikir mübadiləsi aparmaq və təcili zəruri tədbirlər görmək məqsədi daşıyır.

Yekun sözü

İndi ölkəmizdə müharibə gedir. Bu şəraitdə işlər müharibə dövrünün tələblərinə uyğun qurulmalıdır. Bunu hamı - bakılılar da, Azərbaycanın bütün başqa bölgələrinin sakinləri də bilməlidirlər. Eyni zamanda Azərbaycanın iqtisadi potensialı imkan verir ki, müharibə şəraitində də respublika əhalisinin, birinci növbədə Bakı əhalisinin tələbatı bundan yüksək səviyyədə təmin olunsun. Əgər bu gun burada deyilən nöqsanlar mövcuddursa, bu, heç də o demək deyildir ki, bizim imkanlarımız yoxdur. Səbəb odur ki, imkanlarımızdan istifadə etmək üçün lazımi tədbirlər görülmür. Səhlənkarlıq, hərc-mərclik çox yerdə möhkəm kök salmışdır. Buna görə də belə çətinliklər yaranır.

Bakı şəhərinin təchizatı məsələsi, şübhəsiz ki, birinci yerdə durmalıdır, bütün bölgələrimizdə yaşayan əhali eyni hüquqlara malikdir, ancaq Bakıya həmişə xüsusi münasibət olmuşdur və də var. Lakin bu imkanlardan istifadə edilmir. Son vaxtlar Bakının təchizatı sahəsində yaranmış çatışmazlıqlar ancaq və ancaq işin təşkili ilə bağlıdır. Əgər biz 6 milyard kubmetr qaz çıxarırıqsa, ondan səmərəli istifadə edilsə Bakı da, Sumqayıt da, Gəncə də və başqa yerlər də təmin oluna bilər. Ancaq təəssüf ki, bundan səmərəli istifadə edilmir. Düzdür, neft və qaz çıxarılması sahəsində müəyyən çətinliklər var, şirkətin prezidenti də bunları dedi. Bu, son vaxtlar sahəyə diqqətin azalmasının və capital qoyuluşu olmamasının nəticəsidir. Ancaq eyni zamanda mövcud imkanlardan istifadə etməklə daha çox qaz çıxarmaq olar. Lakin buna diqqət yetirilmir, məsuliyyətsizliyə yol verilir. Mən belə hesab edirəm ki, neft şirkəti vəsaitin olmadığı, cürbəcür işlərin görülmədiyi şəraitdə də indikindən daha çox qaz çaxara bilər.

Elektrik enerjisindən istifadə barədə. Bizdə elektrik enerjisindən gen-bol istifadə olunur. Ən inkişaf etmiş, zəngin ölkələrdə də elektrik enerjisindən qənaətlə istifadə edirlər. Amma bizdə qənaətcillik yoxdur. Mənim xatirimdədir. 1985-87-ci illərdə bu problem SSRİ miqyasında çox ciddi qoyulmuşdu. Biz Moskvada ölkənin elektrik enerjisi ilə təmin edilməsi məsələləri ilə hər gün məşğul olurduq.

Qərb ölkələrində elektrik enerjisinin də, qazın da qiyməti bahadır. Amma bizdə elektrik enerjisi ucuz olduğuna görə ondan qənaətlə istifadə etmək yada düşmür. Mənzillərdə lazım oldu-olmadı işıq yandırılır. Şəhərin küçələrində lüzumsuz yerə səhərəcən elektrik enerjisi sərf olunur. Çünki şəhər təsərrüfatı ilə məşğul olan adamlar buna fikir vermirlər.

İqtisadiyyatımız böhran içərisində, ağır vəziyyətdədir, amma qənaət haqqında düşünən yoxdur. Elektrik enerjisinə, qaza, suya qənaət - bu məsələlər yox dərəcəsindədir. Bunlardan istifadənin qiymətlərinə baxılmalı və yeni qiymətlər müəyyən olunmalıdır. Görünür, qiymətlər ucuzdur ki, əhali belə çətin bir vaxtda bu qədər elektrik enerjisnidən istifadə edir. Əgər istifadə edirsə, qoy pulunu versin. Bizim şəhər təsərrüfatı da bu işlərlə məşğul olmur.

Mən yenə də deyirəm - 80-ci illərin ortalarında elektrik enerjisinə qənaət məsələsi çox böyük bir problem idi. Biz Almaniyanın, İngiltərənin və başqa Avropa ölkələrinin bu sahədə təcrübəsini öyrənirdik. Həmin ölkələrdə adambaşına bizdən bir neçə dəfə çox elektrik enerjisi işlədilsə də, çatışmazlıq yox idi. Çünki qənaət edirlər, hər şeyin qiyməti var. Bilirlər ki, lazım olmayan bir lampanı yandırmayanda nə qədər qənaət edirlər. Bizdə isə otaqlarda hər birində beş-on lampa olan çilçıraqlar yanır. Mən hələ onun pulunun verilibverilməməsini demirəm. Eləcə də qazın, suyun pulu, bunların hamısından, demək olar ki, məccani istifadə edilir. Ona görə də kim nə qədər istəyir, o qədər də istifadə edir, birinə çatır, digərinə çatmır və nəticədə gərginlik yaranır. Nazirlər Kabineti, müvafiq nazirliklər, Bakı şəhərinin rəhbərləri bu işlə ciddi məşğul olmalıdırlar.

Əgər qərar qəbul etməyə lüzum varsa, biz gərək ilk növbədə müəyyən edək ki, Bakı şəhərində, Azərbaycanın başqa yerlərində əsaslı vəsaitdən necə istifadə olunur, götürülən gəlir çəkilən xərci ödəyirmi, rentabelliyin səviyyəsi necədir. biz bazar iqtisadiyyatına keçirik. Keçmiş vaxt, sovet quruluşu deyil ki, hər şey - elektrik enerjisi, qaz, su az qala müftə olsun.

Ona görə də mən tələb edirəm: Neft Şirkəti öz işini daha da gücləndirsin, qaz hasilatını artırsın. Dollarla Türkmənistandan qaz almaq çətin bir iş deyil. Azərbaycan özünü qazla təmin etməlidir. Bu, neft Şirkətinin əsas vəzifəsidir və onu yerinə yetirməlidir. Azəriqaz Şirkəti öz işini tamamilə yenidən qurmalıdır, mən onun işindən narazıyam. Qazın paylaşdırılması, qiyməti və başqa məsələlərlə ciddi məşğul olmaq lazımdır. Bu, elektrik enerjisinə də aiddir. Baş nazirə Abbas Abbasova, iqtisadiyyat nazirinə tapşırıram ki, müvafiq nazirliklərlə birlikdə hər şeyi götür-qoy etsinlər.

İqtisadiyyatımızda böhran getdikcə dərinləşir. Ona görə də hər şeyə qənaət etmək lazımdır. Bu, birinci növbədə elektrik enerjisindən və qazdan istifadəyə aiddir. Bunlardan səmərəli istifadə etməli və iqtisadi mənfəət götürməliyik. Bakıda nəqliyyatın vəziyyəti çox bərbaddır. Şəhərin rəhbərliyi bu məsələni qaldırmışdır. Nazirlər Kabineti həmin məsələni müzakirə edərək öz təkliflərini verməlidir. Bu işlə bağlı tezliklə ölçü götürmək lazımdır.

Ərzaq təchizatı barədə də məsələ qaldırıldı. Bu məsələ də narahatlıq doğurur. Xəstəxanalarda ərzaq, xüsusən ət çatışmır. Nazirlər Kabineti qısa müddətdə bu məsəlenin həllini təşkil etməlidir. Bu, ümumən respublikaya, birinci növbədə Bakıya aiddir.

Bir daha qeyd edirəm, ola bilər, havalar yenidən soyusun, qar yağsın. Buna hazır olmaq lazımdır. Bakı şəhərinin və onun rayonlarının icra hakimiyyətləri, nazirliklər, şirkətlər, firmalar, iri müəssisələr, bir sözlə, iqtisadiyyatla bağlı olan bütün təşkilatlar respublika paytaxtının bu problemlərinin həllində yaxından iştirak etməlidirlər.