Quliyeva Kəmalə Rafiq qizi. “HEYDƏR ƏLİYEV İRSİNDƏ MƏNƏVİ TƏRBİYƏ MƏSƏLƏLƏRİ” (2012)

13.00.01- Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi

pedaqogika elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın

 

AVTOREFERATI

TƏDQİQATIN ÜMUMİ XARAKTERİSTİKASI

Problemin aktuallığı. Mənəviyyat şəxsiyyətin özünə, onu əhatə edənlərə, cəmiyyətə və onun real hadisələrinə münasibətini, dünyagörüşünü, davranışını təzahür etdirən başlıca meyardır. Məhz mənəvi tərbiyə sayəsində fiziki fərd kimi dünyaya gələn insan əsl mənada şəxsiyyətə çevrilir.

Hal-hazırda Azərbaycanda hüquqi, demokratik dövlət qurulur və tədricən möhkəmlənir, inkişaf edir. Cəmiyyətdə yaşayan hər bir azərbaycanlı dövlət quruculuğunda, vətəndaş cəmiyyətinin formalaşdırılmasında bu və ya digər formada iştirak edir. Müstəqil Azərbaycan dövlətində yeni mənəviyyat normaları və prinsipləri yaranır.

Məhz bu baxımdan da müasir dövrdə gənc nəsli biliklər sistemi ilə silahlandırmaq, onlarda elmi dünyagörüşü formalaşdırmaq nə qədər vacibdirsə, cəmiyyətimizin özülünü möhkəmləndirmək məqsədi ilə əxlaqca saf, mənəvi cəhətdən kamil və yetkin şəxsiyyətlər tərbiyə etmək bir о qədər mühüm məsələdir. İnsan nə qədər savadlı olsa da, mənəviyyatca yoxsuldursa, cəmiyyətin sağlam özül üzərində bərqərar olduğunu söyləmək çətindir.

Bütün bu cəhətləri nəzərə alaraq istər Azərbaycan Respublikasının təhsil sahəsində İslahat proqramı (1999), istərsə də müstəqil Respublikamızın müəllimlərinin XIII Qurultayı (2008) mənəvi tərbiyə sahəsində bütün tədris müəssisələrinin üzərinə mühüm vəzifələr qoyaraq, bu məsələlərə xüsusi diqqət yetirmişdir.

Azərbaycan Müəllimlərinin XIII Qurultayının qətnaməsində deyilir:

          «Şagirdlərə bilik və bacarıqların aşılanmasını təmin etmək məktəbin bir vəzifəsidirsə, onları mənəvi cəhətdən yetkin bir vətəndaş kimi formalaşdırmaq ikiqat vəzifəsidir. Bəzi tədqiqatçıların əksinə olaraq, ümumiyyətlə tərbiyənin ayrıca bir proses kimi təsəvvür etmək məsələyə düzgün yanaşma deyildir» (Azərbaycan müəllimlərinin XIII qurultayı. Bakı, “Çaşıoğlu”, 2009,s.64).

Azərbaycan Respublikasının Təhsil Qanununda (2009) təhsilin əsas məqsədi mənəvi tərbiyənin cəmiyyətə layiq kamil və yetkin vətəndaş tərbiyə etmək məqsədi ilə tam bir vəhdət təşkil edir. Belə ki, Təhsil Qanununun 4-cü maddəsində təhsilin əsas məqsədi aşağıdakı şəkildə şərh edilmişdir:

- Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətandaş və şəxsiyyət yetişdirmək (Azərbaycan Respublikasının Təhsil Qanunu. Bakı, “Qanun”, 2009, s. 15).

Qarşıda qoyulan məqsədə çatmaqdan ötrü isə biz ilk növbədə mənəvi tərbiyənin gənc nəslin mənəvi şüur, təsəvvür, anlayış və mühakimələrinə, keyfiyyətlərinə təsirinin imkan və yollarını araşdırmalı, düzgün mənbələr axtarmalıyıq.

Təhsil sahəsində islahat bütün mənbələrdən, vasitələrdən, imkanlardan faydalanaraq hər bir gənci mənəvi cəhətdən formalaşdırmağı nəzərdə tutur.

Həmişə olduğu kimi müasir şəraitdə də mənəvi tərbiyə özbaşına deyil, müxtəlif mənbələrə istinad edilərək həyata keçirilir. Bəzi tədqiqatlarda bu mənbələr: diyarşünaslıq, etnopedaqoji materiallar və s. olaraq göstərilir.

Lakin çox təəssüflər olsun ki, tədqiqatlar içərisində biz dünya tarixinin ən böyük hökmdarlarının, dövlət başçılarının , sərkərdələrinin, onların müsbət əməllərinin, xidmətlərinin, ideyalarının mənəvi tərbiyə baxımından bir mənbə olaraq araşdırılmasına çox nadir hallarda rast gəlirik.

Halbuki biz yeni nəslin cəmiyyətə yararlı şəxsiyyət kimi yetişməsi üçün ilk növbədə tarixə müraciət etməli, bu tarixin müdrik və uzaqgörən sərkərdələrinin, hökmdarlarının, dövlət başçılarının mənəvi irsinə nəzər salmalı, onları lazımi səviyyədə öyrənməli, nəzəri-tarixi baxımdan tədqiq edərək təhlilini verməli, gənc nəslə aşılanmasının imkanlarını araşdırmalıyıq.

Onların irsinin tədqiqi, bu sahədə elmi tədqiqatların zənginliyi həm də dövlətçiliyimizin, hərb və mədəniyyət tariximizin, dilimizin, dinimizin, milli dəyərlərimizin, elmimizin, diplomatiyamızın inkişafına öz müsbət təsirini göstərər.

A.Q.Qasımova tarixi şəxsiyyətlərə dair materialların öyrənilməsinin əhəmiyyətini aşağıdakı şəkildə açıqlayır: «Tarixi şəxsiyyətlərə dair materialların öyrənilməsi tarixi şəxsiyyətlərin müsbət nümunələrinə əsaslanmaq yeniyetmələrdə nəcib keyfiyyətlərin inkişafına, onların yaxşı bir insan və vətəndaş kimi təşəkkül tapıb formalaşmasına şərait yaradır» (Qasımova A.Q. Tarixi şəxsiyyətlərə dair materialların öyrənilməsi yeniyetmələrin tərbiyəsinin vasitəsi kimi. Bakı, “Mütərcim”, 2003, s.3).

Öz dövrünün canlı tarixi və aynası olan ulu öndərimizin bütün həyatı və ictimai-siyasi fəaliyyəti gələcək nəsil üçün əsil mənəvi tərbiyə məktəbidir. Onun zəngin irsi mənəvi tərbiyə işinin həm məzmun, həm də həyata keçirilmə istiqamətlərini müəyyənləşdirir.

Azərbaycan Respublikasının Təhsil naziri, professor Misir Mərdanov yazır: «Milli tərəqqidə, müstəqil dövlət quruculuğunda təhsilin, tərbiyənin əvəzsiz rolu olduğunu dəqiq müəyyənləşdirən Heydər Əliyevin zəngin yaradıcılıq irsi, şəxsi nümunəsi və dövlətçilik fəaliyyəti, siyasi görüşləri böyüyən gənc nəslin milli və ümumbəşəri dəyərlər zəminində tərbiyə olunması və təhsil alması işinin səmərəli təşkili üçün ən dəyərli mənbədir» (Əliyev H.Ə. Təhsil millətin gələcəyidir. Bakı, “Təhsil”, 2002, s.2).

Bu baxımdan mənəvi tərbiyə ilə bağlı məsələlərin ulu öndərimiz Heydər Əliyev irsində sistemli araşdırılması bu sahədə mövcud problemlərin aradan qaldırılmasında, eləcə də gənc nəsli milli-mənəvi dəyərlərə sadiqlik, azərbaycançılığa və bəşəriliyə hörmət ruhunda tərbiyə etmək, onlarda yüksək ideyalılıq, ləyaqətlilik, inam və əqidə, vətənpərvərlik kimi mənəvi keyfiyyətlərin formalaşdırılmasında böyük önəm daşıyır.

Məktəb sənədlərinin öyrənilməsi, dərslərdə aparılan müşahidələr, şagirdlərin, о cümlədən gənclərin ulu öndərimiz Heydər Əliyev nümunəsi əsasında tərbiyə edilməsi və onun irsində mənəvi tərbiyə məsələlərinin öyrənilməsi istiqamətlərində müsbət təcrübə toplansa da, bu sahədə aparılan işlər müasir tələblərə cavab vermir. Odur ki, tədqiqat pedaqoji kollektivlərə bu istiqamətdə öz fəaliyyətlərini səmərəli və düzgün qurmaqda kömək göstərmək zərurətindən irəli gəlir.

Tədqiqatın obyektini Heydər Əliyevin zəngin irsi təşkil edir.

Tədqiqatın predmetini Ulu öndərimiz Heydər Əliyev irsində mənəvi tərbiyə məsələləri təşkil edir.

Tədqiqatın məqsədi Ulu öndərimiz Heydər Əliyev irsində mənəvi tərbiyə məsələlərini tədqiq etməkdən, təlim prosesində, sinifdənxaric tədbirlərdə onlardan istifadənin imkan və yollarını müəyyənləşdirməkdən ibarətdir.

Tədqiqatın vəzifələri. Məqsəddən asılı olaraq qarşıda aşağıdakı vəzifələr dayanmışdır:

- Ulu öndərin keçdiyi həyat yolunu gənc nəslin mənəvi tərbiyəsində bir nümunə olaraq təqdim etmək;

- onun milli-mənəvi dəyərlərimizin qoruyucusu kimi yüksək mənəvi keyfiyyətlərini, bu sahədə fəaliyyətini üzə çıxarmaq;

- Heydər Əliyev irsində mənəvi tərbiyənin məzmununu təşkil edən vətənpərvərlik, yüksək ideyalılıq, ləyaqətlilik, inam, əqidəlilik, xeyirxahlıq, tələbkarlıq kimi keyfiyyətlərlə bağlı fikirlərini aşkarlamaq;

- Heydər Əliyev irsində mənəvi tərbiyə məsələlərini ictimai-humanitar fənlərin tədrisində və sinifdənxaric tədbirlərdə öyrənilməsi istiqamətlərini müəyyənləşdirmək;

- Heydər Əliyev irsində mənəvi tərbiyə məsələlərinin ictimai-humanitar fənlərin (tarix, ədəbiyyat) proqram və dərsliklərində öyrənilmə imkarlarını aşkarlamaq;

- sinifdənxaric tədbirlərdə ulu öndərimiz Heydər Əliyev irsində mənəvi tərbiyə məsələlərinin öyrənilməsi üzrə işin növlərini müəyyənləşdirmək;

- tədqiqatın nəticələrinə əsaslanaraq ulu öndərin irsindən gənc nəslin mənəvi tərbiyəsində daha səmərəli istifadə etmək üçün təkliflər hazırlamaq;

- Ulu Öndərin mənəvi tərbiyə ilə bağlı fikirlərindən təlim-tərbiyə prosesində səmərəli istifadənin imkanlarını elmi şəkildə əsaslandırmaqla bu sahədə çalışanlara (müəllimlərə, valideynlərə) köməklik göstərməkdir.

Tədqiqatın metodoloji əsasını pedaqoji fakt, hadisə və proseslərin öyrənilməsi, dərk edilməsi və dəyişdirilməsi maqsədilə tətbiq edilən nəzəri müddəaların, metod və vasitələrin məcmusu təşkil edir.

Tədqiqatın metodları. Tədqiqat zamanı aşağıdakı metodlardan istifadə edilmişdir; 1) nəzəri-tarixi müqayisəli təhlil; 2) arxiv sənədlərinin, pedaqoji mətbuatın və digər elmi-tarixi materialların öyrənilməsi.

Tədqiqatın elmi yeniliyi. Müasir dövrdə Ulu Öndərimiz Heydər Əliyev irsində mənəvi tərbiyə məsələləri ilk dəfə olaraq nəzəri-tarixi baxımdan elmi-tədqiqat işi səviyyəsində öyrənilmişdir.

Dissertasiya işində ulu öndərimiz Heydər Əliyevin mənəvi tərbiyənin məzmununu təşkil edən keyfiyyətlərlə bağlı fikirlərinin öyrənilməsi bu istiqamətdə aparılan mənəvi tərbiyə işlərinə yeni yönümdən yanaşma zərurəti yaradır.

Ulu öndərimiz Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qoruyucusu kimi bu dəyərlərin məzmun və mahiyyəti ilə bağlı fıkirlərinin araşdırılması müxtəlif tarixi dövrlərdə yaşamış, şəxsiyyətlərin irsini müqayisəli şəkildə təhlil etmək zərurəti yaratmışdır. Bu isə eyni zamanda milli-mənəvi dəyərlərimizlə bağlı müxtəlif tarixi dövrlərdə yaşamış şəxsiyyətlərin fikirlərinin üzə çıxarılması deməkdir. Onun bu sahədə fəaliyyətinin işıqlandırılması gələcək nəsildə bu dəyərlərə sadiqlik, qayğı, diqqət, hörmət və digər yüksək mənəvi keyfiyyətlərin formalaşdırılmasında böyük önəm daşıyır.

Təlim prosesində və eləcə də sinifdənxaric tədbirlərdə ulu öndərimiz Heydər Əliyev irsinin öyrənilməsi istiqamətlərinin müəyyənləşdirilməsi mənəvi tərbiyə sahəsində imkanları üzə çıxarmış və bu yönümdə müxtəlif tədbirlərdə işin növlərinin həyata keçirilməsini müəyуənləşdirmişdir.

Tədqiqatın nəzəri əhəmiyyəti. Ulu öndərimiz Heydər Əliyevin irsində mənəvi tərbiyə məsələlərinin tədqiqi və bu zaman aparılan ümumiləşmələr, irəli sürülən müddəalar pedaqoji fıkrimizi nəzəri-tarixi yönümdən zənginləşdirməklə yanaşı, gənc nəsli mənəvi yönümdən tərbiyə etməkdə böyük önəm kəsb edir.

Tədqiqatın praktik əhəmiyyəti. Tədqiqat işi aşağıdakı praktik məsələlərin həlli üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, dissertasiya işində irəli sürülən ideyalardan «Pedaqogika», «Pedaqogika tarixi» üzrə dərslik və tədris vəsaitlərinin təkmilləşdirilməsində, humanitar fənlərin tədrisində, müxtəlif ictimai tədbirlərin həyata keçirilməsi prosesində, sinifdənxaric tədbirlərdə istifadə etmək olar.

Müdafiəyə aşağıdakı müddəalar çıxarılır:

  1. Ulu öndərimiz Heydər Əliyevin həyat yolu mənəvi tərbiyə nümunəsidir.
  2. Yüksək milli-mənəvi dəyərlərin qoruyucusu kimi Heydər Əliyevin mənəvi irsi gənc nəsli milli-mənəvi dəyərlərə sadiqlik, azərbaycançılığa və bəşəriliyə hörmət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, yüksək ideyalılıq, ləyaqətlilik, inam, əqidə, xeyirxahlıq, tələbkarlıq kimi mənəvi keyfiyyətlərin formalaşdırılmasında böyük önəm kəsb edir.
  3. Ulu öndərimiz Heydər Əliyev irsində mənəvi tərbiyənin məzmunu məsələlərinin araşdırılması bu istiqamətdə aparılan mənəvi tərbiyə işlərinə yeni yönümdən yanaşma zərurəti yaradır.
  4. Heydər Əliyev irsində mənəvi tərbiyə məsələlərinin (yuxarı siniflərdə VIII-XI) ictimai-humanitar fənlərin proqram və dərsliklərində, eləcə də sinifdənxaric tədbirlərdə öyrənilməsi istiqamətlərinin müəyyənləşdirilməsi, bu istiqamətdə aparılan işlərin imkanlarını daha da genişləndirir və zənginləşdirir.

Tədqiqatın nəticələrinin tətbiqi. Tədqiqatın bir sıra aspektləri gənc doktorantların və tədqiqatçıların keçirilmiş respublika və beynəlxalq elmi konfranslarında səslənmiş, yüksək mükafatlara layiq görülmüşdür.

Dissertasiyanın bir sıra aspektləri 4 tezisdə və 10 jurnal məqaləsində öz ifadəsini tapmışdır. 10 jurnal məqaləsindən 3-ü xaricdə nəşr olunmuşdur.

Dissertasiyanın quruluşu. Dissertasiya girişdən, 8 yarımfəsli əhatə edən 3 fəsildən, nəticə və təkliflərdən, istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.

TƏDQİQATIN ƏSAS MƏZMUNU

Girişdə mövzunun aktuallığı əsaslandırılır, problemin öyrənilmə səviyyəsi, tədqiqatın obyekti, məqsədi, vəzifələri, predmeti, metodoloji əsası, tədqiqat prosesində istifadə olunmuş metodlar, elmi yeniliyi, nəzəri və praktik əhəmiyyəti, müdafiəyə çıxarılan əsas müddəalar açıqlanır.

Dissertasiyanın birinci fəsli «Heydər Əliyev şəxsiyyəti gənc nəslə nümunədir» adlanır. Bu fəsil iki yarımfəsli əhatə edir. Birinci yarımfəsil «Heydər Əliyevin həyatı mənəvi tərbiyə nümunəsidir», ikinci yarımfəsil isə «Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qoruyucusu kimi» adlanır. Həmin fəslin «Heydər Əliyevin həyatı mənəvi tərbiyə nümunəsidir» adlı yarımfəslində H.Ə.Əliyevin həyatının gənc nəslin mənəvi tərbiyəsinin vasitələrindən biri kimi təqdim etməzdən əvvəl belə bir suala cavab axtarılmışdır: şəxsiyyət kimdir və о digərləri üçün nə zaman nümunəyə çevrilir?

Bu məsələyə aydınlıq gətirmək üçün «şəxsiyyət» anlayışının mahiyyətinə elmi, elmi-kütləvi ədəbiyyatlar nəzərdən keçirilərək aydınlıq gətirilmiş, şəxsiyyətin digərləri üçün nə zaman nümunəyə çevrilməsi tədqiqat nəticəsində üzə çıxarılmışdır. Məlum olmuşdur ki, şəxsiyyət haqqında danışarkən insanın üz quruluşu, boy-buxunu, gözünün, saçının rəngi kimi anadangəlmə fıziki keyfiyyətləri deyil, onun həyatda qazandığı əxlaqi, estetik və s. mənəvi keyfiyyətləri ön plana çəkilir.

Şəxsiyyəti səciyyələndirən, digərlərindən fərqləndirən və üstün edən başlıca xüsusiyyəti də onun yüksək mənəvi keyfiyyətlərə sahib olmasıdır.

Ulu öndərimiz Heydər Əliyev də öz mənəvi keyfiyyətləri ilə digərlərindən fərqlənən, ictimai prosesə və mənəvi inkişafa təsir göstərən şəxsiyyətlərdəndir. Məhz belə şəxsiyyətlər ictimai prosesə və mənəvi inkişafa təsir göstərə bilir, digərləri üçün nümunəyə çevrilirlər.

Bu yarımfəsildə H.Ə.Əliyevin bir şəxsiyyət olaraq yüksək mənəvi keyfiyyətləri onun həyatının ayrı-ayrı məqamlarına toxunularaq gənc nəslin mənəvi tərbiyəsinə nümunə olaraq təqdim edilir. Eləcə də bu yarımfəsildə H.Ə.Əliyevin həyatda yüksək önəm verdiyi sədaqətlilik, iradəlilik, ədalətlilik, qeyrətlilik, paklıq, saflıq kimi mənəvi keyfiyyətlərə münəsibati açıqlanmışdır.

İkinci yarımfəsildə isə ulu öndərimiz Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qoruyucusu kimi dilimizə, dinimizə, adət-ənənələrimizə, tariximizə olan münasibəti açıqlanmışdır.

İlk əvvəl burada H.Ə.Əliyevin milli-mənəvi dəyərimiz olaraq doğma dilimizə qayğı və diqqəti nəzərə çatdırılmış, xalqın həyatındakı rolu açıqlanmışdır.

Dinimizlə bağlı araşdırmalarda islam dininin ən müqəddəs kitabı olan «Qurani-Kərim», dünya miqyasında böyük və nadir şəxsiyyət sayılan Məhəmməd peyğəmbər (ə), müqəddəs ziyarətgahlarımız göz önünə gətirilmiş, H.Ə.Əliyevin bu dəyərlərlə bağlı fıkirləri tədqiq edilmiş, onlara milli-mənəvi dəyərlərimizin qoruyucusu kimi münasibəti açıqlanmışdır. Burada H.Ə.Əliyevin xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış adət-ənənələri ilə bağlı fikirlərinin araşdırılması böyük maraq kəsb edir. Belə ki, H.Ə.Əliyevin irsində adət- ənənələrimizlə bağlı araşdırmalardan məlum olur ki, H.Ə.Əliyev əsrlərin dərinliyindən bu günə gəlib çatan bizim bütün milli və dini adət-ənənələrimizin məqsədini insanları saflığa, düzlüyə, paklığa dəvət etməkdə, insanları bu əhval-ruhiyyədə tərbiyə etməkdə görür.

Aparılan araşdırmalar zamanı məlum olur ki, H.Ə.Əliyev Qurban bayramı gününü, Ramazan bayramını, Həzrəti imam Hüseynin qətlə yetirilən günü və onunla bağlı keçirilən Aşura mərasimini bizə yaşayış tərzimizi, mənəvi əxlaqi dəyərlərimizi nəsildən-nəslə əyani şəkildə çatdıran dini adət-ənənələrimiz olaraq görür.

O, eyni zamanda Azərbaycan türklərinin çox qədim zamanlardan baharın gəlişinin, təbiətin oyanmasını bayram etməsini ən gözəl milli ənənələrimizdən hesab edərək bu qəbildən olan adətlərimizi xalqımız tərəfindən qorunaraq inkişaf etdirilməsini mühüm məsələlər olaraq irəli sürür.

Burada H.Ə.Əliyevin bu dəyərlərin inkişafı, qorunması və təbliğ olunması istiqamətində gördüyü işlərdən bəhs edilərək, onun bu dəyərlərə verdiyi önəm geniş şəkildə açıqlanır.

«Heydər Əliyev irsində mənəvi tərbiyənin məzmunu» adlı II fəsli özündə dörd yarımfəsli birləşdirir. Birinci yarımfəsil «Vətənpərvərlik tərbiyəsi məsələləri» adlanır. Bu yarımfəsildə vətənpərvərliyin mənəvi tərbiyənin məzmununu təşkil edən mənəvi dəyər kimi mahiyyəti H.Ə.Əliyev irsinə istinad edilərək araşdırılır.

Araşdırmalar zamanı məlum olur ki, tarix boyu vətənpərvərlik anlayışı bir neçə məna və məzmunda işlədilmişdir. Əvvəlcə sovet vətənpərvərliyi, Böyük Vətən müharibəsindən sonrakı dövrlərdə sosialist vətənpərvərliyi kimi işlədilmiş, onun geniş mahiyyət və məzmun daşıdığı bildirilmişdir. Sovetlər birliyi dağılandan xalqımız müstəqillik əldə edəndən sonra vətənpərvərlik anlayışı Azərbaycan vətənpərvərliyi kimi işlədilmişdir.

Vətənpərvərlik anlayışı ilk dəfə məhz ulu öndərimiz Heydər Əliyev tərəfindən milli Azərbaycan vətənpərvərliyi kimi daha geniş mahiyyət kəsb etmiş və onun məzmunu daha da dərinləşdirilmişdir.

Tədqiqat zamanı eləcə də H.Ə.Əliyevin mənəvi tərbiyənin məzmununu təşkil edən vətənpərvərliyin mənəvi dəyər olaraq gələcək nəsildə daha da gücləndirilməsi və inkişaf etdirilməsindən ötrü gördüyü işlərdən bəhs edilmiş, onun vətənpərvərliyə verdiyi önəm geniş şəkildə açıqlanmışdır.

Burada eləcə də bir çox ictimai xadimlərin, şair və yazıçıların, qüdrətli dövlət başçılarının vətənpərvərliklə bağlı fıkirlərinə aydınlıq gətirilmişdir.

İkinci yarımfəsil «Yüksək ideyalılıq və ləyaqətlilik tərbiyəsi» adlanır. Bu yarımfəsildə yüksək ideyalılıq, ləyaqətlilik kimi mənəvi keyfiyyətlərin anlam və mahiyyətinə elmi, elmi-kütləvi, eləcə də klassik ədəbiyyatlara müraciət olunaraq aydınlıq gətirilir.

H.Ə.Əliyevin bu mənəvi keyfiyyətlərlə bağlı fıkirləri açıqlanır. Onun mənəvi tərbiyənin məzmununu təşkil edən yüksək ideyalılıq, ləyaqətlilik kimi mənəvi keyfiyyətlərin formalaşdırılmasından ötrü bizə göstərdiyi istiqamətlər ortaya çıxarılır və öyrənilir.

II fəslin iiçüncü yarımfəsli «İnam və əqidə məsələləri» adlanır. Bu yarımfəsildə Heydər Əliyevin inam və əqidə kimi mənəvi tərbiyənin məzmununu təşkil edən keyfiyyətlərlə bağlı fikirləri araşdırılmış və öyrənilmişdir. İnam və əqidə kimi mənəvi keyfiyyətlərin məzmun və mahiyyətinə aydınlıq gətirilmişdir.

H.Ə.Əliyev irsində mənəvi tərbiyə sahəsində aparılan araşdırmalardan məlum olur ki, Heydər Əliyev torpağa, millətə, xalqa olan sevgini əqidəli insanın həyatının amalı olaraq görürdü. Məhz bu amillərə olan sevgini о insanın, xüsusilə gəncin həyatda fəal həyat mövqeyinə malik olmaqda mühüm hesab edirdi.

Tədqiqat zamanı göstərilir ki, H.Ə.Əliyev əqidə kimi mənəvi keyfiyyətə Azərbaycanın özündə və eləcə də bütün dünyada yaşayan soydaşlarımızı birləşdirən mənəvi dəyərlərdən biri olaraq yanaşır. Bu səbəbdən də о əqidə birliyi anlamına yalnız bir şüar olaraq ayrı-ayrı məqsədlər üçün işlədərək hörmətdən salmağımızı istəmir. O, əqidəliliyi ədalətsizlik qanunlarına qarşı üsyanda, insan azadlığı və müstəqilliyini, fəallığını məhdudlaşdıran qanunlarla mübarizədə görür.

Eləcə də H.Ə.Əliyev inamı yalnız mənəvi keyfiyyətlərin ifadə tərzi deyil, eyni zamanda bu keyfiyyətlərin digər mənəvi keyfiyyətlərin formalaşdırılmasında ən güclü təsir vasitələrindən biri olaraq görür. Belə ki, düzgün tərbiyə tələblərinin nədən ibarət olmasını izah etmək və onların icrasının zəruriliyini tərbiyə olunanlarda əqidə yaratmaq məhz inam vasitəsilə həyata keçirilir. İnam nəticəsində müxtəlif vəziyyətlərdə rast gəlinən davranışın əxlaqa zidd normalarına qarşı şəxsiyyətin mənfi mövqeyi yaranır.

Tədqiqat zamanı eləcə də H.Ə.Əliyevin insanın Allaha, onun varlığına, müqəddəs «Qurani-Kərim»ə, müqəddəs yerlərə olan inamı ilə bağlı fikirləri də tədqiq edilmişdir. Bu məqsədlə elmi, elmi-kütləvi ədəbiyyatlara müraciət edilmiş və öyrənilmişdir.

Dördüncü yarımfəsildə isə «Xeyirxahlıq və tələbkarlıq motivləri”nin mahiyyət və məzmunu H.Ə.Əliyev irsində araşdırılmışdır. Tədqiqat zamanı aydın olmuşdur ki, H.Ə.Əliyev irsində xeyirxahlıq - mərhəmətlik, qayğı, ehtiram, insanpərvərlik, hörmət və digər mənəvi keyfiyyətlərin başlanğıcıdır. Tələbkarlıq isə mənəvi keyfiyyət olaraq tərbiyə olunanların diqqətini müvafiq keyfiyyətlərə, bəzən arzu olunan: intizamlılığa, qayğıkeşliyə, təmizkarlığa, xeyirxahlığa, mədəniyyət əlamətlərinə, bəzən də arzu olunmayan həmin keyfiyyətlərin pozulduğu hallara istiqamətləndirir.

Dissertasiyanın III fəsli «Heydər Əliyev irsində mənəvi tərbiyə məsələlərinin ictimai-humanitar kontekstdə öyrənilməsinin əsas istiqamətləri» adlanır. Bu fəsil iki yarımfəsli əhatə edir. Birinci yarımfəsil «Heydər Əliyev irsində mənəvi tərbiyə məsələlərinin ictimai-humanitar fənlərin tədrisində öyrənilmə imkanları» adlanır. Bu yarımfəsildə problem baxımından yuxarı siniflərdə (VIII-XI) ictimai- humanitar fənlərin proqram və dərsliklərində verilmiş mövzuların H.Ə.Əliyev irsindən istifadə imkanları aşkarlanır.

Tədqiqatın gedişində ilk əvvəl hazırda fəaliyyətdə olan ictimai-humanitar fənlərdən tarix fənninin proqram və dərsliklərinə nəzər salınır. Xüsusilə, VIII siniflərdə Orta əsrlər tarixi kursu üzrə proqram və dərsliklərdə verilmiş «XI əsr-XIII əsrin birinci yarısında dünya xalqlarının mədəniyyəti» bölməsinə aid edilən «Türk xalqlarının mədəniyyəti», «Avropa və Amerika xalqlarının mədəniyyəti», «Şərq xalqlarının mədəniyyəti» (dərsliklərdə bu mövzular IX fəsildə «Mədəniyyət» başlığı altında göstərilmişdir) mövzuları H.Ə.Əliyev irsində mənəvi tərbiyə məsələlərinin öyrənilmə imkanları baxımından tədqiq edilir.

Eləcə də IX sinfin Yeni tarix kursu üzrə proqramda verilmiş mövzuların H.Ə.Əliyev irsindən istifadə imkanları üzə çıxarılır. Tədqiqat zamanı belə qənaətə gəlinir ki, H.Ə.Əliyevin bu fikirlərinin aşkarlanması bir tərəfdən Qərbi Avropa və Rusiya mədəniyyətinin öyrənilməsi zəruriliyini ortaya qoyaraq şagirdləri mənəvi yönümdən inkişaf etdirir, digər tərəfdən isə onun irsinin öyrənilməsində yollar açır.

Eləcə də X sinfin Azərbaycan tarixi kursundan «Azərbaycan XX əsrin əvvəllərində» bölməsinə daxil olan «Neft sənayesində vəziyyət. İnhisarlar», «Yeni aqrar qanunlar və onların mahiyyəti», «Şəhərlər. Ticarət» mövzularının H.Ə.Əliyev irsində mənəvi tərbiyə məsələlərinin öyrənilmə imkanlarının aşkarlanması zamanı belə qənaətə gəlinir ki, mövzular keçirilərkən həmin dövrü müasir dövrlə müqayisəli şəkildə təhlil edərək onun bu sahələr üzrə gördüyü işlərdən, keçirdiyi dövlət və beynəlxalq əhəmiyyətli tədbirlərdəki çıxışları şagirdlərin diqqətinə çatdıra bilər.

Tədqiqat zamanı о da məlum olur ki, XI sinfin Azərbaycan tarixi kursu üzrə proqram və dərsliklərdə verilmiş mövzulardan «20 yanvar faciəsi: dərsləri və əhəmiyyəti», «Azərbaycan dövlət müstəqilliyinin bərpa olunması», «Qarabağ müharibəsi. Siyasi böhranın dərinləşməsi» və s. mövzuların H.Ə.Əliyev irsindən istifadədə də geniş imkanları vardır.

XI sinfin Ən yeni tarix kursundan «Türk dünyası və Qafqaz xalqları» bölməsinə daxil olan «Türkiyə» mövzusunun tədrisində də müəllim H.Ə.Əliyevin irsində mənəvi tərbiyə məsələlərinin öyrənilmə imkanını qazanır.

Tədqiqatın gedişində eləcə də ictimai-humanitar fənlərdən hazırda fəaliyyətdə olan yuxarı siniflərin ədəbiyyat fənni üzrə proqram və dərsliklərə də nəzər salınmış, problem baxımından təhlil edilmişdir.

Təhlil nəticəsində mövzuların tədrisində H.Ə.Əliyev irsində mənəvi tərbiyə məsələlərinin öyrənilmə imkanları aşkarlanmışdır. Belə ki, VIII sinfin ədəbiyyat fənni üzrə dərslik və proqramların araşdırılması zamanı məlum olmuşdur ki, burada verilmiş «Koroğlu» dastanı, «Dədə Qorqud» dastanı, «Mirzə Ələkbər Sabir. Bir cibimdə əskinasım», «Əbdürrəhim bəy Haqverdiyev. Mirzə Cəfər», «Məhəmməd Hadi. Türkün nəğməsi» mövzuları bizə H.Ə.Əliyev irsinin öyrənilməsində geniş imkanlar açır.

Tədqiqat zamanı eləcə də IX sinfin ədəbiyyat proqramı üzrə «Bəxtiyar Vahabzadə. Latın dili», «Xəlil Rza Ulutürk. Mənim dilim», X sinif üzrə «Dədə Qorqud», «Məhəmməd Füzuli», XI sinif üzrə proqram və dərsliklərdə verilmiş «Cəlil Məmmədquluzadə», «Hüseyn Cavid», «Səməd Vurğun», «İsmayıl Şıxlı» kimi mövzuların tədrisində H.Ə.Əliyev irsində mənəvi tərbiyə məsələlərinin öyrənilmə imkanları aşkarlanmışdır.

Dissertasiyanın ikinci yarımfəsli «Sinifdənxaric tədbirlərdə Heydər Əliyev irsində mənəvi tərbiyə məsələlərinin öyrənilməsi» adlanır. Bu yarımfəsildə H.Ə.Əliyev irsində mənəvi tərbiyə məsələlərinin öyrənilməsi məqsədilə sinifdənxaric tədbirlərin növləri müəyyənləşdirilmiş və onların bu istiqamətə yönəldilməsi üstünlükləri aşkarlanmışdır.

Tədqiqat zamanı belə qənaətə gəlinmişdir ki, sinifdənxaric tədbirlərin növlərinin müxtəlifliyindən və rəngarəngliyindən istifadə edərək H.Ə.Əliyev irsində mənəvi tərbiyə məsələlərini öyrənmək mümkündür. Burada eləcə də məktəblərdə sinifdənxaric tədbirlər zamanı H.Ə.Əliyev irsindən istifadənin vəziyyəti müşahidələrə və məktəb sənədlərinin öyrənilməsi nəticəsində toplanılan materiallara əsasən müəyyənləşdirilmişdir. Apardığımız tədqiqat işi aşağıdakı elmi-pedaqoji nəticələrə gəlməyə imkan verir:

1) Müstəqil inkişaf yoluna qədəm qoymuş Azərbaycan Respublikasında elmin, təhsilin və mədəniyyətin inkişafı, demokratik vətəndaş cəmiyyətinin qurulması və yeni nəslin mənəvi yönümdən formalaşdırılması prioritet sahələrdən biridir.

Mənəvi yönümdən inkişaf isə ilk növbədə gənc nəslə aşılanacaq tərbiyədən asılıdır. Bu baxımdan gənc nəsli Heydər Əliyev irsindən istifadə edərək mənəvi yönümdən tərbiyələndirmək olduqca önəmlidir.

2) Ulu öndərimiz Heydər Əliyev irsində mənəvi tərbiyə məsələləri ilə bağlı fəlsəfi, tarixi, siyasi və eləcə də pedaqoji yönümlü ədəbiyyatlara müraciət edilməsi, bu tərbiyənin qarşısında duran bir çox problemlərin həlli yollarına müxtəlif yönümdən yanaşaraq izah etməyə imkan verir.

3) Ulu öndərin keçdiyi həyat yolunun gənc nəslin mənəvi tərbiyəsində nümunə olması onlarda yüksək mənəvi keyfiyyətlərin formalaşdırılmasında böyük əhəmiyyət kəsb edir.

4) Onun milli-mənəvi dəyərlərimizin qoruyucusu kimi bu dəyərlərlə bağlı fikirlərin tədqiqi bu dəyərlərə sahib çıxmaq, onları qorumaq əzmini gənclərdə yüksəldir, milli şüuru formalaşdırır.

5) Ulu öndərimiz Heydər Əliyev irsində, mənəvi tərbiyənin məzmununu təşkil edən vətənpərvərlik, yüksək ideyalılıq, ləyaqətlilik, inam, əqidəlik, xeyirxahlıq, tələbkarlıq kimi mənəvi keyfiyyətlərin tədqiqi bu keyfiyyətlərin məzmun və mahiyyətinə yeni yönümdən yanaşmanı tələb edir.

6) Ulu öndərimiz Heydər Əliyev irsinə, bu sahədəki qabaqcıl təcrübənin ümumiləşdirilməsinə və öyrənilib yayılmasına dair metodik göstərişlərin olmaması hələ də orta məktəb müəllimlərinin qarşısında bu sahədə çətinliklər törədir. Ulu öndərimiz Heydər Əliyev irsində mənəvi tərbiyə məsələlərini ictimai-humanitar fənlərin imkanlarından istifadə etməklə aşılamaq olar.

7) İndiyədək ictimai-humanitar fənlərin tədrisində ulu öndərimiz Heydər Əliyev irsindən istifadə etməklə şagirdlərin mənəvi yönümdən tərbiyə olunması üzrə fundamental tədqiqatlar aparılmamışdır.

8) Ümumtəhsil məktəblərində, xüsusilə, yuxarı siniflərdə ictimai-humanitar fənlərin proqram və dərsliklərinin nəzərdən keçirilməsi bu sahədə geniş imkanların olduğunu üzə çıxarır. Bu imkanlardan düzgün istifadə olunması tədqiqat işində öz əksini tapmışdır.

9) Yuxarı siniflərdə (VIII-XI) ictimai-humanitar kontekstdə Heydər Əliyev irsində mənəvi tərbiyə məsələlərinin öyrənilmə imkanlarının araşdırılması, təlimin tərbiyəedici vəzifələrinin həyata keçirilməsində mühüm addımdır.

10) Yuxarı siniflərdə, xüsusilə, VIII-XI siniflərdə ictimai-humanitar fənlərin proqram və dərsliklərində ulu öndərimiz Heydər Əliyev irsinin öyrənilmə imkanlarının üzə çıxarılması, şagirdləri mənəvi yönümdən tərbiyə etməklə yanaşı, onlarda bilik, bacarıq və vərdişləri formalaşdırır.

11) Eyni zamanda tədqiqat işində göstərilir ki, ictimai-humanitar fənlərin tədrisində Heydər Əliyev irsini mənəvi yönümdən tədqiq etmək, təlimin tərbiyəetdirici vəzifəsinin düşünülmüş və səmərəli həyata keçirmək müəllimdən pedaqoji ustalıq və bacarıq tələb edir.

12) Ulu öndərimiz Heydər Əliyev irsinin öyrənilməsi gənclərin bilik və bacarıqlarını üzə çıxarır.

13) Dərslərdə həyata keçirilən mənəvi tərbiyə işinin tamlığı о zaman yaranır ki , sinifdənxaric tədbirlərdə bu iş müvəffəqiyyətlə uzlaşdırılsın.

Bu baxımdan tədqiqat işində sinifdənxaric tədbirlərdə Heydər Əliyev irsində mənəvi tərbiyə məsələlərinin öyrənilməsi üzrə aparılan işlər mühüm əhəmiyyət kəsb edir.

Tədqiqatın yekunlarının təhlili aşağıdakı tövsiyələrin təklif olunmasına əsas verir:

- Gənc nəslin ulu öndərimiz Heydər Əliyev şəxsiyyətinin mənəvi keyfiyyətləri əsasında tərbiyə edilməsi milli şüura, milli yaddaşa, möhkəm əqidəyə, şərəf və ləyaqətə, yüksək vətənpərvərlik hisslərinə malik xeyirxah insanın yetişdirilməsinə nail olmaq deməkdir. Bu baxımdan ulu öndərimiz Heydər Əliyev irsinin mənəvi yönümdən tədqiqi qarşıda duran ən zəruri və vacib vəzifələrdəndir.

- Ulu öndərimiz Heydər Əliyevin irsinə müraciət edilərkən gənclərin dərketmə imkanları, bacarıq və vərdişləri, eyni zamanda yaş səviyyələri nəzərə alınmalıdır.

- Təlimin tərbiyəedici vəzifələrini artırmaq məqsədilə Heydər Əliyev irsindən düzgün istifadə edilməlidir. Bu zaman şagirdlərin mənəvi tərbiyəsində müsbət yönümlü dəyişikliklər aşkara çıxarılmalıdır.

- Ulu öndərimiz Heydər Əliyev irsinin öyrənilməsi prosesində müəllim əvvəlcə öyrətdiyi mövzuya uyğun olaraq mənəvi tərbiyə məsələlərini nəzərdən keçirməli, təhlil etməli, daha sonra təlim prosesində şagirdlərin onları öyrənmə imkanlarını araşdırmalıdır.

 - Ulu öndərimiz Heydər Əliyev irsində mənəvi keyfiyyətləri gənclərə aşılayarkən onların mahiyyət və məzmunu əvvəlcədən açıqlanmalıdır.

- İctimai-humanitar kontekstdə Heydər Əliyev irsinin öyrənilməsi istiqamətləri sahəsində məktəblərin və müəllimlərin təcrübəsini əks etdirən, onları ümumiləşdirən qurumun yaradılmasına, sanballı metodik vəsait və kitabların çap olunmasına nail olunmalıdır.

 - Ulu öndərimiz Heydər Əliyev şəxsiyyətinin mənəvi keyfiyyətlərinin gənclərə aşılamaq məqsədilə ictimai-humanitar fənlərin imkanları daha da genişləndirilməlidir.

- Yuxarı siniflərdə ictimai-humanitar fənlərin tədrisində mövzular ulu öndərimiz Heydər Əliyev irsində mənəvi tərbiyə məsələləri ilə daha sıx əlaqələrdirilməli və nəzəri elmi müddəalar izah edilməlidir.

- Müəllim çalışmalıdır ki, nəticələr, müddəalar, ideyalar, nəzəri materiallar, faktlar, dəlillər əsasında yürüdülən mühakimənin nəticəsi kimi dərk olunsun.

- Ulu öndərimiz Heydər Əliyev irsində mənəvi dəyərlərin gənclərə aşılanması məqsədilə sinifdənxaric və məktəbdənkənar işlərin imkanları daha da genişləndirilməlidir.

- Məktəblərdə «Heydər Əliyev dərsləri» və «Heydər Əliyev məktəbi» məşğələləri mütəmadi olaraq təşkil edilməlidir.

- Orta məktəblərdə ulu öndərimiz Heydər Əliyev irsinin öyrənilməsi ilə əlaqədar fakültativ məşğələlərin proqramlarının imkanları genişləndirilməlidir.

 - Hər bir məktəbdə Heydər Əliyev muzeyində saxlanılan materiallar mənəvi tərbiyə işində daha çox istifadə edilməlidir.

- Məktəb kitabxanaları ulu öndərimiz Heydər Əliyev şəxsiyyətinin həyat və fəaliyyətindən bəhs edən kitablarla zənginləşdirilməlidir.

- Dərslərdə eyni zamanda sinifdənxaric işlərin təşkili zamanı ulu öndərimiz Heydər Əliyevin əsərləri, nitqləri, məruzələri, mətbuat nümayəndələrinin suallarına cavabları, televiziya çıxışları və s. əsasında audiovizual vasitələrin hazırlanması işi təşkil olunmalıdır.

- Gənc nəslin ulu öndərimiz Heydər Əliyev şəxsiyyətinin mənəvi keyfiyyətləri əsasında tərbiyələndirmək məqsədilə ailə ilə məktəb daha da əlbir işləməli və bu sahədə vahidlik prinsipinə əməl ediməlidir.

- Qrup halında təşkil edilən viktorinalarda, dəyirmi masa arxasında ulu öndərimiz Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi ilə bağlı keçirilən sinifdənxaric tədbirlərdə onun irsinə mütəmadi olaraq müraciət edilməli, ulu öndərimizin tərbiyə ilə bağlı fikirləri araşdırılmalı, təhlil edilməli, geniş mərhələlərlə və tarixi həqiqətlər, faktlar əsasında öyrənilməlidir.

 - Məktəblərdə ulu öndərimiz Heydər Əliyev irsinin öyrədilməsi məqsədilə inşa müsabiqəsi, müxtəlif olimpiyadaların tez-tez təşkil edilməsi mənəvi tərbiyə baxımından önəmlidir.

 - Sinifdənxaric tərbiyə işləri üzrə iş planları ulu öndərimiz Heydər Əliyev irsinin gənclərə aşılanması baxımından öyrənilməli, təhlil edilməli və daha da təkmilləşdirilməlidir.

Tədqiqatın məzmunu, əsas müddəalar və nəticələri nəşr olunmuş aşağıdakı əsərlərdə öz əksini tapmışdır:

      1.Heydər Əliyev şəxsiyyəti gənc nəslin mənəvi tərbiyəsində örnəkdir // Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri, 2005, №5, s.370-375

  1. Heydər Əliyev iradəsi və əqidə saflığı mənəvi tərbiyənin inkişafının hərəkətverici qüvvəsidir // Bakı Universitetinin Xəbərləri, 2006, №3, s. 144-148

      3.Heydər Əliyev dühası sönməzdir / Aspirantların və gənc tədqiqatçıların XI Respublika elmi konfransının materialları, BDU, 2006, s.309

  1. Böyüyən nəslin vətənpərvərlik tərbiyəsində Heydər Əliyev irsindən istifadə // İbtidai məktəb və məktəbəqədər tərbiyə, 2007, №1, s.61-66
  2. Heydər Əliyev ləyaqətliliyi yetişən nəslə nümunədir // Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. 2007, №5, s.329-333
  3. Yetişən nəslin milli-mənəvi tərbiyəsində Heydər Əliyev nümunəsindən istifadənin imkanları // Elmi əsərlər, 2007, № 2-3, s. 188-191
  4. Heydər Əliyev gələcək nəslin milli mənlik şüurunun formalaşdırılması haqqında // Pedaqoji Universitet Xəbərləri, 2008, №3, s. 294-297

      8.Yetişən nəslin milli mənlik şüurunun formalaşmasında Heydər Əliyev irsinin rolu / Aspirantların və gənc tədqiqatçıların XII Respublika elmi konfransının materialları, ADPU, 2008, s.335

  1. О доброжелательности и требовательности в наследии Гейдара Алиева // Педагогические науки, 2009, №2 (35), s.25-28
  2. Sinifdənxaric tədbirlərdə Heydər Əliyev irsindən istifadə imkanları / Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransının materialları, Bakı, 2010, s.276

     11.О национально-духовных ценностях Азербайджана в наследии Гейдара Алиева // Вестник КАЗНУ, Серия «Педагогические науки», 2010, №2-3, s.91-96

  1. Heydər Əliyev irsində dilimiz, dinimiz, adət-ənənələrimiz, tariximiz mənəviyyatımızın əsas amilləri kimi / Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş gənc tədqiqatçıların ümumrespublika elmi konfransı, Bakı: 2010, 06-07 may, s. 232.
  2. Ulu öndərimiz Heydər Əliyev tədris prosesinin təkmilləşdirilməsinin məzmunu haqqında / “Tədris prosesinin təkmilləşdirilməsinin pedaqoji-psixoloji problemləri” mövzusunda beynəlxalq konfransın materialları, Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu. Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan, 2011, 27-28 iyun, s.127

    14.Проблемы веры и убеждения моральном воспитании (в контексте творчества Г.Алиева) // Вектор науки, Тольяттинского Государственного Университета, Серия педагогика, психология, №2 (5), 2011, 8.77-79

http://www.aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/ped/ped_n_qkr_29_05_12.pdf