- Əziz qadınlar, analar, bacılar, qızlar!
Hörmətli qurultay!
Mən sizi - müstəqil Azərbaycanın ilk, Birinci Qadınlar qurultayının iştirakçılarını, bütün Azərbaycan qadınlarını səmimi qəlbdən salamlayır, sizə cansağlığı, səadət, bütün işlərinizdə və qurultayın işində böyük uğurlar arzulayıram.
Azərbaycanın qadınlar qurultayına mənim təbrik məktubum dünən sizə çatıbdır. Təəssüf edirəm ki, dünən sizin qurultayın işində iştirak edə bilməmişəm. Ancaq bu, mənim iştirak etməmək fikrimlə bağlı olmayıb, sadəcə sizin təşkilat komitəsi deyib ki, qurultaya nə vaxt gəlməliyəm, o vaxt da gəlmişəm. Mən intizamlı adamam. Əgər desəydilər ki, dünən gəlmək lazımdır, gəlib bu salonda oturardım. Sizə deyim ki, sizinlə bir yerdə, sizin yanınızda olmaq və bu salonda sizinlə bir yerdə oturmaq bütün başqa işlərimdən mənim üçün xoşdur.
Ancaq dünən burada qurultayın işi, çıxışlar haqqında, deyilən sözlər, irəli sürülən təkliflər haqqında mənim məlumatım var. Əmin ola bilərsiniz, - bu, məni o qədər maraqlandırır ki, sizin qurultay televiziya vasitəsilə videoya çəkilibdir, vaxt tapıb onun hamısına baxacağam və hesab edin ki, mən dünən burada sizin yanınızda olmuşam.
İndi isə burada kişilər həqiqətən çox fəal çıxış eləyiblər. Doğrudur, onlar sizin adınızdan çıxış ediblər. Ancaq biri, ikisi, üçü çıxış edəndə istədim əlimi qaldırıb deyəm ki, a kişi, bəsdir çıxış elədin, qoy qadınlar çıxış etsinlər. Ancaq bilirdim ki, sizin reqlamentlə, qanun-qayda ilə belə yazılıbdır. Yenə də deyirəm, intizamlı adamam, buna riayət etdim, səbrlə kişilərin çıxışlarını dinlədim.
Amma sizin bu qurultayın əsas mənası, məzmunu bizim nazirlərimizin, yəni kişilərin çıxışı deyildir. Doğrudur, onlar bölmələrdəki çıxışların, müraciətlərin yekunlarını qurultay iştirakçılarına çatdırdılar və çox əhəmiyyətli məlumatlar verdilər. Ancaq mən bugünkü şəxsi təəssüratımı deyirəm ki, qurultayın əsas məzmunu, mənası, bu qurultayda hökm sürən ab-hava, əhval-ruhiyyə sizin birliyiniz, həmrəyliyiniz, sevinciniz və sizdə olan ruh yüksəkliyidir. Bu, məni çox sevindirdi.
Mən bu gün bu salona baxarkən bir fikir söyləmək istəyirəm. Mən Azərbaycanın tarixində son əlli ildə keçirilən, demək olar, bütün mərasimlərin iştirakçısı olmuşam. Xüsusən 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayan zamandan bütün mərasimlərdə iştirak etmişəm. Bu salonda ilk dəfə təntənəli mərasim 1972-ci ilin dekabr ayında olubdur. Ondan sonra burada qurultaylar, beynəlxalq konfranslar, keçmiş zamanlarda da, indi, biz dövlət müstəqilliyi əldə edəndən sonra da çox toplantılar, qurultaylar, təntənəli mərasimlər, yubileylər keçirilibdir. Əksəriyyətində də mən iştirak etmişəm. Bunların hər birinin özünəməxsus yeri var, hər biri xalqımızın, ölkəmizin tarixinin müəyyən səhifəsidir. Böyük məmnuniyyət hissi ilə deyə bilərəm ki, bunların hamısı yüksək səviyyədə keçibdir.
Ancaq bu gün bu salondakı mənzərə Azərbaycanın tarixində ilk dəfə olan mənzərədir. Keçmiş Sovetlər İttifaqı vaxtında Azərbaycan xanımlarının dörd qurultayı keçirilmişdir. O qurultaylar haqqında məlumatlar var, onların hər birinin özünəməxsus əhəmiyyəti var və Azərbaycanda qadın hərəkatının, qadınların inkişafında çox böyük rol oynamışlar. Ancaq onların heç birisi bununla müqayisə oluna bilməz. Şübhəsiz, bugünkü qurultayın əsasını, mənasını, məzmununu təşkil edən odur ki, bu, müstəqil Azərbaycan Respublikasının qadınlarının ilk qurultayıdır. Ancaq bununla yanaşı, yenə də deyirəm, iyirmi beş yaşı olan bu salonda ilk dəfə yalnız məhz qadınlar toplaşıblar, kişilər isə çox azlıq təşkil edirlər. Qadınlar insan cəmiyyətinin ən gözəl, ən zəkalı hissəsi olduğuna görə, təsəvvür edin, bu salonda nə qədər gözəllik var! Əgər ayrı-ayrı kişilər, bu nazirlər burada oturmasaydılar, bu salon necə olardı. Ancaq bilirəm ki, siz buna razı olmazdınız, çünki siz də istəyirsiniz ki, aranızda bir az kişilər olsun.
Həqiqətən, çox gözəl bir mənzərədir, gözəl mühit, gözəl əhval-ruhiyyədir.
Nəhayət, mən sizin dünənki çıxışlarınızın şərhini eşitməmişdim. Amma bu gün buradakı əhval-ruhiyyə, mühit, iqlim və qəbul etdiyiniz sənədlər və xüsusən son sənəd - qadınlar qurultayının bütün Azərbaycan qadınlarına müraciəti məni çox həyəcanlandırdı, coşdurdu, sevindirdi. Ağdamlı qızımız burada şer oxuyanda mən çox həyəcanlandım, mənə həddindən artıq təsir etdi. O təsirin altında sizin hamınızı dinləyirdim. Qurultayın Azərbaycan qadınlarına müraciəti həm məzmunu, həm də onu oxuyan bacımızın səsi ilə məni daha da həyəcanlandırdı. Ümumiyyətlə, mən çox mərasimlər görmüşəm, həyəcanlandığım, coşduğum vaxtlar da olubdur. Amma bilin, inanın, bugünkü qədər həyəcanlı, sevincli, coşğun olmamışam. Bu da burada bir daha hiss etdiklərim - sizin mənə olan münasibətiniz, hissiyyatlarınız və eyni zamanda mənim sizə olan münasibətim, hissiyyatlarım, sevincim və məhəbbətimdir.
Hesab edirəm ki, bu qurultay XX əsrdə Azərbaycanın tarixində ən böyük tarixi hadisələrdən biridir. Azərbaycan qadınları bu qurultayla müstəqil Azərbaycanda gələcəyin qadın hərəkatının əsasını qoyublar, qadınların cəmiyyətdə fəallığının, onların cəmiyyət və dövlətin həyatında iştirakının əsasını qoyublar. Siz bunun əsasını qoymusunuz, böyük iş görmüsünüz. Bu münasibətlə mən sizi ürəkdən təbrik edirəm.
Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti ilə və gözəlliyi, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır. Ancaq bununla bərabər, əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir və heç vaxt bu zəhmətdən inciməmişdir. Tarixi keçmişimizdə Azərbaycan qadınının görkəmli nümayəndələri olmuşdur. Onların adları dünən də, bu gün də burada çəkilibdir. Ancaq bununla yanaşı, Azərbaycan qadını əsrlər boyu bir çox hüquqlardan məhrum olmuşdur.
Ona görə də sona çatan XX əsr Azərbaycan qadını üçün böyük nailiyyətlər, hadisələr, böyük dəyişikliklər əsri olmuşdur. Ən böyük nailiyyət ondan ibarətdir ki, Azərbaycan qadını azadlığa çıxmışdır. Azərbaycan qadınının emansipasiyası tarixi bir hadisə, böyük inqilabdır. İndi qadınlar da bugünkü vəziyyətlərinə öyrəşiblər, biz hamımız da öyrəşmişik. Bəzən keçmişi unudarkən elə gəlir ki, həmişə belə olubdur və belə də olmalı idi. Həqiqətən belə olmalı idi, Azərbaycan qadını buna layiqdir.
Amma əslində isə belə olmayıbdır. Azərbaycan qadını zülmlər, əziyyət çəkib, ana olub, övlad böyüdüb, kişisinə xidmət edib, ailəsini, elini-obasını saxlayıbdır, çox hüquqlardan məhrum olubdur. 1918-1919-cu illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan qadınına tarixdə ilk dəfə hüquqlar - seçmək və seçilmək hüququ verilibdir. Sonrakı dövrdə, 1920-ci ildən başlayaraq, Azərbaycan qadınının həyatında tarixi nöqteyi-nəzərdən qısa bir zamanda böyük hadisələr baş veribdir. Qadın çadranı atıb, azad, sərbəst olub, cəmiyyətdə bərabər hüquqlara malik olub, öz istedadını göstərə bilib və cəmiyyətdə özünəməxsus yer tutubdur, öz daxili və zahiri gözəlliyini dünyaya nümayiş etdiribdir.
Dünən də, bu gün də rəqəmlər gətirildi ki, indi Azərbaycan qadını səhiyyədə işləyənlərin 70 faizini, təhsildə, maarifdə işləyənlərin 50-60 faizini, mədəniyyətdə işləyənlərin 70 faizini təşkil edir. Ancaq təsəvvür edin, əsrin əvvəlində bunların heç biri yox idi. Bəli, biz XX əsrin əvvəlində, yaxud da XIX əsrin sonunda Azərbaycan qadınlarının savadlı, biliklə, mədəniyyətə qovuşmuş, dünya mədəniyyətini mənimsəmiş tək-tək nümayəndələrini tanıyırıq, bilirik. Ancaq indi səhiyyə sistemində həkimlərin 70 faizi qadınlardırsa, əsrin əvvəlində bir nəfər də qadın həkimimiz yox idi. Təsəvvür edin, qısa bir tarixi zamanda nə qədər sıçrayış əmələ gəlibdir. Bu, təkcə səhiyyə, təhsil sahəsində deyildir. Həyatın bütün sahələrində mühəndis, iqtisadçı, başqa ixtisaslardan olan nə qədər qadınlar var. Əsası isə ondan ibarətdir ki, qadınlar savad, bilik alıblar, elmə, mədəniyyətə qovuşublar.
XX əsrin Azərbaycan xalqı üçün ən böyük nailiyyəti ondan ibarətdir ki, xalqımız savadsızlıqdan xilas olubdur. Savadsızlığın ləğv olunması XX əsrdə Azərbaycan xalqının həyatında böyük bir inqilabi hadisədir. Savadsızlığın ləğvində qadınların xüsusi rolu var. Birincisi, qadınlar özləri savadsızlığını ləğv etmişlər, ikincisi də qadınlar tezliklə müəllim olmuş, məktəblərdə işləmiş və öz övladlarını, balalarını məktəbə oxumağa göndərmişlər, onlara rəhbərlik etmiş, qayğı göstərmişlər və xalqımız qısa müddətdə savadlanmış, biliklənmişdir. Bəzən bunu da unudurlar ki, nə bilim, bəlkə belə də olmalıymış. Amma yanınıza-yörənizə, sağınıza-solunuza, Şərqə-Qərbə, Şimala-Cənuba baxın, - bizə bənzər ölkələr, xalqlar var. Onların savad-bilik səviyyəsi ilə Azərbaycan xalqının savad-bilik səviyyəsinin fərqi böyükdür. Bunda da qadınların çox böyük rolu olubdur.
Beləliklə, qadınlar Azərbaycanda özlərinə layiq yeri tutmuşlar. Doğrudur, siz dünən də, bu gün də bir çox təkliflər irəli sürmüsünüz. Onlardan bəziləri də bundan ibarətdir ki, qadınlar hakimiyyət orqanlarında, icra orqanlarında daha çox təmsil olunmalıdırlar, qadınlara yer verilməlidir. Mən bununla tam razıyam və sizə dərhal demək istəyirəm ki, burada özünüz seçdiyiniz şura qurultayın yekunlarını müzakirə edərkən lazımi tədbirlər həyata keçirəcəkdir. Ancaq eyni zamanda, mən bu gün sizi dinləyərək dərk edirəm ki, bu qurultayın yekunları bizim üzərimizə, mənim üzərimə çox böyük vəzifələr qoyur. Ona görə də o məsələlər ki, hökumət tərəfindən, hakimiyyət, icra orqanları tərəfindən həll olunmalıdır rica edirəm, onları mənə təqdim edəsiniz və mən mütləq onlara baxacaq, lazımi tədbirlər görəcəyəm. Burada sizi dinləyərkən düşünürdüm və belə bir qərar qəbul etdim ki, qadınlar qurultayının yekunları ilə əlaqədar, irəli sürülmüş təkliflərin hakimiyyət orqanları tərəfindən həyata keçirilməsi üçün bir prezident fərmanı verilməli və müvafiq orqanlara lazımi tapşırıqlar verilməlidir.
Bu gün sizin qurultayınızı daha da zənginləşdirən aldığınız təbriklərdir, başqa ölkələrin qadın təşkilatları nümayəndələrinin iştirakı və dedikləri sözlərdir. Xarici ölkələrdən, o cümlədən, Amerika Birləşmiş Ştatları prezidentinin xanımı Hillari Klintondan, Gürcüstan prezidentinin xanımı Nanuli Şevardnadzedən və başqalarından aldığınız təbriklər sizi sevindirdiyi kimi, məni də çox sevindirdi. Gürcüstan nümayəndə heyətinin rəhbəri, səhv etmirəmsə, Qurgenidzenin çıxışı, Ukrayna nümayəndə heyəti rəhbərinin çıxışı da çox səmimi, həyəcanlı və çox sevindirici oldu. Bu təbriklərə, çıxışlara görə dost ölkələrə sizin adınızdan təşəkkürümü bildirirəm. Çox məmnunam ki, Gürcüstandan gələn xanımlar vaxtilə gürcü qadınları ilə bir yerdə çəkdirdiyim fotoşəkli göstərdilər. Mən ona baxdım, yadıma düşdü, - bu, çox illər bundan öncə olubdur. Amma şəkildə təkcə mən deyiləm, Gürcüstan prezidenti Şevardnadze də qadınlarla bir yerdədir. Mən tam razıyam ki, gürcü qadınları doğrudan da çox gözəldirlər. Siz qadınsınız, belə söhbət eləmək olar, - mən hələ çox gənc olarkən bəzən söhbət aparırdıq ki, hansı qadınlar daha gözəl olur. Biri deyirdi ki, gürcü qadını, biri deyirdi rus qadını gözəl olur, başqası deyirdi ki, yunan qadını gözəl olur. Mən də hesab edirəm ki, gürcü qadını çox gözəldir, amma Azərbaycan qadını da çox gözəldir. Mən bilirəm ki, keçmişdə bir çox azərbaycanlılar gürcü qızları ilə evlənib ailə həyatı qurmuşlar, elə indi də qururlar. Təkcə Gürcüstanda yaşayan azərbaycanlılar deyil, elə Azərbaycanda yaşayan azərbaycanlı oğlanlar, gənclər də gürcü qızları alıb çox xoşbəxt yaşayıblar.
Ümumiyyətlə, bu, bizim qədim dostluğumuzun rəmzidir. Mən bunu dəfələrlə demişəm və Gürcüstandan gələn dostumuz xanımın da dilindən eşitdik ki, gürcü xalqı ilə Azərbaycan xalqı arasında əsrlər boyu həqiqətən çox səmimi dostluq əlaqələri olmuşdur. Bizim aramızda heç vaxt nifaq olmayıbdır. İndi də müstəqil dövlətlər kimi Gürcüstanla Azərbaycan arasında olan dostluq, qardaşlıq əlaqələri Qafqazda sülhün, əmin-amanlığın yaranmasının böyük bir amilidir.
Hesab edirəm, bugünkü qurultayın əsas mənası bir də ondan ibarətdir ki, qadınlar müstəqil Azərbaycanın həyatında daha fəal iştirak etməlidirlər. Buna bizim ehtiyacımız var. Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra çox düzgün, doğru yol tutubdur. Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət qurulur. Azərbaycanda demokratiya prinsipləri yaradılır və inkişaf etdirilir. Ölkənin iqtisadiyyatında böyük dəyişikliklər gedir və bunların əsas mənası Azərbaycan iqtisadiyyatını bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat prinsipləri əsasında aparmaqdan ibarətdir. Bunun üçün də biz bütün sahələrdə islahatlar aparırıq. Siyasi islahatlar dövlət quruculuğu sistemində apardığımız işləri əhatə edir. Bu, bizim ilk Konstitusiyamızın qəbul olunması, çoxsaylı qanunlarımızın qəbul edilməsi, bir çox fərmanların verilməsi və başqa tədbirlərin görülməsi ilə əlaqədardır.
İqtisadi islahatlar Azərbaycanda iqtisadiyyatı bazar iqtisadiyyatı yolu ilə aparmaq məqsədi daşıyır. Bu, özəlləşdirmə proqramının, torpaq islahatının həyata keçirilməsidir, sahibkarlıq fəaliyyətinin, sahibkarlıq təbəqəsinin yaradılmasıdır, azad sahibkarlığa imkanlar yaradılmasıdır, Azərbaycana xarici investisiyanın gəlməsidir, xarici investisiyanın gəlməsi ilə Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya olunmasıdır. Bunlar hamısı qlobal proqramlardır. Biz bu proqramları tətbiq etmişik, son illərdə bunları həyata keçiririk və bilirsiniz ki, uğurlar əldə etmişik.
Sosial sahədə islahatlar keçirilir. Bilirsiniz ki, səhiyyə sahəsində islahatlar aparmaq üçün komissiya yaranıb və təkliflər hazırlanıbdır, bu yaxınlarda baxılıb lazımi qərarlar qəbul olunacaqdır. Təhsil sahəsində islahatlar keçirilməsi üçün təkliflər hazırlanıb və yaxın vaxtlarda baxılacaqdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial islahatların böyük istiqamətini təşkil edən bu sahədə böyük işlər görür və bir çox tədbirlər həyata keçirilir. Bütün başqa sahələrdə də işlər görülür. Bunların hamısından məqsəd Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu işini inkişaf etdirmək və Azərbaycanın iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə irəlilətməkdən ibarətdir.
Bütün bunlar həyata keçirilir, öz müsbət nəticəsini verəcəkdir. Azərbaycanın iqtisadiyyatında baş vermiş müsbət dəyişikliklər sizə məlumdur, bunları görürsünüz. Burada Beynəlxalq Əməliyyat Şirkətinin, yəni 1994-cü ilin sentyabr ayının 20-də imzalanmış müqavilə əsasında yaranmış ilk konsorsiumu idarə edən şirkətin prezidentinin təbriki oxundu. Orada bir çox rəqəmlər gətirildi. ABƏŞ Azərbaycana 1 milyard 200 milyon dollar sərmayə, yatırım, investisiya gətiribdir. Bunun nəticələrini də siz bilirsiniz və təbrikdən də göründü. \"İstiqlal\" adı verdiyimiz qazma qurğusunun işə başlamasını bu yaxın günlərdə qeyd etdik. Başqa bir konsorsium təkcə o qazma qurğusunun bərpası, modernləşdirilməsi üçün 200 milyon dollar sərf edibdir. Həm də burada, o birisində, başqasında nə qədər adam işləyir. Təkcə neft sahəsində deyil, bütün başqa sahələrdə də inkişaf var və bunun nəticəsində də iqtisadi dəyişikliklər görünür. Bakının siması dəyişir. İndi Azərbaycanda heç bir mal qıtlığı yoxdur, ərzaq qıtlığı yoxdur.
Doğrudur, iqtisadi çətinlik var, bəli, aztəminatlı ailələr, köçkün-qaçqın vəziyyətində yaşayan vətəndaşlarımız var. Onların vəziyyəti çətindir. Bunlar var, bu, keçid dövrünün əlamətləridir. Biz bunları nə inkar edirik, bildirmək istəyirəm ki, nə də, bunlarsız keçinmək olar. Əgər bir ictimai-siyasi quruluşdan başqa bir ictimai-siyasi, iqtisadi sistemə, quruluşa keçiriksə və dağılanın əsasında başqası yaranırsa, bu, asan şey deyildir. Ancaq başqa yol yoxdur, ola bilməz. Biz bu yolla gedirik və mən inanıram ki, bu yol bizi böyük gələcəyə, böyük iqtisadi yüksəlişə, Azərbaycan xalqının və vətəndaşlarının rifah halının yüksəlməsinə aparır.
Ancaq bilirsiniz, bəzi bədxah adamlar orada-burada danışırlar ki, Azərbaycanda əhalinin 90-95 faizi səfalət içindədir. Burada oturanlar səfalət içindədir? Yox! Xaricdən qonaqlar gəlir, mən dövlət başçılarını adətən hava limanında qarşılayıram, onları müşayiət edirəm, şəhəri gəzirəm. Çoxları şəhərdə insanların sifətinə, geyiminə, davranışına baxır, ümumiyyətlə, şəhərin görünüşünə baxırlar. Deyirlər ki, burada insanlar çox yaxşı yaşayırlar. Həqiqətdir. Çətin yaşayan insanlar, aztəminatlı, maddi gərginlik içində yaşayan adamlar var. Biz bunu bilirik və onlara kömək edirik. Əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev burada dedi ki, pensiyalar nə qədər artıb və nə qədər artacaqdır. Bir milyondan artıq pensiyaçı var. Qalanların da pensiyası artacaqdır. Əmək haqqı artıb və bundan sonra da artacaqdır. Burada səsləndi ki, guya mədəniyyət işçiləri meşə işçiləri ilə bərabər ən az əmək haqqı alanlardır. Gərək buna baxaq. Mədəniyyət işçiləri də bilirlər ki, onların bir qisminin maaşlarını artırmışıq və çox da yüksək artırmışıq. Amma bundan sonra da artıracağıq.
Ancaq bunu artırmaq üçün gərək bu vəsaiti əldə edək, qazanaq. Qazanmasaq, pul göydən tökülmür və yerin altından da çıxmır. Bunları etmək lazımdır, bunun üçün də islahatları keçirmək, tədbirlər görmək lazımdır. Biz bunları edirik və edəcəyik.
Ancaq bütün bunlarla bərabər, Azərbaycanda insanların həyat şəraitini, yaşayışını böhtancasına, yalandan, bilirsiniz, Azərbaycan xalqını ləkələyən ifadələrlə təsvir etmək xalqımıza, millətimizə və müstəqil dövlətimizə sadəcə düşmənçilikdən başqa bir şey deyildir.
Bizim problemlərimiz içərisində ən ağır, ən çətin problem işğal edilmiş torpaqlar, Azərbaycanın ərazi bütövlüyünün pozulması və işğal olunmuş torpaqlardan didərgin düşmüş, ağır şəraitdə - çadırlarda, yaxud yaşayış üçün münasib olmayan başqa yerlərdə, binalarda yaşayan bacılarımızın, qardaşlarımızın, övladlarımızın vəziyyətidir. Bəli, bu, bizim böyük dərdimizdir. Ona görə də mən bu gün bu münasibətlə, xüsusən bu salonda, qadınlar qurultayında iştirak edən şəhid analarına öz hörmət və ehtiramımı bildirirəm. Şəhid ailələrinə, yerindən-yurdundan didərgin düşmüş, ağır vəziyyətdə çadırlarda yaşayan qadınlara, qızlara, köçkün düşmüş insanların hamısına öz hörmət-ehtiramımı bildirirəm. Onlar da bilir və bu gün bunu bir daha deyirəm ki, onların o dərdi, o problem, o qayğı diqqət mərkəzimdə olan bir problemdir və əsas qayğımdır. Mən indiyə qədər çalışmışam və bundan sonra da çalışacağam ki, bu problem həll olunsun, işğal edilmiş torpaqlar azad olunsun və didərgin düşmüş insanlar öz yerinə-yurduna qayıtsınlar. Biz buna nail olacağıq, buna arxayın ola bilərsiniz.
Bu gün buraya, sizin yanınıza gəlməmişdən qabaq iki saatdan artıq ATƏT-in Minsk qrupu həmsədrlərinin nümayəndələri ilə görüşmüşəm. Bilirsiniz ki, Ermənistan - Azərbaycan münaqişəsini sülh yolu ilə həll etmək üçün hələ 1992-ci ildə ATƏT Minsk qrupu deyilən təşkilat yaradıbdır. ATƏT-in bir neçə - 1994-cü ilin dekabrında Budapeşt, 1996-cı ilin dekabrında Lissabon zirvə görüşləri olubdur. Məsələnin həlli üçün orada dəyərli sənədlər əldə edə bilmişik və ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiya, Amerika Birləşmiş Ştatları və Fransadır. Bilirsiniz ki, onlar Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll etmək üçün fəaliyyət göstərirlər, vaxtaşırı ölkəyə gəlirlər və biz onlarla görüşlər keçiririk.
Son zamanlar onlar işlərində müəyyən fasilə vermişdilər. İndi dünəndən gəliblər və bu gün mən onlarla iki saatdan artıq danışıq apardım. Biz məsələni yenə kəskin qoymuşuq və bu gün sizə də bəyan edirəm: biz məsələnin sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq və sülh yolu ilə həll olunmasını istəyirik. Mən başqa yolu məqbul hesab etmirəm, bunu sizə də, bütün Azərbaycan vətəndaşlarına da elan edirəm. 1994-cü ilin may ayında atəşin dayandırılması haqqında saziş əldə elədik və dörd ildən artıqdır atəşkəs rejimində yaşayırıq. Bəziləri bunu bəyənmir, bəziləri dodaq büzürlər, bəziləri tənqid edirlər. Gəlsinlər, desinlər ki, onlar nə ediblər? Mən müharibəni saxlamışam, qan tökülməsini saxlamışam, mən şəhidlərin olmamasına nail olmuşam. Onlar isə Azərbaycanı tarmar ediblər, Azərbaycan torpaqlarının işğal olunmasına şərait yaradıblar, Azərbaycanın balalarını qurban veriblər, torpaqlarımız işğal edilib, insanlar yerindən-yurdundan didərgin düşüblər. Amma onlardan heç birinin burnu da qanamayıbdır.
Mən bu gün ATƏT-in Minsk qrupunun həmsədrlərinə bir daha bəyan etdim ki, məsələnin sülh yolu ilə həll olunması prinsipini bu gün də təsdiq edirəm və hesab edirəm ki, bu yolla həll etmək lazımdır. Sülh yaratmaq lazımdır. Biz daim müharibə apara bilmərik. Heç bir ölkə həmişə müharibə aparmayıb və apara da bilməz. Hər bir müharibənin sonu olur. Hesab edirəm ki, bundan sonra yenidən müharibə etmək - bu, Azərbaycana lazım olan bir şey deyildir.
Ancaq eyni zamanda mən onların qarşısında məsələni çox kəskin qoymuşam ki, bizim prinsiplər var, 1966-cı ilin dekabrında Lissabon zirvə görüşündə bunlar qəbul edilibdir: işğal olunmuş torpaqlar azad edilməlidir və Ermənistan silahlı qüvvələri həmin ərazilərdən çıxarılmalıdır. O yerlərin sakinləri öz yurdlarına qayıtmalıdır. Dağlıq Qarabağa Azərbaycan dövlətinin tərkibində özünüidarə statusu verilə bilər, biz buna razı olmuşuq. Ermənistanla Azərbaycan arasında uzunmüddətli, etibarlı sülh yaranmalıdır. Biz bu şərtlərlə məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Biz heç vaxt razı olmamışıq və bu gün bir daha bəyan elədim, heç vaxt razı ola bilmərik ki, Azərbaycanın daxilində Dağlıq Qarabağa müstəqillik statusu verilsin. Biz buna yol verə bilmərik. Biz Azərbaycanın ərazi bütövlüyünün pozulmasına heç vaxt dözə bilmərik və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Biz heç vaxt öz torpağımızın, ərazimizin, öz sərhədlərimizin içərisində olan torpaqlarımızın bir metrini, bir santimetrini də heç kəsə verməyəcəyik.
Bu prinsiplər əsasında danışıqlar aparırıq və güman edirəm ki, danışıqlar davam edəcək və məsələnin sülh yolu ilə həllinə nail olacağıq. Ancaq bizim xalqımız dözümlü xalqdır və bunu yerindən-yurdundan didərgin düşmüş vətəndaşlarımızın həyatında görürük. Mən bəzən televiziya verilişlərinə baxıram. İki həftə bundan öncə burada, bu salonda, işğal olunmuş rayonlardan torpaqlardan zorla çıxarılmış vətəndaşlarımızın nümayəndələri ilə görüşdüm, danışdım. Bilirsiniz, ağır, çətin vəziyyətdə, çadırda yaşayırlar, amma ürəkləri təmizdir, safdır, vəziyyəti düzgün qiymətləndirirlər, başa düşürlər və dözürlər. Bu gün mən bu dözümlü insanların - bacılarımın, qardaşlarımın qarşısında, ağır vəziyyətdə yaşayan insanların qarşısında baş əyir və onlara minnətdarlığımı bildirirəm.
Ancaq özlərini müxalifət adlandıran adamların heç biri bu vəziyyətə dözə bilməzdi. Onlar naməlum mənbələrdən aldıqları çoxlu pullarla -paralarla şəhərdə çox zəngin yaşayırlar və böyük iddialar edirlər. Bu adamların heç biri qaçqınlarla görüşmür, qayğısına qalmır, onların vəziyyətində yaşamır. Bunlar ancaq cürbəcür iddialar irəli sürür, iddialarla yaşayırlar.
Bir sözlə, işğal olunmuş torpaqların azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası bizim ən birinci vəzifəmizdir və inana bilərsiniz, bu vəzifəni həyata keçirmək üçün hər gün çalışırıq, hər gün lazımi tədbirlər görürük və mən inanıram ki, biz buna nail olacağıq.
Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi müvəffəqiyyətlə həyata keçirilir. Bunun ən parlaq nümunəsi Azərbaycanın ilk Demokratik Konstitusiyasının qəbul edilməsi, Azərbaycanın ilk Demokratik Parlamentinin seçilməsi və indi də növbəti prezident seçkilərinin keçirilməsidir. Burada izah etməyə ehtiyac yoxdur, - mən hiss etdim ki, qurultay iştirakçıları çox düzgün qiymətləndirdilər ki, prezident seçkilərinin keçirilməsi üçün, çox ədalətli və demokratik seçkilər keçirilməsi üçün yararlı olan qanunlar qəbul olunub və onlar da həyata keçirilir. Ancaq təəssüflər olsun ki, kəskin müxalifətdə duran və bu gün artıq siyasi ekstremizm mövqeyi tutmuş bəzi siyasi partiyalar və qurumlar Azərbaycanda yaranmış ictimai-siyasi sabitliyi, rahatlığı pozmağa cəhd göstərirlər. \"Demokratik seçkilər uğrunda mübarizə\" şüarları altında Azərbaycanda xaos yaratmaq istəyirlər, ictimai-siyasi sabitliyi pozmaq istəyirlər, Azərbaycanı yenə də 1991-ci, 1992-ci, 1993-cü illərin vəziyyətinə qaytarmaq istəyirlər.
Bu, çox təəssüflüdür, ancaq eyni zamanda məni təəccübləndirmir. Çünki son beş ildə bu siyasi partiyaların və xüsusən də onların rəhbərlərinin fəaliyyətindən gəldiyim qənaət onu göstərir ki, onlara nə demokratiya lazımdır, nə Azərbaycanın müstəqilliyi lazımdır, nə də Azərbaycanda sabitlik lazımdır. Onlara xaos, qarmaqarışıqlıq lazımdır. Çünki keçmişdə onların əlində belə imkanlar olub, Azərbaycanda xaos yarada biliblər və ondan da öz şəxsi mənafeləri üçün istifadə ediblər.
Amma onlar unudurlar ki, artıq bu, mümkün deyildir. Onlar unudurlar ki, Azərbaycan xalqı daha buna yol verməz! Prezident kimi mən buna heç vaxt yol vermərəm! 1993-cü ilin iyun ayını yadınıza salın. Azərbaycanda qardaş qanı tökülmüş, vətəndaş müharibəsi başlanmışdı. Azərbaycan xaos vəziyyətində idi. Azərbaycanı idarə edən və guya 1992-ci ildə xalq tərəfindən seçilmiş adamlar vəzifələrini qoydular, qaçdılar. Belə ağır vəziyyətdə xalqı başlı-başına buraxıb Bakını tərk etdilər, orada-burada gizlənməyə başladılar.
Beş ildir ki, qarış-qarış, addımbaaddım Azərbaycanda ictimai-siyasi vəziyyəti normallaşdırırıq, sabitləşdiririk. Artıq son üç ildir ki, vəziyyət sabitdir, rahatdır. Onlar isə orada-burada gizlənirlər, altdan-altdan təxribat işləri aparırlar. İndi isə artıq görürlər ki, bu sabitlik, rahatlıq günü-gündən möhkəmlənir və prezident seçkiləri zamanı dünyaya bir daha nümayiş etdiriləcək ki, Azərbaycanda demokratiya inkişaf edir. Ona görə də bunları pozmaq istəyirlər və cürbəcür cəhdlər göstərirlər.
Avqust ayının 15-də mitinq keçirmək istədilər. Keçirdilər, biz mitinqə etiraz etmirik. Azərbaycanın Konstitusiyasında göstərilib, bəli, insanlar mitinq etmək hüququna malikdirlər və o hüquqdan istifadə edə bilərlər. Ancaq qanunlara, hakimiyyət orqanlarına tabe olmaq şərti ilə. Mitinq yeri göstərilmişdi, avqust ayının 15-də Motodromda keçirdilər. Keçirsinlər. İstədiklərini dedilər - yalan, böhtan, şər, şəbədə - hamısı orada göründü. Onlar sadəcə buna çalışırdılar, başqa istədikləri yox idi. Amma o yalan sözləri, böhtanları cəmiyyət qəbul etmədi və etmir.
Onlar isə sabitliyi pozmaq, yenidən mitinq keçirmək istəyirlər. Şəhərin hakimiyyət orqanları yenə də onlara bəyan edirlər ki, buyurun, mitinq üçün ayrılmış yer var - Motodrom stadionu. Deyirlər ki, yox, Azadlıq meydanında mitinq keçirəcəyik. Nə üçün Azadlıq meydanında? Azadlıq meydanında mitinq keçirməyə nə ixtiyarınız var? Bu gün Azərbaycanda müstəqil dövlət var və müstəqil dövlətin qanunları, başçısı var. Mən heç vaxt heç kəsə imkan verməyəcəyəm ki, Azərbaycanın qanunları pozulsun, Azərbaycanda böyük əzab-əziyyətlə yaranmış sabitlik alt-üst olunsun - buna imkan verilməyəcəkdir.
Ancaq onlar cəhd göstərirlər ki, Azadlıq meydanında mitinq keçirsinlər. Elan olunub ki, Azadlıq meydanı ancaq rəsmi dövlət tədbirləri üçündür, müstəqil Azərbaycan Respublikasının, Bakı şəhərinin mərkəzi meydanıdır. Burada hərə gəlib özbaşına mitinq edə bilməz. Mitinqlər keçirmək üçün yer var - Motodrom. Mən də orada keçirəcəyəm. Mənim namizədliyimi irəli sürmüş bəzi partiyalar və təşəbbüs qrupları ayın 19-da seçicilərin mənimlə görüşünü keçirmək istəyirlər. Mən bu görüşü keçirməyə razılıq vermişəm. Ancaq deyirlər ki, çox adam olacaq, bu salona yerləşməz, Motodromun sahəsi böyükdür. Ayın 19-da mən Motodromda olacağam.
Nə üçün mən oraya gedə bilərəm, onlar gedə bilməzlər? İş bunda deyildir. İş ondadır ki, şəhərdə asayişi, qanun-qaydanı pozmaq və buna cəhd göstərmək, polis qanuni vəzifəsini yerinə yetirdiyi zaman ona daş, butulka, dəmir parçaları, başqa şeylər atmaq, - hamısını televiziyada gördünüz, - bunlar cinayətdir. 78 nəfər polis işçisi xəsarət alıbdır, onlardan təxminən 30 nəfəri ağır vəziyyətdədir, xəstəxanalarda müalicə olunur. Bunu edənlər buna görə cavab verməlidirlər. Bundan sonra Azərbaycanda heç kəsin özbaşınalıq etməsinə yol verilməyəcəkdir. Heç kəsə imkan verilməyəcək ki, Azərbaycanda qanun-qaydanı pozsun, xaos yaratsın. Sentyabrın 12-də Azadlıq meydanına getmək istəyən adamları, - bilmirəm, beş yüz, altı yüz nəfər idi, neçə idi, - bu küçədən çıxarırdılar, o küçədən girirdilər, o küçədən çıxarırdılar, bu küçədən girirdilər.
Amma Azərbaycanın yeddi-səkkiz milyon əhalisi var, onların hüquqlarını mən qoruyuram. Bakıda iki milyon yarım əhali yaşayır, onların hüquqlarının təminatçısı mənəm. Mən burada and içmişəm - hər bir Azərbaycan vətəndaşının hüquqlarının qorunmasının təminatçısıyam. Onların hüquqlarını qoruyacağam. Ona görə ki, xalq seçkidə mənə bu etimadı göstərib və bu gün də göstərir. Mən həmişə xalqa arxalanmışam, xalq mənim dayağım olub, siz mənim dayağım olmusunuz. Ona görə də bu ağır işləri görə bilmişəm.
1993-cü ilin iyun ayında məni buraya dəvət edən siz idiniz, eyni zamanda o vaxt hakimiyyətdə olan adamlar idi. Buraya özüm gəlməmişdim. Mən Azərbaycanın ən ağır dövründə, 1993-cü ilin iyun ayında Bakıya gəlib öz üzərimə böyük məsuliyyət götürmüşəm. Mən dərk edirdim ki, Azərbaycanda vəziyyət nə qədər ağır idi. Dərk edirdim ki, özümü oda atıram. Dərk edirdim ki, öz üzərimə böyük məsuliyyət götürürəm. Mən də insanam, başa düşün, mənim də övladım var, nəvəm var, şəxsi həyatım var. Amma mən şəxsi həyatımı, ailəmi, övladlarımı bir tərəfə qoydum, xalqın mənafeyi üçün özümü odun içinə atdım.
1993-cü ildən indiyədək nə qədər çətinliklərlə, bəlalarla rastlaşdım, siz onu bilirsiniz. 1993-cü ilin özündə Azərbaycan parçalanmışdı. Lənkəran zonasında bir \"Talış-Muğan Respublikası\" yaranmışdı. Gəncə hakimiyyətdən çıxmışdı, şimal zonası qaynayırdı, orada özlərinə bir dövlət yaratmaq istəyirdilər. Bakıda da insanlar rahat yaşaya bilmirdilər. Bunların hamısını bir gündə, bir ayda yox, ilbəil yerinə qoyduq.
1994-cü ilin oktyabr hadisələrini xatırlayın. Burada dövləti devirmək, məni öldürmək istədilər. Mən xalqa müraciət etdim, televiziya ilə sizə müraciət etdim. Özü də gec, axşam vaxtı. Mən həmin gecəni heç vaxt unuda bilmərəm, bu gün də böyük minnətdarlıq hissi ilə xatırlayıram. Çünki mənim müraciətimdən sonra cəmi bir-iki saat ərzində Prezident sarayının ətrafı insanlarla doldu. Oraya yüz minlərlə insan gəldi və onların əksəriyyəti siz idiniz, qadınlar idi. O gecə çox faciəli bir gecə idi. Azərbaycanın müqəddəratı həll olunurdu, \"Olum ya ölüm\" dəqiqəsi keçirirdik. Ancaq sizin, xalqın - Azərbaycan xalqının dəstəyi, köməyi, yardımı ilə biz o böhrandan çıxdıq.
Mən o gecə yarısı Prezident sarayının önündəki meydana çıxdım. Orada ağbirçək qadınları, ayaqyalın qadınları, qucağında südəmər uşağı olan qadını görəndə, - gecə yarısı, saat dörd idi, avtomatlar göydə fırlanırdı, - mən dəhşətə gəldim: gör insanlar etimad etdiyi adamı nə qədər sevirlər, ona nə qədər inanırlar ki, evini-eşiyini buraxıb gəliblər. O lentlər hamısı qalır, mən bəzən onlara baxanda yenidən həyəcanlanıram. Bəzən mənim gözlərim yaşarır. Nə üçün yaşarır? O insanların qəhrəmanlığını görəndə, qadınların simasında olan sevgi, məhəbbəti, eyni zamanda həyəcanı və narahatlığı görəndə gözlərim yaşarır.
Biz bu günləri yaşamışıq. Yaxud, 1995-ci ilin mart ayında çoxları elə bilirdi ki, hakimiyyət artıq əldən gedib və Azərbaycan dağılır. Bu gün müxalifətdə olan Xalq Cəbhəsinin, Müsavatın rəhbərləri və başqaları da OMON (XTPD) dəstəsi ilə bir yerdə idilər, əlbir idilər. Onda həm Moskvadan, həm Türkiyədən, həm də başqa yerlərdən cürbəcür xüsusi xidmət orqanları hamısı birləşmişdi və Azərbaycanı dağıtmaq istəyirdilər.
Siz bilin, Azərbaycanı dağıtmaq təkcə Heydər Əliyevi yox etmək deyildir. Heydər Əliyev yox olsaydı, Azərbaycanı dağıtmaq mümkün olardı. Bütün insanlar hamısı bilir - hələ ki, Heydər Əliyev var, Azərbaycanı dağıtmaq mümkün deyildir.
Mən sizin qarşınızda belə cəsarətlə çıxış edərkən sizə arxalanıram, xalqa, millətə arxalanıram. Bilin, mən şübhəsiz ki, böyük həyat yolu keçmiş insanam, təcrübəli adamam. Bəli, böyük siyasi təcrübəm var, biliyim var, dünyada çox şeylər görmüş adamam. Ancaq mən təklikdə özümü qəhrəman hesab etmirəm. Mən sizə görə, sizin dəstəyinizə görə qəhrəmanam. Sizə arxalanaraq Azərbaycanın müstəqilliyi yolunda müstəqil siyasət aparıram. Azərbaycanda yaranmış ictimai-siyasi sabitliyə qəsd edən adamlar, Azərbaycanın dövlət müstəqilliyinə qəsd edən, Azərbaycanda gedən demokratik quruculuq prosesinə mane olmaq istəyən adamlar, qruplar, dəstələr, yaxud da siyasi partiyalar qulaqlarını açsınlar, eşitsinlər - qanun nəyə imkan verir, qanun çərçivəsində fəaliyyət göstərə bilərlər. Qanunsuz heç bir şeyə yol verilməyəcəkdir. Azərbaycanda həm Konstitusiyanın, həm qəbul olunmuş qanunların təminatçısı kimi, hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyinin və rahat yaşamasının təminatçısı kimi mən bu qanunların keşiyində durmuşam və axıra qədər də duracağam.
Əziz qadınlar, əziz dostlar! Mən yenə də tarixə bir nəzər salıram. Çox iclaslar keçirmişik, ancaq sizin kimi dözümlü adamlar hələ indiyədək görməmişəm. Bu gün bölmələrdə müzakirələr aparmısınız, saat 3-ün yarısından indiyə qədər bir yerdəyik, indi də saat 8-dir. Nə qədər dözümlü, dəyanətli və nə qədər intizamlısınız! Mən heyran olmuşam.
Mənim sizə bir neçə tövsiyələrim də var, əgər vaxt imkan verirsə, onları demək istəyirəm. Siz Azərbaycanın ictimai-siyasi həyatının fəal iştirakçılarısınız. Arzu edirəm ki, bundan sonra da belə fəal olasınız və bilin ki, mən də öz tərəfimdən bütün imkanları yaratmağa hazıram. Bir arzum da var. Çalışın öz intizamlılığınızı, dözümlülüyünüzü və sədaqətliliyinizi kişilərə də öyrədəsiniz.
Məlumdur ki, cəmiyyətdə qadının təsiri çox böyükdür. Doğrudur, ola bilər, hakimiyyət orqanlarında istədiyiniz yeri tutmamısınız, amma cəmiyyətdə qadının təsiri böyükdür. Qadının sözü də kəsərlidir, təsirlidir. Məlumdur ki, kişilərin çoxu da qadınların təsiri altındadır. Ona görə çalışın, təbliğ edin ki, kişilər sizdən nümunə götürsünlər, sizin kimi fədakar, cəfakeş və sizin kimi də sədaqətli olsunlar.
Mən sizə xüsusi minnətdarlığımı bildirirəm, ona görə ki, siz Azərbaycan ordusunun yaranmasında böyük işlər görmüsünüz. Sizin övladlarınız, gənclər indi Azərbaycan ordusunun əsasını təşkil edirlər. Mən dünən fərman vermişəm, 18 yaşına çatan gənclər orduya səfərbər olunmalıdır. Eyni zamanda, 1996-cı ildə səfərbər olunmuş adamlar ordudan tərxis edilməlidir. Görürsünüz, ölkədə sabitlik, hakimiyyət, dinclik olanda gənclər də orduda normal xidmət edir, iki il xidmət edəndən sonra tərxis olunur. Eyni zamanda vətənin müdafiəsi üçün müəyyən biliklər əldə edir və vətənin müdafiəsinə hazır olur. Bu, böyük bir işdir. Biz böyük ordu yaratmışıq və yaradırıq. Əmin ola bilərsiniz, Azərbaycanın Milli Ordusu yaranıb formalaşıbdır və indi Azərbaycan dövlət müstəqilliyini, ərazilərini qorumağa qadir bir ordudur. Bu sahədə qadınların xidməti böyükdür. Mən sizə xüsusi təşəkkür edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz, Azərbaycan qadınları Azərbaycan ordusunu daha da gücləndirmək, inkişaf etdirmək, daha da qüdrətli etmək üçün bundan sonra da gözəl insanlar yetişdirəcəksiniz, o insanlar tərbiyəli, vətənpərvər olacaqlar, vətən yolunda həlak olmağa hazır övladlar olacaqlar. Mən əminəm ki, siz bu işdə də öz xidmətlərinizi göstərəcəksiniz.
Əziz xanımlar, əziz bacılar! Mən çox məmnunam ki, bu gün sizinlə görüşmüşəm. Siz məni o qədər həyəcanlandırdınız ki, mən də çox həyəcanlı danışdım. Ancaq mənim dediyim sözlərə hər dəfə verdiyiniz reaksiya məni daha da həyəcanlandırdı.
Hesab edirəm ki, sizin qurultayınız çox uğurlu keçdi, Azərbaycan tarixinin böyük, parlaq və gözəl səhifəsinə çevriləcək və gələcəkdə Azərbaycanda qadın hərəkatının inkişafı üçün öz xidmətlərini göstərəcəkdir. Mən sizi bu münasibətlə bir daha təbrik edirəm, icazə versəniz, sizin hər birinizi öpürəm. Sizə cansağlığı, səadət arzu edirəm.
Azərbaycan qadınına eşq olsun, eşq olsun, eşq olsun!
Yaşasın müstəqil Azərbaycan!
\"Azərbaycan\" qəzeti, 17 sentyabr 1998-ci il.