Xalq artisti Tofiq Quliyevə - Bakı şəhəri, 7 noyabr 1997-ci il

Hörmətli Tofiq Quliyev!

Sizi - milli mədəniyyətimizin inkişafında böyük xidmətləri olan görkəmli bəstəkarı və ictimai xadimi 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Sizin yaratdığınız əsərlər dəyərli sənət nümunələri olmaqla yanaşı, xalqımızda milli özünüdərkin, milli şüurun möhkəmləndirilməsi işinə xidmət etmişdir. Siz musiqi tarixinə Azərbaycan estradasının banisi kimi daxil olmusunuz. X əsrdə yaranmış musiqi formalarından məharətlə istifadə etməklə siz Azərbaycan müsiqisinə tamamilə yeni janrlar gətirmisiniz. Geniş diapazona malik yaradıcılığınız sizə minlərlə dinləyicinin tükənməz məhəbbətini qazandırmışdır. Yüksək sənətkarlıqla yaratdığınız mahnılar, operettalar, estrada və kino müsiqisi Azərbaycanın musiqi xəzinəsinin qızıl fonduna əbədi daxil olmuş və mədəniyyətimizə geniş söhrət gətirmişdir. Sizin mənalı həyatınız və zəngin yaradıcılığınız neçə-neçə nəsil üçün, xüsusən gənc sənətçilər üçün xalqa sədaqətli xidmətin nümunəsi olmuşdur. Uzun illər rəhbərlik etdiyiniz Azərbaycan Bəstəkarlar İttifaqı yüksək təşkilatçılıq qabiliyyətiniz, gözəl insani keyfiyyətləriniz sayəsində ölkəmizin mötəbər mədəniyyət ocaqlarından birinə çevrilmişdir. Azərbaycanda bəstəkar kadrlar yetişdirmək sahəsində Bakı Musıqi Akademiyasının professoru kimi, fəaliyyətiniz də yüksək qiymətə layiqdir. Nadir fitri istedad, böyük zəhmətsevərlik, xalqımızın zəngin musiqi ənənələrinə sonsuz sədaqətlə səciyyələnən çoxşaxəli yaradıcılığınız sayəsində siz Azərbaycan musiqi sənətinin canlı klassikinə çevrilmisiniz. Sizin müasiriniz olmaq hər bir azərbaycanlının qəlbini qürur və iftixar hissi ilə doldurur.

Əziz Tofiq!

Bu yubiley gününüzdə Sizi bağrıma basıram, Sizə dərin ehtiramımı bildirir, möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.