Azərbaycan Respublikasının mətbuat işçilərinə - Bakı, 21 iyul 1999-cu il

Hörmətli mətbuat işçiləri!

Sizi əlamətdar bayramınız - Milli mətbuat günü münasibətilə ürəkdən təbrik edir və hər birinizə səmimi arzularımı yetirirəm.

Azərbaycan mətbuatı zəngin və şərəfli tarixi boyu həmişə böyük ictimai idealların carçısı olmuş, xalqımızın azadlıq istəyinin, müstəqillik amalının güclənməsində, mənəvi tərəqqisində, yüksək əxlaqi dəyərlərinin qorunub saxlanılmasında və daha da inkişaf etdirilməsində müstəsna xidmətlər göstərmişdir.

Respublikamız dövlət müstəqilliyi qazandıqdan sonra milli və bəşəri dəyərlərdən bəhrələnən mətbuatımız özünün ali məqsədlərini həyata keçirmək üçün daha geniş imkanlar əldə etmişdir. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolu seçmiş Azərbaycan Respublikasında mətbuat, söz və fikir azadlığının qorunmasına, siyasi plüralizmə dönmədən əməl olunur.

Hazırda Azərbaycanda güclü kütləvi informasiya sistemi yaradılmışdır. Azad surətdə fəaliyyət göstərən yüzlərlə mətbuat orqanı, agentliklər, teleradio şirkətləri cəmiyyətimizin çoxşaxəli və etibarlı media şəbəkəsini təşkil edir. Yaşadığımız informasiya əsrində ölkəmizdə mətbuat vasitələrinin maneəsiz fəaliyyəti, dünya təcrübəsi ilə zənginləşməsi, xüsusilə də onların maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, jurnalistlərin peşə səviyyəsinin yüksəldilməsi, hüquqlarının qorunması üçün bütün zəruri tədbirlər görülür.

Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir. Bu gün əsas vəzifə onun geniş imkanlarından milli dövlət quruculuğunda, demokratik dəyərlərin bərqərar edilməsində, sivil vətəndaş cəmiyyətinin formalaşmasında, islahatların həyata keçirilməsində, insanların mənəvi saflaşmasında səmərəli istifadə etməkdən ibarətdir. Mətbuat həyatın güzgüsü, həqiqətin carçısı olmalıdır, insanları yüksək ideallar uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir.

Əmin olduğumu bildirmək istəyirəm ki, zəngin və mütərəqqi mətbuat ənənələri ilə fərqlənən Azərbaycan jurnalistləri mənsub olduqları peşənin şərəfini həmişə uca tutacaq, ölkəmizdə və beynəlxalq aləmdə baş verən hadisələrin respublika ictimaiyyətinə çatdırılmasında yüksək peşəkarlıq, obyektivlik və prinsipiallıq nümayiş etdirəcək, Azərbaycan həqiqətlərinin bütün dünyaya yayılmasına bundan sonra daha böyük səy göstərəcəklər.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.