Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ukrayna Respublikasına rəsmi səfəri (24-25 mart 1997-ci il)

Avropanın ərazi və əhali baxımından ən böyük ölkələrindən biri olan Ukrayna ilə əməkdaşlıq Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Zəngin təbii sərvətləri, əlverişli coğrafi-siyasi mövqeyə malik olan Azərbaycanla əlaqələr isə Ukrayna üçün müstəsna əhəmiyyətə malikdir. Azərbaycan bir tərəfdən əlverişli iqtisadi-ticarət körpüsü, digər tərəfdən isə Ukrayna ilə Şərq ölkələri arasında etibarlı siyasi körpüdür. 

Ukrayna ilə Azərbaycan müttəfiq dövlətlərdir. Azərbaycan və Ukrayna qarşılıqlı münsibətləri həm ikitərəfli əlaqələr, həm də  beynəlxalq təşkilatlar - GUAM, TRASEKA layihəsi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində yüksək səviyyədə qurulub. 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1997-ci ilin martında Ukraynaya rəsmi səfəri qarşılıqlı əlaqələrin hüquqi-normativ bazasının yaranması və münasibətlərin strateji səviyyəyə yüksəlməsində mühüm rol oynayıb. Səfərə yollanarkən onun əhəmiyyəti barədə jurnalistlərə məlumat verən Heydər Əliyev söyləyib: «Mən Ukrayna - Azərbaycan münasibətlərinin bütün istiqamətlərdə,bütün sahələrdə inkişaf edəcəyini gözləyirəm. İqtisadi, elmi-texniki əməkdaşlığı, təhsil sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün bizim geniş imkanlarımız var. Bu məsələlərə dair dövlətlərarası bir çox sənədlər hazırlanıb və biz bunları orada imzalayacağıq. Bir sözlə, səfərdən yaxşı nəticələr gözləyirik.» 

Səfərin ilk günündə Azərbaycan Prezidenti Heydər Əliyev Ukrayna Prezidenti Leonid Kuçma ilə görüşüb. Görüşdə iki ölkənin qarşılıqlı münasibətləri, əməkdaşlıq imkanları, ölkələrin Avropa və MDB-də üzləşdikləri problemlər barədə ətraflı söhbət ediblər. 

Elə həmin gün Ukrayna-Azərbaycan sənədlərinin imzalanma mərasimi olub. İqtisadi, siyasi, mədəni və digər sahələri əhatə edən 17 sənəd imzalanıb. Bu sənədlərdən ən vacibi isə «Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında»müqavilədir ki, bu da iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını göstərir. Mərasimdən sonra prezidentlər mətbuat üçün bəyanatla çıxış ediblər.

Martın 24-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Ukraynanın ali mükafatı – «Yaroslav Mudrı»ordeninin təqdim olunması mərasimi keçirilib. Heydər Əliyev bu yüksək dövlət mükafatına görə Ukrayna dövlətinə minnətdarlığını bildirib və gələcəkdə də bu münasibətlərin inkişafına çalışacağını qeyd edib. 

Səfər dövründə Prezident Heydər Əliyev həmçinin, Ukraynanın Baş naziri Lazarenko, xarici işlər naziri Udovenko, parlament sədrinin birinci müavini Tkaçenko ilə görüşüb ətraflı fikir mübadiləsi aparıb.

Martın 25-də Kiyev şəhər bələdiyyə idarəsində Azərbaycan Prezidentinə Kiyev şəhərinin Fəxri qonağı diplomu və şəhərin rəmzi açarı təqdim olunub. 

Martın 25-də Azərbaycan və Ukrayna prezidentlərinin birgə mətbuat konfransı olub.  Səfərin yekunları ilə bağlı danışan Heydər Əliyev deyib: «Ukraynaya rəsmi səfərim başa çatır və indi hava limanına getməyə hazırlaşarkən mən bu səfərin baş tutduğuna, olduqca əlverişli şəraitdə, dostluq, yoldaşlıq şəraitində keçdiyinə, dövlətlərarası münasibətlərimizlə, ölkələrimiz və dövlətlərimiz arasında əməkdaşlığın gələcək inkişafı ilə bağlı bir çox məsələləri birlikdə müzakirə və bu məsələlər barəsində qərarlar qəbul etdiyimizə görə böyük məmnunluq hissi keçirirəm». 

Həmin gün Azərbaycan Prezidenti Heydər Əliyev həmçinin, Ukraynadakı Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb, onların həyatı və problemləri ilə maraqlanıb. 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ukrayna Respublikasına bu rəsmi səfəri iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafına əlavə stimul verib.