Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri (9-13 iyul 1994-cü il)

Azərbaycanın xarici siyasətində ərəb dünyası və müsəlman aləminin ən nüfuzlu dövlətlərindən biri olan Səudiyyə Ərəbistanı Krallığı ilə münasibətlər xüsusi önəm daşıyır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ərəb dövlətləri içərisində ilk səfərini məhz bu ölkəyə edib.

İyulun 9-da Azərbaycan Prezidenti Heydər Əliyevin məlik Fəhd ibn Əbdül Əziz-əl Saudun dəvətilə Səudiyyə Ərəbistanına rəsmi səfəri başlayıb.

Azərbaycan Prezidenti və Səudiyyə Ərəbistanı kralının görüşündə iki ölkə arasında əlaqələrin perspektivləri haqqında ümumi fikrə gəlinib və bu əlaqələrin yaranmasına, inkişafına xeyir-dua verilib. Görüşdə həmçinin, İslam aləmində olan durum, beynəlxalq vəziyyət haqqında geniş fikir mübadiləsi aparılıb. Fəhd ibn Əbdül Əziz əl-Səud Ermənistanın Azərbaycana təcavüzünü qəti şəkildə pisləyib və təcavüzkarın işğal olunmuş torpaqlardan çıxarılmasının və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin zəruriliyini bildirib.

İyulun 11-də Azərbaycan Prezidentinin Səudiyyə Ərəbistanının Ciddə şəhərində mətbuat konfransı olub. Mətbuat konfransında bəyanatla çıxış edən Heydər Əliyev deyib: «İki müqəddəs şəhərin xadimi, məlik Fəhd ibn Əbdul Əziz əl-Səud müstəqil Azərbaycan Respublikasının keçmişinə və bugünkü vəziyyətinə çox böyük maraq göstərdi. Biz keçmiş Sovetlər İttifaqına daxil olmuş indiki müstəqil respublikalardakı vəziyyət barədə də ətraflı söhbət etdik. Xüsusən Qafqaz regionundakı vəziyyət və Azərbaycan ilə Ermənistan arasında gedən müharibə, Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında ətraflı məlumat verdim və biz bu barədə geniş müzakirə apardıq. İki müqəddəs şəhərin xadimi və Səudiyyə Ərəbistanının yüksək vəzifəli digər şəxsləri ilə görüşlərim və danışıqlarım Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında dostluq, qardaşlıq əlaqələrinin yaranması və inkişafı üçün çox əhəmiyyətli oldu».

Səudiyyə Ərəbistanında Heydər Əliyev həmçinin İslam Konfransı Təşkilatı, İslam İnkişaf Bankının rəhbərləri ilə görüşüb, Məkkə və Mədinə şəhərlərində olub, İslamın müqəddəs yerlərini ziyarət edib. Səfər zamanı iqtisadiyyat, ticarət, investisiya, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığa dair beş saziş imzalanıb, səfərin yekunları ilə bağlı birgə bəyanat qəbul edilib.

Səudiyyə Ərəbistanı ilə qurulan qarşılıqlı əlaqələrin faydalılığını vurğulayan Azərbaycan Prezidenti bildirib: «Bu səfərim başqa ölkələrə səfərlərimdən xeyli fərqlənir. Fərq ondan ibarətdir ki, Səudiyyə Ərəbistanı dünya birliyində özünəlayiq nüfuzlu yer tutur, bu ölkənin islam aləmində görkəmli yeri var, dünya siyasətinə təsiri böyükdür. Azərbaycanın belə bir dövlətlə əməkdaşlıq etməsi, həm siyasi, iqtisadi sahələrdə, həm də elm, mədəniyyət sahəsində əlaqələr qurması respublikamızın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsində böyük əhəmiyyətə malikdir».