Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xalq artisti Süleyman Ələsgərova 75 illik yubileyi münasibətilə təbrik məktubu - Bakı şəhəri, 21 fevral 1999-cu il

Hörmətli Süleyman Ələsgərov!

Sizi - Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsini 75 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Siz milli musiqi sənətimizin inkişafında böyük xidmətlər göstərərək xalqımızın dərin ehtiram və məhəbbətini qazanmış sənətkarlardansınız. Tükənməz xalq musiqisindən bəhrələnən yaradıcılığınız rəngarəngliyi, forma aydınlığı, musiqi dilinin səlisliyi ilə səciyyələnir. Müxtəlif janrlarda bəstələdiyiniz əsərlər son əlli il ərzində respublikanın mədəni həyatında mühüm rol oynayaraq milli musiqi sənəti tarixinə parlaq səhifələr yazmışdır.

Əsası dahi Üzeyir Hacıbəyov tərəfindən qoyulmuş musiqili komediya janrı yaradıcılığınızda əsas yer tutur. Bu janrın inkişafında əvəzsiz rol oynamış çoxsaylı operettalarınızın hər biri respublikamızda layiqincə qiymətləndirilmiş və yeni-yeni ifaçılar nəslinin yetişməsinə təkan verməklə musiqimizin inkişafı işinə xidmət etmişdir.

Siz ölkəmizdə yüzlərlə mahnı və romansın müəllifi kimi də şöhrət qazanmısınız. Xalq musiqisi intonasiyaları ilə sıx bağlı olan vokal əsərləriniz insanlara vətən sevgisi, mənəvi saflıq, incə duyğular aşılayır. Opera, simfoniya və süitalarınız, xor, instrumental və kamera əsərləriniz böyük istedadınızın ayrı-ayrı çalarlarını nümayiş etdirən gözəl sənət nümunələridir.

Respublikada peşəkar musiqi kadrlarının hazırlanmasında da sizin böyük xidmətləriniz vardır. Məhz bu iş musiqi məktəbinin direktoru, xalq çalğı alətləri orkestrinin dirijoru, musiqili komediya teatrının direktoru, baş direktoru kimi vəzifələrdə işlədiyiniz illərdə fəaliyyətinizin əsas istiqamətlərindən birini təşkil etmişdir. Uzun müddətdir ki, Bakı Musiqi Akademiyasının professoru kimi gənc sənətkarlar nəslinin yetişdirilməsi sahəsində səmərəli iş aparırsınız.

İnanıram ki, musiqi mədəniyyətimizin daha da inkişaf etdirilməsi üçün zəngin təcrübənizi və bacarığınızı bundan sonra da sərf edəcək və sənətinizin pərəstişkarlarına yeni musiqi töhfələri bəxş edəcəksiniz.

Sizə cansağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

\"Azərbaycan\" qəzeti, 23 fevral 1999-cu il.