Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinə - Bakı şəhəri, 24 iyun 2003-cü il

Əziz əsgərlər, çavuşlar, matroslar və miçmanlar!

Hörmətli zabitlər və generallar, Silahlı Qüvvələrin veteranları!

2003-cü ilin mayında xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 85 illiyini təntənə ilə qeyd etdi. Bu il həm də ilk milli ordu hissəmizin – Əlahiddə Azərbaycan Korpusunun yaradılmasının 85 ili tamam olur. Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrinə hörmət və sədaqət nümayiş etdirərək, mən həmin tarixi hadisənin baş verdiyi günü – iyunun 26-nı Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü elan etmişəm. Bu əlamətdar gün hər il dövlət bayramı kimi, xalqımız tərəfindən layiqincə qeyd edilir.

Azərbaycanda ordu quruculuğu prosesi çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir. Xalq Cümhuriyyətinin mövcud olduğu 1918–1920-ci illərdə Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və digər peşəkar hərbçilərin rəhbərliyi altında yüksək intizama və hərbi hazırlığa malik, döyüş qabiliyyətli milli ordu hissələri formalaşdırılmışdı.

Azərbaycanın yeni yaradılmış ordusu Ermənistanın təcavüzünün qarşısının alınması, Qarabağda və digər ərazilərdə separatçı hərəkatların yatırılması və ölkə sərhədlərinin qorunmasında mühüm rol oynamış, öz hərbi qabiliyyətini nümayiş etdirə bilmişdi.

Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalından sonra müstəqilliyin ən mühüm atributu olan milli ordu hissələri ləğv edilmiş, azərbaycanlılar Sovet Silahlı Qüvvələri sıralarında hərbi xidmətə cəlb edilmişdir. Azərbaycanın SSRİ tərkibində olduğu illərdə milli zabit korpusunun formalaşmasına, azərbaycanlıların yüksək hərbi vəzifələrə irəli çəkilməsinə müxtəlif süni maneələr yaradılırdı. Belə bir şəraitdə biz hələ ötən əsrin 70-ci illərində xeyli çətinliklə C.Naxçıvanski adına hərbi məktəbin açılmasına nail olduq. İndi Hərbi lisey adlanan bu məktəbin o zaman təsis edilməsi ölkəmizdə hərb sənətinə marağın güclənməsinə, zabit kadrları hazırlığının yüksəlməsinə, respublikamızın müstəqil gələcəyinə hesablanmış bir addım idi. Bu gün iftixar hissi ilə deyə bilərik ki, hal-hazırda Azərbaycan ordusunda xidmət edən zabitlərin böyük əksəriyyəti məhz C.Naxçıvanski adına hərbi məktəbin yetirmələridir.

1991-ci ildə öz müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan mürəkkəb sosial-iqtisadi, ictimai-siyasi və beynəlxalq vəziyyətlə üzləşdi. Müstəqilliyin ilk illərində ordu quruculuğunda kobud səhvlərə yol verildi, ordu daxili siyasi mübarizəyə cəlb olundu, ayrı-ayrı şəxslərə və siyasi qruplara xidmət edən silahlı dəstələr yaradıldı. Bu səhvlər son nəticədə torpaqlarımızın 20 faizinin işğalı, milyona yaxın soydaşımızın köçkün vəziyyətinə düşməsi ilə nəticələndi.

1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur.

Milli ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır.

Bu gün biz xalqımızın ən ağrılı problemi olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun həlli üçün bütün vasitələrdən istifadə edirik. Münaqişənin həllində dinc yola, diplomatik danışıqlara, beynəlxalq birliyin dəstəyinə üstünlük verdiyimizi dəfələrlə bəyan etmişik. Lakin danışıqların uğurla nəticələnməsi üçün ordumuzu daha da gücləndirməli, ölkəmizin müdafiə qüdrətini və hərbi potensialını daim artırmalıyıq. Övladlarımız hərbi xidməti Vətən qarşısında ən müqəddəs borc və ən şərəfli vəzifə saymalıdırlar. Silahlı Qüvvələrin şəxsi heyəti öz fiziki və hərbi hazırlığını dönmədən təkmilləşdirməli, döyüş texnikasına dərindən yiyələnməli, ən mürəkkəb şəraitdə ondan istifadə etməyi bacarmalıdır. Şəxsi heyətin təlim-tərbiyəsi ilə məşğul olan bütün zabit korpusu əsl vətənpərvərlik nümayiş etdirməli, fədakarlıq və mətinlik nümunəsi olmalıdır. Tərxis olunmuş hər bir gənc bizim cəmiyyətdə, həyatımızın bütün sahələrində ən dəyərli insan hesab edilməli, hərbi xidmət keçmiş şəxslərin təcrübəsindən, bilik və bacarığından geniş istifadə olunmalıdır.

Azərbaycan ordusu dövlət orqanlarının, bütün vətəndaşların diqqət və qayğısı ilə əhatə olunmalı, yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ön plana çəkilməlidir.

Ədəbiyyat və incəsənət əsərləri, kütləvi informasiya vasitələri ilk növbədə hər bir azərbaycanlıda Vətənə məhəbbət, dövlətçiliyə sədaqət, Silahlı Qüvvələrə hörmət hissinin tərbiyə olunmasına yönəlməlidir. Bir sözlə, hər bir dövlət orqanı, respublikamızın hər bir vətəndaşı müstəqilliyimizin dönməz və əbədi olması, dövlətçiliyimizin möhkəmləndirilməsi üçün əlindən gələni əsirgəməməli, ordu quruculuğu prosesinə öz layiqli töhfəsini verməlidir.

Bu bayram günündə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün vətəndaşlarımızın xatirəsini dərin hörmət və minnətdarlıq hissi ilə yad edir, onlara Allahdan rəhmət diləyirəm.

Əziz hərbçilər!

Vətənin şanlı müdafiəçiləri!

Sizin hamınızı əlamətdar bayram – Silahlı Qüvvələr günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə xoşbəxtliyi və hərbi xidmətdə uğurlar arzulayıram!

Yaşasın qəhrəman Azərbaycan əsgəri!

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə eşq olsun!

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti,

Silahlı Qüvvələrin Ali Baş Komandanı