Üzeyir Hacıbəyovun \"O olmasın, bu olsun\" musiqili komediyasının yeni quruluşda ilk tamaşasına baxdıqdan sonra yaradıcı kollektivin üzvləri ilə görüşdə söhbət - Azərbaycanın Dövlət Musiqili Komediya Teatrı, 4 dekabr 1998-ci il

Heydər Əliyev: Sizi təbrik edirəm. Bu gün yeni binada bir tamaşa təqdim etdiniz. Sizi həm teatrınızın işə başlaması, uzun fasilədən sonra fəaliyətə başlaması, həm də birinci uğurlu tamaşanız münasibəti ilə təbrik edirəm. Bilirsiniz, bəzən elə olur ki, bədbəxt bir hadisə sonra böyük bir xoşbəxtliyə gətirib çıxarır. Əgər bu teatr dağılmasaydı, ola bilər, yeni bina da tikilməyəcəkdi. Vaxtilə Hacı Zeynəlabdin Tağıyev tərəfindən tikilmiş bu teatr öz həyatını sürdü, öz dövrünü yaşadı və dağıldı. Ancaq biz də bunun yerində həyatımızın bu çətin dövründə bina tikdik. Düzdür, bu bina əvvəlki binanın arxitekturası üzərində tikilibdir. Amma şübhəsiz ki, bu, ondan da çox yaxşıdır, müasirdi. Bu çox gözəldir.

Polad Bülbüloğlu (Mədəniyyət naziri səlayihətini icra edən ): Cənab prizident, burada hər cür şərait vardır. Bu, ən müasir texniki tələblərə cavab verən bir teatrdır. Aktyorlar üçün çox gözəl şərait yaradılmışdır.

Heydər Əliyev: Mən bunun hamısını bilirəm. Gəlib baxmışam. Mən sevinirəm ki, indi, həyatımızın çətin dövründə belə bir teatr binası tikib yarada bildik. Siz də bundan istifadə edirsiniz. Ümid edirəm ki, gələcək nəsillər də bundan istifadə edəcəklər ki, biz həyatımızın ağır dövründə bu binanı tikdik və gələcək nəsillərə yadigar verdik. Bu gün yenidən öz fəaliyətinizi gözəl bir tamaşa ilə- Üzeyir Hacıbəyovun \"Məşədi İbad\" musiqili komediyası ilə başladınız. Biz buna musiqili komediya deyirik, amma o vaxt Üzeyir Hacıbəyov yazanda bunun adını operetta qoymuşdu. Bu, çox gözəl tamaşadır. Cənnət xanım Səlimova tamaşaya gözəl quruluş veribdir. İndi o, universal rejissor kimi müxtəlif tamaşalara qyruluş verir. \"Məşədi İbad\" tamaşasını çox gözəl göstərdiniz. Düzdür, biz bunun hamısını görmüşük. Məsələn, mən bu tamaşanı Azərbaycan teatrında 40-50 il bundan öncə də görmüşəm. Sonra bunu bizim böyük rejissorumuz Hüseyn Seyidzadə filmə çəkdi. O, çox gözəl filimdir. Ola bilər, film cəkilən vaxt onu yaxşı qiymətləndirə bilmədilər- mənim xatirəmdədir, bu, 60-cı illərdə idi. Ancaq indi, zaman keçdikcə bəzən bizim televiziya vaxtaşırı o filmi göstərir. O film göstəriləndə mən böyük həvəslə baxıram. Çox gözəl bir filmdir. Siz bu əsərə yenidən səhnə həyatı verdiniz və bu gün çox gözəl də tamaşa göstərdiniz. Ona görə də mən sizin hamınızı təbrik edirəm ki, belə gözəl quruluş yaradıbdır. Rəssam İsmayıl Məmmədovu təbrik edirəm, çünki tamaşada çox gözəl dekorasiyalar, tərtibatlar vardır. Musiqi çox gözəl müşayiət olunduğuna görə dirijoru təbrik edirəm və səhnədə oynayanların hamısını təbrik edirəm. Hamınızın adını demək mənim üçün çətin olacaqdır, amma gərək Hacıbabanın, Afaq xanımın adlarını çəkəm. Bağışlasınlar, başqalarının adlarını bilmirəm. Hamınız rolları çox gözəl ifa edirdiniz. Bilirsiniz, bu əsər ölməz əsərdir. Mən bu gün tamaşaya baxmağa çox həvəslə gəldim. Doğrudur, mənim işim çoxdur. Son zamanlar da ictimai tədbirlər çox olur. Hər axşam bir yerə gedirsən. Mən gecə saat birə gədər respublika əhəmiyyətli işlərlə məşğul oluram. Amma siz bunu görmürsünüz. Bunu nə televiziya, nə teatr, nə də başqası görür. Ona görə də mənim üçün o qədər də asan deyildir. Çünki işim çoxdur. Amma buna baxmayaraq mən bura böyük həvəslə gəldim və bundan çox razıyam. Nəinki özüm hətta oglumla gəlinimlə birlikdə gəlmişik. Hər halda, Bakıda olan ailə üzvlərimin hamısı buradadır. Təkcə nəvəm evdə qalıbdır. O gələ bilməyibdir. Bura həvəslə gəldim və çox böyük zövq aldım. Ona görə sizə təşəkkür edirəm ki, siz bizi bu gün əyləndirdiniz, sevindirdiniz. Ancaq mən burada tamaşanın əvvəlindən indiyə qədər bu əsər haqqında düşünürəm. Şübhəsiz ki, birinci növbədə bizim dahi bəstəkarımız ,dahi bəstəkərımız, dahi insanımız Üzeyir Hacıbəyov haqqında da düşünürəm. Bəzən bu \"Məşədi İbad\"xalq arasında gülməli bir tamaşa kimi qəbul edirlər. İnsanlar gəlir, baxır, gülür, əylənir və hesab edir ki, elə bunun mənası budur. Ancaq bunun çox dərin bir məsələsi vardır. Bilirsiniz,bu əsər dahi bir əsərdir. Üzeyir Hacıbəyovun əsərinin hamısı dahi əsərlərdir. Məsələn, biz adətən öyrənmişik və deyirik ki, \"Koroğlu\" operası Üzeyir Hacıbəyovun şah əsəridir. Bunu bizim musiqişünaslar deyir, hamımız deyirik. Doğrudan da \"Koroğlu\" operası əzəmətli bir əsərdir və biz opera sənətində ən yüksək zirvədə duran bir əsərdir. Ancaq gəlin baxaq görək, Üzeyir Hacıbəyovun hansı əsəri şah əsər deyildir? Bunu birindən seçmək mümkün deyildir. Çünki, hərəsinin özünəməxsus yeri, məzmunu və mənası vardır. Mən bütün personajlara diqqətlə fikir verdim. Bunları Hacıbəyov sadəcə olaraq insanları güldürmək üçün yox, o vaxtki cəmiyyəti göstərmək üçün yazıbdır və cəmiyyəti o qədər gözəl, ağıllı, real göstəribdir ki, buna heyran olursan. Məsələn, mən bu gün sizin hazırladığınız tamaşaya baxarkən bir daha hiss etdim ki, Üzeyir Hacıbəyov nə qədər dahi bir insan imiş. İndi bu əsər,- buna operatta da, musiqili komediya da desəniz, -amma bu əsərin əsasını təşkil edən bunun dramaturgiyasıdır. Mən Elçin Əfəndiyevi də bura dəvət etdim. O dramaturqdur, bu işləri məndən yaxşı bilər. Bu əsərin əsasını təşkil edən bunun dramaturgiyasıdır. Yəni biz Üzeyir Hacıbəyova adətən deyirik ki, bəstəkardır, musiqi yazandır. Şübhəsiz ki, Üzeyir Hacıbəyovun ictimai-siyasi fəaliyəti də böyük olubdur. Ancaq Üzeyir Hacıbəyov bu əsərləri birinci növbədə dramaturq kimi yaradıbdır. Yəni bu əsərin məzmununu, personajları yaradıbdır, bunların hər birinin xüsusiyyətlərini, obrazını yaradıbdır. Ondan sonra bunlara musiqi yazıbdır. Çünki Məşədi İbad obrazı məlumdur, - bəli, 50 yaşında bir kişinin evlənməsi gülməli gəlir ki, 50 yaşında kişi evlənə bilərmi?

Elçin Əfəndiyev: O vaxt Üzeyir Hacıbəyov özü bunu etiraf edir. O, 50 yaşı keçəndən sonra yazır ki, mən o yazıqMəşədi İbadı biabır eləmişəm, amma bu, özümün də başıma gəlibdir.

Heydər Əliyev: Bəli, zahirən bu görünür ki, necə ola bilər, bu yaşda kişi cavan qız alsın. Bu da onu pulnan alır və s. Amma iş burasında deyil. Üzeyir Hacıbəyov o vaxt bir-bir personajın cəmiyyətdəki yerini oldugu kimi göstəribdir. Məşədi İbadın obrazında o dövrün insanlarının bir qismini göstəribdir, Rüstəm bəyin obrazında bir başqasını göstəribdir. Təsəvvür edin, dərindən fikirləşəndə görürsən ki, əsərdəki inteligent Həsən, qəzetçi Rza, qoçu Əsgər obrazlarının hər biri böyük məna daşıyır. O vaxt Üzeyir Hacıbəyov əsəri yazarkən bu insanlar Azərbaycanda var idi. Onların mənfi cəhətini, xüsusiyyətini, cəmiyyətdə yerini və ümumiyyətlə, cəmiyyətin rəngarəngliyini Üzeyir Hacıbəyov bu obrazları yaradaraq göstəribdir. Məsələn, Məşədi İbadın papağı başına necə qoyması barədə söylədiyi monoloqu götürək. Bunu adi bir söhbət kimi düşünmək olar. Deyir ki, \"mən papağımı belə qoysam, deyəcəklər Bakı qoçusudur. Belə qoysa deyəcəklər Şamaxı lotusudur. Belə qoysam deyəcəklər Gəncə qumarbazıdır. Belə qoysam deyəcəklər ki, Qarabagön pambıq bəylərinə oxşayır\". Bu sözlər adi sözlər deyildir. Üzeyir Hacıbəyov o vaxt deyib, -bəli, Bakı qoçusu da var, Şamaxı lotusuda var, Gəncə qumarbazı da var, Qarabağın pambıq bəyi də var. Əgər bunu bir az da uzatsaydı, başqalarını da deyə bilərdi. Yəni o dövrün xsusiyyətlərini, cəmiyyətin tərkibini göstəribdir. Bu, adi bir şey deyildir. Heç kəs etibar etməsin ki, Üzeyir Hacıbəyov bu sözləri bir- birinə sadəcə qoşubdur, yaxud bu monoloqu da insanların gülməsi üçün yazıbdır. Yox. Üzeyir Hacıbəyov burada nə qədər dərin fəlsəfəyə malik fikirləri fadə edibdir və o dövrün sosial problemlərini, siyasi, ictimai, həyatı, bizim xalqımızın o dövrdəki problemlərinin müsbət və mənfi cəhətlərini çox gözəl göstəribdir. Məsələn, tamaşada hamam səhnəsini götürün. Doğrudan da bu, çox qəribə bir səhnədir. Yəqin ki, indi bizim gənclər bilmirlər, - keçmişdə adət olub ki, oğlan və qız evlənəndə mütləq oğlan da, qızı da hamama aparırdılar və bu, böyük təntənə ilə olurdu. Bu, təbii bir şeydir. Üzeyir Hacıbəyov bunu adət-ənənədən götürübdür, amma eyni zamanda hamam səhnəsi və hamamın o vaxt həyatda rolunu necə gözəl göstəribdir. Yəni mən bunu indi təhlil etmək istəmirəm. Mən bu gün bunu bir daha dərk etdim. Mən əvvəllər də bu əsər haqqında belə düşünmüşəm. Amma bu gün bir daha bunu başdan-ayağa gördüm. Bir var ki, buna televiziyada kinoya baxırsan, bir də var ki, səhnədə canlı insanlara baxırsan və şübhəsiz ki, onların ifaçılıq sənətini qiymətləndirərək, eyni zamanda hər obrazın əhəmiyyətini görərək mən şəxsən belə qənaətə gəlirəm ki, bu əsər dahi bir əsərdir. Bu, zamanın reallığıdır, faciəsidir. Bu, əsərdəki hər bir epizodda görünür. Demək, kasıb Rüstəm bəydən pulla qız almaq olarmış. Bu doğrudan da o dövrün həqiqətidir. Yaxud indi də bəzi jurnalistlər gəlib deyirlər ki, \"pul ver, gedim məqalə yazım,\". Bəzən hesab edirlər ki, bu, demokratiyanın, mətbuat azadlığının nəticəsidir. Demək, bu, yüz il bundan öncə də olubdur.

Hacıbaba Bağırov: Hörmətli prezident, hələ pul istəmək lazımdır. Biz yeni binaya köçəndən sonra cavan bir jurnalist gəlmişdi. Mənə deyir ki, bu binanı siz tikmisiniz? Mən də dedim ki, bacım, mənim beş nəslim də yığışsa, buna imkan çatmaz. Bu, hökumət idarəsidir. Yəni belə jurnalislər də vardır.

Heydər Əliyev: Azərbaycanda Məşədi İbad obrazını hamı bilir. Amma bu obrazların hər birinin böyük əhəmiyyəti, xüsusiyyəti vardır. Üzeyir Hacıbəyov onların heç birini təsədüfü yaratmayıbdır. Demək, əsrin əvvəlində də əsrin sonunda da yaşadığımız problemlər olub. Məsələn, tamaşada toy söylənilən səhnədə deyir ki, dünya get-gedə xarab olur. Üstündən yüz il keçibdir, indi də deyirlər ki, dünya get-gedə xarab olur. Amma dünya xarab olmur. Boş söz danışan adamlar iş görmək əvəzinə orada danışıq aparır, burada söz gəzdirir və deyir ki, dünya xarab olur. Dünya xarab olmur. İndi görün XX əsrdə dünya nə qədər inkişaf edibdir! Əsrin əvvəlinə, Üzeyir Hacıbəyov bu əsəri yaratdığı dövrə baxın, XX əsrin sonuna baxın. Görün dünya nə qədər inkişaf edibdir. Amma bu gün də, yüz il bundan əvvəlki kimi, adamlar çayxanada oturub deyirlər ki, dünya, hər şey xarab olur. Bilirsiniz, bu əsər müasir bir əsərdir, bizim müasirliyimizi göstərir. Yəni yüz il bundan öncə Azərbaycanda olan problemlər bu gün də vardır və bunu bu əsər bir daha göstərir. Heç kəs hesab etməsin ki, bunlar keçmişdə qalıbdır. Yox. Dünya dəyişib, inkişaf edib, problemlər hələ yaşayır. Ona görə də bu əsər bu gün üçün də, gələcək nəsillər üçün də lazımdır. Mən bu gün sözləri Üzeyir Hacıbəyovun dahiliyinin XX əsrdə Azərbaycan üçün nə qədər böyük əhəmiyyətli olduguna görə qeyd edirəm və mənim bugünki tamaşadan ən əsas nəticəm bundan ibarətdir. Bizim Azərbaycan teatr sənətinin inkişafına gəldikdə isə, şübhəsiz ki, Üzeyir Hacıbəyov bunu səhnəyə qoyanda sizin kimi, ifaçılar yox idi. Ancaq indi sizin kimi ifaçılar, belə gözəl teatr vardır. Yeni əsərlər yaratmaq lazımdır. Güman edirəm ki, bizim dramaturqlar, yazıçılar, bəstəkarlar yeni əsərlər yaratmalıdırlar. Hər halda güman etmirəm ki, kimsə Üzeyir Hacıbəyovun səviyyəsinə çata bilsin.

Elçin Əfəndiyev: Cənab prezident, Üzeyir bəydən sonra çoxlu operettalar yazıldı, amma heç biri onun səviyyəsinə qalxa bilmədi. Baxmayaraq ki, musiqi, təhsil inkişaf etdi, amma ilk nümunəyə gəlib çatan olmadı.

Heydər Əliyev: Bəli, yenə də deyirəm, Üzeyir Hacıbəyovun böyük bir musiqiçi kimi hamı, bütün dünya tanıyır və biz də Üzəyir Hacıbəyovun adı çəkiləndə onu bir bəstəkar, musiqiçi kimi tanıyırıq. Amma o, nə qədər böyük filosofdur, alimdir, Azərbaycanın həyatını o vaxtlar təhlil edərək nə qədər belə dahi əsərlər yarada bilibdir. Yenə də deyirəm, \"Məşədi İbad\" pyesini musiqini yazmazdan əvvəl əsərin özünü yazıbdır. Onun süjeti, məzmunu həyatdan götürülmüşdür. Ancaq bunlar Üzeyir Hacıbəyov fəlsəfəsindən, onun fikir və mülahizələrdən keçərək yaranmış obrazlar, fikirlər, sözlərdir. Mən sizin hamınızı bir daha təbrik edirəm. Gözəl aktyorlarsınız, sənət ustasısınız. Azərbaycanın teatrını inkişaf etdirirsiniz. Biz hamımız Mirzə Fətəli Axundova, Nəcəf Bəy Vəzirova minnətdar olmalıyıq ki, 125 il bundan öncə Azərbaycanda dünyəvi teatr yaradıblar. Üzeyir Hacıbəyova və bizim başqa dahi şəxsiyyətlərimizə minnətdar olmalıyıq ki, onlar belə gözəl, əbədi yaşayan əsərlər yaradıblar. Sizə minnətdarıq ki, siz Azərbaycanda XX əsrin sonunda teatr sənətini inkişaf etdirirsiniz. Hamınıza uğurlar diləyirəm, yeni-yeni yaradıcılıq uğurları, hər birinizə can sağlığı və səadət arzulayıram. Sağ olun. Gecəniz xeyrə qalsın.

Hacıbaba Bağırov: Cənab prezident, Sizin qayğınız və xeyir-duanız mövsümünün açılışı münasibətilə göstərilən \"O olmasın, bu olsun\" tamaşasına baxdığınıza və verdiyiniz yüksək qiymətə görə Sizə bütün kollektiv adından dərin minnətdarlığımı bildirirəm.